Məhkəmə qərarları › İş №1(049)-155/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-155/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-155/2024 02.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 17:15 xx xxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)- 88/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaq yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 05 fevral 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi -0,668 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 05 fevral 2024-cü il tarixdə, saat 18 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 18:00 dəqiqədə Lənkəran şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki tünd göy rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq edib, ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır .O, psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi metamfetamini Lənkəran şəhərində yerləşən "Böyük bazar" adlnan ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 05 fevral 2024-cü il tarixdə, saat 10 radələrində özü istifadə etmək üçün metamfetamin almaq məqsədilə yaşadığı evdən çıxıb piyada "Böyük bazar" adlnan əraziyə getmiş və bazarın yaxınlığında dayanıb ona həmişə metamfetamin satan şəxsi gözləməyə başlamışdır. Təxminən 10 dəqiqədən sonra həmin şəxsin piyada ona tərəf gəldiyini görmüş və o, həmin şəxslə salamlaşıb görüşmüşdür. Sonra isə həmin şəxsə 10 manat pul verərək, ondan bir bükümdə metamfetamin almış və əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibində gizlətmişdir. Sonra isə piyada yaşadığı evə qayıtmışdır. Həmin gün saat 18 radələrində üzərində olan metamfetamindən istifadə etmək üçün piyada gəzərək münasib yer axtardığı zaman Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları onu H.Əliyev prospektində saxlayaraq polis şöbəsinə aparmışlar. Sonra isə polis işçiləri onu Lənkəran ŞRPŞ-nin binasında yerləşən bir otağa aparmışlar. O, müdafiəçi ilə təmin olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin otaqda polis işçisi, vəkillərin siyahısını ona təqdim etmiş və özünün seçdiyi vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra, polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir. Ona üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. O da əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibində gizlətdiyi içərisində metamfetamin olan bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra isə həmin gödəkçəsinin sağ yan cibindən "Jinga" markalı mobil telefonunu və bir ədəd ev açarını çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçisi, həmin bükülünün içərisində nə olduğunu ondan soruşmuşdur.O da həmin bir ədəd bükülünün içərisində metamfetamin olduğunu və həmin metamfetamini özü istifadə etmək üçün 05 fevral 2024-cü il tarixdə,səhər saatlarında Lənkəran şəhərində yerləşən "Böyük bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, ondan üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. O da təqdim etdiyi həmin 1 bükümdə olan metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış, təqdim etdiyi 1 bükümdə olan metamfetamindən başqa üzərindən heç nə aşkar olunmamışdır. İçərisində metamfetamin olan 1 ədəd bükülü elektron tərəzidə çəkilmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,75 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi, içərisində metamfetamin olan 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur. Sonda tərtib edilmiş protokolu o da daxil olmaqla digər iştirakçılar imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnikleytenantı rütbəsindədir. 2024-cü ilin fevral ayının əvvəllərindən etibarən onun icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bu barədə tərəfindən 05 fevral 2024-cü il tarixdə Lənkəran şəhər-rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında, ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə, saat 18:00 dəqiqədə Lənkəran şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılaraq, ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs baş təhqiqatçı, polis mayoru Mahir Şahbazbəylinin xidməti otağına aparmışlar. Mahir Şahbazbəyli tərəfindən, onun, Şahid2, Şahid3 və Lənkəran rayon Vəkil bürosunun vəkili İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Mahir Şahbazbəyli tərəfindən üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Mahir Şahbazbəyli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Baş təhqiqatçı X4 Vəliyevə üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu, bir ədəd ev açarını və sol cibindən bir ədəd sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükülünün içərisində “şüşə” deyilən metamfetamin olduğunu bildirmişdir. Həmin bir ədəd bükülü açıldıqda onun içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Metamfetaminə bənzər kütlə olan 1 ədəd bükülü elektron tərəzidə çəkilmiş və elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,75 qram olduğu görünmüşdür. Bundan sonra, Mahir Şahbazbəyli içərisində metamfetaminə bənzər kütlə olan 1 ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə DİN-nin 135 nömrəli möhürünü vurmuşdur. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 05 fevral 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da saxlanılmış, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. 05 fevral 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman aparılmış Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional bölməsinin 06 fevral 2024-cü il tarixli, 19/111 nömrəli rəyindən görünür ki; -tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə metamfetaminə bənzər kütlə........" sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,668 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli, 296 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi 3-17-1/2-72498 nömrəli arayışına əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 10 fevral 2024-cü il tarixli, 177 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Amil Abdinovun 08 aprel 2024-cü il tarixli raportundan görünür ki, tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,668 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir.Təqsirləndirilən şəxs mütəmadi olaraq və 05 fevral 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə 10 manat müqabilində 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,668 qram psixotrop maddə olan metamfetamin satmış arıq bədən quruluşlu, qarabuğdayı, boyu 160-165 sm, 40-50 yaşlarında olan naməlum şəxsin kimliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Şirvan şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixli Saylan rayon məhkəməsinin qərarı ilə 05 ay 04 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2015-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa, Astara rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-88/2024 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin 26 aprel 2024-cü il tarixli,26 PX0016250/2024 nömrəli məktubundan görünür ki,Vəliyev X2 rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli,1(049)-88/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatına 17 aprel 2024cü il tarixdə daxil olmuş və cəzası 25 aprel 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixədək ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01(bir) gününü çəkmiş, 02 (iki) il 11 (on bir) ay 25 (iyirmi beş) gün çəkilməmiş cəzası qalmışdır. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli, 307 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da utmadan azad edilmərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi:-0,668 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 0,618 qram çəkidə psixotrop maddə olan metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Vəliyev X2 şəhəri, H.Əliyev prospekti ev 3, mənzil 4 ünvanında qeydiyyatda olmaqla qardaşı xx.xx.1971-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİİ qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti xx.xx.2024cü il tarixdə, yəni Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-88/2024 nömrəli hökmü çıxarılmazdan 1 ay əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-88/2024 nömrəli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 07 fevral 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,618 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)- 88/2024 nömrəli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 07 fevral 2024-cü il tarixədək 3 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 0.618 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar