Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-145/2024 12.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X7, xüsusi ittihamçı: X2, təqsirləndirilən şəxs: X3 iştirakı ilə 18 iyun 1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran Rayon Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 xüsusi ittihamçı haqqında qəsdən təhqir dolu ifadələr işlədərək çıxışlar etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 148-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və mənəvi zərərə görə ondan 10.000 manat pulun tutulmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamı ilə X8 13 may 2021-ci il tarixdə ünvan 3 ünvanda sonuncun evində xüsusi ittihamçının qardaşı Şahid3 ilə birlikdə gedib görüşməklə ondan məhkəmə prosesi ilə bağlı olaraq məhkəmədə vəkil olaraq təmsil etməsi və hüquqlarının müdafiə etməsi barədə danışıq aparmışlar. Aparılmış danışıq əsasında Çingiz Babayev həmin iş üçün onu məhkəmədə təmsil etmək üçün 3000 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin vaxt xüsusi ittihamçının qardaşı Şahid3 Çingiz Babayevə 2000 manatı nağd sayıb vermiş, Çingiz Babayev isə yerdə qalan 1000 manatı isə 10 gün müddətində ona çatdırmayacağı təqdirdə məhkəmə proseslərində iştirak etməyəcəkdir. Razılaşmadan və xüsusi ittihamçının qardaşı X12 2000 manatı nağd verəndən sonra Çingiz Babayevlə birlikdə Lənkəran rayon vəkil bürosuna gəlib büronun rəhbəri Faiq Atakişiyevin yanında müqavilə bağlamış və həmin vaxt Çingiz Babayev ona hesab nömrəsi verərək 210 manat həmin bank hesabına ödəməli olduğunu demişdir və xüsusi ittihamçı 210 manat pulu MİLLİÖN ödəniş sistemi vasitəsilə həmin hesaba ödəyib ödəniş qəbzini Çingiz Babayevə vermişdir. Çingiz Babayevdən müqavilənin bir surətinin xüsusi ittihamçıya verilməsini istədikdə isə Çingiz Babayev müqavilənin surətini verməkdən imtina etmiş və qəbzlərin və müqavilənin yalnız onda qalmalı olduğunu bildirmişdir. 10 gün sonra Çingiz Babayev Bakı şəhərinə gəlib Bakıda xüsusi ittihamçının həyat yoldaşı X9 ilə birlikdə Çingiz Babayevlə görüşmüş və xüsusi ittihamçının yoldaşı Çingiz Babayevə 800 manat pulu vermişdir. Pulu alandan sonra Çingiz Babayev xüsusi ittihamçının əri Arifin əlini sıxaraq “kişi kimi sənə söz verirəm əgər məhkəməni uduzsam pulu tam sənə qaytararam” demiş və ayrılıb getmişdir. Çingiz Babayev birinci instansiya məhkəməsində xüsusi ittihamçının vəkili ola-ola etdiyi məhkəmə çıxışlarında və proseslə bağlı qarşı tərəfə verdiyi suallardan və ümumiyyətlə vəkil kimi davranışından hiss olunmuşdur ki, o dolayısı ilə xüsusi ittihamçını deyil qarşı tərəfi müdafiə edir. Həmin müddət ərzində də məhkəmə işi ilə əlaqədar olaraq Çingiz Babayevdən nəsə soruşanda və işin gedişatı ilə bağlı olaraq sual verdikdə isə kobud və qeyri əxlaqi sözlərdən istifadə etməklə onun işinə qarışmamağını tələb etmişdir. Onun vəkillik fəaliyyətindən narazı olduğunu ona bildirəndə isə o, ailə üzvlərinin yanında xüsusi ittihamçını təhqir etməyə başlamış, həmin vaxt ondan şikayət edəcəyini bildirəndə isə “mən vəkil adamam kim cürət edib mənim barəmdə olan şikayəti araşdıra bilər” deyib heç kimdən və heç nədən qorxmadığını demişdir. Çingiz Babayevlə telefonla əlaqə saxlamaq istədikdə o, telefon nömrəsi vasitəsi ilə deyil votsapp sosial şəbəkəsi vasitəsilə danışmışdır. Xüsusi ittihamçı barəsində çıxarılmış qətnamədən narazı olduğundan və məhkəmənin hakiminin qeyriobyektiv araşdırma aparması barədə məhkəmə hüquq şurasına şikayət etmək üçün getdiyindən Çingiz Babayevə zəng vurub məhkəmə qətnaməsinin nəticə (QƏT ETDİ) hissəsinin xüsusi ittihamçıya göndərilməsini xahiş etmiş və Çingiz Babayev həmin vaxt xüsusi ittihamçının barəsində “Ay tərbiyyəsiz..., Ay dələduz... Sən kimsən ki mən sənə nəsə göndərim, bundan başqa Çingiz Babayev həmin danışıq zamanı hazırki ərizəyə yaza bilmədiyi təhqiramiz ifadələr işlətmişdir. Xüsusi ittihamçının özünü və yaxın qohumlarını söyüb qurtarandan sonra vəfat etmiş atasını da təhqir edəndən sonra əlaqəni kəsmişdir. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə xüsusi ittihamçının qardaşı oğlu və əri evdə olmuş, Çingiz Babayevin bu təhqirlərini onlar da eşitmişlər, yoldaşı telefonu ondan alıb Çingiz Babayevə iradını bildirdikdə isə Çingiz Babayev onun da ünvanına nalayiq ifadələr işlətməklə onu da təhqir və təhdid etməyə başlamışdır. Bundan sonra xüsusi ittihamçı xx.xx.2022-ci il tarixdə Çingiz Babayevin barəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun qəbulunda olmuş və Çingiz Babayevin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayət əsasında onun barəsində tədbir görülməsi şikayətini Kollegiyanın İntizam Komissiyasına göndərmişdir. Bu barədə X11 tərəfindən məlumat daxil olandan sonra ünvan 4-də yaşayan xüsusi ittihamçının qardaşı Şahid3 evinə gedərək “Ağzımdan lazımsız sözlər çıxıb, İlhamə gəlsin ondan üzr istiyəcəm” Qardaşı Zamiq bu barədə xüsusi ittihamçıya bildirəndən sonra xüsusi ittihamçı Çingiz Babayevin səmimi olmadığını bildiyi üçün buna etiraz etmək istəsə də, lakin qardaşının sözü yerə düşməsin deyə xx.xx.2022-ci il tarixdə Lənkərana xüsusi ittihamçının qardaşıgilin evinə getmişdir. Həmin vaxt xüsusi ittihamçının qardaşı X20 zəng edərək onlarda olduğunu bildirəndən sonra Çingiz saat 19:00 radələrində Zamiqin evinə gəlmişdir. Çingiz Babayev evə girər-girməz xüsusi ittihamçını qardaşının ailəsinin və evdə olan qonaqların yanında nalayiq ifadələrlə təhqir etməyə başlamış, o, həmin vaxt ucadan danışdığı üçün qonşular və məhəllədəki sakinlər də onun sözlərinə şahid olmuşlar. Ona verdiyi pulu geri qaytarmasını tələb edəndə isə o bildirmişdir ki, “Sizin başınız xarabdı?, siz mənə pulu sənədlə vermisiz bəyəm mənə nəsə sübut edə bilərsiz. Get hara isdiyirsən, kimə isdiyirsən nə şikayət eələmək isdiyirsən get elə, heç kim mənə heç nə edə bilməz. Onun bu sözlərindən sonra xüsusi ittihamçının səhhəti pisləşdiyindən evdən çıxıb həyətə düşmüş və həyətdə olanda da xüsusi ittihamçının, ərinin və mərhum atasının ünvanına dilə gətirə bilmədiyi təhqirlər etməyə başlamışdır. Xüsusi ittihamçı bundan sonra onun barəsində müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. Daxili İşlər Nazirliyinə etdiyi şikayət araşdırılması üçün Lənkəran ŞRPŞ-yə göndərilmiş və orada çağırıb izahatını da almışlar. Sonra bildirmişlər ki, Çingiz Babayevi də çağırıb ondan izahat alacaqlar. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq polisdən səs soraq olmadığından Lənkəran ŞRPŞ-yə gedib araşdırmanın hansı mərhələdə olduğu ilə maraqlananda polis əməkdaşları bildirmişlər ki, Çingiz Babayev vəzifəli şəxs, yəni vəkil olduğundan onu çağırıb izahatını almamışlar, o çox şər adam olduğu üçün özlərinə problem yaratmaq istəməmişlər. Ona görə də onun barəsində xüsusi ittiham qaydasında şikayət etməyi məsləhət vermişlər. X8 vəkil olmasından istifadə edərək xüsusi ittihamçını aldatmaqla ondan aldığı 2800 manat pulu qaytarmamaqdan ötrü, bilərəkdən qabaqcadan düşünülmüş şüurlu surətdə qohum tanışları bir sözlə cəmiyyət arasında hörmətdən salmağa çalışmışdır. Bu o deməkdir ki, X3 əməllərində-hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələrinin tərkib hissəsi mövcuddur. Həmin maddəyə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma və ya təhqir etmə cinayət məsuliyyətinə səbəb olur. Çünki, təhqirlə bağlı əməllər üzrə şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi, məlumatların yayılması və yayılmış məlumatların yalan olması cinayət tərkibinin yaranmasının əsaslarıdır. Çingiz Babayev bir vətəndaş kimi mövcud qanunvericiliyin tələblərinə əsasən bilməlidir ki, yayılan məlumat əxlaqi prinsiplər, cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən ünvan 3 ünvanında yaşayan X8 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Çingiz Babayevin təhqiramiz məlumatları yayması xüsusi ittihamçıda əsəbi vəziyyət və sters yaratdığından ağır mənəvi sarsıntı keçirmişdir. Buna görə mənəvi zərəri də ödəməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X2 şikayətini müdafiə edib, xüsusi ittiham qaydasında şikyətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Çingiz Babayevlə aralarında yaranan mübahisə ilə əlaqadar qardaşı Zamiq ona bildirmişdir ki, Çingiz onlara gələrək ondan üzr istəyəcəkdir. O, özü-özlüyündə buna inanmasa da hər bir halda 13 may 2022-ci il tarixdə qardaşı Şahid3 məxsus Lənkəran şəhərində yerləşən evə gəlmişdir. Həmin gün anasının ad günü idi və evə qonaqlar yığışmışdı. O, qardaşının evində olarkən təxminən saat 19:00 radələrində Çingiz Babayev həmin evə gəlmişdir. Qapı açıq olduğundan Çingiz qapını açaraq həmin evin böyük otağına daxil olmuşdur. Çingiz Babayev otağa daxil olarkən onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Həmin otaqda onun qardaşı Şahid3, Çingiz Babayev və özü olmuşdur. Qardaşı Zamiqin həyat yoldaşı Rübabə Məmmədova da çay gətirmək məqsədilə hərdən həmin otağa daxil olurdu. Anası mətbəxdə idi, evdə olan digər şəxslər isə başqa otaqda idilər. Çingiz Babayev evə girən kimi onu “şərəfsiz” adlandıraraq, “Sizin başınız xarabdır. Məgər mənə pul vermisiniz ki, məndən pul istəyirsiniz?”, “X23 deyərlər, görün Sizin başınıza nə oyun açacağam” ifadələrini işlətmişdir. Bundan sonda mətbəxdə olan anasının səhhəti pisləşmişdir və qardaşı ona köməklik göstərməsi üçün onun yanına getmişdir. Qardaşı Zamiq digər otağa keçdikdən sonra o, daha nalayiq sözlərlə onu təhqir etmişdir ki, o, bu sözləri məhkəmə iclasında işlədə bilmir. Xüsusi ittihamçı məhkəmə iclaslndakı ifadəsinə əlavə yazılı qeyd verərək Çingiz Babayevin onu təhqir etdiyi söyüşləri göstərdi: “sənin də ərinin də var yoxunu s . . . m”, “Siz mənə heç nə edə bilməzsiniz”, “X23 deyərlər”. Çingiz Babayev bu sözləri onun ünvanına deyərkən həmin otaqda o, özü və Çingiz olmuşdur. Zamiqin həyat yoldaşı Rübabə Məmmədova da arada həmin otağa daxil olurdu. Çingiz Babayevin onu təhqir etməsi zamanı qardaşı Zamiqə məxsus olan evin həmin otağında başqa heç kəs olmamışdır. Onun özünün də səhhəti pisləsmişdir. Bundan sonra Çingiz Babayev həmin otaqdan çıxmışdır və qapıya doğru gedərkən dəhlizdə və küçədə də onun və həyat yoldaşının ünvanına nalayiq, təhqiredici ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X8 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, vəkillik fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə il əvvəl xüsusi ittihamçı X2 mülki işinin məhkəmədə aparılması ilə əlaqadar ona müraciət etmişdir. Bir neçə məhkəmədə və bir neçə məhkəmə instansiyalarında İlhamə Məmmədovanı təmsil etmiş və müsbət nəticələr əldə etmişlər. Ancaq bütün bu işlər nəticəsində İlhamə Məmmədovanın ona borcu qalmışdır. O, da öz növbəsində həmin borcu ödəməkdən yayınmaq məqsədilə ona qarşı hazırki xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, ümumiyyətlə 13 may 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən Şahid3 məxsus evə getməmişdir. Həmin gün ərzində saat 15:30 və saat 16:30-da başlanan və müdafiəçi qismində iştirak etdiyi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işlərinin məhkəmə baxışında iştirak etmişdir. İşin məhkəmə baxışında xüsusi ittihamçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, öz ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Çingiz Babayev onun xalası oğludur. Çingiz ondan xahiş etmişdi ki, İlhamə ilə onu görüşdürsün ki, danışıb münasibətlərini normallaşdırsınlar. O, da bu barədə bacısı İlhamə Məmmədovaya bildirmişdir və İlhamə də 13 may 2022-ci il tarixdə onun yaşadığı evə gəlmişdir. Həmin gün anasının da ad günü olmuşdur. 13 may 2022-ci il tarixdə o, evdə olarkən Çingiz Babayev də təxminən saat 19 radələrində onlara gəlmişdir. O, əvvəldən Çingizə söz vermişdi ki, evinin içində mübahisə olsa da ona qarşı heç bir hərəkət etməyəcəkdir. Çingiz evin böyük otağına daxil olmuşdur. Həmin otaqda İlhamə, o, özü və Çingiz olmuşlar. Çingiz otağa daxil olarkən İlhamə ilə əvvəlki məhkəmə mübahisələri ilə əlaqadar mübahisəyə başlamışlar. Bundan sonra qonşu otaqda anasının ürəyi getmişdir və o, dərhal ora getmişdir. Həyat yoldaşı Rübabə isə həmin otaqda qalmışdı. Anası özünə gəldikdən sonra o, böyük otağa qayıtmış və Çingizin orada olmadığını gördükdə həyətə çıxmışdır. Çingiz küçə qapısının qarşısında dayanıb siqaret çəkirdi. Ətrafda başqa şəxslər yox idi. Çingiz ona bildirmişdir ki, “Sənin bacının başı qoltuq altı görməyib”. O, da bu sözlərdən əsəbləşərək Çingizin ünvanına söyüşlər söymüşdür. Sonra Çingiz öz maşınına əyləşib oradan getmişdir. Çingiz onun yanında bacısı İlhamənin ünvanına “Sənin bacının başı qoltuq altı görməyib” ifadəsindən başqa təhqiredici ifadə işlətməmişdir. İşin məhkəmə baxışında xüsusi ittihamçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, İlhamə Məmmədovanın qardaşı Zamiqlə eyni binada qonşu mənzildə yaşayır. Zamiqlə onun mənzili arasında iki ədəd daha başqa mənzil vardır. Onun mənzili dəhlizin çıxışı hissəsində yerləşir. 13 may 2022-ci il tarixdə mənzilində olarkən qonşu mənzillərin birindən səs-küy gəldiyini eşitmişdir. Həmin səslərin kimə məxsus olduğu, kimin tərəfindən, kimə qarşı və hansı ifadələrin işlədilməsi ona aydın olmamışdır. Səslər çox qarışıq olmuş, həm də səs-küy gələn mənzil aralıda olduğundan səslər aydın olmamışdır. Həmin vaxt dəhlizə çıxmışdır. Dəhlizə çıxdıqda görmüşdür ki, X15 mənzilindən çıxaraq dəhlizdə çıxışa doğru gedir. Çingiz gedərkən bu ifadələri işlədirdi : “X22, görün Sizin başınıza nə oyun açaram.” Çingiz Babayev dəhlizdən çıxaraq küçəyə getmişdir. Həmin vaxt dəhlizdə Çingizdən başqa heç kəsi görməmişdir. Çingiz Babayevin başqa hər-hansı, kiminsə ünvanına təhqiredici ifadə işlətdiyini eşitməmişdir. İşin məhkəmə baxışında xüsusi ittihamçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, İlhamə Məmmədovanın qardaşı Şahid3 həyat yoldaşıdır. 13 may 2024-cü il tarixdə Çingiz Babayev onların evə gəlmişdir. Həmin gün qaynanasının ad günü idi. Çingiz onlara gələrkən qaynanası mətbəxdə oturmuşdu. Çingiz ilk olaraq mətbəxdə qaynanası ilə görüşmüş və sonradan İlhamənin olduğu böyük otağa keçmişdir. Qaynanasının halı pisləşdiyi üçün həyat yoldaşı Zamiq ona yardım göstərmək üçün mətbəxə keçmişdir. Bundan sonra o, çay aparmaq üçün Çingiz və İlhamənin olduqları otağa keçmişdir. Həmin vaxt onların arasında mübahisə olduğunun şahidi olmuşdur. Çingiz mübahisə zamanı İlhamənin ünvana bu ifadələri işlədirdi: “Sizin başınız xatabdır, Siz mənə pul vermisiniz ki, məndən pul istəyirsiniz ?, Allah Sizin bəlanızı versin, sən şizofreniyasan”. Qeyd etdiyi ifadələrdən başqa Çingiz İlhamənin ünvanına heç bir təhqiredici ifadə işlətməmişdir. Sonra Çingiz otaqdan çıxıb getmişdir və pəncərədən baxdıqda onun küçədə həyat yoldaşı Zamiqlə mübahisə etdiyini görmüşdür. Çingiz mübahisə zamanı Zamiqə bildirirdi ki, “Sənin bacının başı qoltuq altı görməyib”. Zamiq yerdən da parçası götürüb Çingizi oradan qovdu. Çingiz də maşınına oturub oradan uzaqlaşdı. Məhkəmə tərəfindən iş üzrə Şahid2 məxsus 050 409-95-13 və təqsirləndirilən şəxs Çingiz Babayevə məxsus 050 333-27-33 mobil nömrələrin anten dairəsi müəyyən edilmişdir. Belə ki, Azercell MMC tərəfindən təqdim edilmiş anten dairə siyahısından görünür ki, 13 may 2022-ci il tarixdə Şahid2 məxsus 050 409-95-13 mobil nömrə Lənkəran şəhərində, təqsirləndirilən şəxs Çingiz Babayevə məxsus 050 333-27-33 mobil nömrə Lənkəran şəhərində yerləşən antenlarının əhatə dairəsində olmuşlar. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X18 13 may 2022-ci il tarixdə Şahid3 məxsus olan ünvan 5 ünvanında yerləşən evə gəlmişdir. Həmin vaxt X8 ilə X2 ilə aralalarda mübahisənin olması halı da mövcud olmuşdur. Lakin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının və şahidlərin ifadəsinə, tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilməmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur və X8 tərəfindən cinayət əməlininin törədilməsi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli “03” nömrəli qərarının nəticə hissəsində qeyd edilir: Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə ilk olaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət araşdırılarkən müəyyən edilmişdir ki, 13 may 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən evdə X13 Məmmədova arasında qarşılaşma evin böyük otağında baş vermişdir. Onlar görüşdükdə aralarında mübahisə baş vermişdir. İlkin olaraq həmin otaqda, Çingiz Babayev, İlhamə Məmmədova və Rübabə Məmmədova olmuşdur. Anasının halı pisləşdiyindən Zamiq ona qulluq göstərmək üçün otaqdan çıxaraq mətbəxə keçmişdir. X14 otaqdan çıxıb dəhlizlə çıxışa doğru gedərkən müəyyən ifadələr işlətmişdir. Küçədə həyətin darvazasının qarşısında Şahid3la mübahisə etmişdir. Böyük otaqda olan şəxslər: Çingiz Babayev, İlhamə Məmmədova və Rübabə Məmmədova. Rübabə Məmmədovanın izahatında bildirdiyi Ç.Babayevin İ.Məmmədovaya dedikləri: “Sizin başınız xarabdır, Siz mənə pul vermisiniz ki, məndən pul istəyirsiniz ?, Allah Sizin bəlanızı versin, sən şizofreniyasan”. Bunlardan başqa heç bir təhqiredici ifadə eşitməmişdir. Dəhlizdə olan şəxslər: Çingiz Babayev və Şahid2. Şahid2 izahatında bildirdiyi Ç.Babayevin dedikləri: “X22, görün Sizin başınıza nə oyun açaram.” Bunlardan başqa heç bir təhqiredici ifadə eşitməmişdir. Küçədə olan şəxslər: Çingiz Babayev və Şahid3. Şahid3 izahatında bildirdiyi Ç.Babayevin dedikləri: «Sənin bacının boynu qoltuq altı görməyib”. Bunlardan başqa heç bir təhqiredici ifadə eşitməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin məzmununa əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmənin qiymətləndirməsinə görə Çingiz Babayevin ifadlərində xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar olmamışdır. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, iş üzrə təqsirləndirilən şəxs vəkillik fəaliyyəti ilə məşğul olan şəxsdir, xüsusi ittihamçı isə vəkil kimi Çingiz Babayevin müvəkkili olmuşdur və iş materiallarından müəyyən edilir ki, X21 Məmmədovanı müəyyən məhkəmə orqanlarında təmsil etmişdir. İşin digər hallarından müəyyən edilir ki, hazırki xüsusi ittiham qaydasında şikayətin əsası tərəflər arasında olan vəkil – müvəkkil münasibətindən yaranan mübahisədən yaranmışdır. İşin hallarından həmçinin görünür ki, Çingiz Babayevin ifadələrində qeyd edilənlər xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar olmamaqla yanaşı həmin ifadələr kütləvi çıxışlarda deyil, ya kənar təkcə bir nəfər şəxsin yanında və yaxud da təklikdə xüsusi ittihamçının özünə bildirilmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayətdə və xüsusi ittihamçının məhkəmə iclasında izahatında qeyd etdiyi bəzi xüsusatlat şahid ifaədlərində öz təsdiqini tapmamışdır. Eyni zamanda xüsusi ittihamçının şikayət ərizəsində qeyd etdiyi Çingiz Babayevin ona qarşı işlətdiyi “başın qoltuq altı görməyib” sözünə məhkəmə münasibət bildirərək qeyd edir ki, “qoltuqaltı” sözünün Azərbaycan dilinin orfoqrafik lüğətində izahı “ Qoltuq altına qoyulan kiçik yastıq” kimi qeyd edilmişdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq etmişdir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. CPM-nin 179.2-ci maddəsinin tələbinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə ərizə baxılmamış saxlanılır. Hazırkı iş üzrə xüsusi ittihamçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənəd iş materiallarına əlavə edilmədiyindən məhkəmə hesab edir ki, mənəvi zərərlə bağlı iddia baxılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Mənəvi zərərlə bağlı iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-145/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-145/2024
12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver