Məhkəmə qərarları › İş №1(049)-176/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-176/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-176/2025 04.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 09:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə saat 17 radələrində “B, C, E” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi faktiki istifadəsində olan özünə məxsus “Audi A6 35 TDİ guattro minik” markalı, 90ST366 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolu ilə Lənkəran rayonu, Xarxatan kəndinə giriş hissəsində üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən yol kənarında quraşdırılmış 1.20 “Piyada keçidi” xəbərdarlıq nişanına yaxınlaşdıqda idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaqla həmin yol nişanının təsiri altında olan piyada keçidində yolu soldan sağa doğru keçən piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, avtomobili idarə edən şəxs kimi sürücü olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan yol şəraitində 1.20 “Piyada keçidi” xəbərdarlıq nişanı ilə nizamlanan piyada keçidi ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs görməsinə baxmayaraq, texniki cəhətdən saz vəziyyətdə olan “Audı A6 35 TDİ guattro minik” markalı avtomobilin hərəkətini 40 km/saat sürətlə davam etdirərək, piyada Zərərçəkmiş şəxs hərəkət zolağında avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurub, ona həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik – kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı, baş beyin toxumasına və mədəciklərinə və ənsə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, ənsə nahiyəsində əzilmiş yara, sol bazu sümüyünün sınığı, sol mil-bilək, sağ bud və sol pəncə nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil idarə etmək hüququnu təsdiq etmək üçün “BCE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Əmisi oğlu olan X6 məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Audi A6 35TDİ GUATTRO minik markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 17 radələrində həmin avtomobillə Lənkəran-Boradigah magistral yolunun Lənkəran rayonu Şağlaser kəndindən keçən hissəsindən saatda təxminən 40 km/saat sürətlə hərəkətdə imiş. Həmin vaxt yolun əks hərəkət zolağında sərnişin daşıyan avtobusun arxa tərəfindən yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən bir nəfər qadın piyada gəlməyə başlamışdır. Həmin vaxt piyada qəfildən avtobusun arxa tərəfindən onun hərəkəti istiqamətində hərəkət etməyə başlamışdır və bu səbəbdən o, avtomobilini piyadaya vurmamaqdan ötrü sağa tərəf çəkərək əyləcə sıxmışdır. Lakin həmin vaxt piyada özünü itirərək avtomobilinə tərəf qaçmağa başlamışdır və avtomobilinin sol qabaq tərəfinə çırpılaraq asfalt üstə yerə yıxılmışdır. Daha sonra o, avtomobili saxlayaraq avtomobilindən düşmüşdür və piyadaya tərəf getmişdir. Ətrafda olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş və o da onlarla birlikdə piyadanı çağırışa gəlmiş təcili tibbi yardım avtomobilinə mindirərək X1 yola salmışlar. Daha sonra o, avtomobilinin yanında qalaraq hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir müddət keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə yeri onun iştirakıyla müayinə olunmuşdur. Piyadanı görən zaman aralarındakı məsafə maksimum 10-15 metr olarmış və piyadanı görən zaman avtomobilinin sükanını sağa tərəf döndərərək əyləcə basmışdır. Lakin aralarındakı məsafə az olduğu üçün avtomobilinin piyadanı vurmasına mane ola bilməmişdir. Hazırda zərərçəkmişin hüquqi varisi X5 ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Törətdiyi əməldən peşmandır, hadisə ehtiyatsızlığından olmuşdur. Ona ittiham olunduğu maddənin sanksiyasında olan ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi kimi X5 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş olan ölmüş şəxs Zərərçəkmiş şəxs hüquqi varisidir. 13 may 2025-ci il tarixdə, saat təxminən 17 radələrində qızı Zərərçəkmiş şəxs Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu Şağlaser kəndindən keçən hissəsində üzü Masallı rayonu istiqamətində avtobusdan düşüb yolu həmin istiqamətdə sağdan sola doğru keçmək istəyərkən Lənkəran rayonu Şağlaser kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Audi A6 minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olduğu zaman qızı Zərərçəkmiş şəxs avtomobili ilə vurmuş, nəticədə qızı Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Həmin vaxt o, evdə olmuşdur. Bu barədə ona dedikdən sonra o, dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına gəlmiş, qızını əməliyyat edilməsi üçün Bakı şəhərinə apararkən yolda öldüyünü bildirmişdirlər. Hadisə sürücünün günahı ucbatından baş vermişdir. Hüquqi varisi olaraq Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilib və ondan heç bir şikayət, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı xx.xx.2025-ci il tarixdə Lənkəran rayon 1 saylı Notariat ofisində aralarında barışıq müqaviləsi də bağlanılmış və müdafiəçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Təqsirləndirilən şəxsə ən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. Polis baş serjantı rütbəsindədir. 13 may 2025-ci il tarixdə təhkim olunduğu xidməti avtomobiliylə xidmətdə imiş. Belə ki, həmin gün saat təxminən 17 radələrində Lənkəran- Boradigah avtomobil yolunun Lənkəran rayonu Şağlaser kəndindən keçən hissəsində piyada vurma ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsini öyrənmişdir. Dərhal xidməti avtomobili ilə hadisə yerinə gəlmişdir. Belə ki, hadisə yerinə gəldikdən sonra öyrənmişdir ki, Lənkəran rayonu Xarxatan kənd sakini 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi Audi A6 minik markalı, 90ST366 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran-Boradigah avtomobil yolunun Şağlaser kəndindən keçən hissəsində, Şağlaser kəndindən üzü Lənkəran şəhəri istiqamətində saatda 40 km/saat sürətlə hərəkət edərək piyada keçidi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən Lənkəran rayonu Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayan 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq sol tərəfi ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, sonuncu Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilərək müayinə olunmuşdur. Daha sonra həmin gün piyadanın vəziyyəti ağırlaşmış və Bakı şəhərinə aparılan zaman yolda təcili tibbi yardım avtomobilində dünyasını dəyişmişdir. Daha sonra məlum yol nəqliyyat hadisəsi barədə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilən: 13 may 2025-ci il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi yeri Lənkəran rayonu Şağlaser kəndində yerləşən ərazidə baş vermişdir. Belə ki, Lənkəran rayonu Xarxatan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Audi A6” minik markalı, 90ST366 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu Şağlaser kəndindən üzü Lənkəran şəhəri istiqamətinə saatda 40 km/saat sürətlə hərəkətdə olarkən ehtiyyatsızlıq edərək onun hərəkəti istiqamətində yolun sol tərəfindən sağ tərəfinə nizamlanan piyada keçidi ilə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol tərəfi ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş və sonuncu aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Hadisə piyada keçidi zolağında baş vermişdir. Belə ki, Lənkəran şəhəri istiqamətində yolun sağ tərəfində piyada keçidi yol nişanı vardır. Videogörüntüdən də göründüyü kimi piyada keçid zolağında asfaltı yarıya kimi qət etdikdən sonra avtomobilin onu görüb dayandığını güman etmiş və qaçaraq yolu keçmək istəmişdir. 14 may 2025-ci il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: başın ənsə nahiyəsində 7,0 sm ölçüdə üzərində cərrahi tikişləri olan yara, sol mil-bilək oynağının arxa səthində 9,0x3,0 sm, sağ budun orta 1/3-nin arxa səthində 2 ədəd 6,0x5,0 sm, 4,0x3,0 sm, sol pəncənin üst səthində 5,0x4,0 sm ölçülərdə qeyri-bərabər, çəhrayımtılqırmızı rəngli qançırlar, sol bazu sümüyünün yuxarı 1/3-nin sınığı vardır. Meyitin xarici müayinəsində digər xəsarət aşkar edilmədi. Meyitin fotoşəkilləri çəkildi və protokola əlavə edilmişdir. 29 may 2025-ci il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskdə “Video 25-05-13” faylı vardır. Sözügedən fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs idarə etdiyi Audi A6 markalı avtomobili ilə Lənkəran rayonu Şağlaser kəndindən üzü Lənkəran şəhəri istiqamətində hərəkətdədir. Avtomobilin qabaq tərəfi yolun sağ tərəfində yazılmış “Xarxatan” yaşayış massivi nişanının olduğu yerə çatmasına az qalmış yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş piyada Zərərçəkmiş şəxs yolun sol tərəfindən asfalta doğru hərəkət etməsi müşahidə olunur. Daha sonra sürücü Təqsirləndirilən şəxs avtomobilini idarə etdiyi sürətlə hərəkətini davam etdirmiş və piyadanın onun hərəkət zolağına daxil olduqdan sonra hərəkətini davam etdirdiyini görmüş, piyada ilə toqquşan anda avtomobilini sağa tərəf döndərmiş və piyadanı vurduqdan sonra hərəkətini asfalt yolla öz hərəkəti istiqamətində davam etdirərək daha sonra yolun sağına tərəf çəkmişdir. Həmçinin baxış zamanı müəyyən olunur ki, yolun sağ tərəfində xəbərdaredici yol nişanı olan 1.20 yol nişanı vardır. Baxış zamanı müşahidə olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilinin sol qabaq tərəfi ilə vurmuşdur. 10 iyun 2025-ci il tarixli “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Şağlaser kəndində baş vermiş yol nəqliyyat hadisəsi yerinə əlavə baxış istintaq hərəkətini keçirlmişdir. Belə ki, baxış zamanı sürücü Təqsirləndirilən şəxs öz avtomobilində quraşdırdığı videokameranın qeydə aldığı videogörüntüyə baxış zamanı sonuncunun idarə etdiyi Audi A6 markalı avtomobili ilə Lənkəran rayonu Şağlaser kəndindən üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olmuş və avtomobilin qabaq tərəfi yolun sağ tərəfində yazılmış “Xarxatan” yaşayış massivi nişanının olduğu yerə çatmasına az qalmış, yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş piyada Zərərçəkmiş şəxs yolun sol tərəfindən asfalta doğru hərəkət etməsi müşahidə olunmuşdur. Baxış zamanı yolun videogörüntüdən görünən hissədən metrə ilə yolun ölçülməsinə başlanılmışdır. Belə ki, həmin nöqtədən piyadanın vurulduğu nöqtəyə kimi olan məsafə 34.8 metr. Avtomobilin dayandığı yerə kimi olan məsafənin isə təxminən 57 metr olduğu müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 20 iyun 2025-ci il tarixli 10 saylı rəyindən görünür ki, - Mərhum: Zərərçəkmiş şəxs bədəni üzərində - kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, ənsə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, ənsə nahiyəsində əzilmiş yara, sol bazu sümüyünün sınığı, sol mil-bilək, sağ bud, sol pəncə nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarada göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. - Mərhum: Zərərçəkmiş şəxs ölümünə - başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur. Məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 19 avqust 2025-ci il tarixli 8/1802 saylı rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: “Audi A6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. 13 may 2025-ci il tarixli 000516 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü- Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. BD432437 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCE” kateqoriyalı sürücülük hüququ vardır. BDYP-nin Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16-5/2-9062/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü il tarixdə “BCE” kateqoriyalı BD-432437 saylı sürücülük vəsiqəsi verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun 18 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixatriya Xəstəxanasının 579 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs bu günə qədər Lənkəran şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyil. “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Audi A6 minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Qəbzdən görünür ki, “Audi A6 minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran ŞRPŞ-dən Təqsirləndirilən şəxs təhvil verilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə qeyd etmişdir ki, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran ŞİHB-nın Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Ağazadə X4 rayonu, şağlaser kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmaması, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, ondan şikayətinin olmamasını, etdiyi əməldən səmimi peşmançılığını və yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1ci maddələrinin tələbləri baxımından məqsədə uyğundur. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam «qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış “Audi A6 minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Maddi sübut – “Audi A 6 minik” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar