Məhkəmə qərarları › İş №1(049)-19/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-19/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-19/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, saat 12:30 05 avqust 1992-ci ildə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-248/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla, yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,182 qr, 0,258 qr, 0,202 qr, 0,197 qram ümumi təmiz çəkisi 0,839 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 17 aprel 2022-ci il tarixdə saat 09:00da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Göyşaban kəndi ərazisində saxlanılaraq Liman PB-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində 4 ədəd kağız bükümlərin içərisində həmin narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həbs edilənə qədər Lənkəran rayonu, Göyşaban kəndində yaşamışdır. Subaydır. Yaşadığı kənddə balıqçılıqla məşğul olmuşdur. 2 ildən yuxarıdır ki, narkotik vastə heroini qızıdırıb tüstüsünü çəkməklə qəbul edir. xx.xx.2022-ci il tarixdə gecə saat 3 radələrində mərhum əmisinə məxsus evdən Liman polis bölməsinə aparılmışdır. Lənkəran rayonu Göyşaban kəndi ərazisində saxlanılmamışdır. Polis bölməsinə aparılarkən üzərində heç bir narkotik vasitə və elektron tərəzi olmamışdır. Polisə aparıldığı vaxt da narkotikin təsiri altında olmuşdur. PB-də polis əməkdaşları ona qarşı təzyiqlər edərək döymüş, üzərinə 4 ədəd bükümdə narkotik vasitə heroin və elektron tərəzi qoymuşlar. Bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Videoçəkiliş zamanı narkotik vasitənin və tərəzinin ona məxsus olmadığını bildirəcəyi təqdirdə yenidən döyüləcəyini güman edərək, aşkar edilmiş narkotik vasitə olan 4 büküm heroinin və elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, narkotik istifadəçisi olsa da, şəxsi axtarış zamanı üzərindən çıxmış heroin və elektron tərəzi ona məxsus deyil. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilmədiyini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Lənkəran rayonunun Göyşaban kəndində yaşayır. Subaydır. Yaşadığı kənddə balıqçılıqla məşqul olur. 2 ildir ki, narkotik vastə heroini qızıdırıb tüstüsünü çəkməklə qəbul edir. Tutulmamışdan bir gün öncə Liman şəhərində üzdən tanıdığı adını və soyadını bilmədiyi şəxsdən 4 ədəd bükümdə heroini 40 manata almışdır. Həmin şəxsin mobil nömrəsini bilmir. O, özü də mobil telefondan istifadə etmir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Göyşaban kəndində yol kənarı ilə piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona özlərini təqdim etmişlər. Sonra ona üzərində narkotik vasitə saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğu deyilərək polis bölməsinə gətirilmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edilərək vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 4 ədəd bükümdə heroini və narkotik vasitə alarkən çəkilərini dəqiq bilməkdən ötrü üzərində gəzdirdiyi elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərində aşkar olunmuş həmin 4 bükümdə olan heroin elektron tərəzidə çəkildikdə çəkisi 1,07 qram olmuşdur. Onunla bu barədə sorğu-sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş kütlənin heroin olduğunu və özünə məxsus olduğunu, heroini bir gün öncə Lənkəran rayonu Liman şəhərində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin heroin zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. O heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kəsə satmamış və həmçinin heç kəsə istifadə etmək üçün verməmişdir. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hal-hazırda Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu Göyşaban kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələrin üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə bölmənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 17 aprel 2022-ci il tarixdə bölmənin rəisindən müvafiq razılıq aldıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna polis bölməsinin PPXB-nin polis nəfəri Şahid2 və Rəsul Tağızadə də cəlb edilmişdir. Polis şöbəsinin rəhbərliyi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, həmin gün saat 09:00-da Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində yol kənarı ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla bölmə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra bölmənin polis nəfəri Rəsul Tağızadə tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə olduğu halda təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs də həmin vaxt üzərində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardığı 4 ədəd kağız büküm və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə, bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkisi 1,07 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu-sual edildikdə, o üzərində aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini tutulduğundan bir gün öncə Lənkəran rayonun Liman şəhəri ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 40 manata aldığını və qəbul etmək üçün üzərində saxladığını, elektron tərəzi isə narktoik vasitə alarkən çəkilərini dəqiq bilməsindən ötrü gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və yaxud da psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞnin Liman PB-nin polis nəfəri vəzifəsində işləyir. Bölmənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Lənkəran rayonu Göyşaban kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələrin üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Buna görə, baş əməliyyat müvəkkili Şahid1 həmin məlumatın daxil olması barədə bölmənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsindən ötrü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 17 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin PPXB-nin polis nəfəri Şahid2 da cəlb edilmişdir. Polis şöbəsinin rəhbərliyi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, həmin gün saat 09:00-da Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində yol kənarı ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla bölmə rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra bölmənin polis nəfəri Rəsul Tağızadə tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə olduğu halda təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs də həmin vaxt üzərində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardığı 4 ədəd kağız büküm və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirildikdə, bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkisi 1,07 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu-sual edildikdə, o üzərində aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini tutulduğundan bir gün öncə Lənkəran rayonun Liman şəhəri ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 40 manata aldığını və qəbul etmək üçün üzərində saxladığını, elektron tərəzi isə narktoik vasitə alarkən çəkilərini dəqiq bilməsindən ötrü gəzdirdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlələr və elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 134 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və yaxud da psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17 aprel 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülür, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu təsdiq edir. Məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2022-ci il tarixli 19/467 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 bükümdə heroinə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda -0,182 qr; -0,258 qr, -0,202 qr; -0,197 qram, ümumi təmiz çəkisi -0,839 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və tərkiblərinə görə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli, 461 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Ağazadə X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 06 ay müddətinə azaldılmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 1(049)-248/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Resppublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 5(049)-207/2022 saylı qərarı ilə, Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 4(049)-133/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd, kağız paketdəki ümumi çəkisi 0,839 qram, qalıq çəkisi 0, 719 qram çəkidə narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0, 719 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə iş materiallarında saxlanmışdır. xx.xx.2022-ci tarixli, 471 nömrəli arayışdan görünür ki, Ağazadə X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağazadə X4 rayonu Göyşaban kəndində valideynləri – X5 və X6 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə və elektron tərəzi olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək, üzərinə narkotik vasitə və elektron tərəzi qoyulması, həmçinin polis əməkdaşlarının təqsirləndirilən şəxsi 17 aprel 2022-ci il tarixdə saat 09:00-da Lənkəran rayonu Göyşaban kəndi ərazisində deyil, xx.xx.2022-ci il tarixdə gecə saat 3 radələrində mərhum əmisinə məxsus evdən aparılması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolu və videogörüntüləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı şahidlər Şahid1, Şahid2 və şahid X3 ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 315 №-li, xx.xx.2022-ci il tarixli rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs heç bir şikayəti olmamış, onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Digər tərəfdən şəxsi axtarışın DVD diskindəki videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, müdafiəçinin suallarına cavab olaraq isə aşkar edilmiş narkotik və elektron tərəzinin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları olmasını, cəzanı yüngülləşdirən hallarının mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CMnin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 aprel 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd kağız paketdəki qalıq çəkisi 0,719 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd kağız paketdəki qalıq çəkisi 0,719 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar