Məhkəmə qərarları › İş №1(049)-162/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-162/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-162/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 17:30 xx xxxx 1971-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2024-cü ilin fevral ayında Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi-1,025 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 15 fevral 2024-cü il tarixdə, saat 18:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün, Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidən üzdən tanıdığı ad və soyadını bilmədiyi şəxsdən 10 manata 1 büküm metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququna əsasən vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, ondan üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da əynindəki gödəkçənin sol içəri cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü və bir ədəd şpirs iynə, probasiya cihazı və qəpik pullar təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən heç bir əşya aşkar olunmamış və götürülməmişdir. Şəffaf sellofana baxış keçirilən zaman oradan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlənin metamfetamin olduğunu bildirmiş və ondan götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,10 qram müəyyən olunmuşdur. Həmin 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyulmuş, üzərində qeydlər aparılmış və onun tərəfindən imzalanmışdır. Sonda üzərindən bir ədəd şpirs iynə, probasiya cihazı və qəpik pullar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Həmin şəxsi axtarış videoçəkiliş ilə çəkilmişdir. O, psixotrop maddəni yalnız özü istifadə etmək üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmişdir. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və İTBnin polis sahə rəisi Şahid3 da qrupun üzvləri olmuşdur. 15 fevral 2024-cü il tarixdə, saat 18:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əliyev X2 rayonu Aşağı Nüvədi qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə xidməti otaqların birində təhqiqatçı Mahir Şahbazbəyli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir, bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol içəri cibindən bir ədəd sellofan bükümdə ağ rəngli psixotrop maddə olan metafetaminəbənzər kütlə, bir ədəd şpirs iynə, probasiya cihazı və qəpik pullar təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Probasiya cihazı və qəpik pullar özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm olan psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və həmin bükümlərin təqribi çəkisi 1,10 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, psixotrop maddə olan metamfetamindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütlə 14 fevral 2024-cü il tarixdə, Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı, ad və soyadını bilmədiyi şəxsdən 10 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 15 fevral 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də saxlanılmış, saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur. 15 fevral 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd psixotrop maddə olan metamfetaminin çəkisi 1,10 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidəüzdən tanıdığı, ad və soyadını bilmədiyi şəxsdən 01 bükümdə, 10 manat pulun qarşılığında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə verilmiş 16 fevral 2024-cü il tarixli 19/146 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-1,025 olan ağ rəngli kristalardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 20 fevral 2024-cü il tarixli, 169 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomanya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 23 gün vaxtından əvvəl şərti azad edilmiş və cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 1(049)-73/2017 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 51 №-li məlumatdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 1(049)-73/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-206/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin qərar xx.xx.2019-cu il tarixdə icra qurumunun icraatına daxil olmuş və cəza müddəti bitdiyi üçün həmin tarixdə də Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 16:10-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,025 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,975 qram psixotrop maddə olan metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, 1619 nömrəli məktubdan görünür ki, Əliyev X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli, 153 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Lənkəran ŞİHB-nin Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, əvvələr də bu qəbildən olan cinayətlə məhkum edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, təmiz çəkisi 0.975 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulularaq həbsdə saxlanıldığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 0.975 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar