Məhkəmə qərarları › İş №1(049)-165/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-165/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-165/2024 02.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 17:00 xx.xx.1989-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 31 dekabr 2023-cü il tarixdə, saat 10:30 radələrində “B C” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi, faktiki istifadəsində olan “VAZ 21074 minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri, “Ləvəngi dairəsi” ilə üzü Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi istiqamətində “Raypo” adlanan ərazidə işıqforu keçdikdən sonra 60 km/saat sürətlə idarə edərkən, sürücü olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin “qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının tələblərinə əsasən nəqliyyat vasitələri nişanda göstərilən sürətdən çox olmayan sürətlə hərəkət etməlidirlər)” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbinə əməl etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074 minik” markalı avtomobili hərəkət sürəti 3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış həmin yaşayış məntəqəsində icazə veriləndən artıq, yəni 60 km/saat sürətlə hərəkət etdirərkən, hərəkətin təhlükəsizliyini təmin edə bilməyib, yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozaraq, getdiyi istiqamətdə yolu soldan sağa keçən piyada - Lənkəran şəhər sakini olan xx xxxxxx 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub, ona həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid İ bel fəqərə cisminin çoxqəlpəli parçalanmış kompression sınığı, İ, İİ bel fəqərələrinin sağ çıxıntılarının xətti sınıqları, sağ qasıq sümüyünün qəlpəli sınığı, sağ qamış, sağ incik sümüklərinin çoxqəlpəli oynaqdaxili mürəkkəb sınığı və sol üst göz qapağı nahiyəsində əzilmiş yaradan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran rayonu Göyşaban kəndində özünə məxsus evdə arvadı Cəmalə Hacıyeva, övladları Zəhra və İsa ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2023-cü ilin iyun ayında cəzasını bitirib azadlığa buraxılmışdır. 2023-cü ilin sentyabr ayında özünə “BC” kateqoriyalı sürücülük vəsiqəsi aldıqdan sonra Sumqayıt şəhər sakini Süleyman adlı şəxsdən arvadı Rəhilə Süleymanovaya aid “VAZ 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobilin qeydiyyat şəhadətnaməsi verilməsə də avtomobili idarə etmək üçün sahibi tərəfindən ona etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 10 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsindən üzü mikrorayon istiqamətində “VAZ 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Lənkəran şəhəri “Raypo” adlanan ərazidə svetoforun yaşıl işığı yandığından o, dayanmadan yoluna davam etmişdir. Svetofordan təxminən 80 metr sonra üzü mikrorayon istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən bir piyadanın sağa tərəf yolu keçdiyini görmüşdür. Həmin piyada yolun ortasında olan düz xəttin üzərində dayandıqdan sonra onun təxminən 20-25 metr piyadaya çatmağına qalmış piyada yolu keçməyə başlamışdır. O, həmin vaxt səs siqnalından istifadə etmişdir ki, piyada yolu keçməsin, lakin piyada sonradan adını bildiyi Nüşabə adlı qadın yolu keçməyə davam etmiş və bu zaman o, avtomobilin əyləcini sıxsa da avtomobilinin qabaq hissəsi ilə piyadanı vurmuşdur. Piyada avtomobilin qabaq hissəsinə dəydikdən sonra yolun sağ hissəsinə asfalt üzərinə düşmüşdür. O isə əyləci sıxıb sükanı döndərdiyi üçün avtomobili yolun ortasında sürüşərək fırlanıb hərəkətdə olduğu yolun sol ehtiyat hissəsində üzü asfalta tərəf dayanmışdır. Avtomobildən düşüb dərhal yerdə uzanmış piyadaya yaxınlaşmışdır. Həmin vaxtı piyadanın burun nahiyəsindən qan axırmış. O, Nüşabəni ətrafda olanların köməkliyi ilə həmin vaxtı orada olan Nazim adlı Nüşabənin qohumunun avtomobilinə qoyub sürücüdən xəstəxanaya aparmasını istəmişdir. Özü də başqa taksi ilə arxasıyca Lənkəran RMX-ya gəlmişdir. Xəstəxanada olarkən DİN-nin 102 xidmətinə zəng vurub yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Lənkəran RMX-ya piyadanı yerləşdirdikdən sonra xəstənin yaxın qohumları xəstəxanaya gəlmişlər və o, xəstəxanada narazılıq baş verməməsi üçün xəstəxanadan təkrar taksi ilə hadisənin baş verdiyi yerə qayıtmışdır. O, hadisə yerinə qayıdan zaman polis əməkdaşları oraya gəlmişlər. Hadisə yerində polis əməkdaşları fotoşəkillər çəkib, yolu ölçmüşlər. Yaxınlıqda olan aptekin videomüşahidə kamerasından görüntüləri götürmüşlər. Sonra isə protokol tərtib etmişlər. Hadisə yeri müayinə olunduqdan sonra o, polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsindən keçmişdir. Hadisə zamanı avtomobili idarə edərkən ayıq vəziyyətdə olduğu, spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Yol-nəqliyyat hadisəsi onun ehtiyatsızlığı ucbatından baş vermişdir. Yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinə qədər o, 60 km/saat sürətlə hərəkətdə olmuşdur. O, piyadanı təxminən 30 metr məsafədən görmüş, piyada, yolun ortasında düz xəttin üzərində dayanmışdır. Piyadanın yolu keçmək üçün hərəkətə başladığı vaxtla onu piyadanı avtomobil ilə vurmağı təxminən 3 saniyə çəkmişdir. Piyadanın hərəkətə başladığı yerlə onun piyadanı gördüyü məsafə təxminən 20-25 metr olmuşdur. Həmin vaxtı o, piyadanı vurmamaq üçün siqnal verib daha sonra əyləci sıxıb sükanı sola tərəf döndərmişdir. O, idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs Ş.Xiyabanı küçəsində üzü Mikrorayon istiqamətində olan yolda, sağ asfalt örtüyünün başlanğıcından təxminən 5 metr məsafədə asfalt üzərində vurmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs başqa heç kim xəsarət almamışdır. Təqsirləndirilən şəxs son sözündə, əməlindən peşman olmasını, maddi imkansızlıq üzündən zərər çəkmiş şəxslə barışıq əldə edə bilmədiyini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 2ycan dili və ədəbiyyatı müəlliməsi kimi çalışır. xx.xx.2023-cü il tarixdə bibisinin yaşadığı “Kürə” deyilən ərazidəki evinə getmək üçün yaşadığı evdən çıxıb yeznəsi Şahid1 məxsus “VAZ 21074” markalı avtomobilə əyləşmişdir. Həmin vaxtı azyaşlı uşaqları da avtomobildə olmuşdur. Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində mikrorayon istiqamətində olan yolun sağ kənarında Nazim avtomobili saxlamışdır. O, avtomobildən düşüb yolun sol kənarında olan aptekə gedib dərman almışdır. Həmin yol dörd zolaqlı olmuşdur. O, aptekdən çıxıb yolun digər tərəfində, yol kənarında dayanmış Nazimin avtomobilinə tərəf gedərkən yolun ortasında qoşa xəttin üzərində dayanıb üzü mikrorayon istiqamətində gedən avtomobillərin keçməsini gözləmişdir. İki avtomobili buraxdıqdan sonra o, yolu keçmək istəyərkən keçən avtomobillər ona yol vermişlər. Bu zaman həmin avtomobillərin arxa hissəsindən çıxan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074 “markalı avtomobil onu qabaq hissəsi ilə yolun ortasında vurub təxminən 12-15 metr kənara tullamışdır. Nazim və digər şəxslər onu avtomobilə qoyub Lənkəran rayon mərkəzi xəstəxanasına gətirmişlər. Lənkəran RMX-da bir müddət müalicə aldıqdan sonra Masallı rayonunda yerləşən “Bioloji təbabət” klinikasında onu əməliyyat etmişlər. Hazırda bir ayağı işləmədiyi üçün yeriyə bilmir. Yataq xəstəsidir. Ona hadisə nəticəsində maddi ziyan dəymişdir. 18 gün xəstəxanada stasionar müalicədə olmuşdur. Ev şəraitində müalicə olunur. Hazırda ona dəyən ziyan ödənilməmişdir. Təsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran rayonu, Şirinsu kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun xalası qızıdır. xx.xx.2023-cü il tarixdə Nüşabənin bibisi oğlunun “Kürə” deyilən ərazidəki evində nişan məclisi keçirilirmiş. Həmin gün, o, da məclisdə iştirak etməli imiş. Nüşabənin əri Qurban Rusiya Federasiyasında çalışıb və orada yaşadığı üçün o, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Nüşabəni və iki övladını “Kürə” deyilən əraziyə aparmaq üçün yaşadığı evdən götürmüşdür. Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsinə çatan zaman Nüşabə ondan dərman almaq üçün idarə etdiyi avtomobili saxlamasını xahiş etmişdir. Buna görə də, o, idarə etdiyi “VAZ 21074” markalı avtomobilini üzü mikrorayon istiqamətindəki yolun sağ kənarına çəkib saxlamışdır. Həmin yol iki hərəkət istiqamətli olmaqla dörd zolaqlıdır. Nüşabə avtomobildən düşüb yolu keçərək yolun digər hissəsində olan aptekə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Nüşabə aptekdən çıxıb yolu keçməyə başlamışdır. Nüşabə yolun ortasında qoşa xəttin üzərində dayanıb avtomobillərin keçib getməsini gözləmişdir. O, Nüşabənin yolu keçməsinə baxırmış. Daha sonra Nüşabə yolu keçərkən arxadan yüksək sürətlə gələn ağ rəngli “VAZ 21074” markalı avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs yolun ortasında idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Nüşabəni vurmuşdur. Avtomobilin zərbəsi Nüşabəni təxminən 10-12 metr qarşı tərəfə tullamışdır. Avtomobil isə yolun ortasında fırlanıb yolun sol kənarında üzü hərəkət hissəsinə tərəf dayanmışdır. O, dərhal avtomobildən düşüb ətrafda olanların köməkliyi ilə yerdə uzanan Nüşabəni avtomobilinə qoyub Lənkəran rayon mərkəzi xəstəxanası gətirmişdir. Xəstəxanada Nüşabəni reanimasiyaya yerləşdirmişlər. Bir neçə gün xəstəxanadan qaldıqdan sonra Nüşabəni Masallı rayonunda yerləşən bioloji təbabət klinikasında əməliyyat etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsindədir. 31 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində DİN-nin 102 xidmətinə Təqsirləndirilən şəxs zəng edərək idarə etdiyi avtomobillə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyadanı vurması barədə məlumat vermişdir. Həmçinin həmin vaxtlarda Lənkəran rayon mərkəzi xəstəxanasından Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya daxil olması barədə Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Məlumatla bağlı istintaq-əməliyyat qrupunun tərkibində hadisənin baş verdiyi Lənkəran şəhəri Ş.Xiyabanı küçəsinə getmişdir. Hadisə Ləvəngi dairəsi istiqamətindən Ş.Xiyabanı dairəsi istiqamətində olan yolun “Raypo” adlanan əraziyə dönən hissədə olan svetoforu keçdikdən sonra Ş.Xiyabanı küçəsində baş vermişdir. Həmin yolun eni 16 metr olmaqla, üzəri asfalt-beton örtüklü, dörd zolaqlı, yolun hər iki tərəfində səki olmuş, yolun solunda mağaza, aptek, tikililər, sağında isə torpaq sahələri yerləşirmiş. Hadisə yerində yolun hərəkət hissəsi bir istiqamət üzrə 8 metr, Ş.Xiyabanı dairəsi istiqamətində sağdan 1 metr, soldan isə 3 metr səki, asfalt quru olmuşdur. Hadisə yerində hər hansı nəqliyyat vasitəsindən sınma və ya dağılma izləri olmamışdır. Lakin “VAZ 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun solunda üzü asfalta doğru dayanmışdır. O, hadisə yerində olarkən yol nəqliyyat hadisəsi törətmiş “VAZ 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə gələrək piyadanı vurduğu yeri göstərmişdir. Hadisə yerində müəyyən edilmişdir ki, “VAZ 21074” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Lənkəran rayonu Göyşaban kənd sakini Təqsirləndirilən şəxs üzü Lənkəran şəhəri Ş.Xiyabanı dairəsi istiqamətində hərəkətdə olarkən, işıqforu təxminən 80 metr keçdikdən sonra yolun solundan sağına doğru düzünə keçməyə çalışan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq xəsarət yetirmiş, daha sonra piyadanı yoldan keçən avtomobillərin birinə qoyaraq Lənkəran RMX-ya göndərmiş, özü də digər avtomobillə Lənkəran RMX-ya getmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin baxış zamanı yolun sol kənarında aptekdə olan videomüşahidə kamerasından yol nəqliyyat hadisəsinin baş verdiyi görüntü götürərək protokola əlavə edilmişdir. Piyadanı vurma Ş.Xiyabanı dairəsi istiqamətində yolun sağ asfalt örtüyünün başlanğıcından 5 metr məsafədə asfalt üzərində baş vermişdir. Məhkəmə istintaqında Şahid2 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 31 dekabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində “Ləvəngi” dairəsi istiqamətindən gələrkən işıqforu keçdikdən sonra baş vermişdir. Həmin yol 16 metr enində, üzəri asfalt-beton örtüklü olmaqla dörd hərəkət zolaqlıdır, yolun sağ və sol tərəfində səki vardır, yol şəhər elektrik işığı ilə işıqlandırılır, yolun sağında torpaq sahələri, solunda isə mağaza, aptek və tikililər vardır. Yolda maksimal sürət həddi 50 km/saat təyin edilmişdir. Hadisə yerində yol düz olmaqla, yolun hərəkət hissəsi 8 metr, asfalt örtüyü quru olmuşdur. Piyadanı vurma Ş.Xiyabanı dairəsi istiqamətində sağ asfalt örtüyünün başlanğıcından 5 metr məsafədə asfalt üzərində baş vermişdir. Avtomobil piyadanı vurduqdan sonra fırlanaraq yolun sol tərəfində üzü asfalta doğru dayanmışdır. “VAZ 21074 minik” markalı **-MT-*** dövlət nömrə nişanlı avtomobil hadisədən öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baxış aydın, yağmursuz hava şəraitində təbii işıqlandırma altında həyata keçirilmiş, protokol tərtib edilərkən heç bir vəsatət, ərizə və şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli, CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi yerinə baxış keçirilən zaman yol kənarında olan aptekin müşahidə kamerasından hadisənin baş verdiyi anının qeydə alındığı bir ədəd CD diskdə olan videogörüntüyə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Diskdə “VİD-WA0017” adlı, 7950kb həcmli, 42 saniyəlik videogörüntü vardır. Faylı açdıqda görüntünün xx.xx.2023-cü il tarixdə qeydə alındığı məlum olur. Görüntüyə baxış zamanı piyada Zərərçəkmiş şəxs üzü Mikrorayon ərazisi istiqamətində olan yolun sol ehtiyat hissəsindən yolun hərəkət hissəsinə daxil olması, yolu sağ ehtiyat hissəsinə doğru düzünə keçib, yolun ortasında, qoşa xəttin üzərində 06 saniyə müddətində dayanması, daha sonra hərəkətə başlayaraq yolu düzünə keçməsi, yolu keçərkən Ləvəngi dairəsi istiqamətindən hərəkətdən olan ağ rəngli VAZ21074 markalı avtomobilin onu vurması və ətrafdakı şəxslərin piyadanın vurulduğu yerə tərəf qaçması müşahidə edilir. Baxış keçiriləndən sonra disk zərfə qoyulub materialda saxlanılmışdır. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/227 nömrəli rəyindən görünür ki, “VAZ-21074” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 98 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində İ bel fəqərə cisminin çoxqəlpəli parçalanmış kompression sınığı, İ, İİ bel fəqərələrinin sağ çıxıntılarının xətti sınıqları, sağ qasıq sümüyünün qəlpəli sınığı, sağ qamış, sağ incik sümüklərinin çoxqəlpəli oynaqdaxili mürəkkəb sınığı, sol üst göz qapağı nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli, 001145 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Göyşaban kənd sakini xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı BD-424684 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, “VAZ 2107” markalı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edə bilər. 11 mart 2024-cü il tarixli, 222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən şəxsiyyətin orta dərəcəli emosional-davamsız pozuntusu, özünükəsmə halları diaqnozu ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 722 saylı rəyindən görünür ki, Məhkəmə psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (kompensasiya mərhələsində) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə (kompensasiya vəziyyətində olduğundan) məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının (qavrama, diqqət, yaddaş, təfəkkür, təsəwür və s.) normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya bildiyi, mahiyyətini, xarakterini dərk etdiyi, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional davamsızlıq, əhvalruhiyyəsinin dəyişkən olması, hövsələsizlik müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Azərbaycan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2, 180.2.4-cü maddələrlə təqsirli bilinib 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CM-nin 177.2.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddəti 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası 03 azadlıqdan məhrum etmə cəzasına endirilib, AR CM-nin 66.3-cü maddəsinə əsasən üzərində 05 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən AR CM-nin 76-cı maddəsi ilə 07 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib narkomaniyadan məcburi müalicə olunmaqla 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ 21074 minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisə anının qeydə alındığı bir ədəd CD diskdə olan videogörüntü maddi sübut qismində tanınmış, VAZ 21074 minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Göyşaban KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X3 rayonu, Göyşaban kəndində arvadı xx.xx.1988-ci il təvəllüdlü X2, uşaqları – xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə təqsirləndirilən şəxsinin özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir.Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasının CMnin 59.1.4-ci maddəsinə, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074 minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hadisə anının qeydə alındığı bir ədəd CD disk cinayət işi materiallarında saxlanmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 85 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut “VAZ 21074 minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut hadisə anının qeydə alındığı bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar