Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-140/2023 09.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-ci ildə Lənkəran şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə, Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,318qram, 0,365qram və 0,392qram, ümumi təmiz çəkisi-1,075qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 16 noyabr 2022-ci il tarixdə, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı həmin gün, saat 15:55-də Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. narkotik vasitə heroindən yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bədənində ağrılar olduğuna görə narkotik vasitə istifadə edir və demək olar ki, hər gün narkotik vasitə istifadə edir. 14 noyabr 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran şəhəri Böyük bazar ərazisində olarkən orada üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən bir neçə bükümdə heroin almışdır. Heroinin bir qismini istifaə etmiş, bir qismini isə bədənində ağrılar olan zaman istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri Mirsalayev küçəsində piyada gedərkən yanında avtomobil saxlamış, avtomobildən bir neçə mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində şəxsi axtarış zamanı əynində olan gödəkcənin cibində saxladığı elektron tərəzini, “rothmans” siqaret qutusunun içərisində saxladığı 3 bükümdə heroini polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümlərin ona məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, bükümlərin heroin olduğunu, həmin bükümləri saxlanılan gündən iki gün qabaq Böyük bazar ərazisində tanımadığı şəxsdən aldığını, bir qismini istifadə etdiyini, bir qismini isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş elektron tərəzini narkotik vasitə alanda onu çəkidə aldatmamaları üçün üzərində saxlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 noyabr 2022-ci il tarixdə Lənkəran şəhəri S.Vurğun küçəsi ev 78-də qeydiyyatda olmaqla yaşayan 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etmə, üzərində saxlama, daşıma və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 15 radələrində Bədəlov X3 şəhəri Mirsalayev küçəsində müşahidəyə götürülərək saxlanılmış, saxlama səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də onun üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi, bir ədəd siqret qutusu, şalvarının sağ yan cibindən bir ədəd “itel” markalı mobil telefon və qol saatı, şalvarın sol yan cibindən isə bir ədəd plastik kartı çıxarıb təqdim edərək siqaret qutusunun içərisində 3 ədəd bükümdə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr heroindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri 2 gün qabaq Lənkəran şəhəri “böyük bazar” ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 120 manata almış, bir qismini istifadə etmiş, qalan hissəsini şəxsi istifadəsi üçün üzərində saxlamışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, elektron tərəzidən narkotik vasitə alarkən qədərini bilmək, çəkidə aldatmamaları üçün, həmçinin qızıl və ya gümüş alarkən çəkisini ölçmək üçün üzərində saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Məstiyev X1 Faiq Salman oğlu ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 16:25-də şübhəli şəxs qismində tutulmuşdur. 16 noyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan video görüntüdən görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Mirsalayev küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcənin sol yan cibindən bir ədəd üzərində “”rothmans” spzləri yazılmış siqaret qutusunun içərisində saxladığı 03 ədəd bükümdə 1,09 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 03 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümləri saxlanılan gündən iki gün qabaq Lənkəran şəhərində tanımadığı şəxsdən 120 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 noyabr 2022-ci il tarixli 19/1176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üərindən aşkar edilmiş 3 büküm heroinə bənzər kütlə və elektron tərəzi....” sözlər və imzalar olan zərfdəki, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,318 qr: -0,365 qr: -0,392 qr: ümumi təmiz çəkisi: 1,075 qram olan tiryəkdən kustar üsulla hazırlanmış heroindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 1 ədəd elektron tərəzinin üzərində narkotik və ya psixotrop maddə izləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 1185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi Narkoloji xəstəxanasında 2011-ci ildən”opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 52-1.5 maddəsinə əsasən 01 ay 22 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu yoxdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(049)-361/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 5(049)-432/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru X2 16 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 19 noyabr 2022-ci il tarixli, 952 saylı arayışdan görünür ki, Bədəlov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 09 yanvar 2022-ci il tarixli qərardan görünür ki, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,318qram, 0,365qram və 0,392qram, ümumi təmiz çəkisi-1,075 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və şəxsi axtarışın görüntüləri olan DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,925 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bədəlov X3 rayonu Havzava kəndində anası, bacısı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,318qram, 0,365qram və 0,392qram, ümumi təmiz çəkisi-1,075qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşıması özünün qismən etirafedici ifadəsi (aşkar edilmiş narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olması barədə), həmçinin şahidlər X4, Şahid2 və Şahid3 təsdiqedici ifadələri, məhkəməkimyəvi ekspertiza rəyləri, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Şükürov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,925 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,925 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-140/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-140/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver