Məhkəmə qərarları › İş №1(049)-173/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-173/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-173/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi atası Şahid1 məxsus, “Hyundai solaris minik” markalı, 99NC849 dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Boradigah kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətinə doğru hərəkətdə olarkən, rayonun Vilvan kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili 100- 120 km/saat sürətlə idarə edib digər hərəkət zolağında hərəkətdə olmaqla onunla eyni istiqamətdə ötmə əməliyyatını həyata keçirən Lənkəran rayonu Şağlaser kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “nissan tida” markalı “90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin onun yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək avtomobilinin qabaq sol hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “nissan tida” markalı “90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs canlı şəxslərdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – ənsə nahiyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası(hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqərəsinin kompression sınığı kimi xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atasına məxsus “Hyundai solaris minik” markalı 99NC849 nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edir. 2013-cü ildən bəri avtomobil idarə etmək təcrübəsi vardır. Həmçinin avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 09 iyul 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Şağlaser kəndindən Hyundai Solaris markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Lənkəran şəhəri istiqamətində 100-120 km/saat sürətlə Boradigah- Lənkəran asfalt yolunda üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında olan avtomobilləri bir-bir ötüb keçmışdir. Lənkəran rayonu Vilvan kəndi ərazisində ötdüyü avtomobillərdən biri dostu və həmkəndlisi Zərərçəkmiş şəxs olmuşdur. Röşən Lənkəran rayonu Vilvan kəndində yerləşən döngəli yolda onun Röşəni keçdiyini görüb sürət yığaraq idarə etdiyi Nissan Tiida markalı 90BT974 dövlət qeydiyyat nişanlı avtomobillə onun nəqliyyat vasitəsini ötmək üçün yolun əks istiqamətdən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxaraq ötmə əməliyyatını həyata keçirməyə başlamışdır. O, Röşənin ötmədə olduğunu görmüş və öz hərəkətini davam etdirmişdir. Həmin vaxtı sürəti yüksək olduğundan və avtomobilləri bir-birilərinə yaxın məsafədə olduğundan həmin vaxtı Nissan Tiida markalı avtomobilin qabaq sağ təkəri ilə onun idarə etdiyi avtomobilin qabaq sol qapı hisəssi toqquşmuşdur. Nissan Tiida markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etməni itirərək yolun sol tərəfinə doğru təxminən 150- 200 metr sürüşüb Lənkəran şəhəri istiqamətində yolun sol kənarında ehtiyat hissədən sonra olan su kanalının içinə düşüb çevrilmiş halda əks istiqamətdə, yəni Boradigah kəndi istiqamətində durmuşdur. O, sürətini azaldıb yolun sağ kənarında olan ehtiyat hissədə avtomobilini saxlamış, avtomobildən düşən kimi atasına zəng edib məlumat vermiş və telefonunu yerə atıb kanala tərəf qaçmağa başlamışdır. O, ilk öncə boğulma ehtimalı olan Nissan Tiida markalı avtomobilin sürücüsünü kanalın içərisindən çıxarmaq istəmişdir. Röşən avtomobilin arxa oturacağında uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. Avtomobilin arxa sağ qapısını açaraq Röşəni avtomobildən çıxarmış, kanalın divarına söykəmişdir. Kanala düşən zaman özü də əzildiyi üçün Röşəni tək çıxara bilməmiş, elə bu zaman atası hadisə yerinə gəlmiş, atasının köməkliyi ilə Röşəni kanaldan çıxarmış və öz avtomobilinə qoyub xəstəxanaya aparmaq istəmişdir. Bu vaxt təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş, ətrafda olan şəxslər təcili tibbi yardım xidmətinə məlumat vermişlər. Röşəni öz avtomobilindən çıxarıb təcili tibbi yardım avtomobilinə qoymuş və Lənkəran rayon mərkəzi xəstəxanasına yola salmışdır. Eyni zamanda həmin vaxtı oraya Lənkəran ŞRPŞ-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Protokol tərtib etmişlər. O, da protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisə zamanı tam ayıq olmuş, hadisədən əvvəl idarə etdiyi avtomobil saz vəziyyətdə olub hər hansı texniki nasazlığı olmamışdır. O, hadisədən qabaq Röşənin avtomobilinin ötmədə olduğunu və onu keçmək istəməsini yan güzgüdən görmüş, lakin sürətini azaltmadan və avtomobilini sağa tərəf çəkmədən hərəkətini davam etdirmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai solaris minik” markalı 99NC849 dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən ona qaytarılmışdır. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi “Nissan Tiida minik” markalı 90BT974 nömrə nişanlı avtomobillə üzü Lənkəran şəhəri istiqamətində 60-70 km/saat sürətlə Boradigah-Lənkəran asfalt yolunda üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən dostu və həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai solaris” markalı 99NC849 nömrə nişanlı avtomobillə bir neçə avtomobili cərgə ilə ötüb keçdiyini görmüşdür. Lənkəran rayonu Vilvan kəndi ərazisində o, avtomobilinin sürətini artırmağa başlamış, Vilvan kəndində yerləşən yolda Elmarın avtomobilini keçmək üçün yolun əks istiqamətdən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxarıb ötmə əməliyyatını həyata keçirməyə başlamışdır. Həmin vaxtı Elmar avtomobili onun avtomobilinə çox yaxın sürməyə başlamış, sürət yüksək olduğundan və avtomobilləri yaxın məsafədə olduğundan ani olaraq avtomobilinin qabaq sağ təkəri ilə Elmarın idarə etdiyi avtomobilin qabaq sol qapı hissəsi toqquşmuşdur. Həmin vaxtı o, idarəetməni itirmiş, avtomobili yolun sol tərəfinə doğru təxminən 150-200 metr sürüşüb Lənkəran şəhəri istiqamətində, yolun sol kənarında ehtiyat hissədən sonra olan su kanalının içinə düşüb çevrilmiş halda əks istiqamətdə, yəni Boradigah kəndi istiqamətində durmuşdur. Bundan sonra o, huşunu itirmişdir. Özünə gəldiyində kanalın divarına söykənmiş vəziyyətdə durduğunu görmüşdür. Həmin vaxtı Elmar, atası Telman və digər şəxslərin köməkliyi ilə onu kanaldan çıxarıb təcili tibbi yardım avtomobilinə qoyub Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmiş, sonradan cərrahi əməliyyat olunmuşdur. xx.xx.2022-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. Həmin dövrdən hazırkı dövrədək Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən X2 Mərkəzində müalicə almışdır. Hazırda hər iki aşağı ətraflarda hərəkət, hissiyyat yoxdur və yeriyə bilmir. Hadisə avtomobillərin sürtünməsi səbəbindən baş vermişdir. Onun üçün təhlükə anı təxminə 1-2 saniyə çəkmiş və hadisənin qarşısını almaq üçün heç bir təhlükəsizlik tədbiri görə bilməmişdir. Avtomobillərin toqquşması Lənkəran şəhəri istiqamətində olan yolun ortasında baş vermişdir. Təqsirləndirilən şəxslə barışmamışlar və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış «Nissan Tiida minik» markalı, 90BT974 dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən ona təhvil verilmişdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsinin sanksiyası həddində cəza verilməsini və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPXnin inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə, gecə vaxtı Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə Lənkəran rayonu Vilvan kəndi ərazisində 2 nəqliyyat vasitəsinin toqquşması, toqquşma nəticəsində avtomobillərdən birinin yolun kənarındakı su kanalına düşməsi barədə məlumat almışlar. Daxil olmuş məlumatla bağlı o, xidmət apardığı DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid2lə birlikdə hadisənin baş verdiyi Lənkəran rayonu Vilvan kəndinə gəlmişlər. Bir neçə dəqiqədən sonra oraya şöbənin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Murad Adilzadə də gəlmişdir. Həmin vaxtı toqquşmuş nəqliyyat vasitələrindən biri “Nissan Tiida” markalı avtomobil Lənkəran şəhəri istiqamətində yolun sol kənarında olan kanalda, çevrilmiş halda, digər “Hyundai solaris” markalı avtomobil isə Lənkəran şəhəri istiqamətində olan yolun hərəkət hissəsində olmuşdur. Həmin yolda hərəkət sürəti 60km/saat həddində təyin edilmişdir. Hadisə yerində “Hyundai Solaris” markalı avtomobilin qabaq sol qapı hissəsi əzilmiş, “Nissan Tiida” markalı avtomobilin isə bütün hissələri əzilmiş halda olmuşdur. Hadisə yerinin müayinəsi zamanı Təqsirləndirilən şəxs hadisə zamanı avtomobillərin toqquşduğu yeri göstərərək bildirmişdir ki, 09 iyul 2022-ci il tarixdə, saat 23 radələrində rayonun Vilvan kəndində idarə etdiyi “Hyundai Solaris” markalı 99NC849 nömrə nişanlı avtomobillə Masallı rayonu istiqamətindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin sol qabaq qapı hissəsi ötmədə olan dostu və həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiida” markalı 90BT974 nömrə nişanlı avtomobilin sağ qabaq təkəri ilə toqquşmuş, toqquşmadan sonra Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiida” markalı avtomobil 150-200 metr sürüşüb Lənkəran şəhəri istiqamətində yol sol kənarında olan kanala aşmışdır. Toqqşumadan sonra Təqsirləndirilən şəxs kanalda aşmış vəziyyətdə olan “Nissan Tiida” markalı avtomobilin sürücüsünü çıxararaq təcili tibbi yardım avtomobili ilə Lənkəran RMX-na göndərmişdir. O, yol-nəqliyyat hadisəsinin baş verdiyi an orada olmamış və hadisəni bələvasitə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPXnin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən Elmar ona zəng edərək rayonun Vilvan kəndi ərazisində yol nəqliyyat hadisəsi törətdiyini bildirmiş və dərhal oraya gəlməyini istəmişdir. O, dərhal evdən çıxıb yol avtomobili ilə təxminən 2 dəqiqəyə hadisənin baş verdiyi yerə gəlmişdir. Hadisə yerinə çatdıqda Lənkəran şəhəri istiqamətində yolun sol kənarında bir neçə nəfərin toplaşdığını, “Nissan Tiida” markalı avtomobilin Lənkəran şəhəri istiqamətində yolun sol kənarında olan kanalda, çevrilmiş halda, Elmarın idarə etdiyi “hyundai solaris” markalı avtomobilin isə yolun hərəkət hissəsində dayandığını görmüşdür. Elmarın kanala düşmüş “Nissan Tiida” markalı avtomobildə olan dostu Zərərçəkmiş şəxs çıxarmaq üçün kanala düşdüyünü görüb oraya getmiş və köməkləşib Röşəni kanaldan çıxarmışlar. Röşəni avtomobilə qoyub xəstəxanaya aparmaq istəyən zaman oraya təcili tibb yardım avtomobilinin gəldiyini görüb Röşəni təcili tibbi yardım avtomobilinə qoyub birlikdə rayon mərkəzi xəstəxanasına gəlmişdir. Həmin vaxtı oraya Lənkəran ŞRPŞ-nin əməkdaşları gəlib hadisə yerini müayinə edib fotoşəkillər çəkmişlər. Orada olarkən ona məlum olmuşdur ki, 09 iyul 2022-ci il tarixdə, saat 23 radələrində rayonun Vilvan kəndində Elmar idarə etdiyi “Hyundai Solaris” markalı 99NC849 nömrə nişanlı avtomobillə Masallı rayonu istiqamətindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin sol qabaq qapı hissəsi ötmədə olan dostu və həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiida” markalı 90BT974 nömrə nişanlı avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, toqquşmadan sonra Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiida” markalı avtomobil 150-200 metr sürüşüb Lənkəran şəhəri istiqamətində yolun sol kənarında olan kanala aşmışdır. İşin məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatətinə əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. 09 iyul 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Röşən aldığı xəsarətə görə uzun müddət müalicə olunmuşdur. O, 6-7 ay xəstəxanada müalicə edilmişdir. O, eşitmişdir ki, Röşənin hər ay müalicə xərclərinə 3.000 – 3.500 manata qədər xərci çıxmışdır. O, özü də 1.500 manat məbləğində Röşənin müalicə xərcini ödəmişdir. Xəstəxanada gündə 100-150 manat pul xərclənirdi. Təqsirləndirilən şəxs tərəfindən Röşənə köməklik göstərilməsi barədə vəd verilsə də sonradan ona maddi göstərdiyini görməmişdir. O, özü qeyd edilən müalicə xərclərinin ödənilməsində şəxsən iştirak etməmişdir. İşin məhkəmə baxışında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında ona zəng vurub bildirmişlər ki, Elmar avtomaşınla qəza törədib. Kömək məqsədilə dərhal hadisə yerinə geymişdir. Hadisə yerinə çatdıqda görmüşdür ki, Nəcəfazdə Elmar və onun atası Telman zərərçəkmiş Zərərçəkmiş şəxs kanaldan çıxarmağa çalışırlar. Həmin vaxt Röşənə məxsus olan Nissan Tida markalı avtomaşın kanalın içərisində idi. O, özü, Elmar və Telman köməkləşərək Röşəni kanalın içərisindən çıxarmışlar. Yol-nəqliyyat hadisəsi baş verərkən o, hadisə yerində olmamış və hadisə anını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 05-15-ci vərəqələrində olan 09 iyul 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu Vilvan kəndi ərazisində baş vermiş, yol nəqliyyat hadisəsindən sonra “Hyundai Solaris” markalı avtomobil yolun hərəkət hissəsində, “Nissan Tiida” markalı avtomobil isə Lənkəran şəhəri istiqamətində yolun sol kənarında olan kanala düşmüş halda olmuşdur. Yol 7 metr enində, üzəri asfaltbeton örtüklü olmaqla iki zolağlıdır, yolun sağ və sol tərəfində yol səkisi vardır, yol elektrik işığı ilə işıqlandırılmır, yolun solunda və sağında boş torpaq sahələri və fərdi yaşayış evləri yerləşir. Yolda sürət həddi 60 km/saat təyin edilmişdir. Hərəkət hissəsi 3,5 metr, asfalt örtüyü quru olmuşdur. Toqquşma Lənkəran şəhəri istiqamətində yolun sağ asfalt örtüyünün başlanğıcından 4,4 metr məsafədə hərəkət hissədə asfalt üzərində baş vermişdir. Toqquşmadan öncə hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baxış aydın, qaranlıq hava şəraitində süni işıqlandırma altında həyata keçirilmiş, protokol tərtib edilərkən heç bir vəsatət, ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 33-36-cı vərəqlərində olan 26 avqust 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən “Hyundai Solaris” markalı, 99NC849 dövlət qeydiyyat nişanlı avtomobilin sol nahiyəsinin yenicə rəngləndiyi açıq şəkildə gürünür, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tiida” markalı, 90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi nəqliyyat vasitəsinin sol nahiyəsinə çırpılaraq sürtündüyünü, nəticədə yoldan çıxaraq su kanalına aşdığını bildirmişdir. Bundan sonra avtomobilini təmir üçün ustaya apardğını, avtomobilin həmin nahiyəsini düzəltdirdiyini bildirərək yol-nəqliyyat hadisəsindən bir gün sonra xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin özü tərəfindən çəkdiyi fotoşəkilləri istintaqa təqdim etmişdir. Fotoşəkillərə baxış zamanı avtomobilin qabaq sol qapı və qanadında sürtünmə və əzilmə izləri aşkar şəkildə nəzərə çarpmışdır. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 8/2301 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Hyundai Solaris markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 1453 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası(hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqərəsinin kompression sınığı küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Lənkəran rayon Mərkəzi Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 1209 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından məlum olur ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin məhkəmə baxışında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, cinayət işinin materiallarında qeyd edilən yol-nəqliyyat hadisəsinin mexanizmi və hadisənin baş verdiyi yer ibtidai istintaq zamanı Lənkəran Şəhər Rayon X8 Bölməsinin müstəntiqi Zaur Səmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında” qərarda və 29 sentyabr 2022-ci il tarixli, 8/2301 nömrəli rəydə qeyd edilən xüsusatlara uyğundur. “Sübutların qiymətləndirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, «Nissan Tiida minik» markalı, 90BT974 dövlət qeydiyyat nişanlı və “Hyundai solaris minik” markalı 99NC849 dövlət qeydiyyatlı avtomobillər maddi sübut qismində tanınmış və saxlanılması üçün «Nissan Tiida minik» markalı, 90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs və “Hyundai solaris minik” markalı 99NC849 dövlət qeydiyyatlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X1 özünü təqsirli bilməyərək hadisədən qabaq Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilinin ötmədə olmaqla onun idarə etdiyi avtomobili keçmək istəməsini yan güzgüdən gördüyünü. lakin sürətini azaltmadan və avtomobilini sağa tərəf çəkmədən hərəkətini davam etdirməsi barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və məhkəmə istintaqında tədqiq edilmiş yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası mərkəzinin 29 sentyabr 2022-ci il tarixli rəyi, zərərçəkmiş və şahid ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və əlavə edilmiş fotocədvəllərlə, həmçinin cinayət işinin materiallarında olan digər sənədlərlə təkzib olunur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Ramin Quliyevin cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailənin qazanc gətirən şəxsi olması cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 263.1-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən X5 təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hökmü haqqında Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək təqsirləndirilən şəxsdən cinayət nəticəsində ona vurulmuş fiziki və maddi ziyan nəticəsində çəkmiş olduğu və hadisə zamanı idarə etdiyi “Nissan Tida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 10.000 manat ziyan, 14.400 manat xəstəxana xərcləri, eləcə də 2.600 manat digər xərclər, ümumilikdə 27.000 manat dəymiş ziyanın tutularaq ona verilməsini xahiş etmişdir. Məsələyə qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 179.1-ci maddəsinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur». Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən «Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». Təbiidir ki, zərərçəkmişin müalicəsinə müəyyən miqdarda xərc çəkilib və onun avtomaşınına maddi ziyan dəymişdir. Lakin həmin xərclərin dəqiq miqdarını zəruri sübutlar təqdim olunmadığına görə hazırda müəyyən etmək mümkün deyil. Real məbləğ isə zərərçəkmiş şəxsin tələb etdiyi miqdarda və ya bundan aşağı və yaxud yuxarı ola bilər. Məsələn, mülki iddiaçı müalicə xərclərinə 14.400 manat vəsaitin xərcləndiyini qeyd etməsinə baxmayaraq iddia ərizəsinə həmin xərcin ödənilməsini tam olaraq təsdiq edə biləcək sübutu təqdim etməmişdir. Həmçinin avtomaşına dəyən ziyanın məbləği ilə əlaqədar sübut da iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə iddianın təmin olunması mümkün deyil. İddianın tam və ya qismən rədd edilməsi isə mülki iddiaçının zəruri sübutları toplamaqla məhkəməyə mülki icraat qaydasında müraciət etmək imkanından məhrum edə bilər. Ona görə də mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduğunu izah edilməlidir. İş üzrə maddi sübut kimi «Nissan Tiida minik» markalı, 90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs və “Hyundai solaris minik” markalı 99NC849 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Şağlaser kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın baxılmamış saxlanılmasından ümumi qaydada yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi «Nissan Tiida minik» markalı, 90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs və “Hyundai solaris minik” markalı 99NC849 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar