Məhkəmə qərarları › İş №1(049)-183/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-183/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-183/2023 23.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 23 avqust 2004-cü il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Belə ki, o, “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına müvafiq olaraq 15 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən müvafiq tibbi müayinələrdən keçirilərək hərbi xidmətə yararlı sayılıb, 01 oktyabr 2022-ci il tarixdə hərbi xidmətə yola salınması üçün 15 avqust 2022-ci il tarixdə çağırış vərəqəsini alıb, Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edildikdən sonra, çağırış vərəqəsinə şəxsən imza etmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün ona Müdafiə Nazirliyinin “201” saylı hərbi hissəsinə təyinat verilmiş, lakin, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun 12.4-cü maddəsinin tələbinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra hərbi qeydiyyatda olduğu yer üzrə həmin Xidmətin Lənkəran rayon şöbəsinə gəlməli olduğu halda, bu tələbə məhəl qoymayıb, üzürlü səbəb olmadan müddətli həqiqi hərbi xidmətə getmək üçün ona verilmiş çağırış vərəqəsində göstərilən tarixdə və sonrakı tarixlərdə qeyd olunan çağırış məntəqəsinə qəsdən gəlməyərək, təyin olunmuş hərbi hissəyə getməyib qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ildə Lənkəran rayonu Separadi kənd tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. 2019-cu ildə 9-cu sinifdə oxuyarkən ilkin hərbi qeydiyyata alınmış və tibbi müayinələrdən keçmişdir. Onun dizlərində hər il fəsil dəyişdiyi vaxtlarda kəskin ağrılar olur. O, 2019-cu ildə ilkin hərbi qeydiyyata alınarkən tibbi müayinə zamanı onda olan ağrılar çox olmadığı üçün komissiya üzvlərinə bildirməmişdir. 2021-ci ildə orta məktəbi bitirsə də, 18 yaşı tamam olmadığı üçün onu həqiqi hərbi xidmətə çağırmamışlar. 2022-ci ilin avqust ayında onu Lənkəran rayon hərbi komissarlığında tibbi komissiyadan keçirmişlər. O, orada belində ağrıların olmasını bildirmişdir. Tibbi komissiyada yoxlanıldıqda onda hər hansı xəstəlik aşkar edilmədiyini və həqiqi hərbi xidmətə yararlı olduğunu bildirmişlər. O, komissiyadan keçdikdən sonra həqiqi hərbi xidmətə çağırılmağı barədə qəbzə imza etmişdir, həqiqi hərbi xidmətdən boyun qaçırmağa görə məsuliyyət barədə xəbərdar edilmişdir. 2022-ci ilin 01-30 oktyabr ayında həqiqi hərbi xidmətə çağırılacağı ona bildirilmişdir. Lakin 2022-ci ilin avqust ayında tibbi müayinədən keçdikdən sonra o, Bakı şəhərinə getmişdir. Təxminən 1 ay Bakı şəhərində qaldıqdan sonra Lənkəran rayonuna qayıtmış və oktyabr ayının əvvəlində yenidən Bakı şəhərinə getmişdir. Bakı şəhərinə getməyinin səbəbi onun ayaqlarında və qolundakı oynaqlarda kəskin ağrılar olmuşdur. O, Bakı şəhərində bibisigildə qalarkən müalicələr almış və orada qalanda ağrıları azalmışdır. O, heç bir tibb müəssisəsində müalicə almadığı üçün hər hansı arayış təqdim edə bilmir. O, böyüklərin məsləhəti ilə aptekdən alınmış dərmanlar içərək müalicə almışdır. O, 2022-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılsa da, hərbi xidmətə getməmişdir. Xidmətə getməməyinin səbəbi isə ağrıları ilə bağlı olmuşdur. Lakin həqiqi hərbi xidmətdən yayındığını, xidmətdən boyun qaçırdığını dərk edir, 2022-ci ilin oktyabr ayının 30-na kimi xidmətə getməli olduğu halda xidmətə getməmiş, yayınmışdır. O, növbəti çağırışda həqiqi hərbi xidmətə getməyə hazırdır, həqiqi hərbi xidmətdən yayınmır, hazırda özünü normal hiss edir, ağrıları azalmışdır. Hazırda əməlindən çox peşmandır, hərbi ximdətə gedərək vətəni müdafiə etmək istəyir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ildən Həqiqi Hərbi Xidmətə çağırış bölməsinin rəisi vəzifəsində işləyir. Vəzifəsi həqiqi hərbi xidmətə çağırılan çağırışçıların çağırılması, çarğırışçıların öyrənilməsinə nəzarət və qanunla nəzərdə tutulmuş digər işlərdən ibarətdir. Əkbərov X4 rayonu Separadi kəndindən çağırışçı olmuşdur. Təqsirləndirilən şəxs müvafiq olaraq 2019-cu ildə və 2022-ci ildə çağırış vaxtı tibbi komissiyadan keçmiş, tibbi komissiyanın qərarı ilə həqiqi hərbi xidmətə yaralı kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs 15 avqust 2022-ci ildə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2022-ci il tarixdə ona 2022-ci ilin 01 oktyabr tarixində həqiqi hərbi xidmətə çağırılmaq barədə çağırış vərəqəsi verilmiş, həmin çağırış vərəqəsi Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş və imzalamışdır. Həmçinin çağırış vərəqəsi Təqsirləndirilən şəxs verilərkən həqiqi hərbi xidmətdən yanınacağı halda Azərbaycan Respublikası CM-nin 321-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. 01 oktyabr 2022-ci il tarixdən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması prosesi başlamış, lakin Təqsirləndirilən şəxs həmin tarixdən 2022-ci ilin oktyabr ayının 30-na qədər SHXÇDX-nin Lənkəran rayon şöbəsinə gəlməmişdir. 01-30 oktyabr 2022-ci il tarixlərdə dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı evin 025256-05-56 saylı mobil nömrəsinə zəng edilib əlaqə saxlanılmış və həqiqi hərbi xidmətə getmək üçün dəvət olunmuş, lakin o xidmətdən boyun qaçırmaqla şöbəyə yaxınlaşmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə yola salınmasına kömək və onun olduğu yer müəyyən olunması məqsədilə Lənkəran ŞRPŞ-yə də müraciət edilmiş, lakin yenə də Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət keçməkdən boyun qaçırmış və xidmətə getmək üçün SHXÇDX-nin Lənkəran rayon şöbəsinə gəlməmişdir. Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2022-ci il tarixli 3463 nömrəli Sərəncamının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə yararlı hesab edildiyindən onun adı çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilərək SHXÇDX-nin Aparatına təqdim edilmiş və Xidmət rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçməsi üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyinat verilmişdir. Lakin, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə getmək üçün ona verilmiş çağırış vərəqəsində göstərilən, yəni xx.xx.2022-cı il tarixdə çağırış müddəti ərzində heç bir üzrlü səbəb olmadan Xidmətin Lənkəran rayon şöbəsinə gəlməmiş və bununla da Təqsirləndirilən şəxs heç bir üzürlü səbəb olmadan müddətli həqiqi hərbi xidmətə keçməkdən qəsdən boyun qaçırmışdır. Bundan sonra şöbə tərəfindən çağırışçı Təqsirləndirilən şəxs hərbi xidmətə göndərilməsinin təşkili ilə bağlı görülən tədbirlər çərçivəsində Lənkəran şəhərindəki qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün onunla telefon əlaqəsi saxlanılaraq hərbi xidmətə getməsi üçün Xidmətin Lənkəran rayon şöbəsinə gəlməsinin vacib olduğu, əks halda cinayət məsuliyyəti daşıyacağı təkrar bir daha nəzərinə çatdırılıb bu barədə profilaktik söhbət aparılsa da, sonuncu gələcəyini bildirərək yalan məlumat vermişdir. Nəticədə 2022-ci il oktyabr çağırışı ərzində Xidmətin Lənkəran rayon şöbəsinə gəlməyərək həqiqi hərbi xidmətə getməkdən boyun qaçırmışdır. Buna görə də, çağırış müddəti başa çatdıqdan sonra bununla bağlı rayon prokurorluğuna müraciət edilib onun şəxsi işi barəsində toplanmış materiallar Lənkəran rayon prokurorluğuna göndərilmişdir. Nə Təqsirləndirilən şəxs, nə valideynləri və ya digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr çağırışında hərbi xidmətə getməsinə mane ola biləcək hər hansı üzürlü səbəbin olması barədə Xidmətin Lənkəran rayon şöbəsinə heç bir məlumat verilməmiş və Təqsirləndirilən şəxs həmin çağırış dövründə hərbi xidmətə getməsinə mane ola biləcək hansısa üzürlü səbəb olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs çağırış vərəqəsində göstərilən xx.xx.2022-ci il tarixdə və ya ondan sonrakı çağırış müddətində hərbi xidmətə getmək üçün heç bir üzürlü səbəb olmadan Xidmətin Lənkəran rayon şöbəsinə gəlmədiyinə görə telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanarkən sonuncu Lənkəran rayonu ərazisində olduğunu və gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs çağırışdan azad edilməsi üçün onun ailə vəziyyəti, təhsili və ya digər heç bir əsasa görə üzrlü səbəbi və ya möhləti olmamışdır. Belə ki, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli Qanunun 12-ci maddəsində çağırışçının müəyyən olunmuş müddətdə hərbi xidmətə getmək üçün Xidmətin rayon şöbəsinə gəlməməsinə üzrlü səbəb kimi yalnız onun özünün tibb müəssisəsinin tibbi arayışı əsasında təsdiq olunan xəstəliyi və fövqəladə və ya digər qarşısı alına bilinməyən hal olması nəzərdə tutulmuşdur, ikinci halda da şəxsən gəlməyin mümkün olmadığı yaşayış yeri üzrə rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməlidir. Ümumiyyətlə isə Təqsirləndirilən şəxs çağırış müddətində hərbi xidmətə getməməsi, çağırışdan azad edilməsi üçün heç bir qanuni əsas, üzrlü səbəb və möhləti olmamışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü onun barəsində toplanmış material Lənkəran rayon prokurorluğuna göndərilmişdir. 2022-ci ilin 01-30 oktyabr tarixində Təqsirləndirilən şəxsla SHXÇDX-nin Lənkəran rayon şöbəsinin əməkdaşları tərəfindən telefon vasitəsilə əlaqə saxlanılmış, həqiqi hərbi xidmətə yola salınması üçün rayon şöbəsinə dəvət edilmiş, həmçinin Lənkəran ŞRPŞ- yə də məktubla müraciət edilmiş, lakin Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət keçməkdən qəsdən boyun qaçırmaqla xidmətə getməmişdir. Təqsirləndirilən şəxs xəstələnməsi ilə bağlı Xidmətin Lənkəran rayon şöbəsinə nə şifahi, nə də yazılı müraciəti olmamışdır. Təqsirləndirilən şəxs valideynin də heç bir müraciəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran MRX-nın Poliklinika şöbəsində həkim-cərrah, 2019-cu ildən isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində işləyir. Hərbi-Həkim komissiyasının sədri kimi vəzifəsi hərbi xidmətə getmək üçün Xidmətin Lənkəran rayon şöbəsinə gəlmiş çağırışçıları tibbi komissiyanın digər üzvləri ilə birgə şəkildə tibbi müayinələrdən keçirmək və əldə olunmuş müayinələrin nəticələrinə əsasən onların hərbi xidmətə yararlı olub-olmadığı barədə rəy verilməsi və digər işlərdən ibarətdir. Bunun üçün o və HHK-nın digər həkim üzvləri, o cümlədən də həkim, terapevt, yəni özü, həkim-nevropatoloq, psixiatr, oftolmoloq, otolorinqoloq, stomotoloq, dermatoloq və fitiziatr ixtisası üzrə mütəxəssislər hərbi xidmətə növbəti çağırışdan bir müddət əvvəl Xidmətin Lənkəran rayon şöbəsində həmin şöbəyə müraciət etmiş çağırışçıları tək-tək bütün tibbi müayinələrdən keçirdir, onların bütün zəruri tibbi analizləri tədqiq edilir, rentgen, kardioqramma, USM müayinələri aparılır və nəticədə çağırışçının hərbi xidmətə yararlı olub-olmadığı barədə rəy verilir. Lənkəran rayonu Separadi kəndində yaşayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla heç bir qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs yalnız çağırışçı kimi HHK-da tibbi müayinədən keçməsi ilə bağlı görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan sənədlərə əsasən də sonuncu xx.xx.2022-ci il tarixdə 2022-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar SHXÇDX-nin Lənkəran rayon şöbəsinin çağırış komissiyasına gəlib, orada şəxsən onunla sadaladığı digər ixtisaslı həkimmütəxəssislər tərəfindən HHK-da tibbi müayinələrdən keçirilmiş və həmin vaxt da səhətindən heç bir şikayəti olmadığını bildirmiş və müddətli həqiqi hərbi xidmətə yararlı hesab edildiyindən SHXÇDX-nin Lənkəran rayon şöbəsi tərəfindən 2022-ci ilin oktyabr ayının birində müddətli həqiqi hərbi xidmətə getməsi üçün 15 avqust 2022-ci il tarixdə çağırış vərəqəsinə imza etdirməklə qəbzin bir nüsxəsi özünə verilmişdir. Təqsirləndirilən şəxs hərbi xidmətdən boyun qaçırdığına görə barəsində qanuni tədbir görülməsi üçün Lənkəran rayon prokurorluğuna müraciət edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin Lənkəran rayon şöbəsində HHK-da tibbi müayinələrdən keçmiş, həmin vaxt həkim-terapevt və eyni zamanda HHK-nın sədri kimi şəxsən özü də onu görüb müayinə etmiş və onun tibbi müayinələrdən keçərkən səhhətindən hər hansı şikayəti, eləcə də hərbi xidmətə getməsinə mane olan heç bir xəstəliyi olmamışdır, yəni ki, Təqsirləndirilən şəxs müayinələr nəticəsində hərbi xidmətə tam yararlı hesab edilmişdir və bu göstərilənlər Təqsirləndirilən şəxs adına olan “Çağırışçının qeydiyyat kartası”ndakı həkim-müətəxəssislərin rəyi bölməsində öz əksini tapmışdır. Təqsirləndirilən şəxs hər hansı xəstəliyi ilə bağlı SHXÇDX-nin Lənkəran rayon şöbəsinə müraciəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının birində müddətli həqiqi hərbi xidmətə çağrılmasına baxmayaraq, nə həmin tarixdə, nə də ondan sonra çağırış müddəti ərzində heç bir qanuni əsas və üzrlü səbəb olmadan Xidmətin Lənkəran rayon şöbəsinə gəlməyərək, müddətli həqiqi hərbi xidmət keçməkdən qəsdən boyun qaçırmışdır. Cinayət işinin 73-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs adına olan “Çağırışçının qeydiyyat kartası”ndan görünür ki, o, SHXÇDX-nin Lənkəran rayon şöbəsində fəaliyyət göstərən çağırış komissiyasında həkim-mütəxəssislər tərəfindən müayinədən keçirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işinin 51-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həqiqi hərbi xidmətə getmək üçün SHXÇDX-nin Lənkəran rayon şöbəsinə gəlməli olduğu barədə çağırış vərəqəsini almasını və Azərbaycan Respublikası CM-nin 321-ci maddəsi ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Cinayət işinin 46-50-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 4/1755 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adına olan müddətli həqiqi hərbi xidmətə çağırış üzrə 15 avqust 2022-ci il tarixli qəbzdə “İmza:” qrafasındakı “Təqsirləndirilən şəxs” yazıları və imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 71-75-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası SHXÇDX-nin Lənkəran rayon şöbəsindən 03 fevral 2023-cü il tarixdə daxil olmuş 3-43-42/2-84/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib və təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2022-ci il tarixli 3463 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq qoşun növlərinə təyin edilmiş Azərbaycan Respublikası vətəndaşlarının SHXÇDXnin Lənkəran rayon şöbəsi üzrə adlı siyahısından görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunmuşdur. Cinayət işinin 78-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran RMX-dən daxil olmuş 09 fevral 2023-cü il tarixli PHŞ-6-58/2-79/2023 saylı cavab məktubundan görünür ki, Əkbərov X2 MRX-yə xəstəliklə bağlı müraciət etməmişdir. Cinayət işinin 76-77-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 19 yanvar 2023-cü il tarixli 16/1-58id saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxsr Tahir oğlunun DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin 79-81-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran rayon İHB-nin Separadi kəndi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Əkbərov X2 rayon Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayır və müsbət xarakterizə olunur. «Hərbi vəzifə və Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) gəlməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» 26 noyabr 2019cu il tarixli Sərəncamına əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmaları qərara alınmışdır. CM-nin 321.1-ci maddəsinə görə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 321.1-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs yaşını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin yaşını, xüsusilə əməlindən səmimi peşman olaraq, etirafedici ifadələr verməsi, habelə cinayət əməlinin xaralterindən irəli gələn xüsusil hal – yəni şəxsin hərbi xidmətə getmək istəməsi kimi mühüm əhəmiyyət kəsb edən halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə davranışlarını, əməlindən peşman olan təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 112 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 6 ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 112 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar