Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-121/2025 04.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayon Mamusta kəndində qeydiyyatda olan, Lənkəran rayon Şilavar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə Lənkəran şəhəri Mərkəzi bazar adlanan ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi -1,320 qram olan ağ rəngli kristiallardan ibarət psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 10 aprel 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 18:45-də Lənkəran şəhəri, 20 Yanvar küçəsi ilə piyada hərəkətdə olarkən saxlanılaraq, orada üstü yoxlanılarkən qeyd olunan miqdarda və bükümdə psixotrop maddə metamfetamin əynində olmuş gödəkcəsinin sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitə ilə əlaqədar ittiham edilmişdir. Həmçinin əvvəllər narkotik vasitədən istifadə etmişdir. Hazırda da arabir psixotrop maddə metamfetamindən istifadə edir. Lakin 10 aprel 2025-ci il tarixdə polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, ondan bir gün əvvəl o, Lənkəran rayonu. Şıxəkəran kəndində Valiyə adlı qadının həyətindən velosiped oğurladığı üçün polis əməkdaşları onu saxlamışlar və polis şöbəsinə aparmışlar. Polis şöbəsində velassiped oğurladığını etiraf etmiş və təhvil verdiyini demişdir. Həmin gün o, polis şöbəsindən buraxılmışdır. Ertəsi gün, yəni 10 aprel 2025-ci il tarixdə küçədə polis əməkdaşları yenidən onu saxlamışlar və polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döymüşlər, üzərinə Ruhid adlı polis əməkdaşı tərəfindən metamfetamin qoyulmuşdur və video çəkiliş zamanı həmin maddənin özünə məxsus olduğunu boynuna alması ondan tələb edilmişdir. Sonradan o, polis əməkdaşları tərəfindən yenidən həmin əraziyə gətirilmişdir və video çəkiliş aparılmışdır. Polis əməkdaşlarının hədəsindən qorxaraq video çəkiliş zamanı əvvəlcədən polis əməkdaşı tərəfindən üzərinə qoyulmuş metamfetamini cibindən çıxarıq polis əməkdaşlarına təhvil vermiş, özünə məxsus olduğunu və öz istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Belə ki, polis əməkdaşları ona hədə-qorxu gələrək bildirmişlər ki, əgər həmin narkotikin özünə məxsus olduğunu bildirməsə üzərinə daha böyük həcmdə narkotik qoyulacaq və onunla ittiham ediləcək. İbtidai istintaq zamanı da verdiyi izahatda narkotikin özünə məxsus olduğunu bildirməsinə səbəb polis əməkdaşlarından qorxması olmuşdur. Eyni zamanda polis əməkdaşlarının qanunsuz əməlləri barədə heç kəsə şikayət etməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, tutduğu əməlindən peşmandır, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu Şilavar kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Əvvəllər məhkum olunmuşdur. Təxminən on beş ildən artıqdır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini zərdə yandırmaqla tüstüsünü udmaqla qəbul edir. Narkotik vasitələrdən və psixotrop maddələrdən mütəmadi istifadə edir. İstifadə etməyəndə bədənində ağrıları olur və narkotik vasitə, psixotrop maddə axtarıb tapmaq məcburiyyətində qalır. Narkotik vasitələri və psixotrop maddələri Lənkəran şəhəri ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 10 aprel 2025-ci il tarixdə Lənkəran şəhərində Mərkəzi bazarda piyada gəzən zaman əvvəllərdə bir neçə dəfə narkotik vasitələr aldığı üzdən tanıdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. O, həmin şəxsdən narkotik vasitələr istəmiş, həmin şəxsdə ona bildirmiş ki, üzərində bir bükümdə psixotrop maddə metamfetamini vardır. O da həmin şəxsə üzərində beş manat olduğunu bildirmiş. Həmin şəxs də onunla razılaşmış və beş manat verib həmin şəxsdən bir bükümdə psixotrop maddə olan metamfetamini almışdır. Daha sonra əldə etdiyi bir ədəd sellofan bükümü əynində olan gödəkcəsinin sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. 10 aprel 2025-ci il tarixdə saat təxminən 18:45 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra üzərində narkotik vasitə olduğunda şübhəli olduğuna görə üzərini axtaracaqlarını bildirmişlər və ona təklif etmişlər ki, əgər üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etsin. O da əvvəlcə etiraf etməsə də, sonradan əynində olan gödəkcəsinin sol yan cibindən şəffaf rəngli sellofanda olan bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, bir bükümdə metamfetaminin çəkisi 1,44 qram müəyyən edilmişdir. Bundan sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Saxlanılan zaman üzərindən əlavə olaraq hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Bir daha bildirmiş ki, saxlanılarkən üzərindən aşkar olunmuş bir bükümdə metamfetamini Lənkəran şəhərində mərkəzi bazarda üzdən tanıdığı adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən beş manata almışdır. Həmin metamfetamini öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik vasitələri və psixotrop maddələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-si üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olan, Lənkəran rayonu Şilavar kəndində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 10 aprel 2025-ci il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 10 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, ŞRPŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid1 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 18:45 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri 20 Yanvar küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğu üçün üzərində yoxlanış aparılmasını ona bildirmiş və əgər üzərində narkotik vasitə varsa təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu, saxlanılmamışdan bir qədər əvvəl Lənkəran rayonu Mərkəzi bazar adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən beş manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə psixotrop maddəyə bənzər maddə elktron tərəzidə çəkilmiş, çəkisi 1,44 (bir tam yüzdə qırx dörd qram) olması müəyyən edilmiş, həmin büküm ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı başqa cinayət xarakterli hər hansı bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən on beş ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 10 aprel 2025-ci il tarixdə Lənkəran şəhəri Mərkəzi Bazar ərazisində küçəsində piyada gəzən zaman üzdən tanıdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən beş manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməliyyataxtarış tədbiri keçirilən zaman hava bir az yağışlı olmuşdur. Bu səbəbdən əşyaya baxış keçirilməsi haqqında protokol şöbəyə gəldikdən sonra tərtib edilmişdir. Təqsirləndirilən şəxs velosiped oğurladğı barədə məlumatı sonradan bilmişdir. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə ondan əvvəl nə də ki. sonradan ona heç bir polis əməkdaşı tərəfindən təzyiq göstərilməmişdir. Üzərinə psixotrop maddə qoyulmamışdır. Məhkəmə baxışında dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edib şahid X1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İş üzrə 10 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə çəkisi 1,44 qram pisixotrop maddə olan matamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2025-ci il tarixli, 19/150 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1,320 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2025-ci il tarixli, 206 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs METAMFETAMİNİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazai Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə xx.xx.1996-ci il tarixdə Nəsimi rayon Xalq Məhkəməsi tərəfindən təqsirili binib 01 il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Məhkəməsi tərəfindən təqsirili binib 01 il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Məhkəməsi tərəfindən təqsirili binib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə tibbi ekspertizasının 15 aprel 2025-ci il tarixli 204 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. 16 aprel 2025-ci il tarixli, 322 saylı arayışdan görünür ki, Cabbarov X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 10 aprel 2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 10 aprel 2025-ci il tarixdə saat 18:45-də saxlanılmışdır. 12 aprel 2025-ci il tarixli, “tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 aprel 2025-ci il tarixdə saat 14:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 24 may 2025-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd bükümdə, ümumi xalis çəkisi 1,320 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə, ümumi xalis çəkisi 1,270 qram psixotrop madə metamfetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12-31/354 nömrəli, 15 aprel 2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Cabbarov X4 rayonu, Şiləvar kəndində həyat yoldaşı X6 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin qərarla HK-1/902 saylı təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Sözügedən qərarın məzmunundan müəyyən edilir ki, Lənkəran rayonu, Şıxəkəran kənd sakini X3 08 aprel 2025-ci il tarixdə həyətindən naməlum şəraitdə, naməlum şəxs tərəfindən velasipedinin oğurlanması barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cabbarov Məmməd oğlu göstərmişdir ki, spirtli içdikdən sonra oğurluğa meyilli olmuşdur və 04 aprel 2025-ci il tarixdə saat 17 radələrində sərxoş halda Mamusta kəndində atasının evindən çıxıb piyada evinə qayıdarkən və Şıxəkəran kəndindən keçərkən qəfildən oğurluq etmək qərarına gəlmiş və yol kənarında yaşıl rəngli darvazanı görüb həmin darvazaya yaxınlaşıb onun bağlı və ya açıq olduğunu yoxladıqda qapının açıq olduğunu görmüşdür. Həyətə daxil olaraq orada heç kimin olmadığını görüb evin qarşısında pilləkanın yanında olan böyük bir velosipedi götürüb küçəyə çıxmış və onu sürməklə evinə getmişdir. 09 aprel 2025-ci il tarixdə gündüz vaxtı velosipedlə küçəyə çıxıb sürəndə bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirmiş və ondan velosipedin ona məxsus olub-olmadığını soruşmuşlar. O, da həmin velosipedi içkili olduğu zaman Şıxəkəran kəndində bir həyətdən oğurladığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığı, həmin narkotik vasitənin polis əməkdaşlarının təzyiqi nəticəsində üzərinə qoyulduğu və şəxsi axtarış zamanı özünə məxsus olduğunu boynuna almasının ondan tələb edildiyi, bundan bir gün əvvəl velosiped oğurladığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığı və döyülərək psixotrop maddənin ona məxsus olduğunu boynuna almasını tələb etdikləri barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs velosiped oğurluğu ilə əlaqadar polis əməkdaşları tərəfindən 09 aprel 2025-ci il tarixdə saxlanılmış və Təqsirləndirilən şəxs özünün də məhkəmə iclasında ifadəsində bildirdiyi kimi həmin gün izahatı alınaraq sərbəst buraxılmışdır. Qeyd edilən hadisədən bir gün sonra yəni, 10 aprel 2025-ci il tarixdə Lənkəran şəhəri, 20 Yanvar küçəsi ilə piyada hərəkətdə olarkən polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar bir-birinə uyğun gəlmir. Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdə velosiped oğurluğu ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılması və sonradan izahatının alınaraq sərbəst buraxılmasından bir gün sonra, yəni 10 aprel 2025-ci il tarixdə əməliyyat tədbiri keçirilərək üzərindən psixotrop maddənin aşkar edilərək götürülməsi təqsirləndirilən şəxsin məhz velosiped oğurlaması səbəbindən “polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddənin qoyulması kimi” qiymətləndirilməsi işin obyektiv hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin, üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin miqdarını, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdən 12 aprel 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 1,270 qram psixotrop madə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdən 12 aprel 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 1,270 qram psixotrop madə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-121/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-121/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver