Məhkəmə qərarları › İş №1(049)-130/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-130/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-130/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik vasitə heroin əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin oktyabr ayını sonlarında, Lənkəran şəhərində, dəqiq məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq 5 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,316 qram, 0,261 qram, 0,208 qram, 0,303 qram, 0,309 qram ümumi təmiz çəkisi 1,397 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 29 oktyabr 2022-ci il tarixdə saat 20:45-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarın sol yan cibində 5 ədəd sellofan bükümlərinin içərisində həmin narkotik vasitə heroin və əynindən olan gödəkcənin sol yan cibindən üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, nakotik vasitə heroin qəbul edir. Həbsdən çıxdıqdan bir müddət sonra narktoik vasitə qəbul etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, gündüz saatlarında Lənkəran şəhərində Böyük bazar adlanan ərazidə olarkən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 25 manata qəbul etmək üçün 5 büküm narkotik vasitə heroin almışdır. Həmin heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 29 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yol kənarı ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə, video çəkilişlə üzərinə şəxsi axtarış zamanı üzərində saxladığı 5 bükümdə olan heroini şalvarının sol yan cibindən, əynində olan gödəkcəsinin sol cibindən isə elektron tərəzini və mobil telefonu çıxardıb təqdim etmişdir. Narkotik vasitəni istifadə etmək üçün əldə etmiş, satış məqsədi olmamışdır. Elektron tərəzini isə narkotik vasitə alarkən onu aldatmasınlar deyə istifadə etdiyi üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində bacısı və bacısı uşaqları var, onları nəzərə alaraq barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Baləddin оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra şöbənin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 29 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Ağayev X3 şəhəri, Ş.Xiyabanı küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Hüşəng Ağayev həmin vaxt şalvarının sol yan cibindən 5 ədəd büküm, əynində olan gödəkcəsinin sol cibindən isə elektron tərəzi və bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlun həmin maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri, Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 78-79-cu vərəqlərində olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Rəhmərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa etmək üçün onun ətrafında əməliyyat axtarış tədbirləri keçirmək üçün 29 oktyabr 2022-ci ил тарихдя şöbənin rəisindən müvafiq razılıq aldıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ŞRPŞ-nin əməliyyat müvəkkilləri Mahir Tahirli və Şahid2 də cəlb edilmişlər. Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 20:45-da Təqsirləndirilən şəxs Lənkəran Ş.Xiyabanı küçəsində piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərinin təqdim etdikdən sonra ona narkotik vasitələrin satışı ilə məşqul olmaqda və üzərində narktoik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkillə təmin еdilmişdir. Bundan sonra ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Hüşəng Ağayev həmin vaxt şalvarının sol yan cibindən 5 ədəd bükümü, əynində olan gödəkcəsinin sol cibindən isə elektron tərəzini və bir ədəd mobil telefonu çıxardıb təqdim edərək təhqiqatçıya bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir.Təhqiqatçı tərəfindən Hüşəng Ağayevin təqdim etdiyi bükümlərin içərisinə baxış keçirildikdə, bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddələr aşkar edilmişdir. Hüşəng Ağayevin üzərində aşkar olunmuş həmin kütlələr elektron tərəzidə çəkildikdə, 5 ədəd heroin bükümlərin ümumi çəkisi 1,60 qram olmuşdur. Hüşəng Ağayev ilə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olunmuş kütlənin heroinin özünə məxsus olduğunu, həmin heroini gündüz saatlarında Lənkəran şəhərində böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata alaraq şəxsi istifadəsi üçün əldə etdiyini və elektron tərəzini isə narkotik vasitə alarakən onların çəkilərini dəqiq bilməkdən ötrü gəzdirdiyini demişdir. Sonra təhqiqatçı tərəfindən Hüşəng Ağayevdən aşkar olunmuş həmin bükümləri və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Şəxsi-axtarış zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Hüşəng Ağayevə qarşı hər hansı qanuna zidd hərəkətə yol verilməmişdir. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs götürülmüş heroinin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 5 bükümdə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülür, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu bildirir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 29 oktyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 5 bükümdə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürlür, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu bildirir. Cinayət işinin 47-48-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 oktyabr 2022-ci il tarixli, 19/1133 nömrəli ekspert rəyindən görünür ki“ Vət: Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümlər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,316 qram; -0,261 qram, -0,208 qram, -0,303 qram, -0,309 qram, ümumi təmiz çəkisi -1,397 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Cinayət işinin 53-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1129 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 97-100-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 1.197 qram çəkidə heroin və bir ədəd elekton tərəzi maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 5(049)-473/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin beş ayrı-ayrı bükümdə narkotik vasitə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində narkotik vasitənin izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 22-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 oktyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21.05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-78-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 oktyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 83-84-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Ağayev X1 Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83-cü maddəsinin tələbinə görə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə narkotik vasitə və həmin narkotik vasitənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1129 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.197 qram narkotik vasitə heroin və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.197 qram narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar