Məhkəmə qərarları › İş №1(049)-123/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-123/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-123/2024 10.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Saat 16:50 xx.xx.1992-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 150036 nömrəli, zavod üsulu ilə Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, 16 kalibrli “TOZ-B” modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah hesab edilən 01 ədəd ov tüfəngini qanunsuz olaraq əldə edib üzərindəki göy rəngli idman çantasında saxlamaqla üzərində gəzdirərək Lənkəran şəhəri, Sahil küçəsində yerləşən “Dalğa” restoranının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 13:40-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2ayon Polis Şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 15:25-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı göy rəngli idman çantasının içərisindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd 150036 nömrəli, zavod üsulu ilə Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, 16 kalibrli “TOZ-B” modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah hesab edilən 01 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə Lənkəran rayonu ərazisində dəniz kənarında piyada gəzərkən sahildə göy rəngli idman çantası olduğunu görmüş və həmin çanta diqqətini çəkmişdir. Həmin çantanın içinə baxmadan onu götürüb yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində kənar bir yerə qoymuşdur. Çantanın içərisində nə olduğunu bilməmiş, ailə üzvlərinin də onun evin həyətində dəniz kənarından tapdığı çantadan məlumatı olmamışdır. İşləri çox olduğundan çantanın içərisinə baxmağı unutmuşdur. 08 yanvar 2024-cü il tarixdə çantaya baxarkən içərisində silah olduğunu görmüş, silaha toxunmamış, çantanı götürüb evdən çıxaraq onu polis şöbəsinə təhvil verməyə getmişdir. Həmin gün saat 13:40-da Lənkəran şəhəri, Sahil küçəsində yerləşən «Dalğa» restoranının qarşısında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğumu bildirib və onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin şöbəyə gəlmişdir. Polis şöbəsində müvafiq qaydada sənədləşmə aparılmış, vəkillə təmin edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş silahı marağı olduğu üçün götürmüş və evdə azyaşlı uşaqları olduğu üçün onu evdə saxlamaq istəməmiş və evdən götürüb çıxmışdır. Harada saxlayacağı barədə qəti qərar qəbul etməmişdir. Aşkar edilmiş silahdan hər hansı bir cinayətin törədilməsində istifadə etməmişdir. Onda həmin silahın olmasından heç kimin xəbəri olmamışdır. Aşkar edilən silahdan başqa haradasa odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin, soyuq silah saxlamır. O, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs son sözündə ona elan edilmiş ittihamla özünü təqsirli bildiyini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmasını, qardaşı X1 Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 08 yanvar 2024-cü il tarixdə Lənkəran rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması barədə bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X2, X12 və təhqiqatçı X6 daxil edilmişdir. 08 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Sahil küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 13:40-da həmin küçədə yerləşən “Dalğa” restoranının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsin əlində idman çantası var imiş. Ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlamasında şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Şöbəyə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən odlu silah, döyüş sursatı və ya qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı idman çantasının içərisində lüləsi və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib əynində olan şalvarın ciblərindən 102 manat pulu, 01 ədəd siqareti və 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, idman çantasına baxış zamanı lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd lülə və qudaq hissəsi kəsilmiş odlu silaha oxşar predmet çantada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 102 manat pul, 01 ədəd siqaret və 01 ədəd alışqan geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini 3 gün öncə Lənkəran rayonu, ərazisində dəniz kənarından tapdığını, odlu silahlara marağı olduğu üçün saxlayaraq daşıdığını, hər hansı məqsəd üçün istifadə etmədiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 13:40-da saxlanılmış, saat 14:55-də şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun sağ əlində saxladığı göy rəngli idman çantasının içərisindən lüləsi və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 102 manat pul, sağ yan cibindən 01 ədəd siqaret və 01 ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş lüləsi və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet qablaşdırılaraq götürülmüş, 102 manat pul, 01 ədəd siqaret və 01 ədəd alışqan isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 08 yanvar 2024-cü il tarixdə saat 15:25-də başlamış və həmin tarixdə saat 15:40-da başa çatmışdır. Məhkəmə-ballistik ekspertizasının 09 yanvar 2024-cü il tarixli 24/28 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd 150036 N-li silah, zavod üsulu ilə Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 09 mart 2024-cü tarixli «sübutların qiymətləndirilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən 01 ədəd 150036 nömrəli, 16 kalibrli TOZ-B modelli ov tüfənginin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CMin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cərimə dövlət hesabına tam ödənilmişdir. Məhkumluğu yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-20/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-20/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 12-16/271 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla valideynləri, arvadı və uşaqları – 2015-ci il təvəllüdlü X7 və 2021-ci il təvəllüdlü X13 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, xx.xx.2001ci il təvəllüdlü X4 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan xüsusi döyüş əməliyyatlarında Şuşa, Laçın, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 107887 №-li vəsiqənin surətindən görünür ki, həmin vəsiqə xx.xx.2023-cü il tarixdə X3 verilmişdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İ-9648 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X3 “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Üzərində “Laçın 1 dekabr 2020” sözləri yazılmış medalın fotosundan görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il təvəllüdlü 2719 №-li Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. AZ-İ 798718 №-li Nikah haqqında şəhadatnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 nikahı 06 dekabr 2012-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 929 № ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşızadə, arvada Baxşızadə soyadı verilmişdir. “Nömrə 1 X11” tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə “autizm spektr pozuntusu” diaqnozu ilə mərkəzə müraciət etmiş, mərkəzdə psixoloji və psixo-pedaqoji korreksiya məşğələlərinə cəlb olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadəsinə, ekspert rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Qərarın 2-ci bəndində göstərmişdir ki, odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə və hazırlana bilər. Qərarın 6-cı bəndində qeyd olunmuşdur ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində olan xx.xx.2021-ci il təvəllüdlü X8 “autizm spektr pozuntusu” diaqnozu müalicə almasını, qardaşı X1 Vətən müharibəsi veteranı olması, göstərdiyi şücətə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il təvəllüdlü 2719 №-li Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd 150036 nömrəli, 16 kalibrli TOZ-B modelli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah- Sursat anbarına təhvil verilməli, iş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd 150036 nömrəli, 16 kalibrli TOZ-B modelli ov tüfəngi müsadirə edilsin və Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah- Sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar