Məhkəmə qərarları › İş №1(049)-129/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-129/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-129/2023 18.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 iştirakı ilə, X6 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X10 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayət verərək, X6 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayətini müdafiə edib, şikayətin icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7 və X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasının təxirə salınmasına zərurət görmür və işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Xüsusi ittiham qaydasında verilmiş şikayətlə tanış olaraq məhkəmə hesab edir ki, şikayətin məhkəmənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayətçi Əblağa X1 və X3 təhqiredici ifadələr işlədib yaydıqlarına görə sonuncuların cinayət məsuliyyətinə cəlb edilməli olmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayətin məzmunundan görünür ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilməsi istinad olunan cinayət əməlinin nə vaxt törədildiyi göstərilsə də, cinayətin törədilmə hallarına yalnız bir şahid (X4)ifadəsləri göstərilmiş, sübut kimi isə kim tərəfindən konkret olaraq kimin barəsində və kimlərə ünvanlandığı müəyyən edilməyən səs yazısı olan DVD disk əlavə edilmişdir. Halbuki həmin halların müəyyən edilməsi ittihamın dəqiqliyi və işin icraata qəbul edilməsi üçün zəruridir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3№-li Qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayətdən isə görünür ki, şikayətçi ərizəsinə şahid kimi yalnız bir şəxsin (X2) adını qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından isə müəyyən olunur ki, əməldə CM-nin 148-ci maddəsinin tərkibinin mövcudluğu üçün «təhqir» kimi yayılmış məlumat ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə edilməlidir ki, şikayətçi digər şəxsin olub-olmamasını şikayətində qeyd etməmişdir. Beləliklə, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3.2-ci maddəsində göstərilən tələblərə uyğun tərtib edilməmişdir. CPM-nin 302.1.3-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 X6 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar