Məhkəmə qərarları › İş №1(049)-180/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-180/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-180/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X10 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibiHadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1966-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup Çernobıl əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Lənkəran Rayon Məhkəməsi binasında 01 avqust 2023-cü il tarix, saat 11:55-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 2022-ci ilin noyabr ayında, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,324 qram, -0,322 qram, ümumi təmiz çəkisi -0,646 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 24 noyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, M.F.Axundzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümlərdə və çəkilərdə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyib göstərmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə-heroin ona məxsus deyildir. Onu Lənkəran RŞPŞ-də 3-4 nəfər döyərək cibinə qoymuşlar. Döyülməsi barədə həkim arayışı və tibb ekspertin rəyi də vardır. DİN-ə, Prokurorluğa da şikayətlər etmişdir. Lakin onun şikayətləri cavablandırılmamışdır. Onu ittiham aktında qeyd olunduğu kimi, Lənkəran şəhəri, M.F.Axundzadə küçəsində saxlayıb polis şöbəsində deyil, evindən tutaraq qardaşı ilə birlikdə polis şöbəsinə gətirmişlər. Onunla qardaşını oğurluq adı ilə polis şöbəsinə gətirmiş, orada oğurluq etmədiyini bildirdikdən sonra, cibinə narkotik vasitə qoyaraq onun barəsində cinayət işi başlamışlar. Təqsirləndirilən şəxs sonda ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 24 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul qarşılığında 02 ədəd bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni 24 noyabr 2022-ci il tarixdə o, Lənkəran şəhəri, M.F.Axundzadə küçəsi ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Ədalət Muradov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki şalvarın sol yan cibində olan 01 ədəd üzərində “Bakı” sözləri yazılmış siqaret qutusunun içərisindən 02 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin kütləni 24 noyabr 2022-ci il tarixdə Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən 10 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər, lakin o, həmin protokola imza etməkdən imtina etmişdir. O, narkotik vasitə qəbul edir, həmin iki bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Narkotik vasitələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü narkotik vasitə olan heroin istifadəçisidir və çəkmə üsulu ilə istifadə edir. Bundan başqa hər hansı bir qanunsuz əməli olmamışdır. Polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə edilmiş DVD disk, məhkəməkimyəvi ekspertizası və məhkəmə-narkoloji ekspertiza üzrə rəylər və digər ibtidai araşdırma sənədləri ilə tam sübuta yetirilir. Belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat qrupun tərkibində o, Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid3 daxil olmuşdur. 24 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.F.Axundzadə küçəsində saxlayaraq Lənkəran ŞRPŞ-nə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın cibindən “Bakı” markalı siqaret qutusunun içindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 02 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sellofan bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0,73 qram olmuşdur. Daha sonra həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə özünə məxsusdur, narkotik vasitə heroindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 24 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pulun qarşılığında əldə etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əlavə olaraq bildirmişdir ki, o və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs fiziki və ya psixi təsir göstərməmişlər. xx.xx.2023-cü il tarixdə, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupun tərkibində o, Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. 24 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.F.Axundzadə küçəsində saxlayaraq Lənkəran ŞRPŞ-nə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın cibindən “Bakı” markalı siqaret qutusunun içindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 02 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sellofan bükümlər elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə özünə məxsusdur, narkotik vasitə heroindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 24 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pulun qarşılığında əldə etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əlavə olaraq bildirmişdir ki, o və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs fiziki və ya psixi təsir göstərməmişlər. Məhkəmə qeyd edir ki, işdəki 24 noyabr 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 02 ədəd bükümlərdə narkotik vasitə olan heroinin çəkisi 0,73 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən 02 bükümdə, 10 manat qarşılığında almışdır. İşdəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 noyabr 2022-ci il tarixli 19/1206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,324 qram, -0,322 qram, ümumi təmiz çəkisi -0,646 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 0,546 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdəki məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 1228 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinodilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, ƏƏSMNnin yanında DSMF-nin təqdim etdiyi **********8 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. İşdəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşə əlavə edilmiş arayış, hərbi və üzvlük biletlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Çernobıl Qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, 11,839 dozada şüalanmaya məruz qalmış və 2-ci qrup Çernobıl əlilidir. İşə əlavə edilmiş hərbi bilet və vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı oğlu X1 veteranıdır, “Xocavəndin azad olunansına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixdə köhnə CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə Lənkəran ŞRPŞ-də cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə də köhnə CPM-nin 7-1-ci maddəsinə əsasən onun barəsində olan cinayət işinin icraatına xitam verilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hömünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarıl ilə CM-nin 76-cı maddəsinə əsasən çəkilməmiş qalan cəzasından 04 ay 08 gün vaxtından əvvəl azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya Qərarının 2.4-cü bəndinə əsasən çəkilməmiş cəzasından azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cıə il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il Qərarına əsasən cəzası 02 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan “şübhəli şəxsin tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimakan tədbiri seçilməklə o, həbsdən azad edilmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəmə fizikikimyəvi ekspertizasının rəyi, maddi sübutlar, 24 noyabr 2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş narkotik vasitənin təqsirləndirlən şəxsin cibinə qoyulması ilə bağlı dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi izahatında, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində narkotik vasitənin istifadəçisi kimi özünü təqsirli bildiyini bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması hissəsində təqsirləndirilən şəxsin məhkəmə istintaqında deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini inanadırıcı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə müdafiəçisinin müdafiə nitqinin dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hallar üzrə müvafiq təhqiqat aparılıb qərar qəbul edilərək qərarının təsdiq edilmiş surətininin məhkəməyə göndərilməsinə dair Lənkəran Rayon Prokurorluğuna müraciət etmiş, iş materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi hallar öz əksini tapmamış, göstərilən xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı həyata keçirilmiş DVD diskdə olan videogörüntülərdən də görünür ki, ona verilmiş suallarına cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Təqsirləndirilən şəxs ifadələrində həmçinin polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarlar onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, onun CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, İİ qrup əlil olmasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin 2-ci qrup Çernobıl əlili olmasını və qardaşı oğlunun Vətən Müharibəsi iştirakçısı olmaqla medalla təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Bu zaman CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2017-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,546 qram olan heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tututlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı üç gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22-dən növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2017-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,546 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar