Məhkəmə qərarları › İş №1(049)-154/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-154/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-154/2025 04.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə tutulmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq xeyli miqdar hesab edilən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1.009 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 23:35-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhərinin Mirmustafaxan küçəsində yerləşən “Qala” şadlıq sarayının yaxınlığında saxlanılaraq üstü yoxlanılan zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə və qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Vaqif küçəsi ev 2/1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir və əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2024-cü ilin dekabr ayında cəza müddəti bitmişdir. Təxminən, 1991-ci ildən narkotik vasitələrdən və psixotrop maddələrdən ineksiya yolu ilə istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. Psixi və ya nevroloji dispanser qeydiyyatında deyildir. xx.xx.2025ci il tarixdə, gündüz saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə, məscidin yaxınlığında olarkən üzdən tanıdığı bir şəxslə söhbət əsnasında həmin şəxs onda narkotik vasitə heroin olduğunu və ona sata biləcəyini demişdir. O, da heroindən istifadə etdiyindən həmin şəxsə 40 manat verib bir bükümdə, təxminən bir qram heroini ondan almış və öz istifadəsi üçün əynində olan şalvarının sol yan cibində saxlamışdır. Bundan sonra, təxminən, saat 23 radələrində Mirmustafaxan küçəsi ilə piyada evinə gedən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz narkotik vasitə gəzdirməsində şübhələri olduğunu, üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləridən biri videokamera ilə onları görüntüyə almış, Sabir adlı polis əməkdaşı isə ona üstündə qanunsuz nə varsa təqdim etməsini təklif etmiş və o da əynində olan şalvarın sol yan cibində saxladığı bir büküm narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümün içində heroin olduğunu, özünə məxsus olduğunu, həmin bükümü Lənkəran şəhəri “Böyük bazar” ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,20 qram olmuşdur. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin inzibati binasına gətirmişlər və orada protokol tərtib edilərək imza edilmişdir. Polis şöbəsində otaqların birində üzərindən aşkarlanmış bir bükümün qoyulduğu zərfə təhqiqatçı Famil adlı şəxs tərəfindən videoçəkiliş vasitəsilə baxış keçirilmiş, sonra protokol tərtib edilmiş və o, protokolla tanış olub imza etmişdir. Təhqiqatçı Famil adlı şəxs tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. O, narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir və həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir və tapan zaman özü istifadə edir. Üzərindən aşkarlanmış heroini əldə etdiyi şəxsin adını, telefon nömrəsini və yaşadığı ünvanı bilmir, həmin şəxs orta boylu, arıq, təxminən, 38 yaşlarında birisi olmuşdur. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı formada təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. Bir müddət əvvəl yıxılaraq omba sümüyünün sınığı xəsarəti almış və uzun müddət yataq xəstəsi olmuşdur. Hazırda da səhhəti yaxşı deyildir və ayaq üstə çətinliklə dayanır. Qeyd etdiyi halları ona cəza təyin edilən zaman nəzərə almağı məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. İş üzrə ittiham tərəfinin şahidi qismində dindirilməsi üçün məhkəməyə dəvət edilmiş Şahid1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda xidməti iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkilidir. xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri Vaqif küçəsi ev 2/1 ünvanında yaşayan, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla şöbənin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 iştirak etmişlər. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müşahidəyə götürülmüş və saat 23:35-də onun Lənkəran şəhəri Mirmustafaxan küçəsində yolun kənarı ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Saxlanılma səbəbi, həmçinin hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunduqdan sonra üstündə axtarış aparılmasına başlanılmış və axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş nə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, “Böyük bazar” ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, həmin vasitə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılmış, zərfin üstü möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra onun özü tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, qanunsuz heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar və orada şəxsi axtarışa dair protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq və təsir olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinə bənzər kütlənin olduğu bir ədəd zərf və şəxsi axtarış aparılmasına dair videogörüntülərin qeydə alındığı bir ədəd CD disk təhqiqatçı Famil Həsənova təqdim edilmişdir. Təhqiqatçı tərəfindən həmin əşyaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş və o öz hüquqlarını müdafiə etməsi üçün həmin siyahıdan vəkil Müdafiəçi seçmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilən bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. İş üzrə şаhid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməliyyat müvəkkilidir. xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri Vaqif küçəsi ev 2/1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1, Şahid3 və Şahid4 iştirak etmişlər. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müşahidəyə götürülmüş və saat 23:35-də onun Lənkəran şəhəri Mirmustafaxan küçəsində yolun kənarı ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Saxlanılma səbəbi, həmçinin hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunduqdan sonra üstündə axtarış aparılmasına başlanılmış və axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş nə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, “Böyük bazar” ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün tanımadığı şəxsdən 40 manata aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, həmin vasitə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılmış, zərfin üstü möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, qanunsuz heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar və orada şəxsi axtarışa dair protokol tərtib edilərək təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinə bənzər kütlənin olduğu bir ədəd zərf və şəxsi axtarış aparılmasına dair videogörüntülərin qeydə alındığı bir ədəd disk təhqiqatçı Famil Həsənova təqdim edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları Şahid3 və Şahid4 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etməklə, məhkəmə iclasında Şahid2 ifadəsinin məzmununa uyğun ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili Şahid1 həmin şöbənin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan və regional şöbənin rəisinin xx.xx.2025-ci il tarixli 1/Ə68/25 nömrəli əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə edib üzərində saxlaması və istifadəsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Şahid1 (qrupun rəhbəri), Şahid2, Şahid3 və Şahid4 (qrupun üzvləri) daxil edilmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda qeyd edilmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq Lənkəran şəhəri Vaqif küçəsi ev 2/1 ünvanında yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməklə onun yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə zəruri qabaqlayıcı tədbirlər görülmədiyi halda, Təqsirləndirilən şəxs tərəfindən özündə saxladığı narkotik vasitənin qısa müddət ərzində realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı olduğuna görə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə, hakimin qərarı olmadan qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra polis orqanına gətirilərək üzərində şəxsi axtarış aparılması, zərurət olduqda, ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda, mövcud şəraitdən asılı olaraq "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə, qanunvericiliyə uyğun şəkildə tədbirlərin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD-R diskdən, “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan, həmin tarixli protokoldan və ona əlavə edilmiş DVD-R diskdən görünür ki, qeyd olunan tarixdə saat 23:35-dən başlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynində olan şalvarın sol cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək bükümdə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni Lənkəran şəhərinin “Böyük bazar” adlı ərazisində tanımadığı şəxsdən 40 manata aldığını demişdir. Bükümün içərisində heroinə bənzər maddə olduğu aşkar edilərək həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 1.20 qram olduğu müəyyən edilmişdir. Həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək üzərinə imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərində 26 manat pul, qapı açarları, bir ədəd alışqan, bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Mobil telefon götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili Şahid1 həmin şöbənin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli digər raportunda Təqsirləndirilən şəxs həmin gün saat 23:35 radələrində Lənkəran şəhəri ərazisində piyada hərəkətdə olan zaman saxlanıldığı, şəxsi axtarış aparılarkən üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X1 regional bölməsinin xx.xx.2025-ci il tarixli 19/261 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə..." sözləri və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 1.009 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqat obyektinin 0.05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0.959 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir). İş materiallarına əlavə edilmiş, şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:35-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq adı çəkilən şöbəyə gətirilmiş və həmin gün saat 02:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş, Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin baş müstəntiqi Asəf Məmmədovun xx.xx.2025-ci il tarixli qərarından və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmadan azad edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, müvafiq protokol əsasında iş üzrə maddi sübut qismində götürülmüş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon müstəntiq tərəfindən təqsirləndirilən şəxsin özünə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 358 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 515 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş “Lənkəran rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ixtisaslı həkim tərəfindən müayinə olunduqda ona “S72 Sol bud sümüyünün sınığı” diaqnozu qoyulmaqla yataq şəraitində müalicə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən, Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Lənkəran şəhər-rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Əlvan Məstiyevin sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatları zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0.959 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, şəxsi axtarış və əşyaya baxış zamanı videoçəkiliş aparılmasına dair iki ədəd DVD-R disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xx-xx/1125 nömrəli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Teymurov X2 şəhəri Vaqif küçəsi ev 2/1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, xüsusilə də səhhətinin hazırki vəziyyətinə maddi, mənəvi və fiziki cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-dan xx.xx.2025-ci il tarixdə saat 18:10dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət 2 gün kimi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olduğu nəzərə alınmalıdır İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.959 qram çəkidə narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd, təqdim edilmiş əşyaya baxış keçirilən zaman video çəkiliş aparılmasına dair bir ədəd - cəmi iki ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-dan xx.xx.2025-ci il tarixdə saat 18:10dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan Lənkəran şəhəri Vaqif küçəsi ev 2/1 ünvanında yaşadığı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.959 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd, təqdim edilmiş əşyaya baxış keçirilən zaman video çəkiliş aparılmasına dair bir ədəd - cəmi iki ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar