Məhkəmə qərarları › İş №1(049)-193/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-193/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-193/2025 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1994-cü ildə Lənkəran rayonu, Şovu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonu, Şilavar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri “Qalayçılar” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 13:03-də Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,186 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran şəhəri Mirsalayev küçəsi ev 31-də qeydiyyatda olsa da, rayonun Şiləvar kəndində, atası Qəhrəman Zəkiyev, anası Firəngiz Zəkiyeva ilə birlikdə kirayədə yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə dolanışığını təmin edir. xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2023-cü ilin avqust ayında vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bir neçə ildir ki, psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü udmaqla istifadə edir. Metamfetamini Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. Psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. Lənkəran rayon sakini Şahid4 tanıyır. Riyad da onun kimi narkotik vasitələrin istifadəçisidir. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Riyadla bir yerdə Ələt-Astara magistral avtomobil yolunun kənarında, qoyun bazarı adlanan ərazidə, çayxananın yanında olarkən danışmışlar ki, səhər kim yuxudan tez oyansa, narkotik vasitə almaq üçün digərinin evinə gedəcəkdir. Çünki nə o, nə də Riyad mobil telefondan istifadə etmir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında, təxminən saat 10 radələrində evdə olarkən Riyad yaşadığı ünvana gələrək ona demişdir ki, “gedək narkotik vasitə alaq”. Belə ki, narkotik vasitəni alacaqları şəxsi Riyad tanımış, o, həmin şəxsi tanımadığı üçün evdən çıxıb birlikdə getmişlər. Piyada köhnə Ələt-Astara avtomobil yolundan Mirsalayev küçəsinə doğru getmişlər. O, Riyada 10 manat pul verib onun üçün də bir büküm psixotrop maddə metamfetamin almasını istəmişdir. Riyad ona demişdir ki, “aptek sklad” adlanan ərazidə Cavid adlı narkotik vasitə satan şəxs var. Həmin şəxsdən narkotik vasitə aldıracaq, lakin həmin şəxs tanımadığı üçün Riyada narkotik vasitə satmaz. Buna görə də, Riyad narkomanın birinə pulu verib narkotik vasitə aldıracağını bildirdi. Onlar bir qədər piyada getdikdən sonra Riyad tanımadığı şəxsə onun verdiyi 10 manat pulu və 20 manat da özü üçün verib həmin şəxsə demişdir ki, “bizə 2 büküm metamfetamin, bir büküm də heroin al”. Həmin şəxs pulu alıb piyada getmiş, onlar isə “aptek sklad” adlanan ərazidə həmin şəxsi gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra həmin şəxs iki büküm metamfetamin, bir büküm heroini gətirib onlara vermişdir. Aldığı metamfetamini əynində olan şalvarın sağ yan cibinə qoymuşdur ki, istifadə edər. Təxminən saat 13 radələrində həmin şəxsdən aralanıb Mirsalayev küçəsi ilə piyada Ələt-Astara avtomobil yoluna tərəf gələrkən onlarla üzbəüz gələn avtomobil yanlarında saxlamış, avtomobildən düşən 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirmələrində şübhələri olduğu üçün üzərlərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçilərindən biri videokamera ilə onları görüntüyə almışdır. Baxış zamanı Cavid adlı polis işçisi tərəfindən ilk öncə Şahid4 təklif olunmuşdur ki, üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Riyad əynində olan şalvarın sol yan cibindən bir büküm heroini və bir büküm metamfetamini çıxarıb polis işçilərinə təqdim etmişdir. Riyad aşkarlanmış bükümlərin özünə məxsus olduğunu, bükümün birinin içində “şüşə” deyilən metamfetamin olduğunu, digər bükümün içərisində heroin olduğunu, həmin bükümləri saxlanılmamışdan qabaq Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Riyadın üstünə baxış keçirilmiş, Riyadın üstündən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış sellofan bükümlər iştirakları ilə elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi 0,26 qram, heroinin isə çəkisi 0,73 qram olmuşdur. Sonra götürülmüş bükümlər ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet varsa təqdim etsin. O, da əynində olan şalvarın sağ yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümün özünə məxsus olduğunu, bükümün içində “şüşə” deyilən metamfetamin olduğunu, həmin bükümü səhər saatlarında Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında üzdən tanıdığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan metamfetamin iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,26 qram olmuşdur. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra onları Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada protokol tərtib edilmiş, o, da protokolu oxuyub imza etmişdir. Polis şöbəsində otaqların birində təhqiqatçı Nurlan adlı şəxs tərəfindən üzərindən aşkarlanmış bir bükümün qoyulduğu zərfə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Sonra protokol tərtib edilmiş və o, protokolla tanış olub imza etmişdir. Təhqiqatçı Nurlan adlı şəxs tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. Üzərindən aşkar edilən bir ədəd bükümdə metamfetamini xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Mirslayav küçəsində, 5 saylı məktəbin yaxınlığında üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Həmin şəxsin adını bilmir. O, narkotik vasitə almaq üçün piyada yolda gedərkən 10 manat pulu Riyada verib onun üçün də “şüşə” almasını istəmişdir. Lakin Riyad həmin pulu tanımadığı başqa şəxsə vermiş, həmin şəxs də pulu alıb getmişdir. Bir qədər sonra həmin şəxs geri gəlib metamfetamini və heroini onlara vermişdir. O, mobil telefondan istifadə etmir. Narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Riyad ona Cavid adlı şəxsdən “şüşə”ni alacağını desə də, pulu başqa bir narkomana vermişdir. Həmin şəxs orta yaşlı, arıq birisi olmuşdur. Adını və yaşadığı ünvanı bilmir. Başqa heç bir məlumatı yoxdur. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq olmamışdır. Əlavə olaraq bildirmişdir ki, bir ildir ki, bədənində ağrılar olduğu üçün “şüşə”dən istifadə edir, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci il tarixdə Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə Şahid4 və Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran şəhəri Mirsalayev küçəsində müşahidəyə götürülmüş və saat 13:03-də Mirsalayev küçəsində yolun kənarı ilə birlikdə piyada hərəkətdə olarkən Seymur və Riyada videoçəkiliş apara-apara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs və Şahid4 saxlama səbəbi izah olunduqdan sonra ilk olaraq hüquq və vəzifələri izah olundu, daha sonra üstlərinin yoxlanılmasına başlanıldı. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl ilk əvvəl tərəfindən Şahid4 təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Şahid4 əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində iki büküm olduğunu, bükümlərin birində “şüşə” digərində isə “kakos” olduğunu bildirmişdir. Şahid4 təqdim etdiyi bükümlərə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin kütlələrin çəkisi elektron tərəzidə çəkilərək metamfetaminə bənzər kütlənin təxmini 0,26 qram, heroinə bənzər kütlənin təxmini 0,73 qram olması müəyyən edilmiş, kütlələr götürülərək ekspertizaya təqdim olunması üçün bir ədəd zərfdə qablaşdırılmışdır. Zərfin üstü möhürlə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Şahid4 üstü tərəfindən yoxlanılmış, lakin yoxlama zamanı onun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamin və heroindir, özünə məxsusdur, həmin kütlələri səhər saatlarında Lənkəran şəhəri 5 saylı orta məktəbin yaxınlığında üzdən tanıdğı, adını bilmədiyi şəxsdən 20 manata almışdır. Sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,26 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılmışdır. Zərfin üstü möhürlə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, özünə məxsusdur, həmin kütləni səhər saatlarında Lənkəran şəhəri 5 saylı orta məktəbin yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata almışdır. Sonra Şahid4 və Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş, şöbəyə gətirildikdən sonra üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü tərəfindən raport tərtib edilmiş, polis əməkdaşı Şahid3 qeydə aldığı videogörüntünü bir ədəd diskə köçürərək ona təqdim etmişdir. Götürülmüş kütlələr və CD disk tərəfindən təhqiqatçı Nurlan Rzazadəyə təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyaya baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs də həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Seymurun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi şəxsi ifşa etməmək üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin şəxsin, həmçinin “Cavid” adlı şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs saxlanıldığı zaman videoçəkilişi özü aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qəhrəman oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Fəhləlik etməklə dolanır. xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1 -ci maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2025-cü ilin iyun ayında azad edilmişdir. Bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini yandırıb tüstüsünü udmaqla istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. Seymur da onun kimi narkotik vasitələrin istifadəçisidir. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Seymurla bir yerdə Ələt-Astara magistral avtomobil yolunun kənarında, qoyun bazarı adlanan ərazidə, çayxananın yanında olarkən danışmışlar ki, səhər kim yuxudan tez oyansa narkotik vasitə almaq üçün digərinin evinə gedər. Çünki nə o, nə də Seymur mobil telefondan istifadə etmir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında, təxminən saat 10 radələrində yuxudan oyanıb Seymurun yaşadığı köhnə Ələt-Astara magistral avtomobil yolunun kənarında, yeni qəbiristanlığın yaxınlığındakı evinə getmişdir. Seymura demişdir ki, “gedək narkotik vasitə alaq”. Belə ki, narkotik vasitəni alacaqları şəxsi o, üzdən tanıyırdı. Evdən çıxıb birlikdə piyada köhnə Ələt-Astara avtomobil yolundan Mirsalayev küçəsinə doğru getmişlər. Seymur ona 10 manat pul verib bir büküm psixotrop maddə metamfetamin almağını istəmişdir. O, da Seymura demişdir ki, “aptek sklad” adlanan ərazidə Cavid adlı narkotik vasitə satan şəxs var, ondan narkotik vasitə aldıracağam, lakin həmin şəxs məni tanımadığı üçün bizə narkotik vasitə satmaz. Buna görə də, həmin ərazidə narkomanın birinə pul verib ikimizə narkotik vasitə aldıracağam”. Bir qədər piyada getdikdən sonra üzdən tanıdığı, adını bilmədiyi şəxsə Seymurun verdiyi 10 manat pulu və 20 manat da özü üçün verib həmin şəxsə demişdir ki, “bizə 2 büküm metamfetamin, bir büküm də heroin al”. Həmin şəxs onlardan pulu alıb piyada getmişdir. Onlar 5 saylı məktəbin yaxınlığında, “Qalayçılar” adlan ərazidə həmin şəxsi gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra həmin şəxs iki büküm metamfetamin, bir büküm heroini gətirib onlara vermişdir. Aldığı metamfetamini və heroini əynində olan şalvarın sol yan cibinə qoymuşdur ki, istifadə edər. Təxminən saat 13 radələrində həmin şəxsdən aralanıb Mirsalayev küçəsi ilə piyada Ələt-Astara avtomobil yoluna tərəf gələrkən onlarla üzbəüz gələn avtomobil yanlarında saxlamış, avtomobildən düşən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirmələrində şübhələri olduğu üçün üzərlərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçilərindən biri videokamera ilə onları görüntüyə alırmış. Baxış zamanı Cavid adlı polis işçisi tərəfindən ilk öncə ona təklif olunmuşdur ki, üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etsin. O, əynində olan şalvarın sol yan cibindən bir büküm heroini və bir büküm metamfetamini çıxarıb polis işçilərinə təqdim etmişdir. Aşkarlanmış bükümlərin özünə məxsus olduğunu, bükümün birinin içində “şüşə” deyilən metamfetamin olduğunu, digər bükümün içərisində heroin olduğunu, həmin bükümləri saxlanılmamışdan qabaq Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üstünə baxış keçirilmiş, lakin üstündən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış sellofan bükümlər iştirakları ilə elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi 0,26 qram, heroin isə çəkisi 0,73 qram olmuşdur. Sonra götürülmüş bükümlər ekspertizaya göndərilməsindən ötrü bir zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, sonra Seymura təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet varsa təqdim etsin. Seymur əynində olan şalvarın sağ yan cibindən bir büküm psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümün ona məxsus olduğunu, bükümün içində “şüşə” deyilən metamfetamin olduğunu, həmin bükümü səhər saatlarında Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında üzdən tanıdığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan metamfetamin iştirakları ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,26 qram olmuşdur. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra onları Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada protokol tərtib edilmişdir. Üzərlərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddələri əldə etdikləri şəxs orta yaşlı, arıq birisi olmuşdur. Həmin şəxsi üzdən tanıyır. Narkomandır, adını və yaşadığı ünvanı bilmir. Başqa heç bir məlumatı yoxdur. İşdə olan 18 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:03 dəqiqədə Lənkəran şəhəri, Mirsalayev küçəsində piyada hərəkət etdiyi zaman saxlanılmış, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş 0,26 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlələrin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin bükümü saxlanılan gün səhər saatlarında Lənkəran şəhər 5 saylı məktəbin yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Şəxsin üstünün yoxlanılarkən videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İşdə olan 18 avqust 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün, saat 13:03-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhəri Mirsalayev küçəsində saxlanılaraq ŞRPŞ-nin inzibati binasına gətirilən və təhqiqat bölməsinə təqdim olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək bir ədəd zərfdə qablaşdırılmış bir büküm psixotrop maddə metamfetaminə bənzər kütləyə, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən qeydə alınmış bir ədəd CD diskdə olan videogörüntüyə təhqiqatçı Nurlan Rzazadə tərəfindən baxış keçirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bükümün içərisində psixotrop maddə olduğunu, bükümün ona məxsus olduğunu, həmin kütləni saxlanılan gün saat 10 radələrində şəxsi istifadəsi üçün Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Götürmə və baxış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2025-ci il tarixli, 19/334 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,186 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqatdan sonra 0,136 qr. olmuşdur. Ekspertiza xərci 65 manat təşkil edir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 458 nömrəli məhkəmə - narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, narkotik vasitələrin aludəçisi olan, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamışdır. 18 avqust 2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Mirsalayev küçəsində saxlanılıb həmin yerdə üstündən bir bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2025-ci il tarixli Qəraradan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,186 qram psixotrop maddə metamfetamin, sonuncunun üstünün yoxlanılması zamanı qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilərkən qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü maddi sübut qismində tanınmışdır. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən, sonuncu hökmün və sonuncu qərarın surətlərindən görünür ki, Zəkizadə X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177. 2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1, 69.3 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə 02 il 01 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs valideynləri və bacısı ilə Şilavar kəndində yaşamaqla, barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla şikayət daxil olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı saat 13.03-dən hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, təqsirləndirlən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saat 11.30-da MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, şahidlərin ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, iki ədəd CD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məhkəmə - kimyəvi və məhkəmə - narkoloji ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun əvvələr 4 dəfə məhkum olunduğunu, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yəni əvvələr bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunduğunu, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yəni hazırda törətdiyi cinayətin cəmiyyətdə mənfi reaksiya yaratmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin edilməli və onun 2021-ci ildən narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut və Lənkəran ŞRPŞ saxlanılan, qalıq çəkisi 0,136 qr. olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsin üstünün yoxlanılmasının və təqdim olunmuş əşyaya baxış keçirilmənin videogörüntüləri olan iki ədəd CD iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat hökm qanuni qüvvəsini aldıqdan sonra tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və onun 2021-ci ildən narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut və Lənkəran ŞRPŞ saxlanılan, qalıq çəkisi 0,136 qr. olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsin üstünün yoxlanılmasının və təqdim olunmuş əşyaya baxış keçirilmənin videogörüntüləri olan iki ədəd CD iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar