Məhkəmə qərarları › İş №1(049)-148/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-148/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-148/2023 07.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 07 aprel 2023-cü il tarixdə saat 11.25-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 27 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 (beş) ədəd qara rəngli siqaret kağızı kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,114 qr;-0,150 qr;-0,157 qr;- 0,220 qr;-0,160 qram; ümumi təmiz çəkisi-0,801 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının 27 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 15:00 dəqiqədə yaşadığı Lənkəran rayonu Liman şəhəri R.Rza küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 5 (beş) ədəd qara rəngli siqaret kağızı kəsiklərinə bükülmüş halda əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, əvvələr əsasən narkotik vasitələrin satışı və istifadəsi ilə əlaqədar 4 dəfə məhkum olunmuşdur. 27 noyabr 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran şəhərində "Kiçik bazar" deyilən ərazidə adını bilmədiyi şəxsdən 25 manata bir ədəd sellofanda beş bükümdə heroin almışdır. Həmin gün Liman şəhərinə gəlmiş və saat 15 radələrində küçəsi ilə hərəkətdə olduğu zaman Liman polis bölməsinin işçiləri onu saxlayaraq Liman polis bölməsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan gödəkcəsinin cibində olan 5 bükümdə heroini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra heroin olan 5 ədəd bükülünü tərəzidə çəkilmiş, daha sonra bir zərfə qoyularaq həmin zərf möhürlənmiş və o, vəkili ilə birlikdə həmin zərfin üzərinə imza etmişlər. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, ağır vərəm xəstəsidir. Xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etirafı ilə yanaşı, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videogörüntü, maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-ambulator narkoloji ekspertizalarının rəyləri, Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkilinin raportu, şahid ifadələri, habelə istintaq zamanı toplanmış istintaq sənədləri ilə tam subuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, Şahid1 göstərmişdir ki, 27 noyabr 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Liman polis bölməsinin sahənin polis nəfərləri Şahid2 və Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə, saat 15:00 dəqiqədə yaşadığı Liman şəhərində piyada hərəkətdə olarkən saxlanılaraq, Liman polis bölməsinə gətirilmişdir. Orada müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibindən bir ədəd sellofan bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisindən 5 ədəd bükümdə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülülərin içərisindəkinin heroin olduğunu və həmin heroinin özünə məxsus olduğunu bildirmişdir. 5 ədəd bükülünü elektron tərəzidə çəkilmişdir. Daha sonra 5 ədəd bükülü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə möhür vurulmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin sahənin polis nəfərləri Şahid2 və Şahid3, Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 5 ədəd bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 19/1217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Liman şəhəri R.Rza küç, ev 29-da yaşayan Təqsirləndirilən şəxs üzərində aşkar edilən 5 (beş) bükümdə heroinə bənzər kütlə......." sözlər və imzalar olan bir ədəd zərfdəki,5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,114 qr;-0,150 qr;- 0,157 qr;-0,220 qr;-0,160 qram; ümumi təmiz çəkisi-0,801 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqatdan sonra qalıq çəkisi 0,601 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 1233 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2018-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyata durur. İşdə olan Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Amil Abdinovun 17 yanvar 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs, ondan aşkar edilmiş 5 ədəd bükümlərdə olan narkotik vasitə heroini özü istifadə etmək üçün əldə etmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2022-ci il tarixli, 659 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın vərəm xəstəlikləri şöbəsində “Ağ ciyərlərin fibroz-kavirmoz vərəmi” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarix hesab edilməklə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Mirzəyev X3 rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə CM-nin 145-ci maddəsinin 2-ci bəndi ilə 06 il müddətə azadlıqdan məhrumetə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası xx.xx.1992-ci il tarixli “Amnistiya” qərarının 8-ci maddəsinin “V” bəndinə əsasən çəkilməmiş cəzası 1/3-ə qədər azaldılmış, üzərində 03 il 09 ay 24 gün azadlıqdan məhrumetə cəzası saxlanılmış, xx.xx.1996-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ali Məhkəmənin Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 226-cı maddəsinin 2-ci hissəsi ilə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Lənkəran rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Sonuncu dəfə Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 01 gün müddətə vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu yoxdur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yəni əvvələr 4 dəfə, ümumilikdə 16 ildən çox müddətə müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və ağır vərəm xəstəsi olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji xəstəxanasında 2018-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,601 qram olan heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2018-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,601 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar