Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-157/2025 05.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, hazırki cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 19 iyul 2025-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,783 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 20 iyul 2025-ci il tarixdə, gecə saat 00:55 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində yolun kənarı ilə piyada hərəkətdə olarkən saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılarkən xeyli miqdarda olan həmin bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin əynində olan şalvarının sağ yan cibində aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran şəhəri, Səttərxan küçəsi, ev 1-də qediyyatda olmaqla Lənkəran şəhəri, T.Abdullayev küçəsi, ev 1-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evlidir, himayəsində 12 və 14 yaşda iki azyaşlı uşağı vardır. Əvvəllər bir dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 01 noyabr 2023-cü ildə azadlığa çıxmışdır. 19 iyul 2025ci il tarixdə, saat təxminən 22 radələrində Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində, Böyük Bazar məscidinin yaxınlığında üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsə yaxınlaşıb kiməsə oxşatdığını bildirmişdir. Həmin şəxslə bir qədər söhbət edib metamfetamin istifadə etdiyini bildirmişdir. Söhbət əsnasında həmin şəxsdən metamfetamini olub-olmadığını soruşmuş və həmin şəxs ona 15 manata bir büküm psixotrop maddə metamfetamin satmışdır. Həmin metamfetamini istifadə etmək üçün alıb əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra sağollaşıb uzaqlaşmışdır. Həmin gün, saat 01 radələrində, Lənkəran şəhəri Paşa Təhməzov küçəsi ilə tək piyada hərəkətdə olarkən xarici markalı bir avtomobil yanında dayanmış və avtomobildən dərhal mülki geyimli şəxslər düşərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Başa düşmüşdür ki, polislər üzərində narkotik maddə olduğunu bilirlər. Polis əməkdaşları ona narkotik vasitə daşımağında şübhəli olduğunu bildirib üstünü yoxlamışlar. Ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmamasını, varsa təqdim etməsi soruşulmuş, bu təklifdən sonra əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə metamfetamini, 1 ədəd açarı, şalvarının sol yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, şalvarının arxa cibindən içərisində ona məxsus işıq kartı, içərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan 1 ədəd Sobranie markalı siqaret qutusunu və əlində olan Samsung markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,18 qram olmuşdur. Büküm tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Polis əməkdaşlarına həmin psixotrop maddəni 2-3 saat bundan qabaq Lənkəran şəhərinin Böyük bazar adlanan ərazisində üzdən tanıdığı şəxsdən 15 manata almışdır. Daha sonra üzərində aşkarlanmış 1 büküm psixotrop maddə metamfetamin, mobil telefon və şəxsiyyət vəsiqəsi polislər tərəfindən götürülmüş, açar, Prima markalı siqaret, alışqan, işıq və bank kartları ona geri qaytarılmışdır. Sonra onu Lənkəran ŞRPŞnə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və oxuduqdan sonra imzalamışdır. Daha sonra otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, həmçinin təqdim olunan əşyaya baxış keçirilmişdir. Bundan sonra ona müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Özü metamfetamin istifadəçisidir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsusdur və istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul deyil. Üzərindən aşkar edilmiş metamfetamini istifadə etmək məqsədilə əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Psixotrop maddə ona məxsusdur. Polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə, saat təxminən 22 radələrində Lənkəran şəhərinin Böyük Bazar adlanan hissəsində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 15 manata almışdır. Həmin şəxs 35-40 yaşlı, ortaboylu, qarabuğdayı, arıq kişi olmuş, əynində qara rəngdə şalvar və qara rəngdə qısaqol köynək olmuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bildiyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almaqla barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ilə müraciət edərək Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair 1(049)- 203/2025 nömrəli cinayət işi üzrə özünü təqsirli bildiyini, Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında qərarının təsir dairəsinə düşdüyünün nəzərə alınmaqla cinayət işinin icraatına amnistiyanın qərarının tətbiq edilməklə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkli vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. 20 iyul 2025-ci il tarixdə icraatına Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 132-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı etimad doğuran, məlum və qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və digər zəruri tədbirlərin görülməsi üçün əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi üçün raportla rəhbərliyə müraciət edib icazə almış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və onun rəhbərliyi ilə qrup üzvləri Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib idarə etdiyi Hyundai elantra markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib 20 iyul 2025-ci il tarixdə, saat 00:55 radələrində Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində tək piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə gəzdirməsində şübhələr olduğundan tərəflərindən saxlanıldığı izah edilmiş və üstünün yoxlanılmasının zəruri olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üstündə qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə metamfetaminə bənzər kütləni, 1 ədəd açarı, şalvarının sol yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, şalvarının arxa cibindən içərisində işıq kartı, bank kartları və şəxsiyyət vəsiqəsi olan 1 ədəd Sobranie markalı siqaret qutusunu və əlində olan Samsung markalı mobil telefonu təqdim edib sellofan bükümün içərisində metamfetamin olduğunu, 2-3 saat qabaq Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində üzdən tanıdığı şəxsdən istifadə etmək məqsədilə 15 manata aldığını bildirmişdir. Həmin bir ədəd sellofan kəsiyi bükümünə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması aşkar edilmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.18 qram olmuşdur. Həmin büküm ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzərində qeydlər aparılaraq imzalanmış və üstü möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxdıqda üstündə başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd büküm, şəxsiyyət vəsiqəsi və mobil telefonu götürülmüş, qalan əşyalar isə özünə geri qaytarılmışdır. Şübhəli şəxsin üstünün yoxlanılması videoçəkilişdən istifadə edilməklə aparılmış, videoçəkiliş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və ondan götürülərək qablaşdırılmış psixotrop maddə metamfetamini Lənkəran ŞRPŞ-nə gətirmiş və göstərilənlərlə bağlı protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və ondan götürülərək qablaşdırılmış kütlə təhqiqatçıya təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs götürülərək qablaşdırılmış əşyaya videoçəkilişlə baxış keçirildikdən sonra protokol tərtib olunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs istifadə etmək məqsədilə psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə baxışında dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə edib üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatı yoxlanılması və icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna o da daxil olmuşdum. Təqsirləndirilən şəxs ilə heç bir qərəzli münasibətləri də olmayıb. Onlar birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib Şahid1 idarə etdiyi Hyundai elantra markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib 20 iyul 2025-ci il tarixdə, saat 00:55 radələrində Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində tək piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə gəzdirməsində şübhələr olduğundan onlar tərəfindən saxlanıldığı izah edildi və üstünün yoxlanılmasının zəruri olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üstündə qanunsuz əşya və maddə varsa, təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə metamfetaminə bənzər kütləni, 1 ədəd açarı, şalvarının sol yan cibindən 1 ədəd "Prima" markalı siqaret qutusunu, 1 ədəd alışqanı, şalvarının arxa cibindən içərisində işıq kartı, bank kartları və şəxsiyyət vəsiqəsi olan 1 ədəd Sobranie markalı siqaret qutusunu və əlində olan Samsung markalı mobil telefonu təqdim edib sellofan bükümün içərisində metamfetamin olduğunu, 2-3 saat qabaq Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində üzdən tanıdığı şəxsdən istifadə etmək məqsədilə aldığını bildirmişdir. Onlar tərəfindən həmin bir ədəd sellofan kəsiyi bükümünə baxış keçirildikdə içərisində metamfetaminə bənzər kütlə olduğu aşkar edilmiş, büküm elektron tərəzi ilə çəkildikdə 1.18 qram olması müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsi də mahiyyətçə Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 20 iyul 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:55 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində piyada hərəkət etdiyi zaman saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, sol yan cibindən 1 ədəd Prima markalı siqaret qutusunu, 1 ədəd alışqanı, arxa sol cibindən içərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan 1 ədəd Sobranie markalı siqaret qutusu, sağ kiçik ölçülü cibindən 1 ədəd açarı və əlində olan 1 ədəd Samsung markalı mobil telefonu təqdim etməsi, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirməsi və həmin kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 1,18 qram olması, həmin bükümün qablaşdırılaraq üstünün möhürlənməsi müəyyən edilmişdir. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellefonda büküm narkotik vasitə olan psixotrop maddə metamfetaminə baxış keçirilmiş və ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2025-ci il tarixli 19/302 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd ağ rəngli zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,783 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 417 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 571 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSll-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını əldə etməsi, üzərində daşıması, istifadəsi ilə məğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş digər tədbirlərlə göstərilənlər təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı heç bir əməliyyat məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı öz bildirdiyinə görə Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirsə də, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs himayəsində 2 övladı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 vardır. Sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi: -0,783 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış -0,733 qram qalığı, həmçinin şübhəli şəxsin üstünün yoxlanılmasına dair istintaq hərəkətin qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə istintaq hərəkətini qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd CD disklər olmaqla ümumilikdə 02 (iki) ədəd CD disk maddi sübut qismində tanınmışdır. Tutulma protokolundan görünür ki, 20 iyul 2025-ci il tarixdə, saat 03:25 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı xx.xx.2025-ci il tarixdə saat 00:55-dən hesablanmışdır. “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 21 iyul 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə qeyd olunan iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməllərini istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. İş materiallarında olan sənədlər, eləcə də elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) 2 (iki) nəfər yetkinlik yaşına çatmayan – xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaq var. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16 və 5.1-ci bəndlərinin, eləcə də, qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 1(049)-157/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş “həbs qətimkan” növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 01 (bir) ədəd bükümdə - 0,733 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair istintaq hərəkətin qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə istintaq hərəkətini qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd CD disk olmaqla, ümumilikdə 02 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,733 qram çəkidə psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair istintaq hərəkətin qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə istintaq hərəkətini qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd CD disk olmaqla, ümumilikdə 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 60 manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində həmin qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim : Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-157/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-157/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver