Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-177/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham irəli sürülən X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və vurduğu mənəvi zərərə görə ondan 10.000 (on min) manat dəyərində pulun tutulmasına dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, həmin maddə ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və vurduğu mənəvi zərərə görə ondan 10.000 manat dəyərində pulun tutulmasına dair ittiham hökmü cıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 yanvar 2023-cü il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan X1 İşlər Nazirliyinin “102” Polis xidmətinə müraciət edərək yalan olduğunu bilə-bilə guya onun “KİA” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun üçün qəza şəraiti yaratdığını, eyni zamanda onu guya öldürməklə hədələdiyini bildirmişdir. Onun müraciəti araşdırılması üçün HK-1-293 saylı materialla Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə daxil olmuş və materialın araşdırılması ilə əlaqədar təhqiqatçı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla X3 DİN-nin 102 xidmətinə verdiyi məlumatların yalan olması, ona böhtan atması, ümumiyyətlə onu ölümlə hədələdiyi barədə heç bir fakt mövcud olmamaqla, ona cinayət törətməkdə əsassız olaraq yalan deməklə böhtan atması Rauf Kərəmovun özünün izahatından, həm də təhiqat araşdırmasından məlum olmuşdur. Bununla da Rauf Kərəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilənlərə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, həmin maddə ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və vurduğu mənəvi zərərə görə 10.000 manat dəyərində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında X3 müdafiəçisi Müdafiəçi xüsusi ittihamın icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014cu il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdqki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yeni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini, nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər kl, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi İnformasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet İnformasiya ehtiyatında yayılmış olsun. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X2 Rauf Səxavət oğlunun onun barəsində polis orqanına ünvanlandığı müraciətinə istinad etməklə xüsusi ittiham qaydasında şikayət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və vurduğu mənəvi zərərə görə ondan 10.000 (on min) manat dəyərində pulun tutulmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-177/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-177/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver