Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-185/2024 18.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 14:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Lənkəran rayonu Port iliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli "Amnistiya haqqında” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 09 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Lənkəran rayon məhkəməsinin qərarı ilə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X7 02 aprel 2024-cü il tarixdə, Lənkəran şəhərinin “Su Səkkiz” adlanan ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,660 qram olub xeyli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 aprel 2024-cü il tarixdə, saat 18:30- da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkan saxlanılaraq ünvan 3 ünvanında yerləşən Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra, həmin tarixdə, saat 19:00-dan saat 19:25-dək üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman xeyli miqdarda olan həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün məhkum edilmişdir. Həbsdən azad edildikdən sonra narkotik maddədən istifadə etməmişdir. 02 aprel 2024-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Sultan” şadlıq sarayının qarşısında dayanarkən ağ rəngli bir maşın arxaya verərək ona yaxınlaşdı və polis əməkdaşları maşından düşərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu ona bildirdilər. Onlarla birlikdə polis şöbəsinə gəldikdən sonra polis əməkdaşı tərəfindən ona 1 ədəd bükümdə olan narkotik vasitə verilərək üzərində aparılacaq şəxsi axtarış zamanı özünə məxsus olmasını bildirməsi ondan tələb edilmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilərək bildirilmişdir ki, həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsə evinə bir kiloqram narkotik vasitə qoyulacaq və onunla ittiham ediləcək. Məcbur olub üzərində aparılan şəxsi axtarış zamanı bir ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən narkotik vasitəni boynuna alması üçün ona bir neçə zərbə vurulmuşdur, lakin bədəni üzərində heç bir xəsarət qalmamışdır. Lakin həmin narkotik vasitələr arasında tutularkən üzərində olan büküm olmamışdır. Göstərilənlərə əsasən, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə orada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, narkotik vasitələrdən, əsasən nəşə, kakos və patıdan istifadə edir. Əvvəllər CM-nin 178.1-ci maddəsi ilə bir dəfə, 221.2.1 -ci maddəsi ilə bir dəfə və 234.2-ci maddəsi ilə bir dəfə məhkum olunmuşdur. 02 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Liman şəhərindən Lənkəran şəhərinə marşrutla gəlib “Böyük Bazar” adlanan ərazidə avtobusdan düşmüş və bazar ərazisində bir qədər gəzişdikdən sonra narkotik vasitə almaq qərarına gəlmişdir. Belə ki, əvvəllər bir neçə dəfə Lənkəran şəhərinin “Su Səkkiz" adlanan ərazisində narkotik maddə almışdır. Ona görə həmin gün, axşamüstü Lənkəran şəhərinin “Su Səkkiz” adlanan ərazisinə gedib orada üzdən tanıdığı şəxsdən 15 manata bir büküm narkotik maddə kakos, yəni heroin almışdır. Həmin bükümü əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur ki, istifadə etsin. Həmin gün, yəni 02 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ilə üzü Ləvəngi dairəsi istiqamətində tək piyada hərəkətdə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona üzərində narkotik vasitə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün şəhər ərazisində yerləşən polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları üzərində heroin olduğunu bilirlər və onlara etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, əynində olan qara rəngdə gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu demişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,11 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin, götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş maddə də, özünə məxsusdur və istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul deyil, heç vaxtda bu işlə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Narkotik vasitə onun özünə məxsusdur. Öz istifadəsi üçün əldə etmişdir. Buna görə də videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əməlini səmimi etiraf etmişdir. Vəkili ilə ikilikdə söhbət zamanı düşünmüşdür ki, bəlkə vəkilinə şərləndiyini desə ona köməklik olunar və buraxılar. Bunun üçün polis əməkdaşları tərəfindən guya ona fiziki zorakılıq göstərildiyini və cibinə narkotik vasitə qoyulması barədə yalandan vəkilinə demişdir. Ona heç kim fiziki və ya psixi təsir göstərməmiş, cibinə narkotik vasitə qoymamışdır. Üzərində aşkar olunan heroin onun özünə məxsusdur, özü üçün istifadə etmək məqsədilə 15 manata almışdır. Əməlindən səmimi peşimandır. Üzərində heç bir xəsarət yoxdur. Heç kim ona fiziki zorakılıq göstərməmişdir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 4(049)-64/2024 nömrəli 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində sözügedən təqdimata baxılarkən məhkəmə iclasında verdiyi izahatında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini tanımadığı şəxsdən 15 manata əldə etdiyini və polis əməkdaşları tərəfindən ona hər hansı psixi və fiziki təzyiq və təsir olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, icraatına Liman şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə edib üzərində saxlaması və daşıması ilə bağlı etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və digər zəruri tədbirlərin görülməsi üçün əməliyyat qrupunun yaradılmış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və rəhbərliyi ilə qrup üzvləri Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və şöbənin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs olduğu yeri, yəni Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində olduğunu müəyyən edib 02 aprel 2024-cü il tarixdə, saat 18:30-da Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs görüb onu nəzarətə götürərək sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və Təqsirləndirilən şəxs şöbəyə dəvət edib Lənkəran ŞRPŞ-nə gətirmişlər. Bununla bağlı raportla yenidən şöbə rəhbərliyinə müraciət etmişdir. Şöbədə təhqiqatçı tərəfindən onun, Şahid2, Şahid3 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxdıqda içərisində metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu və Lənkəran şəhərinin “Su Səkkiz” adlanan ərazisində özü istifadə etmək məqsədilə 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs X3 üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 02 aprel 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə, saat 18:30-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, şəxsi axtarışın əvvəlində təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə, tutulmazdan qabaq Lənkəran şəhərinin “Su Səkkizr” adlanan ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata almasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair maddə aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,11 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 03 aprel 2024-cü il tarixli 19/130 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kar edilmiş bir bükümdə metamfetaminə bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,660 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı ı) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 04 aprel 2024-cü il tarixli 328 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərın qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2021 -ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2024-cü il tarixli cavabından verilmiş tələbnamədən, Suraxanı Rayon Məhkəməsinin 7(010)-415/2022 nömrli xx.xx.2022-ci il tarixli və 7(010)-651/2023 nömrli xx.xx.2023-cü il tarixli qərarlarının surətindən görünür ki, Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya haqqında” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 03 ay 09 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Hal-hazırda X3 məhkumluğu ödənilməmişdir. Tutma protokolundan görünür ki, X7 02 aprel 2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 05 aprel 2024-cü il tarixli, 937 nömrəli arayışdan görünür ki, X7 həmin xəstəxanada qeydiyyatda deyildir. Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, 04 aprel 2024-cü il tarixdə X3 barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, X1 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi ev 143/1 ünvanında anası X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, X2 götürülmüş təmiz çəkisi 1 ədəd bükümdə ümumi 1,660 qram təşkil edən narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 1 ədəd bükümdə ümumi 1,560 qram təşkil edən narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 323 saylı rəyindən görünür ki, X3 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs X7 özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis tərəfindən saxlanılaraq üzərində heç bir narkotik vasitənin olmaması, polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarının ona təqyiq göstərərək narkotik vasitəni üstünə qoymaları, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etmələri, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə X3 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, X3 məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə X3 yaşayış yeri üzrə orta müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, X6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən X7 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 aprel 2024cü il tarixdən hesablanmalıdır. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 ədəd bükümdə ümumi 1,560 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat X2 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X6 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə ümumi çəkisi 1,560 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat X2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-185/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-185/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver