Məhkəmə qərarları › İş №1(049)-157/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-157/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-157/2023 21.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 10:25 xx xxxxx 1973-cü ildə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumuluğu olmayan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 49-da qeydiyyatda olmaqla ünvan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin dekabr ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq üç ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram, 0,221 qram, 0,226 qram, ümumi təmiz çəkisi 0,666 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ünvanı ünvan 2 şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə olan narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən isə bir ədəd, işlək vəziyyətdə, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək arvadı, oğlu və gəlini ilə birlikdə ünvan 3-də yaşamışdır. 1998-ci ildə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün məhkum edilmişdir. Uzun müddət narkotikdən istifadə etməsə də, bədənində yaranmış ağrılar səbəbindən son bir ildir ki, narkotik vasitə heroindən zərdə yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. Metal materiallar toplayıb satmaqla ailəsinin dolandırır. 09 dekabr 2022-ci il tarixdə, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində metal toplayan zaman üç nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirib ona polis şöbəsinə dəvət etmişlər. O, səbəbini soruşduqda polis şöbəsində aydınlıq gətiriləcəyi bildirilmiş, o da polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə getmişdir. Polis şöbəsində polis əməkdaşları ona ya törədilmiş və gizli qalan oğurluq, ya da narkotiklə bağlı cinayəti öz üzərinə götürməli olduğunu bildirmişlər. O, nə oğurluq, nə də narkotiklə bağlı cinayət törətmədiyini və üzərinə heç bir cinayəti götürməyəcəyini bildirdikdə, polis işçiləri onu döymüşlər. O da təkrar döyülməkdən ehtiyat etdiyi üçün polis şöbəsinə gətirilərkən üzərində narkotik vasitə və elektron tərəzi olmadığı halda, videoçəkilişlə aparılmış şəxsi axtarış aşkar edilmiş narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, uzun illərdən bəri narkotik istifadəçisi olsa da, şəxsi axtarış zamanı üzərindən çıxmış heroin və elektron tərəzi ona məxsus deyil. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilmədiyini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri Hənifə Abdullayev küçəsi ev 11, mənzil 91-də həyat yoldaşı, 20 yaşlı oğlu və gəlini ilə birlikdə yaşayır. Fəhləliklə məşğul olub ailəsini dolandırır. 1998-ci ildə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün məhkum edilmişdir. Həmin zamandan bəri narkotik vasitələrdən istifadə edir. 8 il bundan əvvəl isə narkotik vasitə qəbul etməyi dayandırmışdır. Lakin son bir ildir ki, yenidən istifadə etməyə başlamışdır. Narkotik vasitə heroini tüstüsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitəni Lənkəran şəhəri mərkəzi bazar ərazisində adını bilmədiyi şəxslərdən alır. Elektron tərəzini isə, təxminən, 1 ay bundan əvvəl Lənkəran şəhəri mərkəzi bazar ərazisində almışdır, məqsədi narkotik vasitə alan zaman onu çəkib dəqiq çəkisini bilmək və satıcılar tərəfindən aldadılmamaq olmuşdur. 09 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri mərkəzi bazarına gedib əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən öz istifadəsi üçün 03 ədəd bükümdə narkotik vasitə heroin alaraq elektron tərəzidə çəkəndən sonra bükümləri balaca sellofanın içərisinə qoyub əynində olan şalvarın sağ yan cibinə, elektron tərzini isə sol yan cibinə qoymuşdur. Bundan sonra isə işlərini görmüşdür. Təxminən, bir saat sonra, saat 16 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində olan zaman tanımadığı üç şəxs ona ona yaxınlaşmışdır. Həmin şəxslərdən kim olduqlarını soruşmuş, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitə qəbul etməyi və üzərində gəzdirməyi ilə bağlı məlumatlar olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi üçün həmin şəxslərlə birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O, yayınmağı düşünmüş, lakin həmin şəxslər çox olduqlarından yayına bilməyəcəyini anlamış və həmin şəxslərlə razılaşıb polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələnə qədər nəqliyyat vasitəsində olarkən polis əməkdaşları onu hərtərəfli nəzarətdə saxlamışdır, bu səbəbdən də üzərində olan bükümləri harasa atmaq, yaxud hardasa gizlətmək şansı olmamışdır. İnzibati binada onu otaqların birinə aparmışlar, Coşqun adlı polis ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün tərəfindən ona təqdim edilən siyahıdan seçdiyi müdafiəçini – X1 dəvət etmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Coşqun adlı polis əməkdaşı ondan üzərində hər hansı bir qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibində olan 3 ədəd sellofan büküm, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümlərdə nə olduğunu soruşmuş, o heroin olduğunu, şəxsi istifadəsi üçün 15 manat qarşılığında Lənkəran şəhəri mərkəzi bazar ərazisində aldığını, elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində saxladığını demişdir. Bundan sonra üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, nəticədə hər hansı qanunsuz predmet aşkar edilməmiş, aşkar edilmiş pullar da ona qaytarılmışdır. Coşqun onun üzərindən çıxan üç ədəd bükümü öz elektron tərəzisində çəkmiş və bükümlərin ümumi çəkisi 0,74 qram olmuşdur. Coşqun həmin bükümlər və elektron tərəzini qablaşdırmış, üzərində müdafiəçisi və o imza etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. İcraatına Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 49-da qeydiyyatda olmaqla Lənkəran şəhəri, H.Abdullayev küçəsi ev 11, mənzil 91-də yaşayan Abbaşov Daşdəmir Vahab oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları realizə edilməsi üçün əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun rəhbəri o, üzvləri isə əməliyyat müvəkkiləri olan Şahid2 və Mahir Tahirli olmuşdur. Onun göstərişi ilə 09 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Lənkəran şəhərinə çıxıb müşahidələr aparmış və Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuşdur. Sonuncunun hərəkətlərini müşahidə edəndən sonra ona yaxınlaşmaq qərarına gəlmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Sonuncuya barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı onlarda məlumat olduğunu bildirmişlər. Bunu eşidəndən sonra Təqsirləndirilən şəxs həyəcanlanmağa başlamış, müxtəlif bəhanələr gətirərək getmək istəmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri onlarda olan şübhələri daha da artırmışdır. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Lənkəran şəhər-rayon polis şöbəsinə gələnədək və şöbəyə gələndən sonra üzərində şəxsi axtarış aparılanadək onların nəzarəti altında olmuş, üzərində olan hər hansı bir qanunsuz əşyanı atmaq ehtimalı olmamışdır. Saxlanılan şəxs polis şöbəsinə gətiriləndən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşayiəti ilə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təhqiqatçı şəxsi axtarış apararkən videoçəkilişin aparılması Mahir Tahirliyə tapşırılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı halda, onu təqdim etməsini təklif etmişdir. Sonuncu əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan 3 ədəd büküm, şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən iş üçün əhəmiyyətə malik olan hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi soruğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Elektron tərəzini üzərində gəzdirməyində məqsəd isə narkotik vasitə alan zaman aldadılmamaqdır. Sonda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ilə bütün istintaq hərəkəti iştirakçıları tanış olmuş və protokol onlar tərəfindən imzalanmışdır. Keçirilmiş ilkin və sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur və bu yolla narkotik vasitə almaq üçün maddi vəsait əldə edir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 09 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində ilkin çəkisi 0,74 qram olan 3 ədəd büküm, həmin cins şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və elektorn tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 19/1258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram, 0,221 qram, 0,226 qram, ümumi təmiz çəkisi 0,666 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə görə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heoin iz şəkilli olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat ( eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli 104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN yanında DSMF-nin təqdim etdiyi 154- 2154-1123 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında 1998-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abbasov X3 rayon Xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 226-1 maddəsi ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu yoxdur. Lənkəran Rayon Məhkəməsinin 11 dekabr 2022-ci il tarixli, 4(049)-397/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında 10 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3 (üç) ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram, 0,221 qram, 0,226 qram, ümumi təmiz çəkisi 0,666 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,546 qram qalığı, işlək vəziyyətdə olan bir ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,546 qram qalığı, işlək vəziyyətdə olan bir ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə iş materiallarında saxlanmışdır. Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən 125c- 23 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. xx.xx.2022-ci tarixli, 1328 nömrəli arayışdan görünür ki, Abbasov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1285 №-li arayış və xasiyyətnamədən görünür ki, Abbasov X3 şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 49-da qeydiyyatda olmaqla ünvan 3 ünvanında arvadı X7 və X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə və elektron tərəzi olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək, üzərinə narkotik vasitə və elektron tərəzi qoyulması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolu və videogörüntüləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülməsi ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən 125c-23 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik və elektron tərəzinin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldadılmaması üçün üzərində gəzdirdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, cəzanı yüngülləşdirən hallarının mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 09 dekabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 1998-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 3 ədəd bükümdə 0,546 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanmışdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 1998-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 3 ədəd bükümdə 0,546 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar