Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-122/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.2, 67.1, 68.2-ci maddələri tətbiq edilməklə 3 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 28 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, 16 sentyabr 2022-ci il tarixdə, saat 04 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, bina hesab edilən “Səbzi” adlı ərzaq mağazasının qapısının kilidinə şpilka ilə müdaxilə edib açdıqdan sonra, mağazanın ticarət zalına qanunsuz daxil olaraq orada olan kassadan 920 manat nağd pulu oğurlayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 920 manat qiymətində əmlakını, binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin oktyabr ayında, Lənkəran şəhərində, satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,254 qram, 0,248 qram ümumi təmiz çəkisi -0,502 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 22 oktyabr 2022-ci il tarixdə saat 11:55 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin iki bükümdə narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri Bazarstore mağazasından bir ədəd kofeni oğurluq məqsədilə götürmüşdür. Mağazadan çıxanda mühafizəçilər onu saxlamış və bildirmişlər ki oğurluq etmişdir. Sonra onu mağaza müdirinin yanına aparmışlar. Mağazanın müdiir ona bildirmişdir ki, əvvəllər də mağazada oğurluq olub 300 manat pul verməlidir ki, onu buraxsınlar. Onun pulu olmadığı üçün və mağazaya verə bilmədiyi üçün polisə məlumat vermişlər. İki nəfər adlarını sonradan bildiyi Mahir və Əlvan adlı polis əməkdaşları mağazaya gəlib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyüb işgəncələr vermişlər ki, o narkotik istifadəçisidir və həmçinin də oğurluq etmişdir. Bazarstoredən etdiyi oğurluqla deyil onu başqa oğurluq hadisəsində ittiham etmişlər. O da heç bir yerdən oğurluq etmədiyini bildirmişdir. Narkotik vasitə istifadəçisi olsa da, tutulan vaxtı üzərində narkotik vasitə olmamışdır. Ona Əlvan adlı polis əməkdaşı işgəncələr vermişlər. O da işgəncələrə dözə bilməyib ona verilən bütün sənədlərə imza çəkmişdir. Sonradan bilmişdir ki, Azərbaycan Respublikası Cinayəy Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmişdir. O, tutulana qədər narkotik vasitələr istifadə etmişdir, lakin oğurluq etməmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış cinayət işinin 97-99-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Lənkəran rayonu Şilavar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Narkotik vasitə istifadəçisidir. Əvvəllər dəfələrlə CM-nin 177-ci və 178-ci maddələri ilə məhkum olunmuşdur. Əldə etdiyi narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir. Narkotik vasitə istifadə etmədiyi zamanlar bədənində ağrıları olur. Buna görə də, məcbur qalıb hər gün narkotik əldə edir. 22 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində bədənində olan ağrılara görə narkotik vasitə almaq üçün Lənkəran şəhəri “Böyük bazar” adlanan yerə gəlmişdir. Orada bir nəfər tanımadığı şəxsə 30 manat pul verib 2 büküm narkotik vasitə heroin almışdır. Narkotiki əynində olan şalvarının sağ yan cibinə qoyub Koroğlu küçəsi ilə piyada hərəkət edirmiş. Saat 12 radələrində həmin küçə ilə piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra, isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sağ yan cibində olan 2 bükümdə narkotik vasitəni polisə təqdim etmişdir. Həmin bükümlərin özünə məxsus olduğunu və istifadəsi üçün aldığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,73 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. O, 16 sentyabr 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, oğurluq etsin. Bunun üçün, Lənkəran şəhərində, Nizami küçəsində, xəstəxananın yanında yerləşən “Səbzi” adlı ərzaq mağazasını seçmişdir. O, həmin günü elə narkotik vasitənin təsiri altında ola-ola bu cinayət əməlini törətmişdir. Qeyd etdiyi tarixdə, saat 04-05 radələrində o, ətrafda heç kimin olmamasından istifadə edib mağazanın qapısına yaxınlaşmışdır. Bunun üçün, əvvəlcədən üstündə götürdüyü “şpilka” ilə qapının kilidinə müdaxilə etmiş və rahat qapını açıb mağazanın ticarət zalına daxil olmuşdur. Dərhal kassaya yaxınlaşıb orada olan kağız pulları götürmüşdür. Başqa heç nə götürməmiş və mağazadan çıxıb qapını bağlayıb ara yollarla Şilavar kəndinə tərəf getmişdir. Yolda götürdüyü pulları saymış və orada 920 manat pul olduğunu görmüşdür. Həmin pulların içərisində bütün əskinazlardan olmuşdur. O, həmin pulla özünə narkotik vasitə, yemək, içki, siqaret və geyim əşyaları almışdır. O, mağazanın sahibini tanımır. Sonradan bilmişdir ki, mağaza sahibi Şəhriyar adlı şəxsdir. Bir neçə dəfə o, Şəhriyarı uzaqdan uzağa, ya da, mağazaya alıcı kimi gələndə görmüşdür. Onunla heç bir qərəzi yoxdur”. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Səbzi” ərzaq mağazasını o, işlədir, ona məxsusdur. Binanın icarəyə götürmüşdür. O, özü mağazada həm də, satıcı kimi işləyir. Hər gün səhər saat 07 radələrində işə gəlir, axşam saat 01 radələrinə kimi işdə olur. Mağazanın açarı tək ondadır. Heç kimə verməmişdir. Mağazanın qapısı plastik materiallıdır. O, həftədə bir-iki dəfə kassanın pulunu çıxanda götürür. Adətən, elə kassada qalır. Kassa dediyi də, piştaxtanın siyirmələridir. Mağaza elə yerdə yerləşir ki, ətrafda gecə saat 01 radələrinə kimi adam olur. Həm də, ətraf ərazi şəhər işıqları və obyektlərin işıqları ilə işıqlandırılır, amma saat 12:00 dan sonra şəhər işıqları söndürülür. Mağazada kamera müşahidə sistemi yoxdur. 15 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində o, mağazanın qapısını bağlayıb evinə getmişdir. Getməmişdən kassada olan pulu saymış və orada 920 manat pul olmuşdur. Səhər saat 07 radələrində işə gələndə açarı qapıya salanda qapının açıq olduğunu, kilitin dilinin elə çöldə olduğunu görmüş və fikirləşmişdir ki, kimsə axşam ondan sonra mağazaya girmişdir. İçəri daxil olanda mağazada hər hansı dağınıqlıq görməmişdir. Kassaya baxanda orada olan 920 manat pulun oğurlandığını görmüşdür. Dərhal bu barədə ətrafda yerləşən səhərə kimi işləyən aptek işçilərindən, tanışlarından maraqlanmışdır ki, bəlkə kimsə nəsə görüb. Heç kimdən heç nə öyrənə bilmədiyinə görə, günorta radələrində DİN-in 102 xidmətinə mağazadan oğurluq olması barədə məlumat vermişdir. Hazırda ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 Baləddin оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Həmin şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayon sakini, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. 22 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Koroğlu küçəsində piyada hərəkət edərkən ona yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış zamanı Panəliyev əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü və bir ədəd Nokia markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra o, həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, heroini Lənkəran şəhərində bazar ərazisində tanımadığı şəxsdən 30 manat verərək əldə etdiyini bildirmişdir. Bundan başqa, həmçinin o, şifahi sorğu zamanı 2022-ci ilin sentyabr ayında Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Səbzi” marketdən 920-950 manat pul oğurladığını bildirmişdir. Tutularkən, habelə tutulduqdan sonra nə onun tərəfindən, nə də onun yanında təqsirləndirilən şəxsə hər hansı psixi, fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi eelan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 134- 135-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, icraatına Lənkəran rayon sakini, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 22 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Koroğlu küçəsində piyada hərəkət edərkən ona yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış zamanı Panəliyev əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü və bir ədəd Nokia markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra o, həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, heroini Lənkəran şəhərində bazar ərazisində tanımadığı şəxsdən 30 manat verərək əldə etdiyini bildirmişdir. Bundan başqa, həmçinin o, şifahi sorğu zamanı 2022-ci ilin sentyabr ayında Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Səbzi” marketdən 920-950 manat pul oğurladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X2 cinayət işinin 138- 139-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayon sakini, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. 22 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Koroğlu küçəsində piyada hərəkət edərkən ona yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış zamanı Panəliyev əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü və bir ədəd Nokia markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra o, həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, heroini Lənkəran şəhərində bazar ərazisində tanımadığı şəxsdən 30 manat verərək əldə etdiyini bildirmişdir. Bundan başqa, həmçinin o, şifahi sorğu zamanı 2022-ci ilin sentyabr ayında Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Səbzi” marketdən 920-950 manat pul oğurladığını bildirmişdir. Cinayət işinin 28-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə saat 11:55 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Koroğlu küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 02 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülür. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu, istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 30 manata əldə etdiyini bildirir. Götürülmüş kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilir və ümumi çəkisi 0,73 qram olur. Həmçinin o, şifahi sorğu zamanı 2022-ci ilin sentyabr ayında saat 05 radələrində Lənkəran şəhəri Nizami küçəsində Zirvə idman kompleksi ilə üzbəüz yerləşən “Səbzi” marketdən təxminən 920-950 manat məbləğində pul oğurladığını, oğurladığı pulları şəxsi istifadəsinə xərclədiyini bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə saat 11:55 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Koroğlu küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 02 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülür. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu, istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 30 manata əldə etdiyini bildirir. Götürülmüş kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilir və ümumi çəkisi 0,73 qram olur. Həmçinin o, şifahi sorğu zamanı 2022-ci ilin sentyabr ayında saat 05 radələrində Lənkəran şəhəri Nizami küçəsində Zirvə idman kompleksi ilə üzbəüz yerləşən “Səbzi” marketdən təxminən 920-950 manat məbləğində pul oğurladığını, oğurladığı pulları şəxsi istifadəsinə xərclədiyini bildirmişdir. Cinayət işinin 44-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 19/1105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər....” sözlər və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram; 0,248 qram ümumi təmiz çəkisi 0,502 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Cinayət işinin 92-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 1094 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2017ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatadır. Cinayət işinin 114-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,502 qram narkotik vasitə heroin və bir ədəd CD diskdə videogörüntü iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 5(049)-409/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 Əlibaba oğlunun ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.502 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs özünü oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşıma cinayətləri ilə təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış həyata keçirilməsi barədə protokolla və digər sənədlərlə təkzib olunur. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulması barədə ilkin əməliyyat məlumatı narkotik vasitənin qəbul etməsi və üzərində gəzdirməsi barədə olmuşdur ki, bu hal da iş materiallarının 3-5-ci vərəqlərində olan raport və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərardan da görünür. Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulub polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilməsi zamanı oğurluq cinayəti törətdiyini özü etiraf etmişdir. Həmin hal, yəni oğurluq cinayətinin Təqsirləndirilən şəxs oğu tərəfindən etiraf olunması “Şəxsi axtarış və götürmə barədə” 22 oktyabr 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsü ilə də tam təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, bina hesab edilən “Səbzi” adlı ərzaq mağazasının qapısının kilidinə şpilka ilə müdaxilə edib açdıqdan sonra, mağazanın ticarət zalına qanunsuz daxil olaraq orada olan kassadan 920 manat nağd pulu oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 94-95-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 24 oktaybr 2022-ci il tarixli, 1069 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı Şahid2 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 22 oktyabr 2022-ci il tarixdə tutulmasını və 24 oktyabr 2022-ci il tarixdə, yəni təxminən 48 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini, habelə qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə aşkar edilməsini və oğurluq cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12.20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 106-108-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 144-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şilavar kəndində arvadı, 2006, 2009 və 2010-cu il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, kənd ərazisində, məhəllə sakinləri arasında oğurluğa və narkotik vasitələrə meylli şəxs kimi tanınmışdır, ailə üzvləri ilə münasibətləri yaxşı deyildir. Cinayət işinin 112-113-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2018ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.4 və 66.5-ci maddəsinə əsasən 3000 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.2, 67.1 və 68.2-ci maddəsinə əsasən 3 il azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 129-133-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.2, 67.1 və 68.2-ci maddəsinə əsasən 3 il azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 143-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 saylı cəzaçəkmə müəssisəsinin 05 dekabr 2022-ci il tarixli, xx/xx-5087 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində 3000 manat cərimə cəzası üzrə heç bir ödəniş etməmişdir. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və azadlıqdan məhrumetmə cəzasını 28 fevral 2022-ci il tarixdə çəkib qurtardığı gündən iki il keçməmiş 16 sentyabr 2022-ci il tarixdə və 22 oktyabr 2022-ci il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 18 və 83.1-ci maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi isə 59.1.13cü maddəsinə cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmünə əsasən CMnin 177.2.2, 177.2.3, 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.2, 67.1 və 68.2-ci maddəsinə əsasən 3 il azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ödənilməmiş qalan 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin olunan cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən tam birləşdirilməli və CM-nin 68.2-ci maddəsinə əsasən 3000 manat cərimə cəzası müstəqil icra olunmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 1094 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan 02 ədəd bükümdə qalıq çəkisi -0,402 qram narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış izamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirməklə üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasə müstəqil icra olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi Narkoloji xəstəxanasında 2017-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınsın. Maddi sübut – Lənkəran ŞRPŞnin saxlanılan 0,402 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-122/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-122/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver