Məhkəmə qərarları › İş №1(049)-146/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-146/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-146/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binası Saat 11:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X4 MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş 02 il 10 ay 20 gün azadlıqdan məhrum etmə cəzası 02 il şərti sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, 16 dekabr 2020-ci il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəlində, Lənkəran şəhər sakini, Zərərçəkmiş şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təmir etdirməsi ilə bağlı müraciətindən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 2-ci mikrorayon, ev 24, mənzil 66 olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq özünü Zərərçəkmiş şəxs yaşayış və qeyriyaşayış sahələrinin təmir və dizayn edilməsi işləri ilə məşğul olan şəxs kimi təqdim edərək, sonuncu ilə, 11 iyul 2022-ci il tarixdə Lənkəran şəhərində görüşərkən, Zərərçəkmiş şəxs ondan eyni işləri görmək barədə xahişini qəbul edib, sonuncunun yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin təmir və dizayn etdirməyi öz üzərinə götürüb, Zərərçəkmiş şəxs ilə 16 iyul 2022-ci il tarixdə, Lənkəran şəhərində “podrat müqaviləsi” bağlayıb imzası və təsisçisi olduğu müəssisənin möhürü ilə təsdiq etməklə Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, “X4” MMC-nin təsisçisi kimi, öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, həmin işlərin ümumi olaraq 12.000 (on iki min) manat, ilkin ödəniş olaraq “sifarişçi” təmir işlərinin aparılması üçün “podratçıya” 2.400 (iki min dörd yüz) manat ödəniş etdikdən sonra, üç iş günü ərzində təmirə başlayaraq 40 iş günü ərzində evin təmirini tam yerinə yetirib təhvil verəcəyi barədə yalan vəd verməklə üzərinə götürdüyü həmin öhdəliyi tam şəkildə əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, vahid niyyətlə əhatə olunan qəsdlə podrat müqaviləsinin bağlandığı 16 iyul 2022-ci il tarixdə saat 11:41:46 dəqiqədə 1000 (bir min) manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 11:42:32 dəqiqədə 1000 (bir min) manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 11:43:13 dəqiqədə 400 (dörd yüz) manat məbləğində pul vəsaitini, ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Fədək” mağazasında qoyulmuş “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən adına olan “Xalq Banka” məxsus plastik kart hesabına göndərilməsini təmin etməklə, ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, 2022-ci ilin iyul ayında, Lənkəran şəhər sakini, Zərərçəkmiş şəxs yaşadığı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin balkonunun çardaq hissəsini təmir etdirmək istəyini bildirməsindən sonra, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə, Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə, təmir üçün əlavə materialların alınması üçün 600 manat pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək, 19 iyul 2022-ci il tarixdə saat 11:43:13 dəqiqədə həmin məbləğdə, yəni 600 (altı yüz) manat məbləğində pul vəsaitini Lənkəran şəhəri H.Nəsirli küçəsində yerləşən “Bazarstore” mağazasında qoyulmuş “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə, Zərərçəkmiş şəxs tərəfindən, adına olan “Xalq Banka” məxsus plastik kart hesabına göndərilməsini təmin etməklə, ümumilikdə 600 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə ələ keçirib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “X4” Məhdud Məhsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə işləmiş və MMC-nin rəhbərliyi altında 28 nəfər rəsmi işçisi olmuşdur. İnstagram sosial şəbəkəsində “uğur_group_insaat_mmc” adı ilə səhifə açmışdır. Həmin səhifə reklam işləri ilə məşğul olaraq gördükləri işlər barədə səhifəyə daxil olan şəxsləri məlumatlandırmışlar. Həmin səhifədə əlaqə nömrələrini və email ünvanlarını da, qeyd etmişlər ki, müraciət etmək istəyənlər onlara bu yollardan biri ilə müraciətlərini etsinlər. Zərərçəkmiş şəxs onların Lənkəran şəhərində yerləşən evlərinin təmir etmək üçün müraciətindən sonra tanımışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb ünvan 7 ünvanında yerləşən fərdi həyət evinin təmir işlərinin aparılması barədə istəyini bildirmişdir. Sahiblə danışıb bir neçə gün keçmiş Rövşən adlı usta ilə Lənkəran şəhərinə gəlmişdir. O, Sahiblə Lənkəran şəhərində görüşmüş və Sahibin qeyd etdiyi ünvanda yerləşən evinə getmişdir. Sahib evdə təmir olunacaq yerləri göstərmiş, oda, evin sxemini çəkib dizaynı hazırlamaqdan ötrü Bakıya qayıtmışdır. 16 iyul 2022-ci il tarixdə həmin vaxt onun işçisi olan Rəşad Məmmədov ilə birlikdə Lənkəran şəhərinə gəlib Sahibin işlədiyi yerdə onunla görüşmüşdür. Görüşüb onunla görəcəkləri işlə bağlı danışıb podrat müqaviləsinin bağlanılması barədə razılığa gəlmişlər. O, buna kimi ona digər sifarişçilərlə bağladıqları müqaviləni təqdim etmişdir. Onları görəndən sonra Sahibin özü ilə də, müqavilə bağlamışdır. Müqavilənin şərtləri uyğun müqavilənin ümumi dəyəri 12.000 manat olmuşdur. Sifarişçi təmir işlərinin aparılması üçün ilkin olaraq podratçıya 2400 manat pul ödəməli və tikinti təmir işləri sifarişçiyə təhvil verildiyi gün 2.400 manat əlavə ödəniş olmalı olmuşdur. Qalan 7200 manat pul təmir işləri təhvil verildiyi tarixdən 24 ay müddətində hər ay 300 manat ödəniş etməli olmuşdur. Onlar müqaviləni bağlayıb, imzaları ilə və MMC-nin möhürü ilə təsdiq edəndən sonra, müqavilədən üç nüsxədə tərtib etmişlər. Bir nüsxə Sahibdə, biri onda, digəri isə Xalq banka təqdim edilməli olmuşdur. Sonradan, onlar işi görmədiklərinə görə o, müqaviləni Xalq Banka təqdim etməmişdir. Müqavilə bağlandığı gün, yəni 16 iyul 2022-ci il tarixdə Sahib müqavilənin şərtlərinə əsasən, onun adına olan Xalq Bank hesabına 3 dəfəyə 1000 manat, 1000 manat, 400 manat ümumilikdə 2400 manat pul göndərmişdir. Bundan sonra, o, Bakı şəhərinə getmiş və ödənişdən sonra üç iş günü ərzində onlar təmir işlərinə başlamalı imişlər. Bu müddət ərzində Sahib ona zəng edərək evdə əlavə olaraq evin balkonun çardaq hissəsini də, təmir etdirmək istədiklərini bildirmişdir. O da, əgər belə bir iş olacaqsa əlavə materiallara görə 600 manat pul gönməsini və materialların alacağını bildirmişdir. 19 iyul 2022-ci il tarixdə Sahib onun həmin hesabına əlavə olaraq 600 manat da, göndərmişdir. Ümumilikdə Sahib ona 3.000 manat pul göndərmişdir. Lakin sonradan o, həmin pulu xərclədiyinə görə ödəmə imkanı olmadığına görə işi görməkdən boyun qaçırmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışaraq, ona olan borcunu tam şəkildə ödəmişdir. Həmçinin maddi ziyanın 25 faizi məbləğində pul vəsaitini də dövlət nəfinə ödəmişdir. Məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəlində ailəlikcə yaşadıqları ünvan 9 ünvanında yerləşən evlərinin təmirini inşaat şirkətlərinin birinə həvalə edilməsini qərarlaşdırmışlar. İnstagram sosial şəbəkəsində bir az axtarış edib “uğur_group_insaat_mmc” kimi adı qeyd edilmiş tikinti şirkəti ilə sosial şəbəkədə qoyulmuş nömrəsi ilə əlaqə saxlamış və onlara bu barədə bildirmişdir. Onlarla əlaqə saxlayandan sonra özünü şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxslə 11 iyul 2022-ci il tarixdə onun yaşadığı evə gəlmişdir. Onlar evin sxemini çəkib ümumi qiyməti müəyyənləşdirib iş təhvil veriləndə onlara 12.000 manat verəcəklərini demişlər. O, Abidə “siz işi təhvil verin mən pulu verərəm” demişdir. Abid bunun üçün müqavilə bağlamalı olduqlarını demiş və bəzi şərtlər olduğunu qeyd etmişlər. Ona başqa bir müştəri ilə aralarında bağladıqları müqaviləni göstərmişlər. 16 iyul 2022-ci il tarixdə Abid yenə başqa bir nəfər ilə gəlmişdir. O, Abidlə Lənkəran şəhərində işlədiyi “Brend Haus” mağazasında görüşmüşdür. Onlar aralarında müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən, o Abidə işə başlamaq üçün 2400 manat ödəməli olmuş, qalan 2400 manatı işi təhvil verəndən sonra ödəyəcəyini demişdir. Yerdə qalan 7.200 manat pulu da, hər ay 300 manat ödəməklə 24 ay ərzində ödəməli olmuşdur. Şərtlərlə razılaşıb müqaviləni tərtib etmişlər. Hər ikisi imzalamış və Abid müqaviləni möhürləmişdir. 3 nüsxə müqavildən tərtib edilmişdir. Biri özündə, biri Abiddə, biri də, guya Xalqa Banka təhvil verilməli olmuşdur. Həmin günü o, 3 dəfəyə MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs öz adına olan Xalq bank tərəfindən verilmiş plastik karta 1000, 1000 və 400 manat olmaqla ümumilikdə 2400 manat pul göndərmişdir. Pulu ödədikdən sonra, onlar işə üç gün ərzində başlamalı, 40 gün ərzində də, bitirməli imişlər. Bundan 3 gün sonra, Abid ona zəng edib əlavə olaraq material alıb və ona görə 600 manat lazım olduğunu bildirdikdə 19 iyul 2022-ci il tarixdə yenə MilliÖn vasitəsilə ona 600 manat göndərmişdir. Həmin gündən sonra, o, Abidlə bir neçə dəfə əlaqə saxlayıb işə nə vaxt başlayacaqlarını, niyə başlamadıqlarını soruşmuşdur. O da, hər dəfə ona müxtəlif bəhanələr gətirərək malların gecikdiyini, işin alınmadığını demişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun oğludur. Onlar yaşadığları fərdi yaşayış evini təmir etdirmək qərarına gəlmişlər və həmin ərəfədə oğlu Təqsirləndirilən şəxs ilə əlaqəyə keçmişdir və 11 iyul 2022-ci il tarixdə Abid ilk dəfə onların Lənkəran şəhəri, X3 küçəsində yerləşən evlərinə gəlmişdir. Abid evə baxıb, sxem çəkib, hansı otaqları təmir edəcəyini soruşmuşdur. Oğlu Abidlə evin təmiri barədə müqaviləni işlədiyi yerdə bağlamışdır. Oğlu tərəfindən Abidə 3.000 manat məbləğində pul ödənilmişdir, Abid isə evlərində heç bir təmir işi görməmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, işin məhkəmə baxışı zamanı və ibtidai araşdırma dövründə verdiyi izahat və ifadələr, həmçinin zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş MilliÖn elektron ödəmə sistemi ilə edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:41:46 dəqiqədə, Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Fədək” marketdə qoyulmuş 51217 saylı terminaldan Təqsirləndirilən şəxs adına 1.000 manat, həmin tarixdə saat 11:42:32 dəqiqədə 1.000 manat, həmin tarixdə 11:43:13 dəqiqədə 400 manat, 19 iyul 2022-ci il tarixdə, saat 16:59:00 dəqiqədə Lənkəran şəhəri H.Nəsirli küçəsində yerləşən Bazarstore mağazasında qoyulmuş 51121 saylı terminaldan 600 manat pul vəsaiti göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin elektron xidmətlərindən edilmiş çıxarışdan görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı AZ111, ünvan 10izamanamə kapitalı 10.00 manat, dövlət qeydiyyatına alındığı tarix xx.xx.2021-ci il, VÖEN **********, təşkilati hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, qanuni təmsilçisi- Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş 16 iyul 2022-ci il tarixli 19/XM/2022 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin dəyəri (material və işçilik daxil) 12.000 manat təşkil edir. İlkin ödəniş olaraq sifarişçi təmir işlərinin aparılması üçün podratçıya ilkin ödəniş olaraq 2.400 manat ödəniş etməlidir. Təmir işləri sifarişçiyə təhvil verildiyi gün 2.400 manat daha ödəniş edilməlidir. Pulun qalan hissəsi - 7.200 manat təmir işləri təhvil verildiyi tarixdən 24 ay müddətində hər ay 300 manat məbləğində ödənilməlidir. Müqavilədən görünür ki, müqavilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və MMC-nin möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Əsədov X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, 02 il 10 ay 20 gün azadlıqdan məhrum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş və cəza müddəti 16 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və Lənkəran şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədə (reyestr № 8i- 2512) qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ona olan borcu tam ödənilmişdir, ona qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Lənkəran rayon filialı vasitəsi ilə X1 AZ11CTRE******************** nömrəli hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 24 dekabr 2022-ci il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 4(049)-407/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 24 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar