Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-17/2024 02.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, Lənkləran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 fevral 2024-cü il tarixdə, saat 12.40-da Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin mart ayında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 03 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,304 qram, -0,279 qram, -0,513 qram, ümumi təmiz çəkisi - 1,096 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 09 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 3 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə olan heroin özünə məxsus deyil. Polis şəbəsinə aparılandan sonra narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən cibinə qoyulmuş, özünə məxsus olduğunu etiraf etməyə məcbur edilmişdir. O, etmədiyi cinayəti etiraf etmədiyi üçün polis əməkdaşları tərəfindən döyülmüşdür. Ona görə də məcbur olub, narkotik vasitə olan heroinin özünə məxsus olduğunu yalandan etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, 10 ildir ki, narkotik vasitə heroindən həftədə bir dəfə, iynə üsülü ilə qəbul edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhəri ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almışdır. Həmin şəxslər artıq tutulmuşlar. 09 mart 2023-cü il tarixdə onu polis əməkdaşları Lənkəran şəhəri Kiçik Bazar qəbirstanlığında saxlamışlar. Həmin vaxt narkotik vasitə qəbul etməmiş və üzərində olmamışdır. Şöbədə əməliyyatçılar tərəfindən ona qarşı zor tətbiq edildiyindən və döyüldüyündən, qabırğalarında çatlar əmələ gəldiyindən məcbur olaraq videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Lakin döyülməyi barədə Bakı İstintaq Təcridxanasında olduğu zaman şikayət etməmişdir. Hazırki məhkəmə iclasında o, əvvəl verdiyi ifadəsindən fərqli ifadə verərək özünü ona elan edilmiş ittiham üzrə təqsirli hesab edərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ondan heroin aşkar olunaraq götürülmüş, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan iki uşağı vardır. Məhkəmə baxışı zaman ifadəsi tədqiq edilməklə elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, 2 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olur. Təxminən 3 ildir ki, kakos deyilən narkotik vasitə heroindən istifadə edir. Hansı səbəbə ifadə verməsi ona məlumdur. Qeyd etmişdir ki, istifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən almışdır. Tutulmazdan 2-3 gün əvvəl kakos deyilən narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhəri, kiçik bazar tərəfə getmiş və üzdən tanıdığı narkotik vasitə və psixotrop maddə satıcısı olan şəxslə rastlaşmış və ondan 15 manata üç bükümdə heroin almış və üzərində saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üç bükümdə heroini öz istifadəsi üçün almışdır. 09 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına öz istəyi əsasında vəkil təyin edilmiş, daha sonra vəkil İntiqam Hüseynovun iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir.O da əynindəki şalvarın sol yan cibində olan siqaret qutusununun içərisindən üç ədəd narkotik vasitə heroin bükümünü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli, kakos deyilən narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, həmin narkotik vasitə heroin ona məxsusdur və həmin kütlələri Lənkəran şəhərində yerləşən kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməsi ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 raportu, iş üzrə dindirmə protokolları, şəxsi axtarış və götürmə haqqında protokol və protokola əlavə edilmiş CD disk, götürülmüş maddi sübutlar, əməliyyat tapşırığına verilmiş cavab, məhkəmə-narkoloji, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, eləcə də, digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə, axşam saat 17:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlamışlar. O, saxlanıldığı zaman “pis gündə” olmuşdur. Şöbədə əməliyyatçılar tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və onun üzərinə narkotik vasitə qoyulmamışdır. Şöbədə, Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən ümumilikdə 15 manata almışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs videoçəkiliş zamanı əynində olan şalvarın sol yan cibindən içərisində üç ədəd sellofana bükülmüş kütlələr olan siqaret qutusu təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur, onunla birlikdə əməliyyat müvəkkili Şahid3 və polis sahə rəisi X8 tədbirin keçirilməsində iştirak etmişdirlər. 09 mart 2023-cü il tarixdə, axşam saat 17:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Murad Adilzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içərisində üç ədəd sellofana bükülmüş kütlələr olan siqaret qutusu təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilmiş içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisinin 1,17 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən ümumilikdə 15 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs onunla keçirilən şifahi sorğu zamanı üzərindən aşkar edilmiş heroini Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs heroini satın aldığı şəxs barədə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə şöbədə əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş, lakin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan 09 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən 03 ədəd bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 1,17 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən ümumilikdə 15 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 mart 2023-cü il tarixli 19/286 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,304 qram, -0,279 qram, -0,513 qram, ümumi təmiz çəkisi -1,096 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,946 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 274 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddə əldə edərək istifadə etmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş Penitensiar Xidmətin 15 saylı CÇM-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış və o, xx.xx.2022-ci il tarixdə CÇM-dən cəzasının sonu işə cəzadan azad edilmişdir. İşdə olan portaldan çıxarış, tələbnamə, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkləran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,096 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 03 bükümdə, ümumi təmiz çəkisi -0,946 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin döyülməsi və narkotik vasitənin üzərinə qoyulması ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi olmadan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,304 qram, -0,279 qram, -0,513 qram, ümumi təmiz çəkisi -1,096 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2023-cü il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsinə, yəni narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülməsi barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı, Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı, məhkəmə-tibb ekspertiza rəyi, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və CD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, təqsirləndirlən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi ifadəsində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması və döyülməsi hissəsində təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsinə deyil, hazırki məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələrini inanadırıcı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Lənkləran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,946 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,946 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(049)-17/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-17/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver