Məhkəmə qərarları › İş №1(049)-193/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-193/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-193/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 12:20 xx xxxxxx 1986-cı il tarixdə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 03 aprel 2024-cü ildə saat 13:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai HD78” yük markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayon ərazisindən keçən 171,8-ci km\də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ zolaqda traktorun hərəkətdə olmasını nəzərə alaraq vaxtında avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla traktorun sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “MTZ 82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı kotanlı traktora arxadan çırpılmış, nəticədə ehtiyyatsızlıqdan “Hyundaı HD78” yük markalı avtomobilin sərnişini X4 baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə-sol gicgah nahiyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, hər iki aşıq baldır oynağı, sağ diz qapağı, sağ dirsək, sağ mil-bilək, sol baldır, sol körpücük sümüklərinin sınıqları, sol gicgah nahiyəsində yayılmış qansızmahematoma, sol gicgah, sağ dirsək, sağ aşıq baldır oynağı, sağ diz qapağı nahiyələrində əzilmiş-cırılmış yaralar, alın, sol kürəküstü, sol körpücük, hər iki bazu oynağı, döş qəfəsi, sol baldır nahiyələrində sıyrıqlar, sol göz qapaqları-gözaltı, sol körpücük, sağ said, sol milbilək oynağı, sağ bud, sağ baldır, sol aşıq-baldır oynağı nahiyələrində qançırlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun həmin gün saat 17:30 da Lənkəran RMX-da ölümü ilə nəticələnən, həmçinin sürücü Zərərçəkmiş şəxs sol bazu sümüyünün sınığı, sol bazu arteriyasının, sol median sinirin zədələnməsi və sol bazunun iri ölçülü sıyrılmış yaraları ilə müşayiət olunan sol bazu nahiyəsinin küt travması, sağ bazunun, sağ saidin, sol budun, sol aşıq-baldır oynağı nahiyəsinin, sol ayağın iri ölçülü dərialtı hematomaları, sol alın-almacıq birləşməsi nahiyəsinin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol təpə nahiyəsinin, sağ saidin, hər iki əlin, sol budun sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 aprel 2024-cü ildə saat 13:20 radələrində sürücü vəzifəsində işlədiyi "xxxx" MMC-yə məxsus “Hyundaı HD78“ yük markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Yolun Lənkəran rayonu ərazisindən keçdikdə ani olaraq qarşısında eyni istiqamətdə MTZ-82.1 markalı kotanlı traktorun asta sürətlə hərəkətdə olduğunu görmüş, bu zaman məsafə yaxın olduğundan hadisədən yayına bilməmiş, nəticədə idarə etdiyi yük avtomaşının qabaq sağ hissəsi “MTZ-82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı kotanlı traktora arxadan çırpılmışdır. Hadisə zamanı avtomaşında olan sərnişin Samir Abasov ilə birgə müxtəlif bədən xəsarətləri aldığından Lənkəran RMX-da müayinə olunmuşdur. Hadisə zamanı avtomaşında olan sərnişin Samir Abasovun vəfat etdiyini sonradan bilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi X5 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda ETSN-nin 1 saylı Regional İdarəsində traktor sürücüsü kimi işləyir. ETSN-nin 1 saylı Regional İdarəsinə məxsus “MTZ-82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı traktoru yol vərəqi əsasında idarə edir. Həmin traktoru idarə etmək üçün sürücülük vəsiqəsi var. 03 aprel 2024-cü ildə saat 13:20 radələrində idarə etdiyi “MTZ-82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt- Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Lənkəran rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri aldığından hadisəni tam xatırlamır. Hadisədən sonra xəstəxanada ayıldıqda Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “Hyundaı HD78“ yük markalı avtomobil tərəfindən traktoru arxadan vurduğunu bilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış zərər çəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum Samir Abasov doğma oğludur. 03 aprel 2024-cü ildə yaşadığı evdə olduğu zaman oğlu Samirin Ələt-Astara yolunun Lənkəran rayon ərazisində yol qəzasına düşdüyünü eşitmişdir. Dərhal Lənkəran RMX-na gəldikdə oğlu Samirin ağır xəsarət aldığını bilmişdir. Həmin gün axşam saatlarında oğlu X7 RMX-da vəfat etmişdir. Hadisə barədə soruşduqda Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi yük avtomaşını ilə traktorun toqquşması nəticəsində oğlu Samirin ağır xəsarət aldığını bilmişdir. Hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, BDYPİ-nin YPXA-nın 11-ci taqımında inspektor vəzifəsində xidmət edir. 03 aprel 2024-cü ildə saat təxminən 13:20 radələrində xidmətdə olduğu zaman Ələt-Astara yolunun Lənkəran rayonu ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi bardə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getdikdə Amil adlı şəxsin idarə etdiyi “Hyundaı HD78” yük markalı avtomaşının qabaq sağ hissəsinin kotanlı traktora arxadan çırpıldığını öyrənmişdir. Hadisə zamanı yük avtomaşında olan sərnişin Samir Abasov adlı şəxs ağır bədən xəsarətləri almışdır. Sonra baş təhqiqatçı tərəfindən hadisə yerinin müayinəsi aparılmış və protokola imza etmişdir. Sərnişin S.Abasovun vəfat etdiyini sonradan eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayonu ərazisindən keçən 171,8-ci km\də Ələt qəsəbəsi istiqamətində baş vermişdir. Lənkəran RMX-nın 03 aprel 2024-cü il tarixli 000475 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin QİS-in 10 aprel 2024-cü il tarixli 3-13-16\2- 57759\2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə AE serialı 417853 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 16 aprel 2024-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” PHŞ-nin 17 aprel 2024-cü il tarixli 218\MEŞ nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bazu sümüyünün sınığı, sol bazu arteriyasının, sol median sinirin zədələnməsi və sol bazunun iri ölçülü sıyrılmış yaraları ilə müşayiət olunan sol bazu nahiyyəsinin küt travması, sağ bazunun, sağ saidin, sol budun, sol aşıq-baldır oynağı nahiyyəsinin, sol ayağın iri ölçülü dərialtı hematomaları, sol alın-almacıq birləşməsi nahiyyəsinin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sol təpə nahiyyəsinin, sağ saidin, hər iki əlin, sol budun sıyrılmış yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03 aprel 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Lənkəran rayon “MTE və PA” şöbəsinin 23 aprel 2024-cü il tarixli 08 nömrəli tibbi rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər – baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə-sol gicgah nahiyyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, hər iki aşıq baldır oynağı, sağ diz qapağı, sağ dirsək, sağ milbilək, sol baldır, sol körpücük sümüklərinin sınıqları, sol gicgah nahiyyəsində yayılmış qansızma-hematoma, sol gicgah, sağ dirsək, sağ aşıq baldır oynağı, sağ diz qapağı nahiyyələrində əzilmiş-cırılmış yaralar, alın, sol kürəküstü, sol körpücük, hər iki bazu oynağı, döş qəfəsi, sol baldır nahiyyələrində sıyrıqlar, sol göz qapaqları-gözaltı, sol körpücük, sağ said, sol mil-bilək oynağı, sağ bud, sağ baldır, sol aşıq-baldır oynağı nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03 aprel 2024-cü ildə sərnişini olduğu yük avtomaşının traktorla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə - başın və hər iki aşağı ətrafın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, hər iki aşıq baldır sümüklərinin sınıqları səbəb olmuşdur. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 14 may 2024-cü il tarixli 3-16-16\2- 8\1124 nömrəli rəyindən görünür ki, “Hyundaı HD78“ yük markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “MTZ 82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı kotanlı traktor və “Hyundaı HD78” yük markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Müvafiq qəbzdən görünür ki, ETSN-nin 1 saylı Regional İdarəsinə məxsus “MTZ 82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı kotanlı traktor qoşqusu ilə birlikdə Orucəli Aslanlıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qayada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı ona qarşı heç bir iddia və tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 notarial qayada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı ona qarşı heç bir iddia və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasını onun iştirakı olmadan keçirib Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasını onun iştirakı olmadan keçirib Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Lənkəran ŞİHB-nin Şiləvar KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qafarov X3 rayonu, Digah kəndində valideynləri və arvadı ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Yusif Abbasovla barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirini etiraf etməsi və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur.. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “MTZ 82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı kotanlı traktorun qoşqusu ilə birlikdə ETSN-nin 1 saylı Regional İdarəsinin əməkdaşı Orucəli Aslanlıya təhvil verilməsi nəzərə alınmalı və “Hyundaı HD78” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – “MTZ 82.1” markalı AZ 01 K 102 dövlət qeydiyyat nişanlı kotanlı traktorun qoşqusu ilə birlikdə ETSN-nin 1 saylı Regional İdarəsinin əməkdaşı Orucəli Aslanlıya təhvil verilməsi nəzərə alınsın və “Hyundaı HD78” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə qaytarılsın. Məhkəmə məsrəfi olan 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar