Məhkəmə qərarları › İş №1(049)-188/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-188/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-188/2023 06.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Bəlləbur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu Qurumba kəndində yerləşən “Elçin” Şadlıq sarayının həyətyanı sahəsində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası Abbas Əliyevi təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu qəsdən yumruq ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbə vurmaqla - burun sümüyünün az yerini dəyişən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid və burun, sol gözaltı, sağ gicgah, sol bud naniyələrində qançırlar ilə müşayit olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun ögey xalası olan Aytənin əridir. 2022-ci ilin iyul ayında onun ailəsi ilə Ülvinin ailəsi arasında yaranmış mübahisə səbəbindən onun atası Abbas Ülviyə zəng etmişdir. Telefon danışığı zamanı Ülvi Abbası təhqir etmişdir. O, bir neçə dəfə Ülviylə danışmaq istəsə də Ülvi onun telefon zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qurumba kəndində yerləşən “Elçin" Şadlıq Sarayında toy məclisində iştirak etmişdir. Saat 20 radələrində siqaret çəkmək üçün sarayın həyətinə düşmüşdür. Sarayın həyətində olduğu zaman bir neçə dəqiqə sonra Ülvinin sarayın həyətinə daxil olmasını görmüşdür. O, Ülviyə yaxınlaşıb salamlaşmışdır. O, Ülvi ilə bir məsələni aydınlaşdırmaq üçün kənara çəkilməsini xahiş etmişdir. Lakin Ülvi toy məclisinə gəldiyini bildirmişdir. O da toy məclisinə gəldiyini demişdir. O, Ülvi ilə birlikdə sarayın kənarına çəkilərək sonuncu ilə söhbətləşməyə başlamışdır. O, Ülvidən hansı səbəbə atası Abbası təhqir etməsini soruşmuşdur. X8 təhqir etməkdə haqlı olduğunu bildirmişdir. Bu səbəbdən o, əsəbləşərək Ülvinin sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Ülvi yerə yıxılmışdır. Ülvi yerə yıxıldıqdan sonra da o, Ülvinin bədən nahiyəsinə bir neçə təpik zərbələri vurmuşdur. Bundan sonra həmkəndlisi Şahid onlara yaxınlaşaraq onları ayırmışdır. Məhkəmədən əməlindən peşman olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayında Aytən Nemətova ilə ailə həyatı qurmuşdur. Aytənin ögey olan bacısı Aynurə və ailəsi ilə münasibətləri normal olmuşdur. Aralarında olan narazılığa görə baldızı Aynurənin əri Abbas ona zəng edərək sonuncunu nalayiq ifadələrlə təhqir etmişdir. O da, Abbası təhqir etmişdir. Həmin vaxtdan sonra onun Abbasla heç bir əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, işdən çıxıb Lənkəran rayonu Qurumba kəndində yerləşən “Elçin” Şadlıq sarayına getmişdir. Sarayın həyətində Abbasın övladı olan Təqsirləndirilən şəxs görmüşdür. Elvinlə salamlaşmışdır. Təqsirləndirilən şəxs onu kənara çəkib söhbət etmək istədiyini bildirmişdir. Şadlıq Sarayına qalxmaq istədiyini demişdir. Lakin Elvin onun ilə bir məsələni aydınlaşdırmaq üçün kənara çəkilməsini dediyindən o da, Elvinlə birlikdə Sarayın kənarına çəkilmişdir. Elvin hansı səbəbə onun atasını təhqir etdiyini soruşmuşdur. O da Abbasın onu təhqir etdiyindən Abbasa təhqirlə cavab verdiyini bildirmişdir. Bundan sonra o, uzaqlaşıb getmək istəyərkən Elvin onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra da Elvin onun bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurmuşdur. Bundan sonra bir nəfər şəxs onlara yaxınlaşaraq ayırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona görə də, Təqsirləndirilən şəxs qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonu Qurumba kəndində yerləşən “Elçin" Şadlıq Sarayında toy məclisinə iştirak etmək üçün getmişdir. Saat 20 radələrində telefonla danışmaq məqsədilə sarayın həyətinə düşmüşdür. Sarayın həyətində telefonla danışadanışa kənara çəkilmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs tanımadığı sonradan adını Ülvi kimi bildiyi şəxslə mübahisə etməsinin şahidi olmuşdur. O, həmin şəxslərə yaxınlaşmaq istədikdə həmkəndlisi Təqsirləndirilən şəxs Ülvinin sifət nahiyəsinə yumruq zərbəsi vurmasını görmüşdür. Ülvi zərbənin təsirindən yerə yıxılmıışdır. Təqsirləndirilən şəxs Ülvinin bədən nahiyəsinə bir neçə təpik zərbələri vurmuşdur. O, həmin şəxslərə yaxınlaşaraq onları ayırmışdır. X6 Əliyevin atasının bacanağı olması ona məlum olmuşdur. İş materiallarının 14-15-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023cü il tarixli, 118 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədənin üzərində - burun sümüyünün az yerini dəyişən sınığı, burun, sol gözaltı, sağ gicgah, sol bud nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 24-27-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 09 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayon Qurumba kəndində yerləşən “Elçin” Şadlıq Sarayının həyətyanı sahəsində baş vermişdir. İş materiallarının 34-35-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cəlilabad Hərbi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli hökmünə əsasən CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 8 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti təyin edilmişdir. İş materiallarının 29-30-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X4 rayonu, Bəlləbur kəndində yaşayır və yaşadığı müddət ərzində özünü normal sakin kimi göstərmiş, onun barəsində heç bir şikayət olmamışdır. İş materiallarının 33-cü vərəqində olan məhkəmə baxışında elan edilərək tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 may 2021ci il tarixdə doğulmuş X5 adında bir azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar