Məhkəmə qərarları › İş №1(049)-174/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-174/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-174/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə Lənkəran rayonu, Xolmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Xolmilli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 07 sentyabr 2022-ci il tarixdə, saat 20:40-da “BC” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X1 məxsus olan, “Hyundai Accsent minik” markalı, sedan tipli, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri H.Aslanov adına parkdan üzü Lənkəran şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsinin sol kənarı ilə onunla əks istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda həmin maddənin tələblərini pozaraq, onunla əks istiqamətdə yolun sol kənarı ilə hərəkətdə olan piyada - Lənkəran şəhər sakini xx xxxx 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getmək üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək sonuncunu avtomobilin sol arxa tin hissəsi ilə vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olmayan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurma əlamətlərinə malik – sol dirsək sümüyünün proksimal ucunun yerini dəyişməyən sınığına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, habelə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərərçəkənlərin həyat üçün təhlükəli xəsarət aldıqları hallarda isə, səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, baş vermiş hadisə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, heç bir inzibati orqanlara və ya digər şəxslərə hadisə, özünün şəxsiyyəti, yaşadığı ünvanı, hadisədən dərhal sonra özünün olduğu yer barədə məlumat verməyərək, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda, hadisə yerindən getməklə yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 07 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “Hyundayi Aksent” markalı, **-CA-*** saylı avtomobili ilə Lənkəran şəhərində yerləşən Həzi Aslanov adına parkın yanındakı yolla üzü Lənkəran şəhəri, H.Əliyev prospektinə gələn yol istiqamətində 50 km/saat sürətlə idarə etmişdir. Həmin yola dönən kimi qarşısında BMW markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin avtomobil aşağı surətlə hərəkət etdiyindən onu ötüb keçmək qərarına gəlmiş, o, ötmə əmliyyatını etmək üçün sol yan işığını yandırmış və birtərəfli yolda BMW markalı avtomobili ötmək üçün manevr etmişdir. Bu zaman həmin birtərəfli yolda 04 nəfər şəxsin piyada hərəkət etdiyini görmüşdür. Həmin vaxt avtomobilinin surəti 50 km/saat olduğundan o, əyləcə bir dəfə sıxmış və işıq siqnalından istifadə edərək BMW markalı avtomobilin ona yol verməsi üçün işarə etmişdir. Həmin vaxt BMW markalı avtomobilin sürücüsü avtomobilini sağ tərəfə çəkərək ona yol vermişdir. O da avtomobili ilə yolun hərəkət hissəsində olan piyadalara çırpılmamaqdan ötrü avtomobilini yolun sağa tərəfinə çəkməyə başlamış, bu zaman o, piyadaları ötüb keçən zaman qışqırıq səsləri eşitmiş, lakin nə baş verdiyini başa düşmədiyi üçün avtomobilini saxlamadan oradan uzaqlaşaraq yoluna davam etmişdir. 20 dəqiqədən sonra hadisə yerinə qayıtmışdır və oradan kənarda dayanaraq nə baş verdiyini müşahidə edərək, hadisə yerinə yaxınlaşmamışdır. Sonradan ona məlum olmuşdur ki, piyadalardan xəsarət alan olmuşdur. Lakin o, avtomaşını idarə edərkən avtomobilinin həmin piyadalardan kiməsə dəyməsini hiss etməmişdir. Onun üçün təhlükə avtomobili ilə manevr edib BMW markalı avtomobili ötüb keçmək istədiyi zaman yolun əks istiqamətində hərəkətdə olan piyadaları gördükdən sonra yaranmışdır. Piyadalar həmin zaman birtərəfli yolun sol hərəkət hissəsində və yolun sol çiynindən asfaltın başlanğıcından təxminən 2 metr məsafədə asfaltda olmuşlar. Həmin gün axşam atası ilə birlikdə polis şöbəsinə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəyən ziyanı ödəmişdir. Bu səbəbdən xahiş edir ki, barəsində olan cinayət işinin icraatına xitam verilsin. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində əri Şahid1, oğlu Şahid2 və qaynanası Naidə Məmmədova ilə birlikdə Lənkəran şəhəri H.Əliyev prospekti ilə Həzi Aslanov parkına doğru yolun sağ kənarı ilə ard-arda piyada hərəkət edirmişlər. “Ata Sığorta” şirkətinin yaxınlığından keçərkən BMW markalı avtomobil H.Aslanov Parkı istiqamətindən sağa dönərək H.Əliyev prospekti istiqamətində hərəkətə davam etmişdir. Onun arxasınca **-CA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli Hyundai markalı avtomobil gələrək BMW markalı avtomobili ötərək qarşı hərəkət zolağına çıxmış, bu zaman Hyundai markalı avtomobilin azyaşlı oğlu Nihada xəsarət yetirməsinin qarşısını almaqdan ötrü Nihadın qolundan tutaraq özünə tərəf çəkərək onun ağır xəsarət almasının qarşısını almışdır. BMW markalı avtomobil sürətini azaldaraq avtomobilini sağa çəkmiş və Hyundai markalı avtomobilə yol verdiyi üçün Hyundai markalı avtomobil öz yoluna qayıdarkən avtomobilin sol arxa tərəfi onun sol qol, dirsək nahiyəsinə dəymiş və onu oğlu Nihadla birlikdə yerə yıxmışdır. Nahid və qaynanası Naidə onları yerdən qaldırmış, sol qol və dirsək nahiyəsində şiddətli ağrılar hiss etmişdir. Oğlu isə sol qol, ayaq, böyür və bədəninin sol hissəsində ağrılar hiss etdiyini ona bildirmişdir. Bu təxminən 1-2 saniyə içərisində baş vermişdir. Bundan sonra BMW markalı avtomobildən bir neçə nəfər düşərək onlara yaxınlaşmış və onlardan biri ona və oğluma su gətirib vermişdir. Bundan sonra təcili tibbi yardıma müraciət etmiş, ona və oğluna ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya müraciət etmişlər. Hyundai markalı avtomobilin sürücüsü avtomobili saxlamadan hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sol qolu sınmışdır. Aldığı xəsarətlər nəticəsində onlara xeyli miqdarda maddi ziyan dəymişdir. İlkin vaxtlarda təqsirəndirilən şəxs və onun ailəsi tərəfindən ona heç bir maddi köməklik göstərlməmiş və onunla, səhhəti və müalicəsi ilə maraqlanmamışlar. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və ona görədə təqsirləndirilən şəxslə barışmağını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs, oğlu Şahid2 və anası Naidə Məmmədova ilə birlikdə Lənkəran şəhəri H.Əliyev prospekti ilə Həzi Aslanov parkına doğru yolun sağ kənarı ilə ard-arda piyada hərəkət edirmişlər. Ata Sığorta şirkətinin yaxınlığından keçərkən bir BMW markalı avtomobilin H.Aslanov Parkı istiqamətindən sağa dönərək H.Əliyev prospekti istiqamətində hərəkətə davam etdiyini və onun arxasınca **-CA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli Hyundai markalı avtomobilin gələrək BMW markalı avtomobili ötərək qarşı hərəkət zolağına çıxdığını görmüşdür. Bu zaman Hyundai markalı avtomobilin azyaşlı oğlu Nihada xəsarət yetirməsinin qarşısını almaqdan ötrü arvadı Zərərçəkmiş şəxs Nihadın qolundan tutaraq özünə tərəf çəkmiş, onun ağır xəsarət almasının qarşısını almışdır. BMW markalı avtomobil sürətini azaldaraq avtomobilini sağa çəkmiş və Hyundai markalı avtomobilə yol verdiyi üçün Hyundai öz yoluna qayıdarkən avtomobilin sol arxa tərəfi arvadı Röyalənin sol qol, dirsək nahiyəsinə dəymiş və onları kənara yıxmışdır. O və anası Naidə onlara yaxınlaşıb onları yerdən qaldırmışlar. Arvadı Röyalə sol qol və dirsək nahiyəsində şiddətli ağrılar hiss etmiş, oğlu isə sol qol, ayaq, böyür və bədəninin sol hissəsində ağrılar hiss etdiyini onlara bildirmişdir. Bundan sonra BMW markalı avtomobildən bir neçə nəfər düşərək onlara yaxınlaşmış və onlardan biri arvadı və oğluma su gətirib vermişdir. Daha sonra təcili tibbi yardıma müraciət etmiş, arvadına və oğluna ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya müraciət etmişlər. Hyundai markalı avtomobilin sürücüsü avtomobili saxlamadan hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində arvadı Zərərçəkmiş şəxs sol qolu sınmışdır. Həmçinin həmin yol nəqliyyat hadisəsi zamanı arvadına və oğlu Şahid2 dəymiş xəsarət nəticəsində ümumilikdə onlara 3750 manat maddi ziyan dəymişdir. Xəsarət aldıqdan sonra Hyundai markalı avtomobilin sürücüsü, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilkin vaxtlarda onlara dəymiş ziyanla bağlı heç bir maddi yardım göstərməmişlər. Hazırda isə onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində atası Şahid1, anası Zərərçəkmiş şəxs və nənəsi Naidə Məmmədova ilə birlikdə Lənkəran şəhərində Həzi Aslanov parkına doğru yolun sağ kənarı ilə ard-arda piyada hərəkət edirmişlər. Ata Sığorta şirkətinin yaxınlığından keçərkən BMW markalı avtomobilin arxasınca gələn qara rəngli avtomobil gələrək BMW markalı avtomobili ötmüşdür. Həmin vaxt Hyundai markalı avtomobil ona xəsarət yetirməsin deyə anası Zərərçəkmiş şəxs onun qolundan tutaraq özünə tərəf çəkərək onun ağır xəsarət almasının qarşısını almışdır. Hyundai markalı avtomobilin sol arxa tərəfi anası Röyalənin sol qol, dirsək nahiyəsinə dəymiş və onları yerə yıxmışdır. Atası Nahid və nənəsi Naidə onları yerdən qaldırmışlar. Anası Röyalə sol qol və dirsək nahiyəsində şiddətli ağrılar hiss etmiş, özü isə sol qol, ayaq, böyür və bədəninin sol hissəsində ağrılar hiss etmişdir. Daha sonra təcili tibbi yardıma müraciət etmişlər, anasına və ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya müraciət etmişlər. Hyundai markalı avtomobil anasına dəydikdən sonra sürücü avtomobili saxlamadan hərəkətinə davam etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir, polis serjantıdır. 07 sentyabr 2022-ci il tarixdə, axşam 20:40-da Lənkəran şəhəri, H.Əliyev prospektində yol nəqliyyat hadisəsinin baş verməsini öyrənmişdir. Bundan sonra hadisə yerinə gəlmiş, hadisə yerində Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını görmüş və onu həmin gün saat 20:40 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində naməlum Hyundai Accent markalı qara rəngli avtomobilin sürücüsünün vuraraq hadisə yerindən qaçdığını öyrənmişdir. Daha sonra onlar hadisənin baş verdiyi yeri müəyyən edib oraya getmiş, lakin hadisə yerində hadisəni törətmiş avtomobili və ya avtomobilin sürücüsünü müəyyən edə bilməmişlər. Daha sonra ertəsi günü, yəni 08 sentyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-dan onlara məlumat verilmişdir ki, Zərərçəkmiş şəxs avtomobili ilə vuran şəxs rayonun Xolmili kənd sakini Təqsirləndirilən şəxsdur. Həmin şəxs polis şöbəsinə gələrək yol nəqliyyat hadisəsi törətdiyini və təslim olduğunu bildirmişdir. Polis şöbəsində sürücü Təqsirləndirilən şəxs ifadəsi alındıqdan sonra sərxoşluğunun yoxlanılması üçün həkim müayinəsindən keçirilmiş və hadisə zamanı idarə etdiyi avtomobil polis şöbəsinin duracağına yerləşdirilib avtomobilə baxış keçirilərək foto şəkilləri çəkilmişdir. Hyundai Accent minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı heç bir xəsarət almamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə, saat 20:40 radələrində özünə məxsus avtomobili ilə Lənkəran şəhəri H.Aslanov parkından Lənkəran şəhəri H.Əliyev prospektinə tərəf hərəkətdə olmuşlar. Bu zaman avtomobili dostu mərhum X6 idarə etmişdir. O isə arxa oturacaqda oturmuşdur. “Ata Sığorta”nın qarşısında olan zaman onların arxasından bir Hyundai Accent markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil onları ötüb keçmək üçün işıq siqnalından istifadə etmiş və həmin vaxt Zaur avtomobili sağa çəkərək sözügedən Hyundai Accent avtomobilinə yol verdi. Bundan sonra həmin Hyundai Accent markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq onları ötməyə başlamış və həmin vaxt yolun sol tərəfindən sonradan tanıdığı Şahid1 və onun ailə üzvləri əks istiqamətdə hərəkətdə imişlər. Bundan sonra Hyundai Accent markalı avtomobil onları ötüb keçərkən yolun sol tərəfində hərəkətdə olan piyadalar tərəfdən qışqırıq səsləri gəlmiş və bundan sonra onlar avtomobillə bir dəfə həmin yolu dövrə vurub yenidən həmin istiqamətə qayıtmışlar. Hadisə yerinə çatan zaman Şahid1 arvadı və azyaşlı oğlunun yerə yıxıldığını görmüşlər. Bundan sonra avtomobili saxlayıb və onlara yardım etmiş, həmin vaxt onlar Nahidin arvadı Röyalə xanıma və azyaşlı oğluna su vermişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları şifahi sorğu-sual etmişlər. Həmin vaxt onlar Hyundai avtomobilin qara rəngli olduğunu polis əməkdaşlarına bildirmişlər. Hətta onlar avtomobilillə həmin Hyundai avtomobilin arxasınca sürsələrdə onun hansı tərəfə getməyini öyrənə bilməmişlər. Hyundai markalı avtomobilin sürücüsü avtomobili saxlamadan hadisə yerindən yayınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 07 yanvar 2023-cü il tarixli Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş “üzləşdirmə”dindirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli Hyundai markalı avtomobili ilə Lənkəran şəhərində H.Aslanov parkının yaxınlığındakı yolda piyada hərəkət etdikləri vaxt oğlu Şahid2 üzərinə sürmüş, oğlunun ağır xəsarət almasının qarşısını almaqdan ötrü onun qolundan tutaraq özünə tərəf çəkmiş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol arxa tərəfi onun sol qol, dirsək nahiyəsinə dəymiş və onu oğlu Nihadla birlikdə yerə yıxmışdır. Əri Nahid və qaynanası Naidə onları yerdən qaldırmış, sol qol və dirsək nahiyəsində şiddətli ağrılar hiss etmişdir. Oğlu isə sol qol, ayaq, böyür və bədəninin sol hissəsində ağrılar hiss etdiyini ona bildirmişdir. Bundan sonra təcili tibbi yardıma müraciət etmiş, ona və oğluna ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya müraciət etmişlər. Təqsirləndirilən şəxs avtomobili saxlamadan hadisə yerindən yayınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 08 sentyabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən avtomobil yolunda baş vermiş, hadisə yerində avtomobil olmamış, yol 7 metr enində, üzəri asfaltbeton örtüklü olmaqla iki zolağlıdır, yolun sağ və sol tərəfində yol səkisi vardır, yolda işıqlandırma sistemi var, yolun solunda və sağında fərdi yaşayış evləri yerləşir. Yol kənarında yaşayış evləri yerləşdiyindən yolda sürət həddi 60 km/saat təyin edilmişdir. Hadisə yerində yol düz olmaqla, yolun eni 7 metr, hərəkət hissəsi 3,5 metr, asfalt örtüyü quru olmuşdur. Piyadanı vurma yolun H.Əliyev prospekti istiqamətində, 0,5 metr sol ehtiyyat hissəsinə qalmış yolun hərəkət hissəsində baş vermişdir. Hyundai markalı avtomobil toqquşmadan öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə baş verdikdən sonra Hyundai markalı avtomobilin sürücüsü hadisə yerindən yayınmışdır. Baxış tutqun hava şəraitində süni işıqlandırma altında həyata keçirilmiş, protokol tərtib edilərkən heç bir vəsatət, ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 06 dekabr 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən “Hyundai Accent minik” markah, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rənglidir. Avtomobil Təqsirləndirilən şəxs etibarnamə əsasında verilmişdir. Avtomobilin mühərrik nömrəsi sənəddə olduğu kimi həkk olunmuşdur. Avtomobilə baxış zamanı hər hansı əzilmiş və hadisə zamanı sınmış yerlər və izlər yoxdur. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs bildirdi ki, 07 sentyabr 2022-ci il tarixdə, saat 20:40 radələrində Lənkəran şəhəri, H.Aslanov parkından üzü Lənkəran şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt piyada Zərərçəkmiş şəxs avtomobili ilə vurmamışdır. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı təyin edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 8/2749 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Accent markalı, 77CA426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 10 sentyabr 2022-ci il tarixli 891 nömrəli məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində- sol dirsək sümüyünün proksimal ucunun yerini dəyişməyən sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşınının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-165/2-8/2023 saylı məktubundan görünür ki, Lənkəran rayonu Xolmili kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə “BC” kateqoriyalı BD-404210 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar arasında olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 1914 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından məlum olur ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən praktiki ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməməsinə baxmayaraq məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və Lənkəran rayon notariat ofisinin xüsusi notariusu tərəfindən 18 aprel 2023-cü il tarixdə təsdiqlənmiş (reyestr № 8İ-6577) ərizədə qeyd edilmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli bədən xəsarəti almışdır, həmin hadisəni törədən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona qarşı heç bir şikayət və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Ona görədə də barışmaqlarını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə həmin maddə ilə cinayət işinin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar