Məhkəmə qərarları › İş №1(049)-164/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-164/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-164/2023 23.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:15 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında 4(dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,203 qram, -0,277 qram, -0,314 qram, -0, 294 qram, ümumi təmiz çəkisi - 1,088 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci il tarixdə, saat 14:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin və şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. göstərilən ünvanda yaşayır. Heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən alır, narkotik vasitələrin yalnız istifadəçisidir, satışı ilə məşğul olmamışdır. 22 noyabr 2022-ci il tarixdə səhər saatlarında yenə narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhəri, böyük bazar tərəfə getmişdir. Lənkəran şəhərində yerləşən böyük bazar deyilən ərazidə üzdən tanıdığı narkotik vasitə satıcısı olan şəxslə rastlaşmış və ondan 20 manata dörd bükümdə narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. O narktotik vasitə olan heroini istifadə etmək məqsədi ilə almışdır. Həmin gün, yəni, 22 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. O üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişdirlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki şalvarın sol yan cibindən içində narkotik vasitə olan heroin olan dörd ədəd sellofan bükümü və şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb stolun üzərinə qoymuşdur. Elektron tərəzini narkotik vasitə alarkən çəkisində aldatmasınlar deyə istifadə etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CABnın NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, onunla birlikdə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 tədbirin keçirilməsində iştirak etmişlər. 22 noyabr 2022-ci il tarixdə axşam saat 14 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində olarkən saxlanılmış polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən dörd ədəd sellofana bükülmüş kütlələr, şalvarın sağ yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisinin 1,23 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir. Həmin bükümləri Lənkəran şəhəri, Bazar ərazisində tanımadığı şəxsdən 4 bükümünü 20 manat verərək almış, özü həmin kütlələrdən istifadə edirmiş, elektron tərəzidən narkotik vasitə alarkən çəkisini bilmək üçün istifadə etmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi zor tətbiq edilməmiş, ona təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahidlər Şahid1 və Şahid3 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sol yan cibindən 04 ədəd bükümlərdə narkotik vasitə olan heroin və şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 1,23 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir. Həmin bükümləri Lənkəran şəhəri, Bazar ərazisində tanımadığı şəxsdən 4 bükümünü 20 manat verərək almışdır, özü həmin kütlələrdən istifadə edirmiş, elektron tərəzidən narkotik vasitə alarkən çəkisini bilmək üçün istifadə etmişdir. Ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 noyabr 2022-ci il tarixli 19/1196 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd heroinə bənzər kütlə və elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,203 qram, -0,277 qram, -0,314 qram, -0,294 qram, ümumi təmiz çəkisi -1,088 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Heroindən tədqiqata 0,2 qr (hər ob -0,05 qr) istifadə edilmiş, 0,888 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 1216 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2018-ci ildən «Opium Narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 4 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,088 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 04 bükümdə, ümumi təmiz çəkisi-0,888 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Səmədov X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 20 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Səməd Əhmədovun barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış övladları və anası ilə ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Səməd Əhmədovun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni 4(dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,203 qram, -0,277 qram, -0,314 qram, -0, 294 qram, ümumi təmiz çəkisi -1,088 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşıması özünün qismən etirafedici ifadəsi (aşkar edilmiş narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olması barədə), həmçinin şahidlər şahidlər X5, Şahid1 və Şahid3 təsdiqedici ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş CD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxs Səməd Əhmədova istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Səməd Əhmədovun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Səməd Əhmədova qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Səməd Əhmədovun əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Səməd Əhmədovun cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Səməd Əhmədovun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş, həmçinin Səməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını) Səməd Əhmədovun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Səməd Əhmədovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Səməd Əhmədova cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,888 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan CD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,888 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar