Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-186/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 12 iyun 2024-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs ilə aralarında Lənkəran şəhəri, F.Məmmədov küçəsində yerləşən “Veteranlar parkı” deyilən ərazidə sonuncunun onun parkda qızın ayağına başını qoymasına qarışdığına etiraz etdiyinə görə şəxsi münasibətləri zəmnində yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sol üz nahiyəsindən qəsdən zərbə vuraraq ona sol almacıq nahiyəsində əzilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri, el arasında “Şəminin bağı” rəsmi olaraq “Veteranlar parkı” adlanan ərazidə bacıları X2 və X1 ilə birlikdə oturacaqda oturub söhbət etmişlər. Həmin vaxt dostu Şahid da yaxınlıqda olmuşdur. Parkın içərisində onların qarşısında yerləşən ağacın altında tanımadığı qız və oğlan oturmuşlar. Oğlan uzanaraq başını qızın budunun üstünə qoymuşdur. Həmin oğlanın bu hərəkəti onun xoşuna gəlməmişdir. Buna görə həmin şəxsin yanına getmişdir. Həmin oğlana parkda oturduğunu, düz hərəkət etmədiyini bildirmişdir. Həmin şəxs onunla əl-qol hərəkətləri ilə danışaraq “yaxşı etdiyini” demişdir. Buna görə aralarında mübahisə baş vermiş və mübahisə zamanı həmin şəxs üzərinə gəldiyi üçün üz nahiyəsinə yumruq zərbəsi endirmişdir. Şahid da həmin şəxsə düz hərəkət etmədiyini deyərək onu kənara çəkmişdir. Həmin şəxsə qızı yola salıb gəlməsini demişdir. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs qızı yola salandan sonra yanına gəlmiş, o, Zərərçəkmiş şəxs danışığı xoşuna gəlmədiyi üçün onu vurduğunu deyərək peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs gedəndən sonra şəhərə gəzməyə getmişdir. Münaqişə parkda ikisinin arasında baş vermiş, 4-5 dəqiqə davam etmiş, həmin vaxt parkda heç kim olmadığına görə oraya kənar şəxslər toplaşmamış, özgə əmlakına ziyan dəyməmişdir. Dostu Şahid orada olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında iştirak etdiyini, hadisənin hərbi xidmətdən sonra onun əsəblərində yaranmış gərginlik nəticəsində bir anın içində baş verdiyini, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində sevdiyi qızla Lənkəran şəhərində yerləşən “Veteranlar parkı”na gəlmiş, çəmənlikdə oturan zaman uzaqdan kiminsə ona torpaq qırıntıları atdığını görmüşdür. O, həmin tərəfə baxdıqda bir neçə nəfər tanımadığı cavan oğlanları görmüş və onlar onu yanlarına çağırmışlar. O, cavan oğlanların yanına getdikdə 2 nəfər ona “sən parkda qızla uzanmısan, oradan camaatın ailəsi keçir, utanmırsan” sözünü demişlər. O da cavabında onlara “mən yalnız başımı qızın dizinin üstünə qoymuşdum, sən məni tanımırsan, mənə utanmaz niyə deyirsən” sözünü demişdir. Həmin oğlanlardan biri ona “səni tanımaq mənə lazım deyil “ sözünü demiş və o da ona “sənin dediklərin mənə lazım deyil” sözünü demişdir. Bu zəmində aralarında sözlə olan mübahisə zamanı sonradan tanıdığı Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə zərblə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən özünü itirmiş və kənara çəkilmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxs onu hadisə yerindən uzaqlaşdırıb aparmışdır. Münaqişə onların arasında baş vermiş, 4-5 dəqiqə davam etmiş, ora kənar şəxslər toplaşmamış, başqasının əmlakına ziyan dəyməmişdir. Xəsarət aldığından ərizə ilə polisə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 13 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, F.Məmmədov küçəsində yerləşən “Veteranlar parkı” ərazisində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 535 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol almacıq nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2286 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu,Sütəmurdov kəndində valideynləri və bacıları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Təqsirləndirilən şəxs məxsus SX ******* №-li hərbi biletin surətindən görünür ki, o, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında iştirak etmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə verilmiş müvafiq əmr əsasında ordu sıralarından tərxis edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-186/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-186/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver