Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-14/2023 30.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 10:05 xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,204 qram və 0,251 qram; ümumi təmiz çəkisi 0,455 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 13 aprel 2022-ci il tarixdə, saat 21:15-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Gərmətük qəsəbəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2 ildən çoxdur ki, “kakos” adlanan maddə, yəni narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitə aldığı şəxsləri üzdən tanımış, lakin adlarını və yaşadığı ünvanları bilmir. Adətən narkotik vasitəni Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidən almışdır. 13 aprel 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb, kənddən keçən avtobusa əyləşib, Lənkəran şəhərinə gəlmişdir. Lənkəran bazarından “böyük bazar” adlanan əraziyə doğru hərəkət etməyə başlamışdır. Bu zaman həmin əraziyə çatdıqda, əvvəllər də heroin aldığı şəxsi küçədə görüb onunla salamlaşmış və ondan təxminən yarım qram kakos, yəni narkotik vasitə heroin istəmiş, həmin şəxs isə üzərindən iki büküm çıxararaq bükümlərdə təxminən yarım qram heroin olduğunu bildirib, ona 20 manata satacağını bildirmişdir. O da cibindən 20 manat pulu çıxarıb verərək iki büküm heroini almışdır. Sonra piyada Lənkəran bazarında yerləşən avtovağzala gəlib, orada kəndə gedən marşrut avtobusu ilə qəsəbəyə gəlmişdir. Saat 21 radələrində aldığı heroindən qəbul etmək üçün küçəyə çıxmışdır. Piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Həmin vaxt, o, polis əməkdaşlarına tabe olmuş və onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələrim izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol tərtib edilmiş, o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər-rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran rayonu Velədi kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 13 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Gərmətük qəsəbəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini bildirmişlər və onu Lənkəran şəhər-rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşaraq Lənkəran ŞRPŞ-yə gəlmişdir. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Götürülmüş 02 ədəd şəffaf rəngli selofana bükülmüş bükümlərə baxıldıqda hər bir bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və iki büküm heroinə bəznər kütlələrin çəkisi 0,53 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan narkotik vasitə heroini saxlanılan gün Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində əldə edib üzərində saxlaması, gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. 13 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 21:15-da Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Gərmətük qəsəbəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümdə narkotik vasitə heroin bükümdə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 2 ədəd heroin bükümlərinin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bilirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/453 nömrəli, 14 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,204 qr; 0,251 qr: ümumi təmiz çəkisi təmiz çəkisi -0,455 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli, 448 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan madələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə saat 17:00-da həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Maddi sübut hesab edilməsi haqqında 15 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə təmiz çəkisi -0,455 qram (qalıq – 0,355 qram) olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,355 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. 01 iyun 2022-ci tarixli, 450 nömrəli arayışdan görünür ki, Məmmədli X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədli X1 rayonu, Velədi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-298/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-96/2-9562/2023 saylı məktubu və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da tutularaq Lənkəran ŞRŞP-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək, 27 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 06 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 12 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 2 bükümdə 0,355 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək, 27 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 06 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 12 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 07 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan iki ədəd bükümdə 0,355 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-14/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-14/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver