Məhkəmə qərarları › İş №1(049)-17/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-17/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-17/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 16:50 xx xxxx 1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə, 17 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi dalan 5, ev 2-dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq orada yerləşən, 200 manat dəyərində olan bir ədəd “Moskviç” markalı nəqliyyat vasitəsinə məxsus olan sürətlər qutusunu, sonuncunun həyətində saxladığı “Moskviç” markalı nəqliyyat vasitəsinin motorxanasından bir ədəd, 100 manat dəyərində radiatoru ümumilikdə 300 (üç yüz) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 2022-ci ilin aprel ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,286 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2022-ci il tarixdə saat 19:15 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq ünvanı ünvan 3 və şöbədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında ümumi bir həyətdə yaşadığı, lakin evlərinin arasında daş hasar olan əmisi oğlu Zərərçəkmiş şəxs evinin zirzəmisindən və həyətdə saxladığı **-EF-*** dövlət qeydiyyat nişanlı, “Moskviç” markalı maşınından oğurluq etmişdir. Təxminən mart ayının 11-də saat 17 radələrində əmisi oğlu İdrakın Bakı şəhərində olmasından istifadə edərək onun evinin arxa tərəfindən gedib evin zirzəmisinə daxil olmuşdur. Zirzəmidə avtomobilə məxsus ehtiyyat hissələri olduğunu bilmişdir. Evin zirzəmisində olarkən avtomobilə məxsus sürətlər qutusunu görüb ordan götürmüşdür. Daha sonra həyətdə saxladığı “Moskviç” markalı maşının motorxanasından radiatoru götürərək öz evinə getmişdir. Səhəri gün götürdüyü həmin ehtiyat hissələrini yaşadığı küçədən keçən, dəmir yığan, şəxsiyyətini bilmədiyi, motosiklet sürənə 80 manata satmışdır. Əldə etdiyi pulun bir hissəsini narkotik vasitə almaq üçün sərf etmiş, bir hissəsini isə şəxsi ehtiyacları üçün xərcləmişdir. 5 ilə yaxındır ki, narkotik vasitə heroini tüstüsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitələri Lənkəran şəhəri “kiçik bazar” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən almışdır. Sonuncu dəfə 21 aprel 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhəri “kiçik bazar” ərazisində bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış və narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də ona narkotik vasitə olduğunu bildirmişdir. Tanımadığı şəxsdən 5 manat qarşılığında bir büküm narkotik vasitə istifadəçiləri arasında “kokos” kimi tanınan heroin alaraq ağrıları olan zaman qəbul etmək üçün üzərində saxlamışdır. Saat 19 radələrində yaşadığı Ş.Xiyabanı küçəsində olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran Şəhər, Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərindəki bükümü harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədilə aldığı, əynində olan şalvarın sol yan cibində olan 1 ədəd bükümdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X1 ifadəsində göstərdi ki, ünvan 4-də anası ilə birlikdə yaşayır. Qeyd etdiyi ünvanda yaşadığı fərdi həyət evi var. İşi ilə əlaqədar olaraq 2022-ci ilin yanvar ayında Bakı şəhərinə getmişdir. Bir müddət orda qaldıqdan sonra həmin ilin mart ayının 20-i tarixində yaşadığı Lənkəran şəhərinə yaşadığı evə gəlmişdir. Həyətdə iş görən zaman evin zirzəmisinə daxil olmuş, orada ona məxsus olan “Moskviç” markalı avtomaşının sürətlər qutusunun olmadığını görmüşdür. Daha sonra həyətdə saxladığı **-EX-*** dövlət qeydiyyat nişanlı “Moskviç” markalı avtomaşının motorxanasına baxan zaman maşına məxsus radiatorun orada olmadığını görmüşdür. Sürətlər qutusunun qiyməti təxminən 200 manat, radiatorun qiyməti isə təxminən 100 manat olmuşdur. Avtomaşına məxsus həmin ehtiyyat hissələrinin yerində olmadığını görəndə onların əmisi oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını ehtimal etmişdir. Çünki işi ilə əlaqədar Bakı şəhərinə getməmişdən əvvəl qeyd etdiyi sürətlər qutusu və radiator yerində olmuşdur. Həmçinin Rüfətin uzun müddətdir ki, narkotik vasitə qəbul etdiyindən və heç bir yerdə işləmədiyindən bu cür hərəkətlərə yol verəcəyindən şübhələnmişdir. Daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, baş vermiş hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs Səlim Şahbazzadə məhkəmədə çıxışında və məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən ona yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. İcraatına ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatlarının icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 21 aprel 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Bir müddət Rüfəti izlədikdən sonra ona yaxınlaşmağa qərar vermiş, özü ilə birlikdə olan polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək ona yaxınlaşmışlar. Rüfətə yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etməsini istəmiş və o da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirərək, onu şöbəyə dəvət etmişlər. Əvvəlcə onlarla şöbəyə gəlmək istəməmiş, müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs bu cür hərəkətləri onlarda olan şübhələri daha da artırmış və ona şöbəyə getməsi mütləq olduğu bildirilmişdir. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunduqda sonuncu əynindəki şalvarının sol yan cibindən sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi, dalan 5, ev 2-də qeydiyyatda olmaqla yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisindən və həyətdəki “Moskviç” markalı avtomobilindən müxtəlif avtomobil ehtiyyat hissələri oğurladığını etiraf etmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. 21 aprel 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən 5 manat qarşılığında şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan başqa o, Lənkəran şəhərində avtomobilə məxsus ehtiyat hissələri oğurladığını etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2022-ci il tarixli, 19/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi –0,286 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 21 mart 2022-ci il tarixli “evin zirzəmisinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisi və “Moskviç” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaisitəsidir. Baxış zamanı həyətdə kapotu açıq vəziyyətdə olan “Moskviç” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi görünür. Moskviç” markalı nəqliyyat vasitəsi ağ rəngdədir və üzərində bir neçə hissəyə boz rəngli boya ilə yamaq vurulmuş, nəqliyyat vasitəsinin 4 qapısı mövcuddur. Bundan əlavə nəqliyyat vasitəsinin motorxanasına baxış keçirdikdə radiatorun oğurlandığını müəyyən olunur. Zərərçəkmiş şəxs baxış zamanı yaşadığı fərdi yaşayış evinin zirzəmisini təqdim edərək həmin nəqliyyat vasitəsinə aid sürət qutusunun oğurlandığı yeri göstərmişdir. 12 iyun 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və porotokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Şahbazov X3 şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinin zirzəmisindən etdiyi oğurluq əməllərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Lənkəran rayonu, Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin 17 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Moskviç” markalı avtomobilə məxsus 1 ədəd sürətlər qutusunun qiyməti 190 manat, Moskviç” markalı avtomobilə məxsus 1 ədəd radiatorun qiyməti 110 manatdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 28 aprel 2022-ci il tarixli, 388 saylı arayışdan görünür ki, Şahbazov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Rayon Məhkəməsinin 5(049)-149/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbiri qanuni hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-144/2022 nömrəli, 23 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şahbazov X3 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 5/2 ünvanında anası X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında 14 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi -0,286 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış 0,236 qalığı, şəxsi axtarışının görüntüləri olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, heroinin qalıq qalan hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi, şəxsi axtarışının görüntüləri olan 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxs Səlim Şahbbazadənin onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmaması, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, zərəçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək, ona CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilmiş cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplaqmaqla qəti cəza təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 09 ay 05 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan bir bükümdə 0,236 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 09 ay 5 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 06 ay 10 günə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay 20 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,236 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar