Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-174/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:50 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu Viravul kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində 10 manat pul müqabilində satış məqsədi olmadan öz istifadəsi üçün, istintaqa məlum olmayan mənbədən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 0,237 qram - xeyli miqdarda, ağ rəngli kristiallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə sааt 19:00-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri H.Abdullayev küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Lənkəran şəhərində valideynləri ilə birlikdə yaşayır. Beş ildir psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini zərli kağızda yandıraraq tüstüsünü udmaqla qəbul edir və demək olar ki, hər gün metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhəri ərazisində təsadüfən rastlaşdığı, adlarını və yaşadıqları ünvanı bilmədiyi şəxslərdən alır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxslə rastlaşmış və həmin şəxsə 10 manat miqdarında pul verib bir bükümdə psixotrop maddə olan metamfetamin almışdır. O, həmin şəxsdən aldığı psixotrop maddəni ağrıları olan zaman istifadə etməsi üçün əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Elə həmin gün, təxminən, saat 19:00 radələrində Lənkəran şəhəri H.Abdullayev küçəsi ilə evinə piyada getdiyi zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getmiş və şöbədə o, şübhəli şəxs kimi tutularaq vəkil ilə təmin olunmuşdur. Sonra orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, bir zərfə qoyularaq bağlanılmış və zərfin üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi digər iştirakçılar kimi o özü də imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərdi ki, psixotrop maddə olan metamfetamin qəbul etməklə cinayət törətdiyini başa düşür, bədənində olan ağrılara görə ondan istifadə edir. Törətdiyi cinayət əməlini könüllü etiraf edir, həmin əmələ görə məsuliyyətini dərk edərək səmimi peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materiallarında olan, məhkəmə baxışı iclasında tədqiq edilmiş ekspertiza rəyləri və digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Lənkəran rayonu Viravul kəndində qeydiyyatda olan, Lənkəran şəhəri, H.Abdullayev küçəsi ev 11, mənzil 119-da yaşayan X1 mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2024-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair şöbə rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən birgə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində o özü, Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfərləri X5 və Şahid2 olmuşlar. Həmin gün əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Abdullayev küçəsində yolla piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar. Özlərini ona təqdim etdikdən sonra yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristial formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,29 qram olması müəyyən edildikdən sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar zərfin üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən o, təxminən, beş ildir ki, psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən aşkar edilmiş metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD-R diskdə olan videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içərisində psixotrop maddəyə bənzər maddə olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu və özünə məxsus olduğunu etiraf etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə polis əməkdaşlarının və vəkilin iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2024-cü il tarixli 19/269 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəyə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,237 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına daxildir. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra cəmi 0,187 qram çəkidə qalan narkotik vasitə metamfetamin bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Elvin Nəhmətovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin tərkib əlamətləri aşkar olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız bükümdə olan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,187 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və saxlanması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD-R disk iş üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 273 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2024-cü ilin yanvar ayından “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə gətirilmiş və həmin gün saat saat 19:20-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 1269 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 341 nömrəli arayışdan müəyyən edilir ki, Cəfərov X2 şəhəri H.Abdullayev küçəsi bina 11 mənzil 119 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı yer üzrə ərazi nümayəndəliyinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-21/2022 nömrəli hökmünün surətindən və xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-21/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə onun məhkumluğu ödənilməmişdir. Məhkəmə hazırki cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün həmin sübutların kifayət etməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs olmaqla onun xx.xx.2023-cü tarixdə cəzanı çəkib qurtardığı vaxtdan hazırki cinayət əməlini törətdiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək iki il müddət keçmədiyindən o, məhkumluğu ödənilməmiş hesab olunur və onun tərəfindən hazırki cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 18.1 və 83.3.3-cü maddələrinin tələblərinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini könüllü etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, buna görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini onun şəxsiyyətini səciyyələndirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilərək ittiham edildiyi maddələrdə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən onun törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğuna və narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görüldüyünə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə, cəmi 0,187 qram çəkidə psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə, 0,187 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-174/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-174/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver