Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-187/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi İlyas oğlunun iştirakları ilə 06 iyul 1973-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 206.2, 234.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Viyən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2022-ci ilin dekabr ayının əvvəllərində, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,229 qram, 0,186 qram, 0,295 qram, 0,211 qram ümumi təmiz çəkisi 0,921 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 08 dekabr 2022-ci il tarixdə saat 17:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Viyən kəndində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan gödəkcənin sağ yan cibindən 4 ədəd sellofan bükümlərin içərisindən həmin narkotoik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd etmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur, lakin heç vaxt narkotik vasitəni satmamışdır. Şəxsi axtarış zamanı üzərindən çıxan elektron tərəzi ona məxsus olmamışdır. Belə ki, həmin elektron tərəzi polis əməkdaşları tərəfindən ona verilmişdir və təzyiqlər nəticəsində o, həmin tərəzini şəxsi axtarış zamanı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və şifahi sorğu zamanı özünə məxsus olduğunu bildirmişdir. Lakin üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdiridiyini bildirmişdir. Böyük ailə başçısıdır və himayəsində qoca xəstə anası vardır. Göstərilənlərə əsasən ona yalnız CM-nin 234.1 maddəsi ilə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, “Polis şöbəsində polis əməkdaşlarıın və müdafiəçinin iştirakı ilə üzərinə keçiriən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan və polis əməkdaşlarına təqdim etdiyi elektron tərəzini narkotik vasitə alarkən onu aldatmasınlar deyə istifadə etdiyi üçün üzərində saxlayır”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran rayonu Viyən kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, narkotik vasitələri qəbul etməsi və əldə edib üzərində saxlaması, satışı ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. 08 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs təxminən, 15-20 dəqiqə izlədikdən sonra yaşadığı Viyən kəndində piyada hərəkətdə olduğunu görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişdir. Polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, satışı ilə məşğul olması barədə əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Əvvəlcə onlarla gəlmək istəməsə də sonradan razılaşmağa məcbur olmuşdur. Polis şöbəsinə gətiriləndən sonra tədqiqatçı tərəfindən araşdırma aparılmışdır. Müdafiəçinin və iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan gödəkçənin sağ yan cibindən 4 ədəd sellofan kəsiyi bükümü və 1 ədəd elektron tərəzini çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra 4 ədəd sellofan kəsiyi bükümü elektron tərəzidə çəkildikdə isə 1,05 qram olmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və təsir göstərilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şahidlər Şahid3 və Şahid2 Şahid1 ilə eyni uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Viyən kəndində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sağ yan cibində olan 4 ədəd bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,05 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Lənkəran şəhəri, Böyük bazar ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 09 dekabr 2022-ci il tarixli 19/1252 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, təmiz çəkiləri- 0,229 qram, 0,186 qram, 0,295 qram; 0,211 qram: ümumi təmiz çəkisi-0,921 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri yoxdur. Keçirilmiş Ekspertizanın dəyəri 65 (altmış beş) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 14 fevral 2022-ci il tarixli 192 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından təmiz çəkisi 0.761 qram təşkil edən narkotik vasitə - heroin, 1 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından təmiz çəkisi 0,761 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd elektron tərəzi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Kişiyev X1 Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 206.2, 234.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-437/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair” ərizəsi təmin edilərək, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 206.2, 234.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs oğunun məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad olduğu vaxtdan hazırki cinayət əməlini törətdiyi günədək, yəni 08 dekabr 2022-ci il tarixədək iki il müddət keçmədiyindən CM-nin 18.1 və 83.3.3-cü maddələrinin tələblərinə əsasən cinayətin residivi hesab edilir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 4(049)-395/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 5(049)-490/2022 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 08 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyətinin Viyən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və anası ilə birlikdə Lənkəran rayonu Viyən kəndində yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və şəxsi axtarış zamanı üzərindən çıxan elektron tərəzinin ona məxsus olmamasını, həmin elektron tərəzi polis əməkdaşları tərəfindən ona verilmiş və təzyiqlər nəticəsində tərəzini şəxsi axtarış zamanı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etməsi barədə bildirməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən orta müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını məhkəmə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 dekabr 2022ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,761 qram təşkil edən narkotik vasitə – heroin və bir ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,761 qram təşkil edən narkotik vasitə - heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-187/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-187/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver