Məhkəmə qərarları › İş №1(049)-15/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-15/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-15/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Astara rayonu, Çayoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, məhkumluğu olmayan, Astara rayonu, Çayoba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 06 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində etibarnamə əsasında işlətdiyi Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən "Ceyran bulaq" adlı restorana yeyib-içmək üçün gələrək restoranın həyətində yerləşən 4 №-li kabinetdə oturmuş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sifariş etdikləri kababın yaxşı bişirilmədiyi, qanlı və bişməmiş vəziyyətdə gətirilib masaya qoyulması ilə bağlı ona iradlarını bildirdikdən sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la onun arasında yaranmış qısa müddətli şəxsi qərəzli münasibətlər zəmnində mübahisə edib dalaşmış və qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs2 sol almacıq sümüyünün sınığı, sol gözaltı, başın təpə nahiyələrində qançırlar, qarın nahiyəsində sıyrıqla nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər və qəsdən əli ilə itələyib yerə yıxmaqla Zərərçəkmiş şəxs1 sol əl nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol dirsək oynağı kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ sağrı nahiyəsində qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Astara rayonu Çayoba kəndində yaşayır. O, Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən, dayısı X4 arvadı X2 məxsus "Ceyran bulaq" restoranını etibarnamə əsasında işlədir. Onun işlətdiyi "Ceyran bulaq" restoran bir yarımtikili binadan və kafedən (yeməkxana) ibarətdir. Onlar kafedə müştərilərə müxtəlif xörəklər hazırlayıb verirlər. Bakı şəhər sakini X1 onun köməkçisi işləyir. Həmin kafedə ondan və Günaydan başqa 3 nəfər də işləyir. Belə ki, kafedə həmkəndlisi X7 çayçı, Astara rayonunun Pensər kənd sakini X8 ofisiant və Astara rayonu Kakalos kənd sakini Zenfirə isə xidmətçi işləyir. O, vergi ödəyicisidir. Həmin kafenin ümumi otaqdan ibarət yeməkxanası, yeməkxananın içərisində mətbəxi və kababxanası vardır. Kafenin həyətində isə bir-biriləri ilə üzbəüz olan 10 ədəd kabinet yerləşir. Həmin kabinetlər şüşədən tikilmişdir və içəri tərəfindən jalüzlərlə açılıb-örtülür. O, Lənkəran rayonu Göyşaban kənd sakini Zərərçəkmiş şəxs2, Lənkəran rayonu Digah kənd sakini Şahid4, Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs1, Lənkəran rayonu Gərmətük qəsəbə sakinləri Şahid1, Şahid2 və Şahid3 06 dekabr 2023-cü il tarixdən etibarən tanıyır .Onlarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, 06 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində mətbəxdə, 1-ci kabinetdə əyləşmiş müştərilərin sifarişi ilə onlara kabab bişirərkən, Kənan ona yaxınlaşaraq, 6 nəfər müştərinin gəlib 4 №-li kabinetdə əyləşdiklərini, onların 7 şiş assorti kabab, salatlar və 1 ltir spirtli içki və pivə sifariş etdiklərini bildirmişdir. O da Kənana "sən salatları, 1 ltir spirtli içkini və pivəni apar onlara ver, kababı hazırlayacam" deyə bildirmişdir. Bundan sonra, o, manqalın üstündə 2 şiş mal ətinin lüləsi,1 şiş qoyun ətinin tikəsi,1 şiş qoyun içalatı, 2 şiş mal ətinin basdırması və 1 şiş toyuq ətindən ibarət assorti kabab bişirməyə başlamışdır. O, bişirdiyi kababları Kənan vasitəsilə 4 №-li kabinetdə əyləşmiş həmin şəxslərə göndərmişdir. Təxminən 15 dəqiqədən sonra Kənan onun yanına gəlmiş və 4 №-li kabinetdə oturan şəxslərin onu çağırdıqlarını bildirmişdir. O da həmin 6 nəfər şəxsin oturduğu 4 №-li kabinetin qarşısına getmiş və kabinetin şüşədən ibarət olan qapısını açıb içəri daxil olaraq qapının qarşısında dayanmışdır. O, həmin şəxslərə "xoş gəlmisiniz" dedikdən sonra, ona görə nə qulluqlarının olduğunu soruşmuşdur. Kabinetdə olan kiçik masanın baş tərəfində oturan sonradan adını bildiyi Murad adlı şəxs, ona verdiyi kababların tam bişməmiş olduğunu bildirmişdir. O, həmin şəxslərə verdiyi kababların yeyilmiş olduğunu görmüş və ona görə də Murada "görürəm kababları yemisiniz, əvvəlcədən desəydiniz kababı yenidən bişirərdim və yaxud da sizə təzə ətdən kabab verərdim" bildirmişdir. Murad həmin vaxtı onu nalayiq sözlərlə təhqir edərək "sən bizi it hesab edirsən?, biz "Caniyevlərin" adamıyıq" bildirmişdir. O da Murada, nə üçün onu təhqir etdiyini və "Caniyevlər"in bu işə nə dəxlinin olduğunu bildirmişdir. Bu zaman Murad stəkanı yerə çırpıb sındıraraq "sən polisə qarşı çaşırsan?" bildirmişdir. O da Murada polisin bura nə dəxli olduğunu bildirmişdir. Bundan sonra, Murad əlini masaya vuraraq "sən "qruzdasan" get bizim hər birimizə 6.000 manat pul gətir" bildirmişdir. O da onları yola vermək üçün Muradla razılaşmış və otaqdan həyətə çıxmışdır. Təxminən 3-4 dəqiqədən sonra həmin şəxslərin oturduqları 4 №-li kabinetdən səs-küy gəldiyini eşidib həyətə çıxmış və həmin şəxslərin restoranın həyətindən çıxıb getdiklərini görmüşdür. Bir neçə dəqiqədən sonra Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları restorana gəlmişlər və həmin 4 №-li kabinetə baxış keçirmişlər. Bundan sonra, polis işçisi kafedən çıxıb getmişdir. Səhəri günü, o, Günay, Amid və Kənan Lənkəran ŞRPŞ-yə gəlmişlər. Polis şöbəsində, o, Amid, Kənan və Günay baş vermiş hadisə barəsində izahat vermişlər. 06 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən "Ceyran bulaq" restoranının həyətində olan 4 №-li kabinetdə Zərərçəkmiş şəxs2 onunla mübahisə etməsi təxminən 1-2 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs son sözündə və məhkəməyə ünvanladığı ərizədə özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələri elan edilmiş ittihamla tam təqsirli bildiyini, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini nəzərə alaraq, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. O, Vətən Müharibəsi iştirakçısıdır və İİ dərəcə əlildir. Astara rayonu Çayoba kənd sakini Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdən etibarən tanıyır. Rəşadla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır. O, Lənkəran rayonu Parakənd kəndində yerləşən "Ceyran bulaq" adlı restoranda yalnız bir dəfə, yəni 06 dekabr 2023-cü il tarixdə olmuşdur. 06 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində, o, Murad, Elşad, Vüsal, Elşən və Nihad Lənkəran rayonu Parakənd kəndi ərazisində çayxanaya gedib masa arxasında oturaraq çay içməyə başlamışlar. Həmin gün saat 21 radələrində qərara gəlmişlər ki, yaxınlıqda olan bir restoranda oturub yemək yesinlər. Bundan sonra, onlar, Elşad və Vüsalın idarə etdiyi avtomobillərə əyləşib yaxınlıqda olan "Ceyran bulaq" restoranına getmişlər. Elşad və Vüsal maşınları restoranın giriş qapısının qarşısında saxlamış və onlar maşınlardan düşüb restoranın həyətinə daxil olmuşlar. Həmin vaxt adını bilmədiyi iki nəfər şəxs, onlara yaxınlaşmış və onlar restoranın zalında oturub yeyib-içmək istədiklərini həmin iki nəfər şəxsə bildirmişlər. Onlar restoranın zalına daxil olmaq istəyəndə, həmin şəxslərdən biri onlara "mənim arxamca gəlin, sizə bir kabinet verəcəm" bildirmişdir. Onlar bir kabinetə daxil olmuşlar və masa arxasında oturmuşlar. Bu zaman həmin xidmətçi onlara "bu otağın hər tərəfi şüşəli pəncərədir, sizə başqa bir otaq verəcəm" bildirmişdir. Onlar da həmin otaqdan qalxmışlar və həmin şəxs onları başqa bir otağa aparıb salmışdır. Həmin otağın bir pencərəsi və bir giriş qapısının olduğunu görmüşdür. Həmin xidmətçi kabinetdən çıxmış və bir-iki dəqiqədən sonra əlində elektirik qızdırıcısı ilə birlikdə kabinetə daxil olmuşdur. Xidmətçi həmin otağın yaxşı olduğunu onlara bildirmişdir. Sonra isə həmin xidmətçi elekrtik qızdırıcısını naqilə qoşmuş və televizoru açmışdır. Onlar həmin xidmətçiyə assorti kabab, 1 ltir araq (spirtli içki) və qəlyanaltı sifariş etmişlər. Həmin xidmətçi otaqdan çıxıb getmişdir. Təxminən 10 dəqiqədən sonra bir gənc oğlan kabinetə daxil olmuş və onlara "sizə mən quluq göstərəcəm" bildirmişdir. Bundan sonra, həmin gənc oğlan araq şüşəsini və qəlyanaltını masanın üzərinə qoymuşdur. Təxminən 40 dəqiqədən sonra onlara xidmət göstərən gənc oğlan kababları taxta qabda gətirib masanın üzərinə qoymuşdur. Sonra isə həmin gənc oğlan kabinetdən çıxmışdır. Onlar kababı yeyən zaman, kababın qanlı və tam bişməmiş olduğunu görmüşlər. O, masanın üzərində olan çağırış zəngini basmış və həmin oğlan kabinetə daxil olmuşdur. Murad həmin oğlana "nə üçün kababı yaxşı bişirməyiblər, qanlı və bişməmiş vəziyyətdə bizim masaya göndəriblər" bildirmişdir. Həmin oğlan da restoranda kababın belə bişirildiyini bildirmişdir. Bundan sonra, o, restoranın müdirini çağırmağını həmin oğlana bildirmişdir. Həmin oğlan da kabinetdən çıxıb getmişdir. Bir dəqiqədən sonra həmin oğlan kabinetə daxil olmuş və onlara "müdir deyir ki, mən ora gəlmirəm, onlardan biri mənim yanıma gəlsin" bildirmişdir. Onlar da iradlarını bildirmək üçün müdiri çağırmağını həmin oğlana bildirmişlər. Həmin oğlan kabinetdən çıxıb getmişdir. Təxminən 2 dəqiqədən sonra Rəşad adlı şəxs otağa daxil olmuş və restoranın müdiri olduğunu, nə üçün onu çağırdıqlarını onlara bildirmişdir. Elşad da Rəşada "nə üçün bizə bişməmiş kabab verirsiniz, sən həmin tikələrdən birini götür ye, özün görəcəksən" bildirmişdir. Rəşad da kababları yenidən aparıb şişdə bişirib gətirməyini təklif etmişdir. Murad da Rəşaddan "sən bizi lağa qoymusan?, müştəriləri belə qarşılıyırsınız?" soruşmuşdur. Bundan sonra, Muradla Rəşadın arasında sözlə mübahisə olmuş və Rəşad qəflətən Muradın sifətindən və başından yumruqla vurmuşdur. Murad da yerindən qalxmışdır. Bundan sonra, o, onların arasına girmiş və Rəşadı kənara çəkmək istəyəndə, Rəşad onu itələmiş və o, masanın tininə dəyib yerə yıxılmışdır. Həmin vaxtı, o, masanın tininə dəydiyi üçün masa aşmışdır. Rəşad kabinetdən çölə çıxmışdır. Bundan sonra, onlar həyətə çıxmışlar və Elşad yeyib-içdiklərinin hesabını istəmişdir. Onlara qulluq edən oğlan Elşada yaxınlaşmış və onların yeyib-içdiklərinin hesabının 92 manat təşkil etdiyini bildirmişdir. Elşad da həmin oğlana 92 manat əvəzinə 100 manat pul vermiş və 8 manatı da qulluq etdiyi üçün ona verdiyini həmin oğlana bildirmişdir. Bundan sonra, onlar maşınlara əyləşib Lənkəran rayon xəstəxanasına gəlmişlər və həkimlər ona, Murada tibbi yardım göstərmişlər. O, baş vermiş hadisə barəsində 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra isə Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Murad Rəşada "sən qruzdasan, get bizim hər birimizə 6.000 manat pul gətir" sözlərini deməmişdir. Ümumiyyətlə onlar Rəşaddan pul tələb etməmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həm ifadəsinin sonunda, həm də məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Göyşaban kəndində yaşayır. O, Vətən Müharibəsi iştirakçısıdır və İİ dərəcə əlildir. Astara rayonu, Çayoba kənd sakini Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdən etibarən tanıyır. Rəşadla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır. O, Lənkəran rayonu Parakənd kəndində yerləşən "Ceyran bulaq" adlı restoranda yalnız bir dəfə, yəni 06 dekabr 2023-cü il tarixdə olmuşdur. 06 dekabr 2023-cü il tarixdə saat 20 radələrində, o, Nurlan, Elşad, Vüsal, Elşən və Nihad Lənkəran rayonu, Parakənd kəndi ərazisində çayxanaya gedib masa arxasında oturaraq çay içməyə başlamışlar. Həmin gün saat 21 radələrində qərara gəlmişlər ki, yaxınlıqda olan bir restoranda oturub yemək yesinlər. Bundan sonra, onlar, Elşad və Vüsalın idarə etdiyi avtomobillərə əyləşib yaxınlıqda olan "Ceyran bulaq" restoranına getmişlər. Elşad və Vüsal maşınları restoranın giriş qapısının qarşısında saxlamışlar və onlar maşınlardan düşüb restoranın həyətinə daxil olmuşlar. Həmin vaxt adını bilmədiyi iki nəfər şəxs onlara yaxınlaşmış və onlar restoranın zalında oturub yeyib-içmək istədiklərini həmin iki nəfər şəxsə bildirmişlər. Onlar restoranın zalına daxil olmaq istəyəndə, həmin şəxslərdən biri onlara "mənim arxamca gəlin, sizə bir kabinet verəcəm" bildirmişdir. Onlar bir kabinetə daxil olmuşlar və masa arxasında oturmuşlar. Bu zaman həmin xidmətçi onlara "bu otağın hər tərəfi şüşəli pəncərədir, sizə başqa bir otaq verəcəm" bildirmişdir. Onlar da həmin otaqdan qalxmışlar və xidmətçi onları başqa bir otağa aparıb salmışdır. Həmin otağın bir pəncərəsi və bir giriş qapısının olduğunu görmüşdür. Həmin xidmətçi kabinetdən çıxmış və bir-iki dəqiqədən sonra əlində elektirik qızdırıcısı ilə birlikdə kabinetə daxil olmuşdur. Sonra isə həmin xidmətçi elekrtik qızdırıcısını naqilə qoşmuş və televizoru açmışdır. Onlar həmin xidmətçiyə assorti kabab, 1 litir araq (spirtli içki) və qəlyanaltı sifariş etmişlər. Həmin xidmətçi otaqdan çıxıb getmişdir. Təxminən 10 dəqiqədən sonra bir nəfər gənc oğlan kabinetə daxil olmuş və onlara onun qulluq edəcəyini bildirmişdir. Bundan sonra, həmin xidmətçi araq şüşəsini və qəlyanaltını masanın üzərinə qoymuşdur. O və Vüsal bir rumka araq içmişlər. Elşad, Nurlan, Nihad və Elşən araq içməmişlər. Təxminən 40 dəqiqədən sonra onlara xidmət göstərən gənc oğlan kababları taxta qabda gətirib masanın üzərinə qoymuşdur. Sonra isə xidmətçi kabinetdən çıxmışdır. Həmin vaxt kababın qanlı və tam bişməmiş olduğunu görmüşlər. Nurlan masanın üzərində olan çağırış zəngini basmış və həmin gənc oğlan kabinetə daxil olmuşdur. O, həmin oğlana "nə üçün kababı yaxşı bişirməyiblər,q anlı və bişməmiş vəziyyətdə bizim masaya göndəriblər" bildirmişdir. Həmin gənc oğlan da restoranda kababın belə bişirildiyini bildirmişdir. Bundan sonra, Nurlan müdiri çağırmağını həmin oğlana bildirmişdir. Həmin oğlan da kabinetdən çıxıb getmişdir. Bir dəqiqədən sonra həmin oğlan kabinetə daxil olmuş və onlara "müdir deyir ki, mən gəlmirəm, onlardan biri mənim yanıma gəlsin" bildirmişdir. O da iradlarını bildirmək üçün müdiri çağırmağını həmin oğlana bildirmişdir.Bundan sonra həmin oğlan kabinetdən çıxıb getmişdir. Təxminən 2 dəqiqədən sonra Rəşad adlı şəxs otağa daxil olmuş və restoranın müdiri olduğunu, nə üçün onu çağırdıqlarını onlardan soruşmuşdur. Elşad da Rəşada "nə üçün bizə bişməmiş kabab verirsiniz, sən həmin tikələrdən birini götür ye, özün görəcəksən" bildirmişdir. Rəşad da kababları yenidən aparıb şişdə bişirib gətirə biləcəyini onlara təklif etmişdir. O da Rəşaddan "sən bizi lağa qoymusan?, müştəriləri belə qarşılıyırsınız?" soruşmuşdur. Bundan sonra, onunla Rəşadın arasında sözlə mübahisə yaranmış və Rəşad qəflətən onun sifətindən, başından və qarnından yumruqla vurmuşdur. O, oturduğu yerdən qalxmış və bu zaman Nurlan, onların arasına girmişdir. Nurlan Rəşadı kənara çəkmək istəyəndə, Rəşad Nurlanı itələmiş və Nurlan masanın tininə dəyərək yerə yıxılmışdır. Həmin vaxt Nurlan masanın tininə dəydiyi üçün masa aşmışdır. Rəşad kabinetdən çölə çıxmışdır. Bundan sonra, onlar həyətə çıxmışlar və Elşad yeyibiçdiklərinin hesabını istəmişdir. Onlara qulluq edən oğlan Elşada yaxınlaşmış və Elşada yeyib-içdiklərinin hesabının 92 manat təşkil etdiyini bildirmişdir. Elşad da həmin oğlana 92 manat əvəzinə 100 manat pul vermiş və 8 manatın da qulluq etdiyi üçün ona qalmasını bildirmişdir. Bundan sonra, onlar maşınlara əyləşib Lənkəran mərkəzi rayon xəstəxanasına gəlmişlər və həkimlər ona, Nurlana tibbi yardım göstərmişlər. Nurlan baş vermiş hadisə barəsində 102 xidmətinə zəng edib məlumat vermişdir. O, Rəşada "sən "qruzdasan, get bizim hər birimizə 6.000 manat pul gətir" sözlərini deməmişdir. Sonra isə o, Lənkəran şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həm ifadəsinin sonunda, həm də məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayır. O, Vətən Müharibəsi iştirakçısıdır. Astara rayonu Çayoba kənd sakini Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdən etibarən tanıyır. Rəşadla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır. 06 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində, o, Vüsal, Murad, Elşad, Nurlan və Nihad Lənkəran rayonu Parakənd kəndi ərazisində çayxanaya gedib masa arxasında oturaraq çay içməyə başlamışlar. Həmin gün saat 21 radələrində qərara gəlmişlər ki, yaxınlıqda olan bir restoranda oturub yemək yesinlər. Bundan sonra, o, Murad, Nurlan və Nihad, Vüsalın və Elşadın maşınına əyləşmişlər və yaxınlıqda olan "Ceyran bulaq" restoranına getmişlər. Vüsal və Elşad maşınları restoranın giriş qapısının qarşısında saxlamışlar və onlar maşınlardan düşüb restoranın həyətinə daxil olmuşlar. Həmin vaxt adını bilmədiyi iki nəfər şəxs onlara yaxınlaşmış və Elşad restoranın zalında oturub yeyib-içmək istədiklərini həmin iki nəfər şəxsə bildirmişdir. Onlar restoranın zalına daxil olmaq istəyəndə, həmin şəxslərdən biri onlara "mənim arxamca gəlin, sizə bir kabinet verəcəm" bildirmişdir. Onlar bir kabinetə daxil olmuşlar və masa arxasında oturmuşlar. Bu zaman həmin xidmətçi onlara "bu otağın hər tərəfi şüşəli pəncərədir, sizə başqa bir otaq verəcəm" bildirmişdir. Onlar da həmin otaqdan qalxmışlar və həmin xidmətçi onları başqa bir otağa aparıb salmışdır. Həmin otağın bir pəncərəsi və bir giriş qapısının olduğunu görmüşdür. Həmin xidmətçi kabinetdən çıxmış və bir-iki dəqiqədən sonra əlində elektirik qızdırıcısı ilə birlikdə kabinetə daxil olmuşdur. Sonra isə həmin xidmətçi elekrtik qızdırıcısını naqilə qoşmuş və televizoru açmışdır. Elşad həmin xidmətçiyə assorti kabab,1 ltir araq (spirtli içki) və qəlyanaltı sifariş etmişdir. Həmin xidmətçi otaqdan çıxıb getmişdir. Təxminən 5-10 dəqiqədən sonra bir oğlan uşağı kabinetə daxil olmuş və onlara onun qulluq göstərəcəyini bildirmişdir. Bundan sonra, həmin oğlan araq şüşəsini və qəlyanaltıları masanın üzərinə qoymuşdur. Vüsal və Murad bir rumka araq içmişlər. Onlar isə araq içməmişlər. Təxminən 30 dəqiqədən sonra onlara xidmət göstərən oğlan kababları taxta qabda gətirib masanın üzərinə qoymuşdur. Sonra isə həmin oğlan kabinetdən çıxmışdır. Onlar kababı yeyən zaman, kababın qanlı və tam bişməmiş olduğunu görmüşlər. Nurlan masanın üzərində olan çağırış zəngini basmış və həmin oğlan kabinetə daxil olmuşdur. Murad həmin oğlandan nə üçün kababın yaxşı bişirilmədiyini soruşmuşdur. Həmin oğlan da restoranda kababın belə bişirildiyini bildirmişdir. Bundan sonra Murad həmin oğlana müdiri çağırmağını bildirmişdir. Həmin oğlan da kabinetdən çıxıb getmişdir. Bir dəqiqədən sonra həmin oğlan kabinetə daxil olmuş və onlara "müdir deyir ki, mən ora gəlmirəm, onlardan biri mənim yanıma gəlsin" bildirmişdir. Murad iradlarını bildirmək üçün müdiri çağırmağını həmin oğlana bildirmişdir. Bundan sonra həmin oğlan kabinetdən çıxıb getmişdir. Təxminən 2 dəqiqədən sonra bir nəfər şəxs otağa daxil olmuşdur. Həmin şəxs adının Rəşad və restoranın müdiri olduğunu bildirib, nə üçün onu çağırdıqlarını onlardan soruşmuşdur. Elşad da Rəşada "nə üçün bizə bişməmiş kabab verirsiniz, sən həmin tikələrdən birini götür ye, özün görəcəksən" bildirmişdir. Rəşad da kababları yenidən aparıb şişdə bişirib gətirməyi təklif etmişdir. Murad da Rəşaddan "sən bizi lağa qoymusun?, müştəriləri belə qarşılıyırsınız?" soruşmuşdur. Bundan sonra Muradla Rəşadın arasında sözlə mübahisə olmuş və Rəşad Muradın sifətindən, başından və qarnından yumruqla vurmuşdur. Murad da yerindən qalxan zaman Nurlan, onların arasına girmiş və Rəşadı kənara çəkmək istəyəndə, Rəşad əli ilə Nurlanı itələmiş və Nurlan masanın tininə dəyərək yerə yıxılmışdır. Həmin vaxtı Nurlan masanın tininə dəydiyi üçün masa aşmışdır. Rəşad kabinetdən çölə çıxmışdır. Bundan sonra, onlar həyətə çıxmışlar və Elşad yeyib-içdiklərinin hesabını istəmişdir. Onlara qulluq edən oğlan Elşada yaxınlaşmış və Elşada yeyib-içdiklərinin hesabının 92 manat təşkil etdiyini bildirmişdir. Elşad da ona 92 manat əvəzinə 100 manat pul vermiş və 8 manatın da qulluq etdiyi üçün onda qalmasını bildirmişdir. Bundan sonra, onlar maşınlara əyləşib Lənkəran rayon mərkəzi xəstəxanasına getmişlər və həkimlər Murada, Nurlana tibbi yardım göstərmişlər. Nurlan baş vermiş hadisə barəsində 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra isə onlar Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişlər. Rəşad adlı şəxsin Muradla mübahisə etməsi, Muradı yumruqla vurması və Nurlanı əli ilə itələyib masanın üzərinə yıxması 06 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən "Ceyran bulaq" adlı restoranın həyətində olan kabinetdə baş vermişdir. Murad Rəşada "sən "qruzdasan, get bizim hər birimizə 6.000 manat pul gətir" sözlərini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən "Ceyran Bulaq" restoranında Təqsirləndirilən şəxs köməkçisi işləyir. Həmin restoranı Təqsirləndirilən şəxs etibarnamə əsasında işlədir. 06 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində mən 6№-li kabnetdə oturduğu zaman ofisant işləyən Kənan adlı işçi otağa gələrək 6 nəfər şəxsin yeyib-içmək üçün restorana gəldiyini, əvvəlcə 9№-li otaqda oturmaq istədiklərini, amma həmin otaq kiçik olduğu üçün bir az böyük olan 4 №-li otağa keçərək oturduqlarını bildirmişdir. Bir neçə dəqiqədən sonra Kənan onun oturduğu 6 №-li kabinetə daxil olaraq 4 №-li otaqda oturan 6 nəfər şəxsin salatlar və isti yemək istədiklərini bildirmişdir. O da otaqdan çıxıb restoranın mətbəxinə keçmiş və salatları hazırlamaq üçün Zenfira adlı işçiyə kömək etməyə başlamışdır. Həmin kabinetdə oturan şəxslər 1 litr spirtli içki olan araq, qəlyanaltı və kabab sifariş etmişlər. Kababı da onlara Rəşad bişirirdi. Kənan hazırlanmış qəlyanaltıları və 1 litr arağı həmin kabinetə aparmışdır. Daha sonra Kənan onun yanına gəlib 4 №-li kabinetdə əyləşən həmin şəxslərin onu təhqir etdiklərini, nalayiq sözlər danışıb onlara qulluq etmək üçün qız ofisiant tələb etdiklərini və buna görə 1000 manat pul təklif etdiklərini bildirmişdir. O da Kənana onların sərxoş olduqları üçün onları “yola verməsini” bildirib. Bundan sonra o 6 №-li kabinetə keçmiş və bir müddətdən sonra Kənan kabinetə daxil olub həmin şəxslərin Rəşadı çağırdıqlarını bildirmişdir. Mən də kabinetdən çıxanda Amid və Kənanın 4 №-li kabinetin yaxınlığında, Rəşadın isə həmin kabinetin içəri tərəfdən giriş qapısının qarşısında dayandığını görmüşdür. Həmin vaxt masa arxasında oturmuş sonradan adını bildiyi Murad və Elşad adlı şəxslərin Rəşadı ucadan nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdiklərinin şahidi olmuşdur. O, həmin kabinetə tərəf bir-iki metr addım atdıqdan sonra Muradın qışqıraraq Rəşada “adama 6.000 manat gətir" dediyini eşitmişdir. O, Amiddən nə baş verdiyini soruşmuş, Amid də həmin şəxslərin Rəşadla mübahisə edib onu təhqir etdiyini demişdir. Daha sonra Rəşad kabinetdən çölə çıxmış və yeməkxananın qarşısına tərəf getmişdir. O özü Kənan və Amid də onun arxasınca getmişlər. Onlar yeməkxananın qarşısında dayanmış və o, Rəşaddan nə baş verdiyini soruşmuşdur. Rəşad da həmin şəxslərdən birinin yalandan kababın yaxşı bişmədiyini bəhanə edib onu söyərək təhqir etdiyini və ona sən "qruzdasan, get hər birimizə 6.000 manat pul gətir” dediyini bildirmişdir. Daha sonra Rəşad digər kabinetə daxil olmuşdur. Həmin şəxslər hesabı istədiklərini Amid onların dediklərini hesablamaq üçün yeməkxanaya daxil olmuşdur. Hesab 92 manat olmuşdur. Kənan hesabı onlara bildirmək üçün həmin kabinetə daxil olmuş, hesab ödənildikdən sonra kabinetdən çıxıb onların yanına gəlmişdir. Təxminən bir dəqiqə keçməmiş, 4 №-li otaqdan qab-qacaq səslərinin gəldiyini eşidib kabinetdən çölə çıxmışdır. Həmin vaxt səsə kabinetlərdə və ümumi otaqda olan təxminən 30 nəfər şəxs də çölə çıxmışlar. Sonradan adlarını bildiyi Murad, Nurlan, Nihad, Vüsal, Elşad və Elşən həmin kabinetdən çıxmış və Muradla Elşad, onun, Rəşadın ünvanına söyüşlər söyə-söyə restoranın həyətindən çıxmışlar. Onlar maşınlara əyləşərək asfalt yolda ora-bura gedərək söyüş söyməyə başlamışlar. Sonra isə Lənkəran şəhəri istiqamətinə getmişlər. O, Rəşad, Amid və Kənan 4 №-li kabinetin qarşısına getmiş və kabinetdə olan masanın çevirildiyini, qab-qacaqların sındığını və masada olmuş yemək qırıntılarının yerə töküldüyünü görmüşlər. O, dərhal DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Məhkəmənin təşəbbüsü əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 barəsində olan xx.xx.2023-cü il tarixli, 1217 №-li və Zərərçəkmiş şəxs2 barəsində olan xx.xx.2023-cü il tarixli, 1223 №-li ekspert rəyləri onun tərəfindən verilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində sol əl nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol dirsək oynağı kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ sağrı nahiyəsində qançır aşkar edilmişdir. Rəydə də qeyd edildiyi kimi qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs2 bədəni üzərində isə sol almacıq sümüyünün sınığı, sol gözaltı, başın təpə nahiyələrində qançırlar, qarın nahiyəsində sıyrıq aşkar edilmişdir. Rəydə də qeyd edildiyi kimi 1eyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs2 ilə bağlı ekspertizaya Lənkəran RMX-nin Şüadiaqnostikası tərəfindən onun adına verilmiş xx.xx.2023-cü il tarixli rentgen müayinəsinin nəticəsi təqdim edilmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş: 07 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən "Ceyran bulaq" adlı restoranın 4 №-li kabinetidir. 09 dekabr 2023-cü il tarixli “Flash card baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Flash carda Kamerab_ **********3902 və Kamera15_**********3805 adlı fayıllar vardır. Kamerab_ **********3902 adlı fayıl 1 saat 19 dəqiqə 12 saniyə və 190521 KB-dır. Kamera15_ **********3805 faylı 1 saat 21 dəqiqə 52 saniyə və 299459 KB-dır. Kamerab_**********3902 adlı fayılda qeydə alınmış görüntülər xx.xx.2023-cü il tarixdə saat 20:39:03-də başlayır, xx.xx.2023-cü il tarixdə saat 21:58:14 dəqiqədə qurtarır. Kamera 15_**********3805 adlı fayılda qeyd alınmış görüntülər xx.xx.2023-cü il tarixdə saat 20:38:06-dan başlayır, xx.xx.2023-cü il tarixdə saat 22:00:10-da qurtarır. Kamera_**********3902 adlı fayıla baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur; "Ceyran bulaq" restoranın həyəti,giriş qapısı,həyətdə olan 10 ədəd kabinet, çayxananın girişi,restoranın qarşısından keçən asfalt yolun müəyyən hissəsi videomüşahidə kamerasının nəzarəti altındadır. Kamerab_**********3902 adlı fayılda qeydə alınmış görüntülər xx.xx.2023-cü il tarixdə saat 20:39:03-də başlayır. Asfalt yolda maşınlar Astara rayon istiqamətində və Lənkəran şəhər istiqamətində hərəkət edirlər. Həyətdə heç kim yoxdur. Həyətdə bir nəfər xidmətçi əlində olan padnosla çayxanaya daxil olur. Küçədə asfalt yolun kənarında markası və nömrə nişanı görünməyən bir avtomobil Astara istiqamətində yolun sağ kənarında dayanıb. 20:42 dəqiqədə Lənkəran şəhəri istiqamətindən Astara rayonu istiqamətində hərəkətdə olan bir avtomobil restoranın qarşı tərəfində yolun sağ kənarında dayanır və həmin avtomobildən 6 nəfər şəxs yerə düşərək,restoranın həyətinə orta qapıdan daxil olurlar. Onların qarşısına xidmətçi gedir və onlar restoranın binasına yaxınlaşırlar. Həmin şəxslərdən 4 nəfəri həyətdə dayanır, 2 nəfəri isə restoranın binasına daxil olurlar. 20:44 dəqiqədə 2 nəfər şəxs restoranın binasından çıxıb 4 nəfər şəxslə birlikdə kabinetlərin arasında olan yolla tualet istiqamətində hərəkət edirlər və 2 nəfər xidmətçi də onların arxasınca gedir. Onlar sol tərəfdə olan 10 №-li kabinetə daxil olurlar, sonra isə dərhal həmin kabinetdən çıxırlar və xidmətçilərdən bir onları 4№-li kabinetə aparır. Həmin vaxtı həyətdə heç kim yoxdur. Xidmətçi sağ tərəfdə olan kabinetlərin birindən padnosda nə isə daşıyaraq restoranın binasına gətirir. X3 tərəfdə yerləşən 6№-li kabinetə daxil olur. Həyətdə sakitçilikdir və hərəkətlilik yoxdur. 4 №-li kabinetdə oturmuş 6 nəfər şəxsdən 1 nəfəri əlində mobil telefonla kabinetdən həyətə çıxır. Həyətdə həmin 1 nəfər şəxsdən başqa heç kim yoxdur, sakitcilikdir. Xidmətçi sağ tərəfdə olan kabinetlərin birinə çay aparır. 20:52 dəqiqədə bir nəfər şəxs restoranın həyətinə giriş qapısından daxil olur və qapının yanında dayanır. 20:53 dəqiqədə 4 №-li kabinetdən bir nəfər çıxır və tualetə tərəf gedir. 20:56 dəqiqədə 4 №li kabinetdən bir nəfər həyətə çıxır və telefonla danışır, sonra isə 20:57 dəqiqədə kabinetə qayıdır. Xidmətçi 4№-li otağa daxil olur və dərhal kabinetdən çıxıb restoranın binasına tərəf gəlir. 21:02 dəqiqədə bir nəfər restoranın həyətindən küçəyə çıxıb gedir və 2 nəfər şəxs həyətə daxil olaraq sonuncu kabinetlərə tərəf hərəkət edirlər. Xidmətçi 21:03 dəqiqədə 4№-li kabinetə daxil olur və bir neçə saniyədən sonra həmin kabinetdən çıxıb restoranın binasına tərəf hərəkət edir. 21:09 dəqiqədə 3 nəfər şəxs giriş qapısından həyətə daxil olub dayanırlar və 21:10 dəqiqədə tualet istiqamətində hərəkət edərək sağ tərəfdə yerləşən 5№-li kabinetə daxil olurlar. Xidmətçi 21:11 dəqiqədə əlində olan padnosda nə isə apararaq 4№-li kabinetə daxil olur və bir neçə saniyədən sonra kabinetdən çıxıb restoranın binasına tərəf hərəkət edir. Həyətdə sakitçilikdir və hərəkətlilik yoxdur. 21:53 dəqiqədə xidmətçi padnosun içərisində nələrisə 4№-li otağa aparır və bir neçə saniyədən sonra kabinetdən çıxıb restoranın binasına tərəf gəlir. 21:34 dəqiqədə 2 nəfər şəxs restorandan çıxıb gedirlər. 1 nəfər restoranın həyətinə daxil olur və sağ tərəfdə olan 1№-li kabinetə daxil olur. Xidmətçi 5№-li kabinetdə qəlyan aparır. Digər bir xidmətçi 4№-li kabinetə padnosda nə isə aparır və bir neçə saniyədən sonra kabinetdən çıxıb restoranın binasına tərəf gəlir.3 nəfər şəxs sol tərəfdə yerləşən kabinetlərin birindən həyətə çıxırlar və 2 dəqiqədən sonra restoranın həyətindən küçəyə çıxıb gedirlər.Həyətdə sakitçilikdir və hərəkətlilik yoxdur.21:45 dəqiqədə Təqsirləndirilən şəxs 2 nəfər xidmətçi ilə birlikdə 4№-li kabinetə tərəf gedir və xidmətçilərin biri ilə həmin kabinetə daxil olur. Digər xidmətçi isə bir neçə metr tualet istiqamətində gedib dayanır. 21:47 dəqiqədə xidmətçi həmin kabinetdən həyətə çıxır,sonra isə həyətdə dayanmış xidmətçi ilə birlikdə 4№-li kabinetə qayıdır. Bir neçə saniyədən sonra hər iki xidmətçi 4№-li kabinetdən çıxıb restoranın binasına tərəf gəlib 6№-li kabinetin qapısının yanında dayanırlar. Təqsirləndirilən şəxs isə 4№-li otaqda qalır. Həyətdə sakitçilikdir və hərəkətlilik yoxdur.Xidmətçi 21:50 dəqiqədə kabinetlərin arası ilə tualet istiqamətində qaçır. 21:51 dəqiqədə Günay Hümbətova 6№-li kabinetdən həyətə çıxır və həmin xidmətçi geri qayıdaraq 6№-li kabinetin qarşısına gəlir. Sonra isə Günay Hümbətova xidmətçi ilə birlikdə 4№-li kabinetin qarşısına tərəf gedirlər və 21:52 dəqiqədə Təqsirləndirilən şəxs 4№-li kabinetdən çıxır. Təqsirləndirilən şəxs dəsmalla burnunu silə-silə Günay Hümbətova və xidmətçi ilə birlikdə restoranın həyətinin giriş qapısının qarşısına gəlib orada dayanırlar. Rəşad siqaret çəkə-çəkə küçəyə çıxır və 21:53 dəqiqədə restoranın həyətində heç kim yoxdur və sakitçilikdir. 21:54 dəqiqədə Təqsirləndirilən şəxs və Günay Hümbətova 6№-li kabinetə daxil olurlar. 21:55 dəqiqdə 3 nəfər şəxs restoranın həyətindən küçəyə çıxıb gedirlər. Təqsirləndirilən şəxs və Günay Hümbətova 6№-li kabinetdən çıxırlar və küçəyə gedirlər.Sonra isə 21:57 dəqiqədə Təqsirləndirilən şəxs və Günay Hümbətova həyətə qayıdıb 6№-li kabinetə daxil olurlar.21:57 dəqiqədə 4№-li kabinetdən 6 nəfər şəxs həyətə çıxır.Həmin vaxtı Təqsirləndirilən şəxs və Günay Hümbətova 6№-li kabinetdən çıxıb 4№-li kabinetin qarşısına yaxınlaşırlar. 21:58 dəqiqədə 4№-li kabinetdən çıxan 6 nəfər şəxs restoranın həyətinin orta qapısından çıxıb avtomobilə əyləşərək gedirlər. Kamera15_**********3805 adlı fayıl baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur; "Ceyran bulaq" restoranının həyətinin bir hissəsi,tualetə gedən yolu,həyətdə olan 5 və 4-cü kabinetlər, 10-cu kabinetin yanı, restoranın qarşısından keçən asfalt yol videomüşahidə kamerasının nəzarəti altındadır. Kamera15_**********3805 adlı fayılda qeyd alınmış görüntülər xx.xx.2023-cü il tarixdə saat 20:38:06-dan başlayır.Asfalt yolda maşınlar Astara rayon istiqamətində və Lənkəran şəhər istiqamətində hərəkət edirlər. Həyətdə heç kim yoxdur. Restoranın əsas giriş qapısının yanında yolun kənarında markası və nömrə nişanı görünməyən bir avtomobil dayanıb.20:42 dəqiqədə Lənkəran şəhəri istiqamətindən Astara rayonu istiqamətində hərəkətdə olan bir avtomobil restoranın qarşı tərəfində yolun sağ kənarında dayanır və həmin avtomobildən 6 nəfər şəxs yerə düşərək, 20:43 dəqiqdə restoranın həyətinə orta qapıdan daxil olurlar. 20:45 dəqiqədə həmin 6 nəfər şəxs 4№-li kabinetə daxil olurlar. Həmin vaxtı həyətdə heç kim yoxdur.20:48 dəqiqədə 4№-li kabinetdən bir nəfər şəxs həyətə çıxır və telefonla danışmağa başlayır. Həmin şəxs 20:53 dəqiqədə 4№-li kabinetə qayıdır. 20:56 dəqiqədə bir nəfər şəxs 4№-li kabinetdən həyətə çıxır və telefonla danışır, sonra isə həmin kabinetə qayıdır. Həyətdə heç kim yoxdur, sakitcilikdir.21:03 dəqiqədə xidmətçi 4№-li kabinetə daxil olur, sonra isə həmin kabinetdən çıxıb restoranın binasına tərəf gedir. 21:10 dəqiqədə bir nəfər şəxs tualet tərəfdə yerləşən qapıdan həyətə daxil olur və restoranın binası tərəfdən gələn 3 nəfər şəxslə birlikdə 5№-li kabinetə daxil olurlar.Xidmətçi 21:11 dəqiqədə əlində olan padnosla 4№-li kabinetə daxil olur və bir neçə saniyədən sonra kabinetdən çıxıb restoranın binasına tərəf hərəkət edir. Həyətdə sakitçilikdir və hərəkətlilik yoxdur. 21:13 dəqiqədə bir nəfər şəxs 4№-li kabinetdən həyətə çıxır və telefonla danışıb qurtardıqdan sonra həmin kabinetə qayıdır. 21:32 dəqiqədə bir nəfər şəxs telefonla danışa-danışa həyətdə gəzir. 21:33 dəqiqədə bir nəfər şəxs 4№-li kabinetə daxil olur.Bir nəfər şəxs tualetə tərəf gəlir, sonra isə 5№-li kabinetə daxil olur. Həyətdə heç kim yoxdur, sakitçilikdir. 21:45 dəqiqədə Təqsirləndirilən şəxs 2 nəfər xidmətçi ilə birlikdə 4№-li kabinetə tərəf gedir və xidmətçilərin biri ilə həmin kabinetə daxil olur.Digər xidmətçi isə bir neçə metr tualet istiqamətində gəlib dayanır. 21:47 dəqiqədə xidmətçi həmin kabinetdən həyətə çıxır, sonra isə həyətdə dayanmış xidmətçi ilə birlikdə 4№-li kabinetə qayıdır. Bir neçə saniyədən sonra hər iki xidmətçi 4№-li kabinetdən çıxıb restoranın binasına tərəf gedir.Təqsirləndirilən şəxs isə 4№-li otaqda qalır. Həyətdə sakitçilikdir və hərəkətlilik yoxdur. 21:51 dəqiqədə Günay Hümbətova xidmətçi ilə birlikdə 4№-li kabinetin qarşısına tərəf gəlirlər 21:52 dəqiqədə Təqsirləndirilən şəxs 4№-li kabinetdən çıxır, onlarla birlikdə restoranın binasına tərəf gedir.21:54 dəqiqədə 5№-li kabinetdən bir nəfər şəxs çıxır və tualetə tərəf hərəkət edir. Həmin şəxs 21:56 dəqiqədə gerib qayıdır və 5№-li kabinetə qayıdır. 21:57 dəqiqədə xidmətçi 4№-li kabinetin giriş qapısının qarşısına gəlir və 6 nəfər şəxs həmin kabinetdən həyətə çıxırlar. Sonra isə həmin 6 nəfər şəxs 21:58 dəqiqədə restoranın həyətinin orta qapısından çıxıb avtomobilə əyləşərək Astara rayonu istiqamətinə gedirlər. 21:59 dəqiqədə Astara rayonu istiqamətindən bir avtomobil gələrək Lənkəran şəhər istiqamətində hərəkət edir. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 07 dekabr 2023-cü il tarixli, 1217 nömrəli rəyindən görünür ki; vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində-sol əl nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol dirsək oynağı kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ sağrı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 1223 nömrəli rəyindən görünür ki; vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində-sol almacıq sümüyünün sınığı, sol gözaltı, başın təpə nahiyələrində qançırlar,qarın nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 12 fevral 2024-cü il tarixli 184 nömrəli tibbi arayışından görünür ki, iş üzrə təqsirləndirilən şəxs Həsənov X5 şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Butırsk Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 115-ci maddəsinin 1-ci hissəsinə əsasən 40.000 rubl cərimə cəzasına məhkum edilmişdir. Məhkumluğu yoxdur. Qətimkan tədbirinin seçilməsi haqqında 16 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinin baxış protokoluna əlavə olunmuş içərisində Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən "Ceyran Bulaq" adlı restoranın videomüşahidə kameralarının 06 dekabr 2023-cü il tarixdə, saat 21-22 radələrində qeyd aldığı görüntülərin olduğu 1(bir) ədəd flash card maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlləri tam sübuta yetirmişdir və onun əməlləri Azərbaycan Respublikası CM-in 127.1 və 128-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə tövsif edilmiş əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 127.1 və 128-ci maddələri ilə olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış hadisə yerinin baxış protokoluna əlavə olunmuş içərisində Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən "Ceyran Bulaq" adlı restoranın videomüşahidə kameralarının 06 dekabr 2023-cü il tarixdə, saat 21-22 radələrində qeyd aldığı görüntülərin olduğu 1(bir) ədəd flash card cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış hadisə yerinin baxış protokoluna əlavə olunmuş içərisində Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən "Ceyran Bulaq" adlı restoranın videomüşahidə kameralarının 06 dekabr 2023-cü il tarixdə, saat 21-22 radələrində qeyd aldığı görüntülərin olduğu 1(bir) ədəd flash card cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzər alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar