Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-147/2023 16.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçin və zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1965-ci il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 26 fevral 2021-ci il tarixdə, saat 08 radələrində “ABCD” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi «İveco Otoyol M 24.9 avtobus» markalı, vaqon 22+1 yerli tipli, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayon İstisu qəsəbəsinin M.V.Vidadi küçəsi ərazisindən qəsəbə istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Mercedes-Benz markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermək məqsədi ilə idarə etdiyi avtomobilli geriyə doğru 20-30 km/saat sürətlə hərəkət etdirdiyi zaman yolun sağında olan piyada X8 görüb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbini pozaraq bu manveri təhlükəsiz və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı şəraitdə, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunu etmədən ehtiyatsızlıqdan avtomobilin arxa sağ hissəsi ilə piyadanı vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin toxumasına və mədəciklərinə qansızma, sağ gicgah nahiyyəsinin yumşaq toxumaları altına yayılmış qansızma, sağ almacıq sümüyünün basılmış sınığı, sağ ll-Vİİİ qabırğaların sınıqları, sağ ağciyər, sağ plevranın zədələnməsi, sağ plevra boşluğuna qansızma (850 ml), sağ almacıq-gicgah nahiyyəsində əzilmişcırılmış yara, gövdənin sağ ön-tış səthində yayılmış qansızma, sağ bazu nahiyyəsində qançır, sağ said, sağ dirsək nahiyyələrində sıyrıqlardan ibarət xəsarətlər alıb başın və döş qəfəsinin küt travması ilə əlaqədar kəllə və döş qəfəsi sümüklərinin sınıqları, baş beyinə qansızma, sağ ağciyərin zədələnməsi, sağ plevra boşluğuna qansızma (850 ml) xəsarətləri nəticəsində hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, hər gün Lənkəran şəhəri Qalayçılar ərazisində yerləşən Sərnişindaşıma АТС-dən yol vərəqəsi alıb, həmin vərəqə əsasında, Lənkəran rayonu, Havzava kəndindən adamları idarə etdiyi həmin avtobousa mindirib Lənkəran şəhəri Mərkəzi bazarına gətirib özünə gündəlik çörək pulu qazanır. Hər gün səhər saat 08:30-da işə başlamış, 18:00-dək işləmişdir. 26 fevral 2021-ci il tarixdə, səhər saat 07:30-da yaşadığı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən evindən idarə etdiyi avtobusla Molla Vəli küçəsinə çıxmışdır. Həmin vaxt M.Vəli küçəsində onunla qarşıqarşıya bır qara rəngli Mersedes markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil gəlmişdir. Eyni zamanda hərəkətdə olduğu yolun sağ tərəfində qonşusu X10 onun hərəkətdə olduğu yolda əks istiqamətdə piyada getmişdir. Xatun Heydərovanın əlində termus olmuşdur. Xatun Heydərova avtomobilinin sağ yan tərəfi ilə avtomobilin arxa tərəfinə keçmişdir. Yol qarlı olduğu üçün o qarşıdan gələn avtomobilə yol vermək məqsədi ilə idarə etdiyi avtobusu geriyə sürməyə başlamışdır. Təxminən avtobusu 5 metr geriyə sürərkən geriyə hərəkətdə olduğu yolun qarşısında Xatun Heydərovanın əlində olan termozun sındığını görmüşdür. Termozun sındığını görən kimi cəld əyləc sistemini işə salıb avtobusu saxlamışdır. Avtobusdan cəld düşmüş və avtobusun sağ tərəfinə keçmişdir. Xatun Heydərovanın ayaq tərəfi sinə hissəsinədək avtobusun altında, başı isə avtobusdan çöldə qaldığını görmüşdür. Amma başından da, xəsarət almış, başından aldığı xəsarət yerindən qan axdığını görmüşdür. Oraya toplaşan insanların köməkliyi ilə o, Xatun Heydərovam avtobusun altından çıxartmışdır. Çağrılmış təcili tibbi yardım hadisə yerinə gəlmiş, həkimlər tərəfindən Xatun Heydərova müayinə olunduqdan sonra öldüyü məlum olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, bütün dəfn xərclərini ödəmişdir. Əməlindən çox peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum X11 onun qızıdır. Qızı hər gün onun üçün çay qaynadıb işə gətirmişdir. 26 fevral 2021-ci il tarixdə, saat 8 radələrində qızı ona çay gətirmiş və geri qayıtmışdır. Qızı çıxdıqdan 10 dəqiqə sonra ona zəng edərək həmkəndili Təqsirləndirilən şəxs avtobus ilə qızını vurduğunu bildirmişlər. Hadisəni törətmiş Təqsirləndirilən şəxs lazım olan maddi və mənəvi ehtiyaclarını qarşılamışdır. Buna görə də iş üzrə hər hansı bir şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X15 X17 yol patrul xidməti inspektoru vəzifəsində işləyir. Hadisə baş vermiş ərazi, yəni Lənkəran rayonu, İstisu qəsəbəsi, M.V.Vidadi küçəsi onun xidməti ərazisidir. Hadisə barədə məlumat daxil olduqda dərhal hadisə yerinə getmiş, həmin vaxt hava qarlı olmuşdur. Hadisədən sonra piyadanın öldüyü məlum olmuşdur. Bundan sonra hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs barəsində müvafiq hərəkətlər edilməklə sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə narkoloji dispanserə aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 cinayət işinin 44-45-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon X15 X17 yol patrul xidməti inspektoru vəzifəsində işləyir. Hadisə baş vermiş ərazi, yəni Lənkəran rayonu, İstisu qəsəbəsi, M.V.Vidadi küçəsi onun xidməti ərazisidir. Hadisə barədə məlumat daxil olduqda dərhal hadisə yerinə getmiş, həmin vaxt hava qarlı olmuşdur. Hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Məlum olmuşdur ki, hadisədən sonra piyada ölmüşdür. Bundan sonra sürücü barəsində müvafiq hərəkətlər edilməklə sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə narkoloji dispanserə aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 cinayət işinin 39-41-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, özünə məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı “Mercedes 250” markalı avtomobil ilə çörək paylamaqla məşğuldur. 26 fevral 2021-ci il tarixdə, saat 07:30 radələrində çörək sexinə gəlmişdir. Sexdən çörək götürüb Lənkəran rayon İstisu qəsəöbəsinə çörək paylamağa getmişdir. Həmin qəsəbənin ara küçəsində idarə etdiyi avtomaşınla hərəkətdə olan zaman qarşıdan ы avtobus markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkət edirmiş. Həmin vaxt saat təqribən 08 radələri olarmış. Həmin avtobus sürücüsü yol qarlı olduğu üçün idarə etdiyi avtobusu saxlamış və ona yol vermək məqsədi ilə avtobusu astaca geriyə sürməyə başlamışdır. Həmin avtobus təxminən 5-6 metr geriyə getmişdir ki, o, yolda bir sınıq termos görmüşdür. Ani fikrinə gəlmişdir ki, həmin qəsəbədə hər gün bir orta yaşlı qız termosla həmin küçədən keçir. Termosun həmin qıza aid olduğunu düşünmüş və idarə etdiyi avtomobili saxlayıb yerə düşmüşdür. Avtobus sürücüsü də idarə etdiyi avtobusu saxlamışdır. O da avtobusdan yerə düşmüşdür. Yəqin həmin sürücü də hadisə törətdiyini anlayıb avtobusu saxlamışdır. Sonra onlar avtobusa yaxınlaşmışlar. Avtobusun sağ tərəfində arxa təkərə yaxın avtobusun altında bir qadının sinə hissəsindən ayaqlarınadək avtobusun altında, baş hissəsinin isə çöldə qaldığını görmüşdür. O, avtobusun sürücüsü ilə birlikdə köməkləşib qadını avtobusun altından çıxarmışdır. Həmin qadının baş nahiyyəsindən qan axırmış. Əynində paltar olduğu üçün bədənində olan xəsarətləri görə bilməmişdir. Hadisə baş verən zaman qadın can verirmiş. Hadisə yerinə toplaşan adamların köməkliyi ilə qadını evlərinə aparmışlar. O da hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı avtobusun arxaya hərəkət surəti təqribən saat da 10 km olarmış. Hadisə zamanı o, piyadanı avtobusun altında görmüşdür. Həmin piyadanı ayaq üstə yeriyən zaman görməmişdir. Lakin o, həmin qəsəbəyə hər gün çörək paylamağa gedəndə həmin qadının əlində termosla həmin yolu piyada getdiyini görmüşdür. Ona görə də termosun yerdə sındığını görəndə ağlına gəlmişdir ki, həmin qadın avtobosun altında qalıb. Çünki yol da qarlı olmuşdur. Düşünmüşdür ki, qadın qarda sürüşüb yerə yıxılıb və avtobus qadının üzərindən keçib. Onun idarə etdiyi maşında sərnişin olmamış, həmçinin avtobusda da sərnişin olmamışdır. Hadisəni o və avtobusun sürücüsündən başqa heç kim görməmmişdir. Hadisədən sonra hadisə yerinə adamlar toplaşmışlar. O, hadisə yer toplaşan adamları da tanımır. Cinayət işinin 29-cu vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 26 fevral 2021-ci il tarixli, 615 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 6-21-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «İveko Otoyol M24.9» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurma hadisə yeri Lənkəran rayonu, İstisu qəsəbəsi, M.V.Vidadi küçəsi istiqamətində olması müəyyən edilmişdir. Cinayət işinin 27-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş AF 105956 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “A B C D” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin 26-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ƏN-İV 863272 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs «İveko Otoyol M24.9 avtobus» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Cinayət işinin 28-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş AC N seriyalı 406816 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «İveko Otoyol M24.9 avtobus» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. Cinayət işinin 97-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 34-38-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 26 fevral 2021-ci il tarixli, 06 saylı rəyindən görünür ki, X6 meyitində sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, başın beyin toxumasına və mədəciklərinə qansızma, sağ gicgah nahiyyəsinin yumşaq toxumaları altına yayılmış qansızma, sağ almacıq sümüyünün basılmış sınığı, sağ ll-Vİİİ qabırğaların sınığları, sağ ağciyər, sağ plevranın zədələnməsi, sağ plevra boşluğuna qansızma (850 ml), sağ almacıq gicgah nahiyyəsində əzilmiş- cırılmış yara, gövdənin sağ ön-tış səthində yayılmış qansızma, sağ bazu nahiyyəsində qançır, sağ said, sağ dirsək nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətlərini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtobusun kuzovu və təkərlərinin güclü zərbəsi nəticəsində piyadanın sıxılması və ya vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığaq ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X6 ölümünə başın və döş qəfəsinin küt travması ilə əlaqədar kəllə və döş qəfəsi sümüklərinin sınıqları, baş beyinə qansızma, sağ ağciyərin zədələnməsi, sağ plevra boşluğuna qansızma (850 ml) səbəb olmuşdur. Cinayət işinin 67-71-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə eksperizasının 17 yanvar 2023-ci il tarixli, 8/108 nömrəli rəyindən görünür ki, «İveko Otoyol M24.9 avtobus» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 70 manatdır. Cinayət işinin 98-103-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, «İveko Otoyol M24.9 avtobus» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 103-cü vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs «İveko Otoyol M24.9 avtobus» markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin 49-cu vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 47-48-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və iki oğlu ilə birlikdə Lənkəran rayonu, İstisu qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddətdə ictimai işlərdə, abadlıq işlərində fəal iştirak etmişdir, onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 91-92-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyə tədqim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 10 fevral 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. Məhkəməyə tədqim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qohumu X3 Qarabağ Müharibəsində iştirak edərək şəhid olmuş, digər qohumu X2 isə X4 iştirakçısı olmaqla İ qrup əlildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həmçinin qohumları - “İ Qarabağ” müharibəsi iştirakçısı olmaqla əlil olmasını və digər qohumu “İİ Qarabağ” müharibəsində şəhid olmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, zərərçəkmiş şəxsin ailə üzvləri ilə hadisədən sonrakı qarşılıqlı münasibətlərini və cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə davranışlarını, əməlindən peşman olan, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldırmağa cəhd etmiş təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi «İveko Otoyol M9 avtobus» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 70 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan İveko Otoyol M9 avtobus markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-147/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-147/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver