Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-130/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və nun iştirakları ilə, xx xxxx 1998-ci ildə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-393/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 177.2.3-cü maddələri ilə qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 7(008)-978/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 05 ay 01 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 18 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "VAZ-2107 minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, Fizuli küçəsində Lerik istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən,“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili Lənkəran şəhəri, Fizuli küçəsində Lerik istiqamətində yolun sağ hərəkət hissəsi ilə yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edərkən hərəkətin təhlükəsizliyini təmin edə bilməyib, yol hərəkəti qaydalarını pozaraq, yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına keçmək üçün asfaltın üzərində piyada çəpinə adi yerişlə hərəkət edən xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ayaq üstə yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına doğru 5,8 metr məsafədə idarə etdiyi avtomobilin qabaq sağ yan dirəyi (stoyka) ilə ehtiyatsızlıqdan vuraraq, minik avtomobilinin qabarıq hissəsi ilə vurulması nəticəsində Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol körpücük sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayır, suvaq ustasıdır və fərdi evlərdə işləyir. Onun sürücülük vəsiqəsi vardır və o, etibarnamə əsasında “VAZ-2107 minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 18 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi həmin avtomobillə Lənkəran şəhəri, Fizuli küçəsi ilə Lerik istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olduğu zaman Lənkəran Dövlət Universitetinin binasına çatmağa təxminən 100 metr qalmış yolun sağ tərəfində yerləşən "REFEM” marketin qarşısından bir piyadanın asfalt yola çıxaraq, çəpəki vəziyyətdə yolun soluna tərəf adi yerişlə hərəkət etdiyini qəflətən görmüşdür. O, həmin piyadanı avtomobilinin qabaq tərəfi ilə vurmamaq və piyadanın qarşısından keçib getmək üçün avtomobilin sükanını yolun sol hərəkət hissəsinə tərəf döndərdikdə, bu zaman həmin piyada onun idarə etdiyi avtomobilin qabaq sağ yan dirəyinə dəyib yerə yıxılmışdır. O, bundan sonra avtomobilini saxlamış və avtomobildən yerə düşərək həmin piyadaya tərəf getmişdir. Həmin vaxtı tanımadığı bir nəfər şəxs də həmin piyadaya yaxınlaşmış və onu ayaq üstə qaldırmışdır. O da həmin piyadaya yaxınlaşmış və iki nəfər tanımadığı şəxslə birlikdə piyadanı idarə etdiyi avtomobilə əyləşdirib Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Həkimlər həmin piyadanı müayinə etdikdən sonra, ona məlum olmuşdur ki, piyadanın sol körpücük sümüyü sınmışdır. Həmçinin, xəstəxanada ona məlum olmuşdur ki, həmin piyadanın adı Qadirdir. Bundan sonra, o, idarə etdiyi avtomobilə əyləşib Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmiş və avtoqəza törətdiyi barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı avtomobili 40 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs son sözündə hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onunla razılaşaraq vurulmuş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayır. Onun sürücülük vəsiqəsi və istifadəsində “Mercedes-Benz” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, 18 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi həmin avtomobili ilə evdən çıxıb qaynı Elçinlə görüşmək üçün Lənkəran rayonunun Narbağı kəndinə tərəf gedən zaman siqaret almaq üçün idarə etdiyi avtomobili Lənkəran şəhəri, Fizuli küçəsində Lerik istiqamətində yolun sağ tərəfindən yerləşən "REFEM” marketin qarşısında saxlamışdır. Həmin vaxtı əvvəlcə yolun sol tərəfində yerləşən dükandan un məmulatı almaq, sonra isə siqaret almaq üçün marketə qayıtmaq qərarına gəldiyindən o, avtomobilindən düşmüş və sol tərəfdən avtomobillərin hərəkət etmədiyini gördükdən sonra yolun sağ kənarından sol tərəfinə adi yerişlə çəpəki vəziyyətdə piyada hərəkət etməyə başlamışdır. Bu zaman sol tərəfdən, yəni dörd yol ayrıcından hərəkət edən bir avtomobil qabaq sağ yan dirəyi ilə onu vurub asfaltın üzərinə yıxmışdır. Həmin vaxtı onu vuran “VAZ-2107 minik” markalı avtomobilin sonradan adını bildiyi Şamo adlı sürücüsü ona yaxınlaşmış və onu yerdən qaldırmışdır. Həmin vaxtı yaxınlıqda olan dayısı Yəhya və tanışı Ramin də ona yaxınlaşmışlar. Sonra isə dayısı Yəhya və tanışı Ramin onu Şamonun avtomobilinə qoyub Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər onu tibbi müayinədən keçirən zaman ona məlum olmuşdur ki, onun sol körpüçük sümüyü sınmışdır. O, bir gün xəstəxanada yatdıqdan sonra, onu evə buraxmışlar. Baş vermiş hadisə zamanı onu vuran “VAZ-2107 minik” minik markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 70 km/saat sürətlə hərəkətdə olmuşdur. O, hadisə baş verməmişdən əvvəl sola tərəf baxan zaman yolda heç bir avtomobil hərəkətdə olmamışdır. O, avtomobillə vurulduğu yerə qədər çəpəki vəziyyətdə piyada təxminən 4 metr məsafə qət etmişdir. Məhkəmənin iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Mamusta kənd sakini Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdən etibarən tanımışdır. Şamo ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu, Gərmətük qəsəbə sakini Zərərçəkmiş şəxs isə təxminən 3 ildir ki, tanıyır. Qadir onun həmkəndlisi Gülnarənin əridir. Qadirlə də qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 18 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən dördyolayrıcının yaxınlığında yerləşən Lerik istiqamətində yolun sağ kənarında olan "REFEM” marketin qarşısında dayanıb yaşadığı Narbağı kəndinə getmək üçün avtobus gözləyən zaman Qadirin idarə etdiyi avtomobillə gəlib onun yanında dayandığını görmüşdür. Qadir avtomobildən düşüb onunla salamlaşanda o, Qadirdən hara gedəcəyini soruşmuş, Qadir də ona qaynı Elçinlə görüşmək üçün Narbağı kəndinə gedəcəyini bildirmişdir. O bundan sonra Qadirdən onu yaşadığı Narbağı kəndinə aparmasını xahiş etdikdə, Qadir ona 1-2 dəqiqə ərzində onu gözləməsini və yolun sol tərəfindən un məmulatı alıb qayıdacağını bildirmişdir. Bundan sonra, Qadir Lerik istiqamətində yolun sol tərəfinə piyada hərəkət etməyə başlayan zaman dördyolayrıcından Lerik istiqamətində hərəkət edən qırmızı rəngli “VAZ-2107 minik” markalı avtomobilin qabaq sağ yan dirəyi ilə Qadiri vurub yerə yıxdığını görmüşdür. O, tez Qadirin yıxıldığı yerə tərəf getmişdir. Həmin vaxt “VAZ-2107 minik” markalı avtomobilin sonradan adını bildiyi Şamo adlı sürücüsü də avtomobildən düşüb Qadirə yaxınlaşmış və Qadiri yerdən qaldırmışdır. Həmin vaxtı bir kişi də Qadirə yaxınlaşmış və ona məlum olmuşdur ki, həmin kişi Qadirin dayısı Yəhyadır. O və Yəhya, Qadiri Şamonun avtomobilinə qoyub Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Qadiri tibbi müayinədən keçirdikdən sonra onlara məlum olmuşdur ki, Qadirin sol körpücük sümüyü sınmışdır. Bundan sonra, o, xəstəxanadan çıxıb taksi ilə yaşadığı Lənkəran rayonunun Narbağı kəndinə getmişdir. O, baş vermiş hadisə zamanı “VAZ-2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 70 km/saat sürətlə hərəkətdə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Mamusta kənd sakini Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdən etibarən tanımışdır. Şamo ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Gərmətük qəsəbə sakini Zərərçəkmiş şəxs isə onun doğma bacısı oğludur. 18 dekabr 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı Gərmətük qəsəbəsində taksi maşınına əyləşib evə bazarlıq etmək üçün Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən dördyolayrıcının yaxınlığında yerləşən "REFEM” marketə gəlmiş, marketdən bazarlıq etdikdən sonra marketdən çıxıb marketin qarşısında dayanıb taksi maşını gözləməyə başlamışdır. Həmin vaxtı bacısı oğlu Qadirin idarə etdiyi avtomobillə gəlib Lerik istiqamətində yolun sağ kənarında dayandığını görmüş, həmin vaxt ara məsafələri yaxın olmadığına görə Qadirin avtomobilinə yaxınlaşmamışdır. Qadir avtomobildən düşmüş və Lerik istiqamətində yolun sol tərəfinə piyada hərəkət etməyə başlayan zaman dördyolayrıcından Lerik istiqamətində hərəkət edən qırmızı rəngli “VAZ-2107 minik” markalı avtomobilin Qadiri vurub yerə yıxdığını görmüşdür. O, tez Qadirin yıxıldığı yerə tərəf getmişdir. Həmin vaxt “VAZ-2107 minik” markalı avtomobilin sonradan adını bildiyi Şamo adlı sürücüsü də maşından düşüb Qadirə yaxınlaşmış və Qadiri yerdən qaldırmışdır. Həmin vaxtı bir kişi də Qadirə yaxınlaşmış və ona məlum olmuşdur ki, həmin kişi Narbağı kənd sakini Ramindir. O və Ramin, Qadiri Şamonun maşınına qoyub Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Qadiri tibbi müayinədən keçirən zaman onlara məlum olmuşdur ki, Qadirin sol körpücük sümüyü sınmışdır. Bundan sonra, Ramin xəstəxanadan çıxıb harasa getmiş, o isə Qadiri xəstəxanadan çıxarıb yaşadığı evə aparmışdır. Baş vermiş hadisə zamanı “VAZ-2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 70 km/saat sürətlə hərəkətdə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, o, 18 dekabr 2024-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasında xidmətdə olduğu zaman X8la birlikdə, Lənkəran şəhəri, Fizuli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə getməyi ilə bağlı şöbə rəhbərliyi tərəfindən ona göstəriş verilmişdir. O, X8 və idarə etdiyi avtomobillə piyadanı vurmuş sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə, idarə etdiyi avtomobillə hadisə yerinə getmişdir. O, Təqsirləndirilən şəxs göstərməsi ilə idarə etdiyi avtomobili Lənkəran şəhəri Fizuli küçəsində Lerik istiqamətində yolun sağ kənarında yerləşən "REFEM” marketin yaxınlığında saxlamış və onlar avtomobildən yerə düşmüşlər. Təqsirləndirilən şəxs əli ilə asfalt yolu göstərərək bildirmişdir ki, o, 18 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi “VAZ-2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin Fizuli küçəsi ilə Lerik istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olduğu zaman yolun sağ tərəfində yerləşən "REFEM” marketin qarşısından bir piyadanın asfalt yola çıxaraq, çəpəki vəziyyətdə yolun soluna tərəf adi yerişlə hərəkət etdiyini qəflətən görmüş və həmin piyadanı avtomobilinin qabaq tərəfi ilə vurmamaq üçün qarşısından keçib getmək məqsədi ilə avtomobilin sükanını yolun sol hərəkət hissəsinə tərəf döndərmiş, lakin həmin piyada onun idarə etdiyi avtomobilin qabaq sağ yan dirəyinə dəyib yerə yıxılmışdır. Bundan sonra, Əliağa Hüseynov, onun, Təqsirləndirilən şəxs və iki nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi Lənkəran şəhəri, Fizuli küçəsində Lerik istiqamətində yolun sağ hərəkət hissəsində asfalt yolun üzərində, yolun sağ kənarından sol kənarına doğru 5,8 metr məsafədə yerləşir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi düz, asfalt örtüyünün vəziyyəti quru olmuş və hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətt yoxdur. Yolun sağ kənarında "piyada keçidi" yol nişanı vardır. Hadisə yerində yol örtüyünün eni 14,5 metr, sağda olan səkinin eni 2 metr, solda olan səkinin eni isə 1,7 metrdir. Yolun hərəkət hissəsinin sağ tərəfində "REFEM” market və meyvə satılan dükanlar, ağaclar, sol tərəfində isə "Bərbər" dükanı, marketlər, ağaclar yerləşir. Hadisə yeri yaşayış məntəqəsi daxilindədir və küçə elektrik işığı ilə işıqlandırılır. X8 tərəfindən hadisə yerinin fotoşəkilləri çəkilmiş və X8 tərəfindən hadisə yerinə baxış keçirilməsi barədə protokol və sxem tərtib olunmuşdur. O da digər iştirakçılarla birlikdə həmin protokola və sxemə imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: 18 dekabr 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, piyada Zərərçəkmiş şəxs 18 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ-2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu yer Lənkəran şəhəri, Fizuli küçəsində, Lerik istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına doğru 5,8 metr məsafədə asfaltın üzərində yerləşir. Hadisə baş vermiş yerdə yolun hərəkət hissəsi üfüqi, düz, asfaltbeton örtüyə malikdir və hadisə baş verən zaman hava aydın, günəşli, yol örtüyünün vəziyyətdə quru olmuşdur. Hadisə yerində yolun hərəkət hissəsinin eni 14,5 metr, hərəkət zolaqlarının sayı 2, hər bir hərəkət hissəsinin eni isə 7,25 metrdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa ağ rəngli xətt yoxdur, yolun hərəkət hissəsinin sağ kənarında "piyada keçidi" yol nişanı vardır. Yolun hərəkət hissəsinə sağdan 2 metr enində səki və soldan 1,7 metr enində səki birləşir. Yolun hərəkət hissəsinin sağ tərəfində "REFEM” market və meyvə satılan dükanlar, ağaclar, sol tərəfində isə "Bərbər" dükanı, marketlər, ağaclar yerləşir. Hadisə yeri yaşayış məntəqəsi daxilindədir və küçə elektrik işığı ilə işıqlandırılır. Hadisə zamanı piyada Zərərçəkmiş şəxs asfaltın üzərində yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına doğru adi yerişlə çəpəki vəziyyətdə hərəkətdə olmuşdur. Hadisə yerində şinlərin izləri və tormozlanma izləri yoxdur. “VAZ-2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı Lənkəran şəhəri, Fizuli küçəsində Lerik istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olmuşdur. Hadisə yerində “VAZ-2107 minik” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobilə aid sınmış və itmiş hissələri yoxdur. Hadisə yeri yolun hərəkət hissəsinin sağ kənarında yerləşən "REFEM” marketin giriş qapısının sağ tərəfində quraşdırılmış videomüşahidə kamerasının nəzarəti altına düşür. Həmin "REFEM” marketdə quraşdırılmış videomüşahidə kamerasının monitorundan yol-nəqliyyat hadisəsinin baş verdiyi anın görüntüləri götürülərək 1 ədəd DVD diskə köçürülüb protokola əlavə olunmuşdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 37 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol körpücük sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/174 nömrəli rəyindən görünür ki, VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, 351 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından qeydiyyatda deyil. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən, cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. xx.xx.2024-cü il tarixli, 001814 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonunun Mamusta kənd sakini Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı BD-419548 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, “VAZ-2107 minik” markalı avtomobili idarə edə bilər. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “VAZ 2107 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə maddi sübut kimi tanınmışdır. İşdə olan Qəbzdən görünür ki, “VAZ 2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Mamusta kəndində atası 1966-cı il təvəllüdlü X2 və anası 1970-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X10 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “VAZ 2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 8/174 nömrəli rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “VAZ 2107 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X10 Bölməsinə göndərilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-130/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-130/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver