Məhkəmə qərarları › İş №1(049)-150/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-150/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-150/2023 30.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:10 xx xxxxxxx 1979-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu ildə hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1və 68.1.3-cü maddələri tətbiq edilməklə 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 68.1.3-cü maddəsinə əsasən cəza müddəti yenidən hesablanaraq 01 il 07 aya endirilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 20 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində, satış məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 0,232 qr, 0,231 qr, 0,317 qr, 0,260 qram, ümumi 1,040 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 15:10-da Lənkəran şəhəri Sabir küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən 4 ədəd bükümdə ümumi 1,040 qram çəkidə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə deyil, istifadəsi ilə məşğuldur. Narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər məhkum olunmuşdur. Hər gün demək olar ki, narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən almışdır. 20 noyabr 2022-ci il tarixdə Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata 4 bükümdə “kakos” adlanan narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə heroin almışdır. Həmin heroini özündə olan elektron tərəzidə çəkib almışdır. Aldığı heroini əynində olan şalvarının sol yan cibində saxlamışdır. Həmin narkotik vasitə heroini almışdır ki, hissə-hissə istifadə etsin. Həmin gün saat təxminən 15 radələrində Lənkəran şəhəri Sabir küçəsi ilə piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitələrin gəzdirməsində şübhəli olduğunu bildirərək, onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və narkotik vasitə olduğu halda təqdim etsin. O, ilk növbədə əynində olan şalvarının sol yan cibində saxladığı 4 ədəd bükümdə “kakos” adlanan narkotik vasitə heroini təqdim etmiş, daha sonra şalvarının həmin cibində saxladığı 1 ədəd elektron tərəzini də təqdim etmişdir. Əynində olan şalvarının sağ yan cibində saxladığı 1 ədəd “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Daha sonra polis əməkdaşı üzərinə şəxsi axtarış keçirtmişdir. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Aşkar olunmuş elektron tərəzi və narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol tərtib edilmiş, o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş, narkotik vasitə heroin və elektron tərəzi ona məxsus olmuş, narkotik vasitəni şəxsi istifadə üçün əldə etmiş, tərəzini isə narkotik vasitə alarkən aldadılmaması üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bildiyini bildirərək, əməlinin CMnin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər-rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 20 noyabr 2022-ci il tarixdə raportla şöbənin rəisinə müraciət etmişdir. 20 noyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən, o Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Sabir küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzini və içərisində 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü, şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,16 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və özünə məxsusdur, heroin bükümlərini Lənkəran şəhərində tanımadığı şəxsdən 4 bükümünü 30 manata alaraq istifadəsi üçün üzərində saxlamış, tərəzinidə narkotik vasitə alan zaman onu aldatmasınlar deyə üzərində saxlamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20 noyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə 1,16 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitəni istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2022-ci il tarixli 19/1189 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd zərfdəki 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,232 qr; -0,231 qr; -0,317 qr; -0,260 qram: ümumi təmiz çəkisi - 1,040 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 1/2 qədər azaldılmış, 01 il 06 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, xx.xx.2010-cu ildə Rusiya Federasiyası Moskva şəhəri Çertanov rayon məhkəməsinin hökmü ilə RF CM-nin 228-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, xx.xx.2012-ci ildə Rusiya Federasiyası Moskva şəhəri Doroqomilov rayon məhkəməsinin hökmü ilə RF CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 161-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, xx.xx.2016-cı ildə Rusiya Federasiyası Domodedov rayon məhkəməsinin hökmü ilə RF CM-nin 30-cu maddəsinin 3cü hissəsi, 322-ci maddəsinin 1-ci hissəsi təqsirli bilinərək 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra 0, xx.xx.2017-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3100 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 44.4-cü maddəsinə əsasən cəzası 2 il islah işləri cəzası ilə əvəz edilmişdir. Bundan sonra o, xx.xx.2019-cu ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-nin 68.1.3-cü maddəsinə əsasən cəza müddəti yenidən hesablanaraq 01 il 07 aya endirilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(049)-249/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Resppublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə, Lənkəran ŞRPŞnin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir Lənkəran Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 4(049)-368/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ümumi çəkisi - 1,040 qram olan heroin və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut qismində tanınaraq iş materiallarında saxlanmışdır. xx.xx.2022-ci tarixli, 963 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,232 qr, 0,231 qr, 0,317 qr, 0,260 qram, ümumi 1,040 qram qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması özünün qismən etirafedici ifadələri (aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olması barədə), həmçinin şahidlərin təsdiqedici ifadələri, ekspertiza rəyləri, maddi sübut, «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları və yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi Narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 4 bükümdə ümumi təmiz çəkisi 0,880 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 4 bükümdə 0,880 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar