Məhkəmə qərarları › İş №1(049)-158/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-158/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-158/2025 20.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və pedaqoq mütəxəssis X1 iştirakları ilə, Saat: 12:35 xx.xx.2009-cu ildə Lənkəran rayonu Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 22 iyul 2025-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazisdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,382 qram olub xeyli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 22 iyul 2025-ci il tarixdə, saat 11:28 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, 22-ci Məhəllə adlanan ərazidə piyada hərəkətdə olarkən saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılarkən xeyli miqdarda olan həmin bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin əynində olan şalvarının sol yan cibində aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. ünvan 3 təhsilini dayandırmışdır. Əvvəllər məhkum olunmamışdır. Təxminən 4 ildir ki, narkotik vasitə heroinin tüstüsünü qəbul etməklə istifadə edir. 22 iyul 2025-ci il tarixdə, saat təxminən 10 radələrində Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində olduğu zaman üzdən tanıdığı, adını və soyadını bilmədiyi, əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb yaxınlaşaraq narkotik vasitə heroin istəmiş, həmin şəxs də ona 1 büküm heroini 20 manata satmışdır. O, həmin şəxsdən 01 büküm heroini istifadə etmək üçün alıb əynində olan şalvarının sol yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün, saat 11:30-da Lənkəran şəhəri, 22-ci Məhəllə adlanan ərazidə tək piyada hərəkətdə olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib üstünü yoxlamışlar. Polis əməkdaşları ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmamasını, varsa təqdim etməsi soruşduqda, o, əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə heroini, sağ yan cibindən 01 ədəd Prima markalı siqaret qutusunu, 01 ədəd alışqanı, arxa cibindən 01 ədəd cib darağını və əlində olan Nokia markalı mobil telefonu təqdim etmiş, təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra, həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,47 qram olmuşdur. Büküm tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Polis əməkdaşlarına həmin narkotik vasitə heroini 1 saat, 1 saat yarım bundan qabaq Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra üzərində aşkarlanmış 1 büküm narkotik vasitə heroinə bənzər kütlə və mobil telefonu polislər tərəfindən götürülmüş, Prima markalı siqaret, alışqan və cib darağı ona geri qaytarılmışdır. Sonra o Lənkəran ŞRPŞ-nə gətirilmiş, polis şöbəsində protokol tərtib edilmiş və oxuduqdan sonra imzalamışdır. Daha sonra otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və anasının iştirakı ilə təqdim olunan əşyaya baxış keçirilmişdir. Sonra ona müdafiəçi təqdim olunmuş, müəllim dəvət olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. O, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin özünə məxsusdur və öz istifadəsi üçün üzərində saxlamışdır. Heroini istifadə etmək məqsədilə əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, 22 iyul 2025-ci il tarixdə Şahid1 icraatına Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/7, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı etimad doğuran, məlum və qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və digər zəruri tədbirlərin görülməsi üçün əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün Şahid1 tərəfindən raportla rəhbərliyə müraciət ediımiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra Şahid1 rəhbərliyi ilə qrup üzvləri Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib 22 iyul 2025-ci il tarixdə, saat 11:28 radələrində Lənkəran şəhəri, 22-ci Məhəllə adlanan ərazidə tək piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə gəzdirməsində şübhələr olduğundan saxlanıldığı izah edilmiş və üstünün yoxlanılmasının zəruri olduğunu demişlər. Sonra onlar Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə heroinə bənzər kütləni, sağ yan cibindən 01 ədəd Prima markalı siqaret qutusunu, 01 ədəd alışqanı, arxa cibindən 01 ədəd cib darağını və əlində olan Nokia markalı mobil telefonu təqdim edib sellofan bükümün içərisində kakos, yəni heroin olduğunu, 1-1,5 saat qabaq Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində üzdən tanıdığı şəxsdən istifadə etmək məqsədilə 20 manata aldığını bildirmişdir. Tərəflərindən həmin bir ədəd sellofan bükümünə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,47 qram olmuşdur. Həmin büküm ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzərində qeydlər aparılaraq imzalanmış və üstü möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxdıqda üstündə başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd büküm götürülmüş, qalan əşyalar isə özünə geri qaytarılmışdır. Şübhəli şəxsin üstünün yoxlanılması videoçəkilişdən istifadə edilməklə aparılmış, videoçəkiliş əməliyyat müvəkkili onun tərəfindən aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və ondan götürülərək qablaşdırılmış narkotik vasitə heroinə bənzər kütləni Lənkəran ŞRPŞ-nə gətirmişlər və göstərilənlərlə bağlı protokol tərtib edib imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs və ondan götürülərək qablaşdırılmış kütlə təhqiqatçıya təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs götürülərək qablaşdırılmış əşyaya videoçəkilişlə baxış keçirilmiş və protokol tərtib olunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs istifadə etmək məqsədilə narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Lənkəran ŞRPŞ-nın CAB-ın əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdə, saat 11:28-də şübhəli şəxs qismində tutulmuşdur. 22 iyul 2025-ci il tarixli, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sol yan cibindən bir ədəd bükümdə ümumi 0,47 qram narkotik maddə heroini çıxarıb təqdim etmiş və həmin narkotik maddə heroinin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Keçirilmiş şəxsi axtarış videokamera vasitəsi ilə çəkilmış və video görüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. 22 iyul 2025-ci il tarixli, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdə, bir bükümdə narkotik vasitə heroinə baxış keçirilərərk götürülmüşdür. Təqdim olunan əşyaya baxış keçirilməsi videokamera vasitəsi ilə çəkilmış və video görüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2025-ci il tarixli, 19/305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,382 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2025-ci il tarixli, 426 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 24 iyul 2025-ci il tarixli, 545 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 12 avqust 2025-ci il tarixli, 634 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. “haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs22 iyul 2025-ci il tarixdə, saat 11:28-də saxlanıldığı tutmadan 23 iyul 2025-ci il tarixdə, 19:00-da azad edilərək barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında anası Qanuni nümayəndə, bacısı – xx.xx.2025-ci il təvəllüdlü X2 və nənəsi Sadıqova Nadilə zakir qızı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə ümumi 0,382 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,332 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi subutların saxlama kamerasına təhvil verilmiş, 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 4(049)-65/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələblərinə görə Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, cinayəti törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilmədi. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 iyul 2025-cü il tarixdən 23 iyul 2025-ci il tarixədək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2025-ci il tarixli, 426 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilsə də, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 3.1-ci bəndinə əsasən 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi subutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,332 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/7, mənzil 23 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 4(049)-65/2025 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi subutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,332 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar