Məhkəmə qərarları › İş №1(049)-143/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-143/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-143/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndində əsasən cəzası 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-cü maddələri ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, 21 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün əldə etdiyi tərkibindəki diazepam psixotrop maddəsinin miqdarı 0,01 qram olub şəxsi istehlak miqdarı təşkil edən üzərində “Sibazon 5mq/ml” yazısı olan 1 ampulu və Lənkəran Şəhər Narkoloji Xəstəxanasından verilmiş resept əsasında əldə etdiyi tərkibindəki tramadol güclü təsiredici maddəsinin miqdarı 0,1 qram təşkil edən üzərində “Tramadol 100mq/2ml” yazısı olan 1 ampulu əl çantasına, həmçinin tərkibindəki tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 1,9 qram təşkil edən 38 kapsulu əynindəki paltonun cibinə qoyaraq 21 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Gəncə X8ndan PC 327 saylı Gəncə-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedərkən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, bu barədə məlumat alan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinin əməkdaşları tərəfindən onun üzərinə və çantasına yoxlama aparırkən əynində olan paltonun sağ yan cibindən tərkibindəki tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 1,9 qram təşkil edən 38 kapsul və müşayiət etdiyi əl çantasından isə tərkibindəki diazepam psixotrop maddəsinin miqdarı 0,01 qram təşkil edən üzərində “Sibazon 5mq/ml” yazısı olan 1 ampul və tərkibindəki tramadol güclü təsiredici maddəsinin miqdarı 0,1 qram təşkil edən üzərində “Tramadol 100mq/2ml” yazısı olan 1 ampul aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 23 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonunda istintaqla müəyyən edilməyən mənbədən 03 (üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,209 qram, -0,131 qram, -0,176 qram, ümumi təmiz çəkisi -0,516 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən 23 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq Liman polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs işin məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatdadır. 18 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhər Narkoloji Xəstəxanasına müalicə olunmaq üçün müraciət etmiş və ona müalicə məqsədi ilə həkim tərəfindən “Tramadol” həblərindən istifadə üçün resept yazılmışdır. Həmin dərmanı almaq üçün Lənkəran şəhərinin “Böyük Bazar” adlanan hissəsində yerləşən “Loğman” aptekə getmiş və oradan ona resept əsasında yazılan 2 qutu “Tramadol” dərman preparatını almışdır. Reseptin əsli aptek işçisi tərəfindən götürülmüş və surətini ona vermişlər. Türkiyənin İstanbul şəhərində yaşayan Şəhriyar adlı dostuyla mobil telefonla danışan zaman ona İstanbula gəlib orada işləmək istədiyini bildirmişdir. O, İstanbulda kafedə ofisiant işləyir və ona da həmin kafedə ofisiant işləyə biləcəyini demişdir. Gəncədən İstanbula bilet qiymətlərinin ucuz olması səbəbi ilə Lənkəran şəhərində Böyük bazar ərazisində yerləşən aviakassaya gedərək Gəncə-İstanbul aviareysinə bilet almışdır. Evdə olarkən aptekdən aldığı “Tramadol” həblərindən 2 ədədini istifadə etmişdir. Bundan əlavə evdə özünə məxsus 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatı olmuşdur. 38 ədəd ağ-göy rəngli “Tramadol” kapsullarını əyninə geyindiyi paltonun cibinə, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatlarını isə əl çantasına yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə taksi ilə Gəncə şəhərinə getmiş və günortadan sonra X11 ərazisinə çatmışdır. Hava Limanına daxil olarkən 38 ədəd ağ-göy rəngli “Tramadol” kapsulları əyninə geyindiyi paltonun cibində, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatları isə əl çantasında olmuşdur. Hava Limanında gömrük postunda yerləşən rengen qurgusunda yaxınlaşdıqda əynində olan paltonu çıxararaq, əl çantası ilə birlikdə rentgen qurğusunun üzərinə qoymuşdur. Rentgen qurğusunun arxasında əyləşən əməkdaşa söz demək imkanı olmamışdır. Rentgen qurğusunun altından keçən zaman gömrük əməkdaşı dərhal ondan üzərində hər-hansı bəyan ediləsi əşyanın olub-olmadığını soruşmuş, o, da dərhal həmin gömrük əməkdaşına bildirmişdir ki, üzərində 38 ədəd “Tramadol” kapsulları, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatları vardır, narkoloji dispanserdə qeydiyyatdadır və “Tramadol” kapsulları ona həkim resepti əsasında yazılmışdır. Həmin 38 ədəd “Tramadol” kapsullarını paltosunun cibindən, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatlarını isə əl çantasından dərhal çıxararaq gömrük əməkdaşına təqdim etmişdir. Həmin anda həmçinin üzərində olan “Tramadol” dərman preparatlarına dair həkim tərəfindən yazılmış reseptin əslini də həmin vaxt gömrük əməkdaşına təqdim etmişdir. Orada olan Elşən adlı gömrük əməkdaşı pasportunu alaraq baxdıqdan sonra əvvəllər niyə İran İslam Respublikasına getdiyini soruşduqda müalicəyə getdiyini ona bildirmişdir. O, ilk dəfə idi ki, hava limanı vasitəsilə xarici ölkəyə getməyi planlaşdırmışdı. Hava Limanına daxil olduğu andan qeyd etdiyi rentgen aparatına gedənədək orada heç bir gömrük postu və gömrük əməkdaşı olmamışdır. Həmin rentgen aparatına yaxınlaşanadək ona üzərində bəyan edilməli olduğu əşyaların olub-olmaması barədə heç kəs tərəfindən soruşulmamışdır, heç bir bəyannamə blankı ona təqdim edilməmiş və bu barədə xəbərdaredici lövhəyə rast gəlməmişdir. Rentgen aparatına yaxınlaşarkən isə gömrük əməkdaşları həmin aparatın digər tərəfində dayanmışlar. Sanki qəsdən onu yaxalamaq üçün məqsədli olaraq rentgen aparatından əvvəl deyil, sonra dayanmışlar. Həmin dərman aparatlarını gizlətmək və onları bəyan etməmək niyyəti olmamışdır. Eyni zamanda o, dövlət sərhəddinin qeydiyyatından keçməmişdir. Bundan sonra gömrük əməkdaşları onu hava limanında olan otaqlardan birinə aparmışlar və videoçəkiliş apararaq ona üzərində ola əşyaları yenidən təqdim etməsini bildirmişlər. O, da yenidən 38 ədəd “Tramadol” kapsullarını paltosunun cibindən, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatlarını isə əl çantasından çıxararaq gömrük əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt “Tramadol” kapsullarına dair həkim tərəfindən yazılmış resepti də yenidən gömrük əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, 23 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Liman şəhəri, M.Ə.Sabir küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək Liman polis bölməsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki şalvarın cibindən sellofana bükülmüş üç bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Cibindən çıxarıb polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə ona məxsus olmamışdır. Polis şöbəsində olarkən həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilərək özünə məxsus olmasını boynuna almaq üçün ona təqyiqlər göstərilmişdir və o, da məcburiyyət qarşısında videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Ona ittiham elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə bəraət verilməsini məhkəmədən xahiş etdi. Videokonfrans əlaqə sistemi vasitəsilə keçirilən 29 mart 2023-cü il tarixli məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə X8 gömrük postunun baş inspektoru vəzifəsində işləyir. 21 oktyabr 2022-ci il tarixində X9 Limanda xidmətdə olarkən Gəncə- İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük postunda yerləşən rentgen aparatından keçən zaman rengen aparatının operatoru tərəfindən ona, yəni Şahid5 bildirilmişdir ki, sərnişinin üzərində dərmana bənzər əşyalar vardır. Sərnişin Təqsirləndirilən şəxs rentgen aparatının altından çıxan zaman ona yaxınlaşaraq üzərində hər-hansı bəyan ediləsi əşyanın olub-olmadığını ondan soruşmuşdur. Təqsirləndirilən şəxs həmin anda ona bildirmişdir ki, əynində olan paltosunun cibində və əl çantasının içində dərman preparatları vardır, “Tramadol” dərman preparatını ona həkim yazmışdır və həmin dərmana dair həkim tərəfindən yazılmış həkim reseptini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs rentgen aparatından keçərkən əl çantasını və əynindəki paltonu çıxararaq aparatın lentinin üzərinə qoymuşdur. Özü rentgen aparatından keçdikdən və əşyaları lentdən çıxdıqdan sonra paltosunu əyninə geyinərkən o, Təqsirləndirilən şəxs yaxınlaşaraq sorğu-sual etmişdir. O, yəni Şahid5 həmin vaxt rentgen aparatından təxminən ən uzağı 2 metr aralıda dayanmış və Təqsirləndirilən şəxs rentgen aparatından keçdikdən ən geci 6 – 8 saniyədən sonra ona yaxınlaşaraq, üzərində hər-hansı bəyan ediləsi əşyanın olub-olmadığı barədə sual vermişdir. Təqsirləndirilən şəxs ondan bu barədə soruşulan zaman üzərində olan dərman preparatları barədə məlumatı dərhal təqdim etdiyindən, onun bu hərəkəti şifahi bəyanetmə hesab edilir və Təqsirləndirilən şəxs hərəkətlərində həmin dərman preparatlarını gizlətmə məqsədini müşahidə etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hava limanının ərazisində yerləşən bir otağa apararaq viseoçəkilişlə üzərində olan əşyalara baxış keçirmişlər. Eyni zamanda rentgen aparatından keçərkən aralarında qurğu yerləşdiyindən Təqsirləndirilən şəxs həmin aparatın operatoru ilə danışmaq imkanı olmamışdır. Həmçinin hava limanı ərazisində rentgen aparatına yaxınlaşanadək heç bir əməkdaş sərnişindən üzərində bəyan ediləsi əşyanın olub-olmadığını soruşmur və hava limanının ərazisində bu barədə elektron bəyanetmə üçün aparat quraşdırılmışdır (videogörüntüdə: 0 saat 34 dəqiqə 00 saniyə - 0 saat 36 dəqiqə 20 saniyə). 29 mart 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinin instruktor-kinoloqu vəzifəsində çalışır. 21 oktyabr 2022-ci il tarixində xidmətdə olarkən işlədiyi şöbəyə Gəncə-İstanbul aviareysi ilə gedən şəxsin üzərində narkotik vasitə daşıması ilə əlaqədar məlumat daxil olmuşdur. Həmin gün Gəncə X8nda Gəncə-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən onun üzərində gömrük sərhəddini keçərkən bəyan edilməmiş paltosunun cinibindən 38 ədəd “Tramadol” kapsulları, əl çantasının içərisində isə 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs rentgen aparatından keçərkən ondan sorğu-sualı o, özü deyil, Şahid5 adlı gömrük əməkdaşı aparmışdır. O, özü həmin sorğu-sualda iştirak etməmişdir və yalnız videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iştirak etmişdir və videoçəkilişi aparmışdır. 29 mart 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Standartlaşdırma və Texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində çalışır. 21 oktyabr 2023-cü il tarixdə Gəncə X8nda xidmətdə olarkən gömrük zonasında yerləşən rentgen aparatının operatoru kimi fəaliyyət göstərmişdir. Həmin aparatın monitorunda Gəncə-İstanbul aviareysi ilə gedən sərnişin Təqsirləndirilən şəxs əşyalarının içərisində dərman preparatlarının olduğunu müəyyən etmiş və bu barədə dərhal xidmətdə olan gömrük baş inspektoru Şahid5 məlumat vermişdir. Həmin vaxt onun xidmət göstərdiyi yer ilə Şahid5 dayandığı yer arasında bir addımlıq məsafə olmuşdur. Bundan sonra Şahid5 tərəfindən sorğu-sual zamanı Təqsirləndirilən şəxs ona dərhal cavab verərək üzərində dərman olduğunu ona bildirmiş və resepti təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs rentgen aparatından keçərkən aralarında monitor olduğundan onların danışmaq imkanı olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Liman şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, onunla birlikdə polis nəfərləri Şahid2 və Şahid3 tədbirin keçirilməsində iştirak edirmişlər. 23 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Liman şəhəri, M.Ə.Sabir küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən üç ədəd sellofana bükülmüş kütlə təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır, şəxsi istifadə üçün üzərində saxlamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə baxışı zamanı baxış keçirilməklə tədqiq olunan maddi sübut kimi tanınmış DVD diskdə olan gömrük yoxlaması aparılan zaman qeydə alınmış videogörüntüdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə saat Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə X8 gömrük postunun baş inspektoru Şahid5 tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə X8 gömrük postunun şəxsi yoxlama otağında gömrük yoxlaması başlanmazdan əvvəl Təqsirləndirilən şəxs müşaiyət etdiyi əl çantasında olan əşyaları gömrük nəzarətinə təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs qara rəgli əl çantasının içərisindən və paltosunun cbindən üzərində “Tramadol 100mq/ml” sözləri yazılmış dərman kapsulları, 1 ampula “Tramadol 100mq/ml” və 1 ampula “Sibazon 5mq/2ml” yazıları olan dərman preparatlarını təqdim edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 22 oktyabr 2022-ci il tarixli, 6/6138 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Hava Nəqliyyatında BG İdarəsi..AR vətəndaşı Təqsirləndirilən şəxs barəsində...” yazılar olan kağız paketdəki 38 ədəd ağ/göy rəngli dərman kapsullarının tərkibində ümumilikdə 1,9 qram (1 kapsulda 0,05qr.) tramadol təsiredici maddəsi, üzərində “Tpamadol 100mq/2ml” olan 1 ədəd şüşə ampuladakı maye preparatın tərkibində 0,1 qram tramadol təsiredici maddəsi və üzərində “Sibazon 5mq/ml” markalanma yazıları olan 1 ədəd şüşə ampuladakı maye preparatın tərkibində 0,01 qram diazepam təsiredici maddəsi olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 110 manatdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmçinin məhkəmə baxışı zamanı baxış keçirilərək tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən DVD disk-dən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 03 ədəd narkotik vasitə olan heroinin çəkisi 0,70 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır, şəxsi istifadə üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 24 oktyabr 2022-ci il tarixli 19/1110 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,209 qram, 0,131 qram, 0,176 qram, ümumi təmiz çəkisi -0,516 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 24 oktyabr 2022-ci il tarixli 1097 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Kəlbiyev X4 Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı rəhbər tutularaq barəsində amnistiya tətbiq edilmiş və cəzası 06 ay azaldılmışdır. CM-nin 18 və 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 19:56-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 4(049)-335/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 4(049)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə uzadılmışdır. Sübutların qiymətləndirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi 0,516 qram olan narkotik vasitə heroin, 38 ədəd ağ/göy rəngli dərman kapsullarının tərkibində ümumilikdə 1,9 qram (1 kapsulda 0,05qr.) tramadol təsiredici maddəsi, üzərində “Tpamadol 100mq/2ml” olan 1 ədəd şüşə ampuladakı maye preparatın tərkibində 0,1 qram tramadol təsiredici maddəsi və üzərində “Sibazon 5mq/ml” markalanma yazıları olan 1 ədəd şüşə ampuladakı maye preparat və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X5 və X2 ilə birlikdə Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi 154/2 saylı evdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə isnad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır” Bu maddədə nəzərdə tutulan cinayət tərkibi anlayışı ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusu kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 206.2-ci maddəsinin cinayət tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilməmişdir. Belə ki, İşin faktiki hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə Gəncə-İstanbul aviareysi ilə getmək üçün X11 ərazisinə getmişdir. Həmin vaxt 38 ədəd ağ-göy rəngli “Tramadol” kapsulları əyninə geyindiyi paltonun cibində, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatları isə əl çantasında olmuşdur. Hava Limanına daxil olduqdan sonra gömrük postunda yerləşən rengen aparatına yaxınlaşaraq əynində olan paltonu çıxararaq əl çantası ilə birlikdə rentgen qurğusunun lentinin üzərinə qoymuşdur. Rentgen qurğusunun arxasında əyləşən əməkdaşa söz demək imkanı olmamışdır. Rentgen qurğusundan keçən zaman gömrük əməkdaşı Şahid5 dərhal ona yaxınlaşaraq, üzərində hər-hansı bəyan ediləsi əşyanın olubolmadığını soruşmuşdur. O, dərhal həmin gömrük əməkdaşına bildirmişdir ki, üzərində 38 ədəd “Tramadol” kapsulları, 1 ampula “Tramadol” və 1 ampula “Sibazon” dərman preparatları vardır. Həmin vaxt o, “Tramadol” kapsullarına dair həkim tərəfindən tərtib edilmiş resepti də gömrük əməkdaşına təqdim etmişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə X8 gömrük postunun şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə gömrük yoxlaması keçirilmiş və o, şifahi sorğu-sual zamanı gömrük əməkdaşına bildirdiyi üzərində “Tramadol 100mq/ml” sözləri yazılmış 38 ədəd dərman kapsulları, 1 ampula “Tramadol 100mq/ml” və 1 ampula “Sibazon 5mq/2ml” yazıları olan təsiredici maddələri əynində olan paltosunun və əl çantasının cibindən çıxararaq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 verdiyi ifadənin məzmunu da Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi hallara uyğun olmuşdur. Belə ki, Şahid5 da ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs rentgen aparatının altından çıxan zaman ona yaxınlaşaraq üzərində hər-hansı bəyan ediləsi əşyanın olub-olmadığını ondan soruşmuş, Təqsirləndirilən şəxs həmin anda ona bildirmişdir ki, əynində olan paltosunun cibində və əl çantasının içində dərman preparatları vardır və həmin “Tramadol”a dair həkim tərəfindən yazılmış həkim reseptini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hava limanının ərazisində yerləşən otağa apararaq videoçəkilişlə üzərində olan əşyalara baxış keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin məzmununda qeyd edilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1 maddəsinə əsasən, bəyanetmə dedikdə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür. Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən, bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən, bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, qanunvericilik Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar barəsində məlumatların gömrük orqanına şifahi formada bəyan edilməsini müəyyən etmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs gömrük ərazisinə daxil olarkən üzərində olan təsiredici maddələr barədə buna ilk imkanı yaranan kimi, yəni gömrük əməkdaşını gördükdə və həmin əməkdaş tərəfindən ondan bu barədə soruşulan kimi şifahi formada məlumat vermişdir. Bu hal məhkəmə tərəfindən təqsirləndirilən şəxsin üzərində olan təsiredici maddələr barədə gömrük orqanına şifahi formada bəyanetməsi kimi qiymətləndirilir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə hava limanı vasitəsilə xarici ölkəyə getdiyini, üzərində olan dərman preparatlarını əynindəki paltonun yan cibinə və əl çantasına qoymasını, paltosunu və əl çantasını rentgen qurğusunda olan lentin üzərinə qoyaraq gömrük yoxlamasına təqdim etməsini, dərman preparatlarına dair həkim reseptini üzərində saxlamasını, rentgen qurğusundan keçərkən gömrük əməkdaşının onu sorğusual edən zaman üzərində həmin dərman preparatlarının olduğunu dərhal bildirərək, bu barədə həkim reseptini gömrük əməkdaşına təqdim etməsini onun həmin dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə dair niyyətinin olmaması kimi qiymətləndirir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 10 saylı Qərarının 1-ci maddəsinə əsasən, qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Həmin qərarın 2-ci maddəsinə əsasən, sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. Həmin qərarın 10-cu maddəsinə əsasən, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin qərarın 12-ci maddəsində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin qərarın 17-ci maddəsinə əsasən, qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədildikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük nəzarəti başa çatdığı andan, malların və ya digər əşyaların gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisindən çıxarılması zamanı isə bu cinayətin predmetlərinin gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. İşin faktiki hallarından həmçinin müəyyən edilir ki, gömrük nəzarəti başa çatmamış Təqsirləndirilən şəxs üzərində olan dərman preparatları – təsiredici maddələri gömrük orqanına şifahi formada bəyan etmişdir. Beləliklə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən heç bir əsaslı sübut olmadan, təqsirləndirilən şəxsə CM-nin 206.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinəəsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinəəsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının vəX3 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinəəsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsiz və şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulun istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” işüzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən “ əməldə cinayət tərkibi olmadıqda” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də əməlində cinayət tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs barəsində onun Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində qeyd edilən müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində aparılan şəxsi axtarış ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığı, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilərək, özünə məxsus olması bildirməsi barədə ona təzyiqlər göstərilməsi barədə bildirdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2022ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,516 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 38 ədəd dərman kapsulları ümumi çəkisi 1,9 qram güclü təsiredici maddə - tramadol kapsulları, ümumi miqdarı 0,1 qram təşkil edən üzərində “Tramadol 100 mq/2ml” yazısı olan 1 ədəd şüşə ampuladakı maye preparatı və 1 ədəd şüşə ampuladakı ümumi çəkisi 0,01 qram təşkil edən “Sibazon” məhv edilməli və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2022-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,516 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 38 ədəd dərman kapsulları ümumi çəkisi 1,9 qram güclü təsiredici maddə - tramadol kapsulları, ümumi miqdarı 0,1 qram təşkil edən üzərində “Tramadol 100 mq/2ml” yazısı olan 1 ədəd şüşə ampuladakı maye preparatı və 1 ədəd şüşə ampuladakı ümumi çəkisi 0,01 qram təşkil edən “Sibazon” məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar