Məhkəmə qərarları › İş №1(049)-187/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-187/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-187/2024 11.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 ay hesablanmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran rayonu, Cil kəndində tanışı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə gələrək ona olan 50 manat pul borcunu geri qaytarmasını tələb etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruq ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbə vurmaqla - sol göz almasına yayılmış qansızma, sol gözaltı nahiyəsində qançır ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 5 il əvvəl tanış olmuşdur. Həmin vaxtdan bəri aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs 2 ay əvvəl Təqsirləndirilən şəxs borca 50 manat pul istəmişdir. 1 həftə sonra qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs da Tehrana 50 manat pul borca vermişdir. Lakin 1 həftə keçsə də Tehran borcunu qaytarmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə Tehrandan borcunu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Tehranın yaşadığı ünvana getmişdir. Evdə olduqları zaman Təqsirləndirilən şəxs Tehrana maddi sıxıntıları olmasını bildirib borcunu qaytarmasını tələb etmişdir. Lakin Tehran hal-hazırda borcu qaytarmaq imkanı olmadığım, bir neçə ay sonra qaytaracağını bildirmişdir. O, da əsəbləşib Tehranın üzərinə hücum çəkmiş və Tehranın sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 5 il əvvəl tanış olmuşdur. Həmin vaxtdan bəri aralarında dostluq münasibətləri olmuşdur. Maddi sıxıntısı olduğundan 2 ay əvvəl Nadirdən borca 50 manat pul istəmişdir. 1 həftə sonra qaytaracağım bildirmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs 1 həftə qaytarmaq şərti ilə 50 manat pul borca vermişdir. Lakin 1 həftə keçdikdən sonra Nadir Zərərçəkmiş şəxs borcu qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs Nadirə borca aldığı pulu tez bir zamanda qaytaracağını bildirib ona vaxt verməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Nadir onun yaşadığı ünvana getmişdir. Evdə olduqları zaman Nadir borca verdiyi pulu qaytarmasını ondan tələb etmişdir. O, hal-hazırda borcu qaytarmaq imkanı olmadığını, bir neçə ay sonra qaytara biləcəyini bildirmişdir. Bu zaman Nadir onun üzərinə hücum çəkmiş və onun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 17-19-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Cil kəndi ərazisidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 13-14-cü vərəqlərində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 538 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində- sol göz almasına yayılmış qansızına, sol gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 59-61-ci vərəqlərində olan tələbnamədən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 ay hesablanmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar