Məhkəmə qərarları › İş №1(049)-155/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-155/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-155/2025 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 avqust 1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2025-ci ilin aprel ayının 19-da Lənkəran şəhəri, “Bazar” adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi-0,399 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 20 aprel 2025-ci il tarixdə, saat 01:50-də Lənkəran şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq şəxsiyyətini müəyyənləşdirməkdən ötrü Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra şöbənin növbətçi hissəsində üstü yoxlanılarkən 0,399 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynindəki gödəkcənin sol yan cibindən sellofana bükülmüş halda aşkar edilərək эютцрцлмцшдцр. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Evlidir və himayəsində bir azyaşlı övladı vardır. Rəsmi olaraq heç yerdə işləmir. Bir neçə ki, psixotrop maddə metamfetamini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il də cəza müddəti başa çatmışdır. xx.xx.2025ci il tarixdə gündüz saatlarında Lənkəran şəhər “Böyük bazar” adlanan ərazidə olarkən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata bir ədəd bükümdə şəxsi istifadəsi üçün metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün gecə vaxtı saat 01 radələrində şəhərin 20 Yanvar küçəsində qohumu Şahid3 ilə birlikdə piyada gəzərkən mülki geyimdə bir neçə polis əməkdaşı onlara yaxınlaşmışdır. Onlara özlərini təqdim etdikdən sonra şəxsiyyətlərini müəyyən etməkdən ötrü onu və Şahid3 polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olmuşdur. Ona görə də çox narahat olmuşdur. Polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşib polis şöbəsinə gələrkən yolda polis əməkdaşlarından biri Şahid3 tanımış və onunla şifahi sorğu-sual etməyə başlamışdır. Həmin vaxt Şahid3 ona üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin növbətçi hissəsində şəxsiyyətlərini müəyyən etdikdən sonra polis əməkdaşları tərəfindən videoçəkiliş ilə üstləri yoxlanılmışdır. Polis əməkdaşı ona öncə üzərində qanunla qadağan edilmiş əşya və predmet olduğu halda təqdim etməsini təklif etdikdən sonra o da əynində olan gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd bükümdə metamfetamini təqdim etmişdir. Onunla sorğu-sual edildikdə bükümün içərisində metamfetamin olduğunu və 20 manata bazar ərazisindən tanımadığı şəxsdən alaraq üzərində saxladığını bildirmişdir. Sonra üstünə baxış keçirdikdə şalvarının sağ cibindən olan özünə məxsus mobil telefonu sol cibində özünə məxsus 11 manat pulu aşkar edilmişdir. Təqdim etdiyi bükümə baxış keçirdikdə, bükümün içərisində metamfetamin aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,45 qram olmuşdur. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək üzərinə imzalar qoyulmuşdur. Mobil telefonu götürlüsə də 11 manat pulu isə özünə qaytarılmışdır. Onunla büküm barədə şifahi soğru sual edildikdə, polis əməkdaşlarına üzərində aşkar olunmuş bükümün içərisində olan metamfetamin ona məxsus olduğunu, 20 manata “böyük bazar” ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən alaraq əldə etdiyini bildirmişdir. Sonra bu barədə protokol tərtib edilərək protokol ona və iştirakçılara oxunaraq imzalarla təsdiq etmişlər. Sonra o, təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən videoçəkiliş ilə ondan aşkar edilmiş metmafetaminin olduğu zərfə və içərisində üstünü yoxlanılan zaman aparılmış videçəkilişin görüntüləri olan DVD diskə baxış keçirmişdir. Həmin keçirilən baxış zamanı təhqiqatçıya da üzərindən aşkar olunmuş metamfetamin ona məxsus olduğunu və tanımadığı şəxsdən 20 manat alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Təhqiqatçı tərəfindən baxış protokolu tərtib edildikdən sonra protokolu oxuyub imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq vəkillə təmin edilmiş və ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. O, həmin metafetamini bədənində ağrıları olduğundan özü istifadə etməkdən ötrü üzərində saxlamışdır. Əldə etdiyi metafetamindən heç kəsə satmamış və heç kəsədə istiafdə etmək üçün verməmişdir. Polis əməkdaşları tərəfindən ona və Şahid3 qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almaqla “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Lənkəran şəhəri ərazisində baş verə biləcək oğurluqların və digər cinayətlərin qarşısının alınması məqsədi ilə polis şöbəsinin müvafiq əmri ilə təşkil olunmuş gecə gəzintisinə cəlb edilmişdir. Gecə gəzinti qrupuna ondan başqa əməliyyat müvəkkili, Şahid2 və ŞRPŞ-nin PPXB-nin polis nəfərləri İsmayıl Abbasov, Şahid5, Şahid4 cəlb edimişdir. xx.xx.2025-ci il tarixdə saat 01:50 də birlikdə xidmətdə olduqları zaman Lənkəran şəhəri, 20 Yanvar küçəsində xidmət olarkən iki nəfər şəxs onları görüb istiqamətlərini dəyişib iti addımlarla yeriməyə başlamışlar. Həmin şəxslərin bu hərəkətləri onlarda şübhə yaratmışdır. Bu səbəbdən onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla sorğu-sual edən zaman özlərini daha da şübhəli aparması səbəbindən şəxsiyyətlərini müəyyən edilməsindən ötrü hər iki şəxs tərəflərindən Lənkəran ŞRPŞ-yə dəvət olunmuşdur. Polis şöbəsinə gələrkən avtomobildə əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin şəxslərdən birini tanımış və həmin şəxsin Lənkəran ŞRPŞ-nin İBdə barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi olan Lənkəran şəhər sakini Şahid3 olması müəyyən edilmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən Şahid3 hansı səbəbdən özlərini şübhəli apardıqları şifahi sual verilən zaman Şahid3 ona üzərində psixotrop maddə olan metamfetamin olması səbəbindən, onu tanıdığı üçün oradan qaçaraq uzaqlaşmaq istədiyini bildirmişdir. Polis şöbəsinə gəldikən sonra həmin şəxslərin Lənkəran şəhər sakinləri xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və Lənkəran şəhər sakini xx.xx.1985-ci il təvəllüdlü Şahid3 olması müəyyən edilmişdir. Daha sonra tərəfindən həmin şəxslərin üstünün yoxlanılmasından ötrü raportla şöbə rəisinə məruzə etimşdir. xx.xx.2025-ci il tarixdə, saat 02:01-də tərəfindən Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsində polis nəfəri İsmayıl Abbasov tərəfindən aparılan videoçəkilişlə həmin şəxslərin üstü yoxlanılmışdır. Həmn şəxslərin üstü yoxlanılmazdan öncə onlara hüquq və vəzifələri izah edildikdən sonra üstlərinin yoxlanılacağı, üstlərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, maddə olduqları təqdirdə könüllü təqdim etmələrini bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs İbrahim oğlunun üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara dəri gödəkçənin sol yan cibindən bir büküm çıxardıb təqdim etmişdir. Həmin büküm barədə ondan soruşduqda, bükümün içərisində metamfetamin olduğunu və 20 manata “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün alaraq əldə etidiyini bildirmişdir. Sonra tərəfindən onun üstü yoxlanılarkən, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefon, şalvarın sol yan cibindən 11 manat pul aşkar etmişdir. Mobil telefon götürülsə də 11 manat pul onun özünə qaytarılmışdır. Tərəfindən həmin bükümə baxış keçirildikdə bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükmün çəkisi 0,45 qram olmuşdur. Tərəfindən həmin 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdikləri əşyalardan başqa onda hər hansı bir maddə, predmet aşkar olunmamışdır. Tərtib edilmiş protokol tərtib olunaraq iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü, üzərindən aşkar edilərək götürülmüş əşya və predmetlə birlikdə şöbənin Təhqiqat bölməsinin baş təhqiatçısı Mahir Şahbazbəyliyə təqdim edilimşdir. Sonra onların iştirakı ilə təhqiqatçı Mahir Şahbazov tərəfindən vodeo çəkiliş ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddənin olduğu zərfə, üstünün yoxlanılması zamanı aparılmış video görüntü olan DVD diskə baxış keçirdikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin özünə məxsus olduğunu və tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən tərtib edilmiş protokol onlara oxunmuş, iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən protokol imza edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni nə vaxt, harada və kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş digər şahidlər – Şahid2 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə baxışında dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, 19 aprel 2025-ci il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin ad soyadını bilmədiyi şəxsdən 25 manata 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. 20 aprel 2025-ci il tarixdə saat 01:50 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsində qohumu olan Elçin Ağazadə ilə birlikdə piyada hərəkətdə olan zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və şəxsiyyətini müəyyən etmək üçün onları Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Onlara yaxınlaşan zaman üzərində psixotrop maddə olan metamfetamin olduğu üçün o, oradan uzaqlaşmaq istəmiş, lakin onlar artıq onlara yaxınlaşdıqları üçün bu fikirdən vaz keçmişdir. Daha sonra onlar ikisi də xidməti avtomobillərinə minmişlər. Həmin polis işçilərindən birini tanımış və onun ilk işində iştirak etmiş əməliyyat müvəkkili imiş. Belə ki, onunla avtomobildə olan zaman sorğu-sual etmiş və hansı səbəbdən özünü şübhəli apardığını soruşmuşdur. O da məcbur qalıb etiraf etmişdir ki, üzərində psixotrop maddə olan metamfetamin vardır. Daha sonra şöbənin Növbətçi hissəsində üstülərini yoxlamışlar. Əvvəl Elçinə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasını bildirildikə, o, 1 bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Daha sonra ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuşdur. O da əynində olan şalvarın sol cibindən 1 ədəd psixotrop maddə olan metamfetamin bükümü təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Elçin Ağazadənin üzərində aşkar olunmuş metamfetaminin çəkisi 0,45 qram olmuşdur. Elçin Ağazadə həmin vaxt üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, onu tanımadığı şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi metamfetamin bükümü elektron tərəzidə çəkilmiş, çəkisi 0.43 qram olmuşdur. Onlardan aşkar edilmiş metamfetamin bükümləri ayrıayrı zərflərə qoyularaq qablaşdırılmışdır. O və qohumu Elçin Ağazadə polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra onlara qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Elçin Ağazadənin üzərində metamfetamin olmasından qabaqcadan xəbəri olmamışdır. X3 də onun üzərində metamfetamin olmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması protokolundan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə saat 02:01-də Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkli polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanılarkən, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibində 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardıb təqdim edərək bükümün içərisində olan maddənin metamfetamin olduğunu və özünə məxsus olmasını təsdiq edir. Məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2025-ci il tarixli 19/162 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir büküm psixotrop maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,399 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2025-ci il tarixli, 222 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmasına məsləhət görülür. Lənkəran şəhər Psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixatriya xəstəxanasında qeydiyyata olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Elçin Ağacanazadə hazırda ittiham olunduğu cinayəti törədərkən mənkumluğu ödənilmişdir. Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:47-də tutmadan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:07-də tutmadan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Nizami küçəsi, ev 49-da arvadı X1 və uşağı – xx.xx.2023-cü il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd kağız paketdə çəkisi 0.399 qram olan psixotrop maddə metamfetamin, və şübhəli şəxsin üstünün yoxlanılması zamanı və təqdim edilən əşyaya baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin görüntüləri olan 2 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.349 qram çəkidə olan psixotrop maddə metamfetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, 1(049)-155/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Qeyd olunur ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) 1 (bir) nəfər yetkinlik yaşına çatmayan – xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaq vardır. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16 və 5.1-ci bəndlərinin, eləcə də, qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinə Cinayət- Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməli və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd kağız paketdə çəkisi 0.349 qram çəkidə psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videoçəkilişin görüntüləri olan 2 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Cinayət- Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd kağız paketdə 0.349 qram çəkidə psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar