Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-149/2023 05.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 16:55 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 6 gününündən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayında Lənkəran rayonunda 3(üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,239 qram, 0,232 qram olmaqla ümumi təmiz çəkisi 0,773 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 noyabr 2022-ci il tarixdə, saat 12:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, göstərilən ünvanda yaşayır, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 25 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Böyük Bazarla Kiçik Bazarın kəsişməsində yerləşən ərazidə adını Həsən olaraq bildiyi, lakin tanımadığı şəxsdən 15 manat pul qarşılığında 03 ədəd bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni 25 noyabr 2022-ci il tarixdə o, Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “İtel” markalı mobil telefon və əynindəki şalvarın sol yan cibində olan 03 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin bükümlərini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin kütləni 25 noyabr 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində adını Həsən olaraq bildiyi, lakin tanımadığı şəxsdən 15 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, narkotik vasitə qəbul edir, həmin 03 bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü narkotik vasitə olan heroin istifadəçisidir və çəkmə üsulu ilə istifadə edir. Bundan başqa hər hansı bir qanunsuz əməli olmamışdır. Polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis başleytenantı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu onun tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi, Şahid2 oğlu və Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 da qrupun üzvləri olmuşlar. 25 noyabr 2022-ci il tarixdə, saat 12:40-da polis əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Əliyev X2 şəhəri, Paşa Təhməzov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqların birində təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi dəvət edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “İtel” markalı mobil telefon, əynində olan şalvarın sol yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş büküm və şalvarın sağ yan cibindən 07 manat pul və 01 ədəd alışqanı təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 03 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd “İtel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 ədəd alışqan və 07 manat pul isə iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd büküm olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş. Həmin bükümlərin təqribi çəkisi 0,87 (sıfır tam yüzdə səksən yeddi) qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlələr özünə məxsusdur, narkotik vasitə heroindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 25 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Böyük Bazarla Kiçik Bazarın kəsişməsində yerləşən ərazidə Həsən adlı tanımadığı şəxsdən 15 manat pulun qarşılığında əldə etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahidlər X3 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 25 noyabr 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 03 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin çəkisi 0,87 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük Bazarla Kiçik Bazarın kəsişməsində yerləşən ərazidə Həsən adlı tanımadığı şəxsdən 03 bükümdə, 15 manat qarşılığında almışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli 19/1209 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus bükümlər....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,302 qram, -0,239 qram, -0,232 qram, ümumi təmiz çəkisi - 0,773 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatı üçün 0,15 qram (hər ob,-0,05 qr) heroin istifadə edilmiş, 0,623 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 1232 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-378/2022 saylı, 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə, hökm və qərarın surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-1 və 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay ün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,302 qram, -0,239 qram, -0,232 qram ümumi təmiz çəkisi-0,773 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və CD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qaytarılmış qalıq qalan 0,623 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs övladları 2004-cü il təvəllüdlü X5 və 2005-ci il təvəllüdlü X4 ilə birlikdə Lənkəran şəhəri P.Təhməzov küçəsi ev 1/9 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,623 qram çəkidə üç bükümdə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,623 qram çəkidə 3 bükümdə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-149/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-149/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver