Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-129/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.30 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri X4 küçəsi ev 68 ünvanında yaşayan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinin xx.xx.2018-ci il taruixli hökmü ilə təyin edilmiş 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində 04 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 00:44-də Lənkəran şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,328 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, indiyədək evlənməmişdir. Fərdi olaraq fəhləlik edir, atası ilə birlikdə yaşayır. Əvvəllər dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə 2019-cu il tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü ilin avqust ayında azadlığa buraxılmışdır. Təxminən 10 ildir ki, psixotrop maddə olan və narkotik vasitə istifadə edir. Metamfetamini Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. xx.xx.2025-ci il tarixdə, axşam saat 23 radələrində Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə, məscidin yaxınlığında olarkən, orada üzdən tanıdığı, adını bilmədiyi şəxslə söhbət əsnasında həmin şəxs onda şüşə, yəni metamfetamin olduğunu demişdir. Həmin şəxs şüşəni ona sata biləcəyini demişdir. O, da şüşədən istifadə etdiyindən 10 manat həmin şəxsə verib bir bükümdə təxminən yarım qrama yaxın metamfetamini ondan almışdır. Aldığı metamfetamini üzərində saxlamışdır. Saat təxminən 01 radələrində Nizami küçəsi ilə piyada hərəkətdə olarkən onunla üzbəüz gələn 3 mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləridən biri videokamera ilə onları görüntüyə alırmış. Baxış zamanı Ceyhun adlı polis işçisi tərəfindən ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarın sol yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 may 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarım əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran şəhəri Nizami küçəsində müşahidəyə götürülmüş və saat 00:44-də Nizami küçəsində yolun kənarı ilə piyada hərəkətdə olarkən onlar Təqsirləndirilən şəxs videoçəkiliş apara-apara yaxınlaşmışlar. Saxlama səbəbi izah olunduqdan sonra ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstü tərəfindən yoxlanılmış, lakin yoxlama zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində yaradılmış əməliyyat qrupunun tərkibində iştirak etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran şəhəri, Nizami küçəsində müşahidəyə götürülmüş və saat 00:44-də Nizami küçəsində yolun kənarı ilə piyada hərəkətdə olarkən onlar Təqsirləndirilən şəxs videoçəkiliş apara-apara yaxınlaşmışlar. Saxlama səbəbi izah olunduqdan sonra ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstü tərəfindən yoxlanılmış, lakin yoxlama zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 14-16-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 00:44-də Lənkəran şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə 0,54qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin bükümü Böyük Bazar ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün 10 manata aldığını, narkotik vasitənin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət işinin 19-20-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 may 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün, saat 00:44-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Lənkəran şəhəri Nizami küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ- nə gətirilən və təhqiqat bölməsinə təqdim olunan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar edilərək bir ədəd zərfdə qablaşıdırılmış psixotrop maddə metamfetaminə bənzər kütləyə və Təqsirləndirilən şəxs üstü yoxlanılarkən qeydə alınmış bir ədəd CD diskdə olan videogörüntüyə təhqiqatçı Baxşəli Rufullayev tərəfindən baxış keçirilmişdir. Cinayət işinin 52-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 may 2025-ci il tarixli, 19/219 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,328 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Cinayət işinin 63-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 297 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-110-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,328 qram psixotrop maddə metamfetamin, üstünün yoxlanılması zamanı qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilərkən qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü maddi sübut kimi tanınmışdır. Cinayət işinin 117-129-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş hökm və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinin xx.xx.2018-ci il taruixli hökmü ilə təyin edilmiş 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası iləqismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 04 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 114-155-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Hüseynov X1 şəhəri X4 küçəsi ev 68 ünvanı atası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 21-22-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan protokoldan görünür ki, 29 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 92-93-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbs edilməklə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0.328 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni xx.xx.2025-cü il tarixdə onun Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Hüseynov X1 Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, əvvəlki məhkumluğunun da habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.278 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.278 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-129/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-129/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver