Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-168/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:40 xx.xx.1939-cu ildə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, təqaüdçü, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23 fevral 2024-cü il tarixdə, saat 21 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Mercedes-Benz 190 minik” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu, Şağlaser kəndinin ərazisindən keçən 13-cü km-nə düşən hissəsi ilə üzü Masallı rayonunun Boradigah qəsəbəsi istiqamətində yağışlı hava şəraitində 30-40 km/saat sürətlə idarə edərkən, sürücü olaraq qarşıda əks istiqamətdə hərəkətdə olan istintaqla müəyyən edilməmiş avtomobilin işıqları onun gözünə düşdüyünə görə gözqamaşma şəraitində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin “Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 190 minik” markalı avtomobilin hərəkətini qeyd olunan yol şəraitində 30-40 km/saat sürətlə davam etdirib, hərəkətin təhlükəsizliyini təmin edə bilməyərək, getdiyi istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə hərəkət edən piyada – Lənkəran rayonu, Şağlaser kənd sakini, xx xxxxxx 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub, ona həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik – baş beyinin ağır dərəcəli əzilməsi, kəllə əsası sümüyünün sınığı, ənsə nahiyəsindəki yumşaq toxumalar altına yayılmış qasızma, başın ənsə və qaşarası nahiyələrində əzilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs başın küt travması ilə əlaqədar baş beyinin ağır dərəcəli əzilməsi və kəllə əsası sümüyünün sınığı nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqaüdçüdür. Özünə məxsus “Mercedes-Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdən çıxıb ata evinə getmək qərarına gəlmiş və idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah avtomobil yolunun 13-cü km-də, yolun Lənkəran rayonu, Şağlaser kəndi ərazisindən keçən hissəsində 30-40 km/saat sürətlə üzü Boradigah qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Hava qaranlıq və yağışlı olmuş, əks istiqamətli hərəkət zolağından da avtomobillər hərəkət etmişdir. Həmin zolaqda hərəkətdə olan avtomobilin xarici işıqları gözünə düşmüş, bu zaman qəflətən təxminən 8- 10 metr qabaqda bir nəfər piyadanın onunla eyni istiqamətdə asfalt yolun üzərində hərəkətdə olduğunu görmüşdür. Dərhal əyləci basıb tormoz sistemini işə salaraq avtomobili bir qədər sola döndərmiş, lakin avtomobilin qabaq sağ buferi piyadanı vurmuşdur. Dərhal avtomobili dayandırıb piyadaya baxdıqda vurduğu piyadanın həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Bu zaman qaranlıq olduğu üçün üzlərini görmədiyi bir neçə nəfər şəxs də hadisə yerinə toplaşmışlar. Həmin şəxslərdən təcili tibbi yardıma zəng etmələrini istəmiş və kimsə orada təcili tibbi yardıma zəng etmişdir. Təxminən 10 dəqiqə sonra təcili yardım avtomobili hadisə yerinə gəlib mərhum Zərərçəkmiş şəxs meyitini oradan götürüb aparmışlar. Həmin vaxt güclü leysan yağmış və yağan yağış onu islatmışdır. Mərhumun meyiti oradan götürüldükdən sonra ətrafda toplaşmış şəxslər də dağılışmış, buna görə idarə etdiyi avtomobilə əyləşib evinə gedib üzərində olan paltarları dəyişdikdən sonra oradan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edib dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmamasını, 85 yaşında olmasını, ürəyin işemiya xəstəliyindən və insulin tələbli şəkərli diabetdən əziyyət çəkməsini nəzərə alaraq, ona təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 22 iyul 2024-cü il tarixli baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs 23 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran rayonu, Şağlaser kəndində yerləşən mağazadan yaşadıqları evə doğru Lənkəran-Boradigah avtomobil yolu ilə tək piyada üzü Boradigah istiqamətində hərəkətdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 190” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə atasını vurmuş və sonuncu elə hadisə yerində vəfat etmişdir. Bundan sonra TTYS əməkdaşları hadisə yerinə gəlib atasının meyitini morqa aparmışlar. Hadisədən sonra, Təqsirləndirilən şəxs və ailə üzvləri atasının yas mərasiminin keçirilməsində və başdaşının hazırlanmasında onlara əməli köməklik etmişlər. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi, eləcə də mülki iddiasının olmadığını bildirərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqaüdçüdür. Mərhum Zərərçəkmiş şəxs sinif yoldaşı, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onların heç biri ilə aralarında narazılıq və ziddiyyət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində həmkəndlisi Tahir Calalovla birlikdə çayxanadan çıxıb evə gedərkən yaşadığı Şağlaser kəndinin ərazisində, Lənkəran-Boradigah avtomobil yolunun 13-cü km-də Boradigah kəndi istiqamətində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən piyada Zərərçəkmiş şəxs vurduğunu görmüşlər. Hadisə yerinə ilk onlar çatmışlar. Hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs asfaltın üzərində uzandığını, sifətində qan olduğunu görmüşlər. Hadisə yerinə çatan anda bir neçə həmkəndlisi, o cümlədən Şahid4 da hadisə yerinə gəlmişdir. Sürücü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldüyünü demiş və təcili yardıma zəng olunmasını istəmişdir. Təxminən 2 dəqiqəyə təcili yardım avtomaşını hadisə yerinə gəlmişdir. Sürücü Təqsirləndirilən şəxsla köməkləşib Zərərçəkmiş şəxs meyitini təcili yardım avtomobilinə qoymuşlar. Hava yağışlı olduğu üçün hadisə yerində qalmayıb oradan getmişlər. Hadisənin necə baş verdiyini görməmiş, lakin hadisədən sonra birinci ora getmişdir. Hadisə yerinə getdikdə sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş və onlara qəza törətdiyini demişdir. Hadisə yerinə çatan anda Zərərçəkmiş şəxs meyiti asfaltın Boradigah kəndi istiqamətində sağ tərəfi üzərində olmuşdur. Təqsirləndirilən şəxs da mərhumun yanında olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” 190 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhumun meyitindən təxminən 3-4 metr Boradigah kəndi istiqamətində asfaltın sağ kənarında dayanmışdır. Mərhum Zərərçəkmiş şəxs meyitini təcili tibbi yardım avtomobilinə qoyarkən sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş, özü də meyitin təcili yardım avtomobilinə qoyulmasına köməklik etmişdir. Məhkəmə istintaqında şahidlər - Şahid3 və Şahid4 Ağababa oğlu Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan qəsəbəsində yaşayır. Sədərək Ticarət Mərkəzində satıcı işləyir. İİ Qarabağ müharibəsinin iştirakçısıdır. 23 fevral 2024-cü il tarixdə yaşadığı Lənkəran rayonu Şağlaser kəndində mağazadan ərzaq alıb Lənkəran-Boradigah avtomobil yolu ilə evinə, üzü Boradigah qəsəbəsi istiqamətində idarə etdiyi VAZ-21074 markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuşdur. Güclü yağış (leysan) yağmış, görmə məsafəsi çox məhdud olmuşdur. Hərəkətdə olarkən Şağlaser kənd tam orta məktəbinə çatmamış, üzü Boradigah qəsəbəsi istiqamətində yolun sağ kənarında bir nəfər şəxsin yerdə uzanmış vəziyyətdə olmasını, ondan təxminən 5 metr qabaqda Mercedes Benz 190 markalı avtomobilin dayandığını görmüşdür. Yerdə uzanmış vəziyyətdə olan şəxsin yanında 3 nəfər olmuşdur. Həmin şəxsi oyatmağa çalışmışlar. Avtomobilini dayandırıb həmin şəxsə yaxınlaşdıqda həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs başının arxa hissəsindən qan axmışdır. Həmin şəxsin başı üzərində bir neçə adlarını bilmədiyi həmkəndliləri, həmçinin həmkəndlisi Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Zərərçəkmiş şəxs vurduğunu demişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşlı olduğu üçün xahiş etmişdir ki, təcili tibbi yardıma zəng etsinlər. Buna görə də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təcili tibbi yardıma zəng etmişdir. Təxminən 5 dəqiqə ərzində Şağlaser kənd TTTY avtomobili hadisə yerinə gəlmişdir. Həmin ərəfədə hadisə yerinə çoxlu şəxslər toplaşmışlar. Zərərçəkmiş şəxs hadisə yerində ölmüş, köməkləşib mərhumun meyitini TTTY avtomobilinə mindirmişlər. Bundan sonra mərhumun meyiti xəstəxanaya aparılmışdır. Həmin vaxt güclü leysan yağdığından TTTY avtomobili hadisə yerindən uzaqlaşdıqdan sonra oradan getmişlər. Hadisənin necə baş verdiyini görməmiş, lakin hadisədən sonra ora getmişdir. Hadisə yerinə getdikdə sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş və onlara qəza törətdiyini demişdir. Hadisə yerinə çatan anda Zərərçəkmiş şəxs meyiti asfaltın Boradigah kəndi istiqamətində sağ tərəfi üzərində olmuşdur. Meyit asfaltın sağ kənarından təxminən 1 metr içəridə, yəni asfaltın üzərində olmuşdur. Təqsirləndirilən şəxs da mərhumun yanında olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 190 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhumun meyitindən təxminən 5 metr Boradigah kəndi istiqamətində asfaltın sağ kənarında dayanmışdır. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. Meyiti hadisə yerindən xəstəxanaya yola saldıqdan sonra hava yağışlı olduğuna görə oradan uzaqlaşmışlar. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, sxem və fottocədvəldən görünür ki, hadisə baş verən yer Lənkəran- Boradigah avtomobil yolunun 13-cü km-də, yolun Lənkəran rayonu Şağlaser kəndi ərazisindən keçən hissəsində yerləşir, yaşayış məntəqəsidir. Yol iki istiqamətlidir. Asfaltın üzərində əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.5 nişanlanma xətti (qırıq xətt) vardır. Yol örtüyünün eni 7,2 metr olmaqla, yol yaş, düz, üfuqi olmaqla asfalt örtüklüdür. Asfaltın üzərində piyada keçidi və ya başqa yol nişanları yoxdur. Piyada asfaltın üzərində vurulmuş, vurulma yerindən asfaltın sağ kənarına 1 metr, asfaltın sol kənarına qədər məsafə isə 6,2 metrdir. Piyada Boradigah qəsəbəsi istiqamətində, yəni avtomobillə eyni istiqamətdə hərəkətdə olmuşdur. Piyada sakit yerişlə yerimiş, əlində yük olmamışdır. Sürücünün hərəkəti üçün təhlükə piyadanı gördüyü andan yaranmış, həmin an aralarında 10 metr məsafə olmuşdur. “Avtomobilə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, , baxış zamanı avtomobilin boz metallik rəngdə, Təqsirləndirilən şəxs mülkiyyətində, avtomobilin ban nömrəsinin sənəddə olduğu kimi WDB2010241A693015 həkk olunması, avtomobilin qabaq buferin sağ yan hissəsi, qabaq alın şüşəsin sağ tərəfi və sağ güzgünun zədələnmiş formada olması, avtomobilin qabaq buferinin sağ tərəfində faranın altında olan həmin hissədə qara rəngdə plastmas materiallı buferin üzərində yeni qopmuş zədə yerlərinin olmaqla həmin zədələrin yeni yaranmış zədələr olması, baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 21 radələrində həmin avtomobillə Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonunun Şağlaser kəndi ərazisində asfalt yolda Boradigah istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən piyadanı avtomobilin həmin hissəsi ilə vurmasını bildirməsi, həmçinin Təqsirləndirilən şəxs avtomobilin həmin zədələnmiş yerlərini göstərib piyada avtomobilin həmin hissəsinə dəyərək asfaltın üzərinə yıxılmasını bildirməsi müəyyən olunmuşdur. Bundan əlavə avtomobilin digər hissələrinə baxış keçirilmiş və avtomobildə hadisə ilə əlaqədar başqa hər hansı bir izlər aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli, 03 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində - baş beyinin ağır dərəcəli əzilməsi, kəllə əsası sümüyünün sınığı, ənsə nahiyəsindəki yumşaq toxumalar altına yayılmış qansızma, başın ənsə, qaşarası nahiyələrində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə - başın küt travması ilə əlaqədar baş beyinin ağır dərəcəli əzilməsi, kəllə əsası sümüyünün sınığı səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs hadisədən bir qədər əvvəl spirtli içki qəbul etmişdir. Bunu onun qanında məhkəmə-kimya müayinəsi zamanı etil spirtinin tapılması təsdiq edir. Onun qanında 1,33 mlqr faiz etil spirti aşkar edilmişdir. Qanda tapılmış etil spirtinin miqdarı canlı şəxslərdə yüngül dərəcəli alkohol sərxoşluğuna uyğun gəlir. “Baxış və götürmə aparılması barədə” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Lənkəran rayonu Şağlaser kənd Təcili və X3 Stansiyasının inzibati binasında üzərində “Təcili və X3 X1 Kitabı” qeyd olunmuş kitaba baxış keçirilmişdir. Həmin kitabın 159-cu səhifəsində olan 402 sıra nömrəsində yerləşən qrafadan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:08-də ***-***-**-** saylı nömrədən 1959-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs avtoqəza nəticəsində ölməsi ilə bağlı Lənkəran rayonu, Şağlaser kəndi ərazisinə çağırışa gedilməsi, pasiyentin hadisə yerində keçindiyi və morqa yerləşdirildiyi və hadisə yerindən həmin tarixdə, saat 22:56-da TTYS-na qayıtdıqları qeyd olunmuşdur. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 08 aprel 2024-cü il tarixli, 8/736 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Mercedes- Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin, yəni “Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;” tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eksperiza tədqiqatının dəyəri 85 manat təşkil edir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 23 fevral 2024-cü il tarixli 000281 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü – Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. BD471891 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes-Benz 190 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayonu Şağlaser kənd sakini Təqsirləndirilən şəxs mülkiyyətindədir. BD426704 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1B kateqoriyalı sürücülük hüququ vardır. DİN-in BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə BD426704 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında yoxdur. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1700 saylı arayışından görünür ki, Əskərov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmasından ötrü sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Lənkəran ŞİHB-nin Şağlaser KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyatnamədən görünür ki, Əskərov X2 rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 22 iyul 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi, eləcə də mülki iddiasının olmadığını bildirərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(049)-168/2024 nömrəli qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli, 13940 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Şağlaser kəndi üzrə anten dairələrində olmuşdur. Tibbi Ərazi Bölmələrini X4 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Şağlaser Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şağlaser ASM-də dispanser qeydiyyatda olmaqla mütəmadi ambulator müalicələr alır. Təqsirləndirilən şəxs qoyulmuş diaqnoz arterial hipertenziya, İİİ-R-4, ürəyin işemiya xəstəliyi – sabit gərginlik stenokardiyası, şəkərli diabet İİ – insulin tələbli diabetik angioneyropatiyadan ibarətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, 85 yaşında olmasını və arterial hipertenziya, İİİ-R-4, ürəyin işemiya xəstəliyi – sabit gərginlik stenokardiyası, şəkərli diabet İİ – insulin tələbli diabetik angioneyropatiyadan əziyyət çəkməsini CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, zərərçəkmiş şəxsin ailə üzvləri ilə hadisədən sonrakı qarşılıqlı münasibətlərini və cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə davranışlarını, əməlindən peşman olan, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldırmağa cəhd etmiş təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi “Mercedes-Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan “Mercedes-Benz 190” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-168/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-168/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver