Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-159/2024 04.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1963-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qərarına əsasən 2 ay 10 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 23 noyabr 2023-ci il tarixdə, saat 10 radələrində “ВС BE” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə olmadan idarə etdiyi, arvadı Şahid2 mülkiyyətində olan “Tofaş Şahin” markalı ** MB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi istiqamətində idarə edərkən, sürücü olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin tələbinə əməl etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Tofaş Şahin minik” markalı avtomobili yaşayış məntəqəsində 91 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərkən, yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozub, hərkətin təhlükəsizliyini təmin edə bilməyərək getdiyi istiqamətdə yolu sağdan sola keçən piyada Lənkəran şəhər sakini olan xx xxx 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ehtiyatsızlıqdan vurub, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid- sağ bazu sümüyünün açıq yerdəyişmiş sınığı, sol said sümüklərinin sınıqlarından ibarət xəsarətlər yetirməklə ehtıyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə il əvvəl sətəlcəm olduğu üçün eşitmə problemi var. Uzun müddətdir avtomobil idarə edir. 23 noyabr 2023-ci il tarixdə, saat 10 radələrində özünə məxsus, lakin arvadının adına olan “Tofaş Şahin” markalı avtomobil ilə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi istiqamətində hərəkətdə olarkən uzaqdan iki qadının yolu keçmək istəməsini görmüş, sürətini bir qədər azaltmışdır. Həmin qadınların yanına çatdıqda qadınlardan biri hazırda zərərçəkmiş şəxs olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs qolu onun idarə etdiyi avtomobilin güzgüsünə dəymişdir. Qadın yerə yıxılmışdır. Bundan sonra qadını və yanında olan digər qadını xəstəxanaya aparmışlar. Səhəri gün onun arvadı hadisədə xəsarət alan Zərərçəkmiş şəxs Bakı şəhərinə aparmışlar. Bakı şəhərində əməliyyat baha olduğu üçün onun maddi imkanı çatmamış, yalnız müayinə və digər xırda xərcləri qarşılamışdır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində qızı Şəfəqlə birlikdə Lənkəran şəhər Vergilər idarəsi ilə üzbəüz yerləşən “Al” marketdən bazarlıq etmək üçün evdən piyda çıxmışlar. O həmin dükanın qarşısında asfalt yolun kənarında qalıb yolu keçib dükana getmək üçün yolda avtomobillərin keçib getməsini gözləmişlər. Yolun sol tərəfinə baxdıqda avtomobil gəlmədiyini, sağ tərəf isə uzaqdan qırmız rəngli Tofaş markalı avtomobil asta sürətlə gəldiyini görmüşlər. Həmin avtomobil onlardan hardasa 150 metrdən çox məsafədə uzaqda olmuşdur. Onlar buna görə yolu keçməyə başlamışlar. Onlar yolun yarısını keçdikdən sonra birdən sağa baxanda həmin avtomobilin yüksək sürətlə onlara yaxınlaşdığını görmüşlər. Həmin vaxt qızı Şəfəq onu arxadan tutub saxlasa da, həmin vaxt avtomobil onların ikisini də vurmuşdur. Zərbənin təsirindən hər ikisi zərblə yerə çırpılmışlar. Həmin vaxt sağ dirsək sümüyü sınmışdır. Qəzadan sonra ora gələn təcili yardım onları xəstəxanaya aparmışlar. Həkimlər ona və qızına ilkin tibbi yardım götərmişlər. Hadisəni törədən şəxs həmin vaxtdan indiyədək onun evinə gəlib üzrxahlıq etməmiş, əməliyyat olunması üçün hər hansı pul verməmişdir. Onun dirsək hissəsi tamamilə sınmış və hazırda da əlini normal işlədə bilmir. Təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs onunla birlikdə yaşayır. Anası 1954-cü il təvəllüdlü olmaqla 69 yaşı var. Təqaütçüdür. 23 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində anası ilə birlikdə Lənkəran şəhər Vergilər idarəsi ilə üzbəüz yerləşən “Al” marketdən bazarlıq etmək üçün evdən piyda yola düşmüşlər. Onlar həmin dükanın qarşısında asfalt yolun kənarında qalıb dükana getmək üçün yolda avtomobillərin keçib getməsini gözləmişlər. Yolun sol tərəfinə baxdıqda avtomobil gəlmədiyini, sağ tərəf isə uzaqdan qırmız rəngli Tofaş markalı avtomobil asta sürətlə gəldiyini görmüşlər. Həmin avtomobil onlardan təxminən 150 metrdən çox məsafədə uzaqda gidiyini görmüşlər. Onlar buna görə yolu keçməyə başlamışlar. Onlar yolun yarısını keçdikdən sonra birdən sağa baxanda həmin avtomobilin yüksək sürətlə onlara yaxınlaşdığını görmüşlər. Həmin vaxt o anasını arxadan tutub saxlamaq istəyəndə, həmin vaxt avtomobil onları ikisinidə vurmuşdur. Zərbənin təsirindən ikisi zərblə yerə çırpılmışlar. Qəza zamanı anası ondan öndə olduğu üçün avtomobili ona daha möhkəm dəydiyi üçün sağ və sol dirsək sümükləri sınmışdır. Ona isə avtomobilin sol yan tərəfi sürtüb keçdiyi üçün nisbətən yüngül xəsarət almışdır. Qəza zamanı hər iki diz və sol dirsəyindən xəsarət almışdır. Həmin vaxt ora gələn təcili yardım əməkdaşları onları xəstəxanaya aparmışlar. Həkimlər ona və anasına ilkin tibbi yardım göstərmişlər. Hadisəni törədən şəxs indiyədək onlardan üzrxahlıq etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, , Bakı şəhərində işlədiyi üçün ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Zərərçəkmiş şəxs anasıdır. O Lənkəran şəhərində bacısı Şahid1 ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə anası Nığə bacısı Şəfəq ilə bilrikdə Lənkəran şəhəri Z.Əliyeva küçəsində avtomobil yolunun kənarında yerləşən ərzaq dükanına getmək üçün həmin yolu qarşıdan-qarşıya keçərkən Səxavət adlı sürücü idarə etdiyi Tofaş markalı avtomobili onları vurmuşdur. Qəza nəticəsində anasının sağ və sol qolu sınmışdır. Bacısı isə nisbətən yüngül xəsarət almışdır. Hadisənin səhəri günü anası və bacısı Bakı şəhərində yerləşən xəstəxanaya aparmışdır. Anası orada əməliyyat olunmuşdur. Səxavət və onun qohumları onları vurduqları ziyanı ödəyəcəklərinə söz versələr də, sonrakı vaxtlarda onlar ziyanı ödəməkdən boyun qaçırmışlar. Anasını o, əməliyyat etdirmişdir. Təqsirləndirilən şəxs onlardan üzrxahlıq etməmiş və hər hansı ödəniş etməmişdir. Cinayət işinin 33-35-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran rayonlararası MTE və PA birliyinin 22 dekabr 2023-cü il tarixli, 1251 saylı ekpertiza rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində- sağ bazu sümüyünün açıq yerdəyişmiş sınığı, sol said sümüklərinin sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişdir, o cümlədən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükə olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 36-39-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 8/3695 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tofaş Şahin markalı 10MB887 dövlət qeydiyyat nişanlı avtomobilirin sürücüsü Təqsirləndirilən şəxs Hevdər oğlunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinəin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin təsviri hissəsindən müəyyən olunur ki, tormiz izinə münasibətdə nəqliyyat vasitəsi 91 km/saat surətlə idarə edilmişdir. Cinayət işinin 5-16-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış hadisə yerinə baxış haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, üfüqi, hadisə zamanı quru olmuşdur. Avtomobil yolunun en 12 metr olmaqla, hər birinin enliliyi 6 metr olmaqla 2 hərəkət hissəyə malikdir. Yol əks hərəkət istiqamətli olmaqla yola sağdan və soldan ehtiyat hissələri birləşir. Hadisə yeri yaşayış məntəqəsi ərazisindədir. Hadisə zamanı avtomobili sürəti 60 km/saatdan yuxarı olmuşdur. Hadisə zamanı avtomobildə sürücüdən savayı heç kəs olmamışdır. Hadisə zamanı avtomobil texniki cəhətdən saz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs oglu hərəkəti uçun təhlükə piyada yolu sağdan sola keçdiyi andan yaranmışdır. Piyadalar avtomobilin ön sağ qanad, ön və arxa sağ qapı tərəfi ilə vurulmuşdur. Cinayət işinin 55-56-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamədən və 101-104-cü vərəqdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Dair İşlər Üzrə məhkəməsinin xx.xx.2010-cü il tarixli hökmü ilə 224.4.1 və 234.4.3-cü maddələrinə əsasən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə höküm dəyişdirilmədən qüvvəsində saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 10 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2019-cü il tarixli cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 58-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına olan AF 105923 sürücülük vəsiqəsi BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən edilmişdir. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 noyabr 2023-cü il tarixli, 1904 saylı tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Cinayət işinin 112-116-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Tofaş Şahin” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşın maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs oğluna təhvil verilmişdir. Cinayət işinin 64-65 və 90-93-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 09 mart 2024-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-93-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış arayış və xasiyyatnamədən görünür ki, Bədəlov X1 şəhəri, Ə.Vahid küçəsi ev 23-də qeydiyyatda olmaqla həmin ünvanda arvadı ilə birlikdə yaşayır, yaşadığı müddətə qonşularla vıə məhəllə sakinləri ilə mehriban münasibətdə olmuş, ağsaqqalların hörmətini qazanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qanunun 50-ci maddəsinin 2-ci hissəsinə 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəza üzrə məhkumluğu ödənilməmiş, lakin hazırkı iş üzrə ittiham olunduğu əməl ehtiyatsızlıqdan törədildiyindən CM-nin 18-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətin residivi müəyyən olunmur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, habelə eşitmə problemi olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə fiziki vəziyyətini nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə cəza təyin olunduğu təqdirdə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona müəyyən müddətə azalıqdan məhrum etmə və imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Tofaş- Şahin” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut “Tofaş Şahin” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsərfi olan 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-159/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-159/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver