Məhkəmə qərarları › İş №1(049)-153/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-153/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-153/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cu il tarixdə Lənkəran rayonu, Veravul kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 27 aprel 2024-cü il tarixdə, gecə saat 22 radələrində Lənkəran rayonu leravul kəndində yerləşən kafenin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməklə zarafatlaşmasına etirazını ifadə etməsindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs başının təpə-ənsə nahiyəsinə qəsdən şüşə bakalla zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid başın ənsə nahiyəsində kəsilmiş yara, təpə nahiyəsində sıyrıq-cızıqdan ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 aprel 2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə birlikdə qonşu Vilvan kəndində həmkəndlilərinin toy məclisində iştirak etmişlər. Toy məclisində o və Bəxtiyar hər ikisi spirtli içki də qəbul etmişlər. Təxminən saat 21 radələrində Bəxtiyarla birlikdə toy məclisindən çıxıb yaşadıqları Veravul kəndinə qayıtmışlar. Varavul kəndinə qayıtdıqdan sonra bir qədər də pivə içib söhbət etmək üçün kəndin mərkəzində yerləşən həmkəndliləri Hənifənin işlətdiyi kafeyə getmişlər. Həmin gecə saat 22 radələrində kafenin həyətində stol arxasında əyləşib pivə içib söhbət etdikləri zaman Bəxtiyarın onunla söyüşlə zarafat etməsi xoşuma gəlməmiş və ona iradını bildirməyə çalışdığında aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı stolun üzərində olan pivə içdiyi şüşə bakalı götürüb onunla Bəxtiyarın başına bir dəfə zərbə vurmuşdur. Vurduğu zərbə nəticəsində Bəxtiyar başından xəsarət alımş və başından qan axmağa başlamışdır. Həmin vaxt kafenin həyətində olan Hənifə hadisəni görüb əyləşdikləri stola yaxınlaşmış və onları sakitləşdirib kənara çəkmişdir. Bundan sonra daha heç nə deməyib kafenin həyətindən çıxıb getmişdir. Bəxtiyarla xx.xx.2024-cü il tarixdə aralarında yaranmış münaqişədən əvvəl münasibətləri həmişə yaxşı olmuş, onunla aralarında hər hansı ziddiyət, ədavət və ya narazılıq olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmiş, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə qonşu Vilvan kəndində həmkəndlilərinin toy məclisində iştirak etmişlər. Toy məclisində o və Valid hər ikisi az miqdarda spirtli içki də qəbul etmişlər. Təxminən saat 21 radələrində Validlə birlikdə toy məclisindən çıxıb Veravul kəndinə qayıtmışlar. Varavul kəndinə qayıtdıqdan sonra kəndin mərkəzi hissəsində yerləşən həmkəndliləri Hənifə adlı şəxsin işlətdiyi kafedə əyləşib bir qədər də pivə içmək qərarına gəlmişlər. Validlə birlikdə Hənifənin kafesinin həyətinə gedib stolların birində əyləşmişlər. Həmin gecə saat 22 radələrində Validlə pivə içib söhbət etdikləri zaman onunla söyüşlə zarafat etməyi xoşuna gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Valid stolun üzərində olan pivə içdiyi şüşə bakalı götürüb onunla baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt kafenin həyətində olan Hənifə hadisəni görüb əyləşdikləri stola yaxınlaşmış və Validi sakitləşdirib kənara çəkmişdir. Validin şüşə bakalla başına zərbə vurması nəticəsində başından xəsarət almış və baş nahiyəsindən qan axmağa başlamışdır. Hənifə onları ayırdıqdan sonra Valid kafenin həyətindən çıxıb getmişdir. İlk olaraq Validin onu vurması barədə şikayət etməmiş, Validin səhfini başa düşüb onu vurması ilə əlaqədar gəlib ondan üzr istəməsini gözləmişdir. Lakin bir neçə gün gözləməyinə baxmayaraq Valid gəlib ondan üzr istəmədiyi üçün 01 may 2024-cü il tarixdə onun tərəfindən döyülməyi barədə polis şöbəsinə ərizə ilə müraciətetmişdir. Təqsirləndirilən şəxs şüşə bakalla baş nahiyəsinə bir zərbə vurmuş və nəticədə baş nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə arasında mübahisə yarandığı və sonuncunun onu vurduğu zaman kafedə ikisindən başqa heç kim qalmamışdır. Hadisə zamanı təkcə kafeni işlədən Hənifə özü orada olmuş və döyülməyinə şahid olmuşdur. Kənardan ora başqa heç kim toplaşmamışdır. Yaranmış münaqişə çox qısa müddətdə təxminən 1 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 13-14-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 02 may 2024-cü il tarixli, 407 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində - başın ensə nahiyəsində kəsilmiş yara, təpə nahiyəsində sıyrıq-cızıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şüşə bakalın kəsici kənarı ilə başın təpə-ənsə nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 56-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 may 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 16 may 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir maddi və mənəvi ziyana dair təzminat istəmir, xahiş edir ki, işə xitam verilsin. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, dəymiş ziyanı tam həcmdə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanı ödədiyini təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar