Məhkəmə qərarları › İş №1(049)-136/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-136/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-136/2025 25.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1999-cu ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonun Liman şəhəri Sabir küçəsi, ev 133-də qeydiyyatda olmaqla, Lənkəran rayonun, Liman şəhəri, H.Aslanov küçəsi ev 42-də yaşayan və barəsində “polisin nəzarərti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx.xx.2003-cü ildə Masallı rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Masallı rayonun Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 22 noyabr 2024-cü il tarixdə saat 19 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Lənkəran-Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində yolun sol kənarında yerləşən X1 məxsus ərzaq mağazasına daxil olarkən, aralarında zarafatlaşaraq uca səslə danışmalarına həmin mağazada olan Zərərçəkmiş şəxs irad tutmasından qəzəblənərək, bunu özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, Təqsirləndirilən şəxs2 aqressiv şəkildə Zərərçəkmiş şəxs mağazanın qarşısında onları gözləməyi bildirmiş, bu vaxt sonuncunun onlara əhəmiyyət verməyərək mağazanı tərk edib oradan uzaqlaşmasını bəhanə edərək Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında birləşib, küçəyə çıxaraq ictimai yer olan Lənkəran rayonu, Girdəni kəndinin ərazisində, Lənkəran-Masallı-Boradigah avtomobil yolunun kənarında hər hansı bir səbəb olmadan qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə hər ikisi müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini avtomobilləri ilə küçədən keçən və səs-küyə toplaşmış insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini ümumilikdə 4-5 dəqiqə ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək, əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərinə hücum edib, sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş, sonuncunun müqavimət göstərərək onu itələdiyini görüb, özü də, aktiv şəkildə münaqişəyə qoşularaq hər ikisi Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməklə yanaşı əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpiklə onun sifət və qarın nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol gözaltı nahiyəsində qançır və həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sağ X qabırğanın yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə bir qrup şəxs halında xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 22 noyabr 2024-cü il tarixdə 19 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran-Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində yolun sol kənarında yerləşən X1 məxsus ərzaq mağazasına daxil olarkən, aralarında zarafatlaşaraq uca səslə danışmalarına həmin mağazada olan Zərərçəkmiş şəxs irad tutmasından qəzəblənərək, bunu özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, aqressiv şəkildə sonuncuya mağazanın qarşısında onları gözləməyi bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs onlara əhəmiyyət verməyərək mağazanı tərk edib, oradan uzaqlaşmasını bəhanə edərək Təqsirləndirilən şəxs1lə birlikdə bir qrup şəxs halında birləşib, küçəyə çıxaraq ictimai yer olan Lənkəran rayonu, Girdəni kəndinin ərazisində, Lənkəran-Masallı-Boradigah avtomobil yolunun kənarında hər hansı bir səbəb olmadan qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə hər ikisi müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini avtomobilləri ilə küçədən keçən və səs-küyə toplaşmış insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini ümumilikdə 4-5 dəqiqə ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək, əvvəlcə özü Zərərçəkmiş şəxs üzərinə hücum edib, sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş, sonuncunun müqavimət göstərərək onu itələdiyini görən digər qrup üzvü Təqsirləndirilən şəxs1 də, aktiv şəkildə münaqişəyə qoşularaq hər ikisi Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməklə yanaşı, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpiklə onun sifət və qarın nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq, Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol gözaltı nahiyəsində qançır və həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sağ X qabırğanın yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə bir qrup şəxs halında xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ildir Lənkəran rayonun Girdəni kəndində yerləşən Oba market adlı mağazada satıcı işləyir. Tapdıq da onunla birlikdə işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tapdıq ilə işlədiyi dükanla üzbəüz yerləşən dükana getmişlər. Tadıq qırmızı qələm, o isə iki ədəd siqaret almaq istəmişdir. Həmin vaxt Vüqar marketin qapısının qarşısında qalmış və onlara söz ataraq “siz yaman xod gedirsiz, bura Masallı deyil, Girdənidir” sözlərini demişdir. Tapdıq da ona nə etmişik deyəndə Vüqar ona siz hay küy salırsız demiş və əvvəlcə Vüqar, sonra onlar dükanın içərisinə daxil olmuşlar. Dükandan qələm və siqaret alarkən Vüqar Tapdığa yenə söz atıb eyni sözləri deyəndə, Tapdıqda Vüqara nə demək istəyirsən dediyi üçün Vüqar Tapdıqdan dükandan çölə çıxmasını istəmişdir. Tapdıq da çöldə gözləməsini və gələcəyini demiş, birinci Vüqar dükandan çıxmış, sonra isə Tapdıq çıxıb Vüqarın piyada gedərək dükandan aralandığını görüb ona səslənərək “ağsaqqal nə deyirdin” sözlərini demişdir. Vüqar da bu sözdən sonra onlara tərəf geri qayıdıb Tapdığa yaxınlaşaraq kəllə zərbəsi ilə vurub onu yerə yıxmışdır. O, Vüqara niyə belə edirsən deyəndə ona tərəf gəlib gözlənilmədən yumruqla sifətinə bir zərbə vurmuş, o da arxaya getmişdir. Sonra Vüqar ona təpiklə yenidən bir zərbə vurduqdan sonra əsəbləşib onun sifətinə yumruqla bir zərbə vurmuşdur. Sonra o, Vüqarın yaxasından tutarkən Tapdıqda ona arxadan vurmuşdur. O, Vüqarın əllərindən tutub divara sıxıb saxlamış, sonra ora gələn adını sonradan Aqşin olduğunu bildiyi şəxs gödəkcəsinin arxasından tutub dartıb ayıranda o yerə yıxılmışdır. Həmin vaxt Tapdıq polisə zəng edəcəyini dedikdə bunu görən Vüqar orada uzaqlaşıb getdi. Ora toplaşanlar da dağlışmışlar və polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar, orada ərizə yazmışlar. Tapdıq yerə yıxılandan sonra Vüqar onunla dalaşmışdır. Münaqişə Zahid adlı şəxsə məxsus dükanın qarşısında 4-5 dəqiqə baş vermiş, oraya sonradan 3-4 şəxs toplaşmış və tez də dağlışmışlar. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən bir ay öncə “Oba” marketin Lənkəran rayonun Girdəni kəndində yerləşən mağazasında müdir işləməyə başlamış və Təqsirləndirilən şəxs1 həmin mağazada satıcı işləyir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla arasında hər hansı qərəzçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində iş yoldaşı Mirkənan ilə birlikdə işlədiyi dükanla üzbəüz yerləşən ərzaq satılan dükana gedib və orada kassada olan adını bilmədiyi qadından almaq üçün iki qələm və iki siqaret istəmişdir. Həmin vaxt Vüqar dükanın içərisində özünə araq alaraq kənardan onlara baxmış, sonra da satıcıya pulu verib pulun qalığını gözləyərkən Vüqar onlara, ““Oba” marketdən yaman səs-küy gəlir, nəzarət etmirsən” demiş, o da dükanda kim səs salırsa göstərərsə ondan izahatını alacağını demişdir. Sonra Vüqar ona şüşəni başına vuraram demiş, o da Vüqara “sən kimsən başıma vurarsan” dedikdə, Vüqar ona bura Girdənidir sənin üçün Masallı deyil, başqa kənddən gəlmisən hələ dilində var danışmağa, əgər kişisənsə çıx çölə” sözlərini deyib özü dükandan çıxmışdır. Satıcı qadın da ona əhəmiyyət verməməsini demişdir. Vüqar çıxdıqdan 1 dəqiqə sonra dükanın qapısını açaraq “kişi deyilsən çıxın çölə deyib” özü çölə çıxmış, o da pulun qalığını satıcıdan alıb dükandan çölə çıxanda görmüşdür ki, Vüqar dükanın sağ tərəfində, dükandan bir qədər aralıda gözləyir. O, Vüqara səslənərək ağsaqqal nə məsələdir deyib ona tərəf getmiş, Vüqar isə ona tərəf iti addımlarla gəlib gözlənilmədən başı ilə sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən sağ qolu üstə yerə yıxılmış, Mirkənan həmin vaxt Vüqara dəlisən niyə vurdun deyəndə o Mirkənanın da sifətinin sağ tərəfinə yumruqla bir zərbə vurmuşdur. Bundan sonra Mirkənanda üstünə hücum edib onunla dalaşmağa başlamışdır. Mirkənanı döydüyünü görüb ona kömək etmək üçün Vüqara arxadan bir iki yumruq atmış, lakin zərbələri güclü olmamışdır. Çünki həmin vaxt sağ qolu zədəli olmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxs qollarından tutub saxlamışdır. Mirkənan Vüqarın yaxasından tutub onu divara sıxıb saxlayarkən ora gələn adını sonradan Aqşin olduğunu bildiyi şəxs Mirkənanın gödəkcəsinin arxasından tutub dartıb onu kənarlaşdırmışdır. O da həmin vaxt atası Tofiqə zəng edərək baş verənlər barədə dedikdən sonra atası DİN-nin 102 xidmətinə zəng etmişdir. Bunu görən Vüqar oradan uzaqlaşıb getmişdir. Sonra polis əməkdaşları gəlib onu və Mirkənanı şöbəyə aparmışlar, orada döyülmələri barədə ərizə yazmışlar. Münaqişə zamanı onlardan başqa tanımadığı 3-4 şəxs də olmuşdur. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla arasında heç bir düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində kəndin ərazisində, üç yol deyilən yerdə, Zahidin dükanı adı ilə tanınan ərzaq dükanına Tapdıqla Mirkənan yüksək səslə danışaraq daxil olmuşlar və dükanda uca səslə bir-biriləri ilə zarafatlaşmışlar. O dükanda qadın olduğu üçün Tapdığa irad bildirərək eyib olduğunu, bir az asta səslə danışmasını demişdir. Tapdıq isə ona “sən kimsən mənə irad bildirirsən” sözlərini dediyi üçün ondan dükanı tərk etməsini tələb etmişdir. Tapdıq isə onu çöldə gözləməsini demiş, o da bir söz demədən dükandan çölə çıxıb onları gözləmişdir. Dükanda ondan başqa həmkəndlisi, usta Vahid də olmuş, o da çölə çıxaraq onlara baş qoşmamasını, onunla getməsini təklif etmişdir. O da Vahidə yaxşı deyib evə getmək üçün yola düşmüş və dükandan aralanan zaman həmin şəxslər arxasından təhqir edici formada qışqıraraq hara qaçıb gedirsən deyib, onu çağırmışlar. O da geri qayıdıb Tapdığa yaxınılaşanda gözləmədiyi halda onu ucadan təhqir edərək sifətinə yumruq atmış və Tapdığı özündən kənarlaşdırmaq üçün itələyəndə Tapdıq müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Bundan sonra Tapdıqla birlikdə olan Mirkənan da ona ucadan nalayiq söyüşlərlə söyərək yaxasını tutmuş, Tapdıq ayağa qalxıb ona tərəf gəldikdən sonra birlikdə onun sifətinə, belinə, qarın boşluğuna yumruq təpiklə vurmağa başlamışlar. O özünü müdafiə etmək üçün Mirkənanı qollarından tutub saxlayanda Tapdıq onun arxadan belinə, sifətinə yumruqla vurmağa davam edərək onu nalayiq küçə söyüşlərilə söymüşdür. Həmin vaxt dükanın qarşısında olan şəxslər onlara irad tutsalar da, Tapdıqla Mirkənan həmin şəxslərə əhəmiyyət verməmişlər. Sonra Mirkənan onu divara sıxanda yol ilə keçən həmkədlisi Aqşin bunu görüb onlara yaxınlaşaraq Mirkənanı tutub kənara çəkib ayırmışdır. Tapdığı isə həmkəndlisi Zahir tutub saxlamışdır. Zahirin Tapdığı tutub saxlamağına baxmayaraq Tapdıq da onu ucadan söyüşlərlə söyməyə davam etmişdir. Münaqişə ora toplaşan şəxslərin köməyi ilə sakitləşdikdən sonra oradan çıxıb getmiş və gedərkən sağ qabırğa nahiyyəsinin güclü ağrıdığını hiss etmişdir. Buna görə həmin gün xəstəxanaya gedib tibbi yardım almışdır. Həkimlər onu müayinə etdikdən sonra bilmişdir ki, Tapdıqla Mirkənanın onu birlikdə döymələri nəticəsində sağ qabırğa sümüyü sınmışdır. Baş vermiş münaqişə zamanı Tapdıqla Mirkənan ikisi birlikdə onu yumruq sifətinə, qarnına, təpiklə belinə və böyürlərinə vurmuşlar. Tapdıq ona yumruqla sifətinə vuranda onu özündən kənarlaşdırmaq üçün itələdiyinə görə o da arxası üstə yerə yıxılmışdır. Mirkənan isə gövdəsindən tutub saxlamışdır ki, onu vurmasın, amma ona xəsarət yetirməmişdir. Münaqişə avtomobil yolunun kənarında, Zahidin dükanın qarşısında 4-5 dəqiqə baş vermiş, Azad və Zahir orada olmuş, Aqşin isə sonradan gəlmişdir. Onlar Tadıq və Mirkənan tərəfindən onun necə döyülüb təhqir olunduğunu görmüşlər. Həmin vaxt yol ilə keçən tanımadığı şəxslər onların söyüşlərini eşitmişlər. Münaqişə zamanı həmçinin başqa şəxslərin heç bir əmlakına ziyan vurulmamışdır. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və aralarında heç bir düşmənçilik yoxdur. Həmçinin onunla dalaşmış Tapıdıq və Mirkənanı kənddə yerləşən Oba marketdə işləyən şəxs kimi tanıyır. Onlarla da arasında heç bir düşmənçilik yoxdur. 22 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində evdən çıxıb kəndin mərkəzində, 3 yol deyilən yerdə yerləşən Zahirin dükanı adı ilə tanıdığı dükanın qarşısına getmiş, orada həmkəndlisi Vahidin Vüqarı kənara çəkərək özü ilə apardığını görmüşdür. O, dükanın qarşısında dayanıb siqaret çəkmiş və Vahidin həmin vaxt Vüqara onlara baş qoşmamasını dediyini eşitmişdir. Zahir isə telefonla danışaraq ondan bir az irəlidə qalmış, həmin vaxt adlarını sonradan bildiyi Tapdıq və Mirkənan dükandan çölə çıxmış, Vüqarın arxasıyca “nə məsələdir, hara qaçırsan” deyə qışqıraraq onu söyüb təhqir etmişlər. Vüqar da geri qayıdıb Tapdığa yaxınlaşan kimi onu söyərək yumruq atdığını, Vüqarın Tapdığı itələdiyini, sonra Tapdığın yanında olan Mirkənanın da Tapdığa qoşulub birlikdə Vüqarı nalayiq küçə söyüşləri ilə söyərək onu döyməyə başladıqlarını görmüşdür. Belində yırtıq olduğu üçün onları ayıra bilməmiş, X4 sifərtinə, qarnına, belinə yumruq təpiklə vururaq Vüqarı döyüb küçə söyüşləri ilə söydüklərini görmüşdür. Onlara irad tutmasına baxmayaraq, ona əhəmiyyət verməyib öz hərəkətlərinə davam etmişlər. Həmin vaxt ora yaxınlaşan Aqşin Mirkənanı tutub kənara çəkmiş, Tapdığı isə Zahir tutub saxlamış, Tapdıq da buna baxmayaraq, Vüqarı söyərək onun üzərinə hücum etmək istəmişdir. Münaqişə sakitləşəndən sonra oradan uzaqlaşıb getmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Tapıdıq və Mirkənanı da kənddə yerləşən Oba marketdə işləyən şəxs kimi tanıyır. Onun Vüqar, Tapıdıq və Mirkənanla arasında heç bir qərəzçiliyi və düşmənçiliyi yoxdur. 22 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində evdən çıxıb 3 yol deyilən yerdə yerləşən Zahirin dükanı adı ilə tanıdığı dükanın qarşısına getmiş, həmkəndlisi Vahidin Vüqarı kənara çəkərək özü ilə apardığını, adlarını sonradan bildiyi Tapdıq və Mirkənanın da dükandan çölə çıxdıqlarını görmüşdür. Onlardan bir az aralıda telefonla danışarkən Tapdığın Vüqarın arxasıyca onu söyüb təhqir etdiyini və Vüqarı çağırdığını eşitmişdir. Vüqar da Tapdığa yaxınlaşan kimi Tapdığın onu söyərək yumruq atdığını, Vüqarın da onu itələdiyini görmüşdür. Sonra Tapdığın yanında olan Mirkənanın da Tapdığa qoşulub birlikdə Vüqarı nalayiq küçə söyüşləri ilə söyərək onun sifərtinə, qarnına, belinə yumruq və təpiklə vuraraq döydüklərini görmüşdür. Həmin vaxt onlara yaxınlaşan Aqşin Mirkənanı tutub kənara çəkmiş, Tapdığı isə özü tutub saxlamışdır. Tapdıq buna baxmayaraq Vüqarı söyərək onun üzərinə yenə də hücum etməyə çalışmışdır. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla arasında heç bir düşmənçiliyi yoxdur. Tapıdıq və Mirkənan barədə sonradan bilmişdir ki, onlar kənddə yerləşən “Oba” marketdə işləyirlər. 22 noyabr 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobillə kəndin mərkəzi olan 3 yol deyilən yerdə yerləşən Zahirin dükanından siqaret almaq üçün getmiş, həmin vaxt tək olmuş və yolun o biri tərəfində avtomobilini saxlayıb düşəndə dükanın qarşısında həmkəndlisi Vüqarı iki nəfərin ucadan nalayiq küçə söyüşləri ilə söyərək onu yumruq və təpiklə döydüklərini görmüşdür. Tez yolun qarşı tərəfinə keçib onların yanına getmiş, Mirkənanı ayırmaq üçün onun arxadan gödəkçəsinin yaxasından tutub kənara çəkmiş və Mirkənan özünü saxlaya bilməyib yerə yıxılmışdır. Sonra da onlara “atanız yaşında kişi ilə nə işiniz var” deyib irad tutmuşdur. Həmin vaxt Tapdığı isə həmkəndlisi Zahir tutub saxlamışdır. Sonra onlar sakitəşmişlər və o da dükandan siqaret alıb çıxıb getmişdir. Münaqişə o, gəlməzdən əvvəl baş vermiş və orada olduğu vaxtda cəmi 3-4 dəqiqə davam etmişdir. Ondan başqa Zahir və Azad da orada olmuşlar. Təqsirləndirilən şəxslərin cinayət əməlini törətmələri faktı özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: Baxış protokolu, ona əlavə edilən fotocədvəllərdən və DVD diskdə olan müşahidə kamerasından götürülən görüntüdən müəyyən olunur ki, münaqişə Lənkəran-Masallı- Boradigah avtomobil yolunun, Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində yerləşən X1 məxsus dükanın qarşısında baş vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə dükanın qarşısında olan şəxslərin yanında Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri vururaq onu döymüşlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2024-cü il tarixli 1081 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəsağ X qabırğanın yerdəyişmiş sınığı, sol göz altı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2025-ci il tarixli 02/1081 saylı rəyindən görünür ki, vət: Zərərçəkmiş şəxs bədəni üzərində-sağ X qabırğanın yerdəyişmiş sınığı, sol göz altı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə təpiklə döş qəfəsinə, yumruqla sol gözaltı nahiyyəsinə vurma nəticəsidə əmələ gələ bilərdi və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ X qabırğanın yerdəyişmiş sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol göz altı nahiyyəsindəki qançır isə sağlamlığa zərər vuramayan xəsarət oluğu üçün dərəcəsi təyin edilmir. Lənkəran şəhər Psixatriya xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli 100 və 105 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Məlikov X5 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyillər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 09:30-da 620589/25 saylı axtarış işi üzrə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhər ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilmiş və İstintaq Bölməsinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, müşahidə kamerasından götürülmüş hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 379 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi, ev 42-də valideynlərilə birlikdə yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Masallı rayon İHB-nın Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 350 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Məlikov X7 rayon Rüdəkənar kəndində yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. "xxxx" X3 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, İR-821 saylı arayışda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 həqiqətən xx.xx.2023-cü il tarixindən hal-hazıradək "xxxx" MMC-nin ünvan 2i ünvanında yerləşən OBA-LENKERAN 36 filialında Administrator vəzifəsində çalışır. Cinayət işi materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində qeyd etidkləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş maddi sübut kimi iş materiallarına əlavə edilən CD diskdə olan video görüntülərdən müəyən edilmişdir ki, görüntüdə ərzaq dükanın içərsində olan müşahidə kamerasının görünütləri ilə başlayır. Zərərçəkmiş şəxs ilə dükanın içərisində Təqsirləndirilən şəxs2 arasında sözlə mübahisə olur, Vüqar Tapdığa çölə çıxması üçün işarə edir. Sonrakı saniyələrdə dükanın çöl tərəfində olan görünütü davam edərək Zərərçəkmiş şəxs dükandan aralanan zaman həmin vaxt dükandan Tapdıq ilə Mirkənan çölə çıxırlar. X11 yaxınlaşan zaman Tapdıqla Vüqarın arasında dava-dalaş baş verir. X8, Vüqarla aralarında dava-dalaş baş verməsi müşahidə edilir. Diskə baxış zamanı Tadıq Məlikov həmin video fayllarda olan görüntülərdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 dalaşan zaman onun da Vüqarı arxadan vurmasını təsdiq edən görüntülər təqdim edildikdə Təqsirləndirilən şəxs2 həmin görüntülərdə olan şəxsin özü olduğunu təsdiq etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. CM-nin 127.2.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların həyat tərzinə, ailə vəziyyətlərinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq onlara qəti cəza təyin edilməlidr. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı Masallı rayonu, Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınsın. İş üzrə zərərçər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar