Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-139/2023 20.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, X3 Məhkəməsinin 08 iyul 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 243-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 628 saylı əfv fərmanına əsasən cəzadan azad olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,263 qram və 0,244 qram, ümumi təmiz çəkisi 0,872 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 26 noyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 10:40-da Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü udmaqla istifadə edir. 25 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində, Mikrorayon ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata üç bükümdə heroin almışdır. Heroini alıb cibinə qoymuşdur ki, istifadə edər. Ertəsi gün səhər saat 11 radələrində, yaşadığı evin yaxınlığında Z.Əliyeva küçəsi ilə piyada gedərkən yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaşmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirib Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində əynində olan şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı üç büküm heroini çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkarlanmış heroini haradan və nə məqsədlə əldə etməyi barədə onunla sorğu-sual etmişlər, o, da aşkarlanmış heroini Lənkəran şəhəri Mikrorayon ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Tutduğu əməlindən peşmandır. Göstərilənlərə əsasən ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 26 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində üç büküm narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən üç ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir. Özünə məxsusdur, özü qəbul etmək üçün saxlanılan gündən bir gün qabaq Lənkəran şəhəri 2-ci mikrorayon ərazisində üzdən tanımadığı şəxsdən ümumilikdə 10 manat verməklə alıb üzərində saxlamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 03 bükümdə, 0,95qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş üç bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümü saxlanılan gündən bir gün qabaq, Lənkəran şəhər 2-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 27 noyabr 2022-ci il tarixli, 19/1214 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,365qr: -0,263qr: -0,244qram ümumi təmiz çəkisi: -0,872qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 28 noyabr 2022-ci il tarixli, 1235 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Qazax Qarnizon Hərbi məhkəməsinin hökmü ilə AR CM-nin 243-cü maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 628 saylı əfv fərmanına əsasən cəzadan azad olunmuşdur. Qeyd edilən səbəblərdən də X1 məhkumluğu olmayan şəxs hesab edilir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə saat 11:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə saat 10:00-da saxlandığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 5(049)-468/2022 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 26 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf etməsini və tutduğu əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il – 28 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» növündə qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,722 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il – 28 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,722 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-139/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-139/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver