Məhkəmə qərarları › İş №1(049)-195/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-195/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-195/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi: Şahid1 iştirakları ilə xx xxxxxxxx 1994-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Bala Şürük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs güya 1 il əvvəl onun vəfat etmiş atasını təhqir etməsini bəhanə edərək, əslində isə heç bir səbəb olmadan, yəni, xuliqanlıq niyyəti ilə 17 iyun 2022-ci il tarixdə, gecə saat 02 radələrində sonuncunun yaşadığı Lənkəran rayonu, Bala-Şürük kəndində yerləşən fərdi yaşayış evinin həyətinə çəpərdən tullanaraq daxil olub, səs-küyə evdən çıxan xx xxxxx 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs üzərinə həyətdə qoyulmuş stulları qəsdən atıb sol əl, sol qol və sol baldır nahiyələrinə vuraraq ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid - sol əlin trapesiyaşəkilli sümüyünün sınığı, sol əlin İ barmağı nahiyəsində əzilmiş yara, sol said, sol əl, sol baldır nahiyələrində qançırlar kimi xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, qonşuluqda yaşayır. Mirxanımla anası Gülnar arasında təxminən bir il əvvəl torpaq mübahisəsi yaranmışdır. Belə ki, yaşadıqları kənd ərazisində vəfat etmiş atasından onlara pay torpağı qalmışdır. Lakin Zərərçəkmiş şəxs yeznəsini onların ünvanına göndərərək pay torpağının bir hissəsini ona verməsini istəmişdir. O isə buna razılıq verməmişdir. Daha sonra anası Gülnarla birlikdə Mirxanımın ünvanına getmişlər ki, məsələni qaydasına qoysunlar. Bu zaman Mirxanımla anası arasında sözlü mübahisə yaranmış və Mirxanım vəfat etmiş atasını nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt Mirxanıma heç nə deməmiş və anası da oradan uzaqlaşdırıb evlərinə getmişlər. 17 iyun 2022-ci il tarixdə evdə yatdığı zaman yuxuda atasını görmüş və yuxudan qəfil oyanmışdır, Mirxanımın atasını təhqir etməsi yadına düşmüşdür. Yuxudan çox əsəbi ayılmış, özü də əsəbləriylə bağlı müalicə alır, sadəcə həmin vaxt dərmanları bitmişdir və özünə hakim olmaqda çətinlik çəkmişdir. Bu səbəbdən nə qədər özünü sakitləşdirməyə çalışsa da alınmamışdır, Mirxanımın ünvanına gedib onu döymək qərarına gəlmişdir. Həmin gecə saat 02 radələrində Mirxanımın yaşadığı ünvana getmiş, daş hasardan həyətə tullanmış, həyətdə qoyulan stullardan iki ədədini götürüb evin içərisinə atmışdır, bu zaman Mirxanım həyətə çıxmış, stulları onun üzərinə atmağa başlamışdır və həmin stullardan biri Mirxanıma dəymiş və yerə yıxılmışdır. Daha sonra Mirxanımın qızı da həyətə çıxmış, qışqırmağa başlamışdır. O da hadisə böyüməsin deyə oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Evə qayıtdıqdan sonra anasını oyatmaq istəmişdir ki, Mirxanıma qarşı belə bir iş görmüş, gedib üzrxahlıq etsinlər. Lakin anasını yuxudan oyada bilməmişdir. Həmin gün Zərərçəkmiş şəxs torpaq sahəsində olan tikanlı gülləri kəsib həyət qapısının qarşısına atmışdır, Mirxanımın bu hərəkəti onu biraz da əsəbiləşdirmiş, bu səbəbdən üzrxahlıq etməyə getməmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 ifadəsində göstərdi ki, Lənkəran rayon Mamusta kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, üç övladı var. Heç bir yerdə işləmir, evdar qadındır. 2022-ci ilin mart ayında hamilə olduğu üçün anası Zərərçəkmiş şəxs ilə yaşamaq üçün Bala-Şürük kəndinə gəlmişdir. O, anası ilə yaşadığı müddət ərzində anasının həmkəndliləri Təqsirləndirilən şəxs və onun anası Gülnaz ilə hər hansı problemləri olmamış, aralarında narazılıq və ya qərəzli münasibət baş verməmişdir. 17 iyun 2022-ci il tarixdə evdə yatarkən Təqsirləndirilən şəxs yaşadıqları evin həyətinə daxil olmuş və həyətlərində olan itə daş atmağa başlamışdır. Səs küyə anası Zərərçəkmiş şəxs oyanmış və həyətə düşmüş, bundan sonra o da yuxudan oyanıb həyətə düşmüş və görmüşdür ki, Təqsirləndirilən şəxs həyətdə olan stulları anası Mirxanımın üzərinə atır. Bunu görən kimi dərhal qışqırmağa başlamışdır. Təqsirləndirilən şəxs də onların qışqırdıqlarını görüb həyəti tərk etmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs bu barədə polisə müraciət etmişdir. Polis əməkdaşları ünvanlarına gəlmiş, baxış keçirmişlər. Həmin vaxt anasının səhhəti pis olduğu üçün təcili tibbi yardıma məlumat vermiş, təcili tibbi yardım da anası Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Məhkəmənin suallarına cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, bildiyinə görə anası ilə hasara görə sözsöhbətləri olmuşdur. Anası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Anası sağlığından da ərizə yazaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Buna görə hazırda da, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qaynanasıdır. 17 iyun 2022-ci il tarixdə, saat 03 radələrində baldızı Vüsalə ona zəng edərək qonşusunda yaşayan Təqsirləndirilən şəxs anası Mirxanımı vurdğunu bildirmişdir. O, hadisəni birbaşa görməmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs ilə mərhum qaynanası Zərərçəkmiş şəxs arasında hasarın çəkilməsi ilə bağlı problemləri olmuşdur. Cinayət işinin 33-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Zərərçəkmiş şəxs 13 avqust 2022-ci il tarixli ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Lənkəran rayonu, Bala-Şürük kəndində tək yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla münasibətləri normal olmuşdur. Aralarında heç bir qərəzli münasibət və ədavət olmamışdır. Lakin hal-hazırda münasibətləri pisləşmişdir. Belə ki, 17 iyun 2022-ci il tarixdə yaşadığı evdə olmuşdur, həmin vaxt Vüsalə adlı qızı da uşaqları ilə birlikdə qonaq gəlmişdir. Həmin gecə, saat 02 radələrində həyətdə itinin hürmək səsini eşidib yuxudan oyanmış, həyətə düşmüşdür ki, görsün nə baş verir. Həyətə düşdükdə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs itə hücum çəkdiyini görmüş və onu səsləyərək nə səbəbə belə etdiyini soruşmuşdur. Seyidəli ona heç nə demədən həyətdə qoyduğu stulları götürüb üzərinə atmağa başlamış, həmin stullardan bir neçəsi ona dəymiş və xəsarət alıb yerə yıxılmışdır. Seyidəlinin ona hücum çəkdiyini gördükdən sonra qışqırmağa başlamış, Vüsalə də onun səsinə həyətə gəlib qışqırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyəti tərk edib getmişdir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir qərəzli məsələ olmamışdır, onun nə səbəbə belə bir hərəkət etdiyini bilmir. Təqsirləndirilən şəxs bir il bundan əvvəl sizinlə onun anası arasında torpaq mübahisəsi olduğunu, bu zaman vəfat etmiş atasını təhqir etdiyini deməsi tamamən yalan ifadədir, heç kimi təhqir etməmiş, aralarında da torpaq mübahisəsi olmamışdır. Mübahisə zamanı sol əl və baldır nahiyələrindən xəsarət almış, ondan başqa xəsarət alan olmamışdır.” Cinayət işinin 6-8-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 21 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Lənkəran rayonu, Bala-Şürük kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin giriş qapısının qarşısında stol və ətrafında 4 ədəd stul qoyulmuşdur. Zərərçəkmiş şəxs evin giriş hissəsini təqdim edərək orada vurulduğunu bildirmişdir. Cinayət işinin 17-18-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 563 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol əlin trapesiyaşəkilli sümüyünün (bilək sümüyü) sınığı, sol əlin İ barmağı nahiyəsində əzilmiş yara, sol said, sol əl, sol baldır nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ əvvələ uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 56-57-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 255 №-li ekspertiza rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyətində müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Belə ki, həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən şizofreniya diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 16-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 01 iyul 2022-ci il tarixli, 390 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və xx.xx.2022-ci il tarixdən xəstəxanada stasionar müalicə alır. Cinayət işinin 51-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli Raportundan görünür ki, tapşırıqla əlaqədar bölmədə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, şəbəkədə olan məxfi əməkdaşlar təlimatlandırılmış və keçirilən tədbirlərin nəticəsi olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bundan əvvəl narazılıq olmamış, münaqişə baş verməmiş, hər hansı qərəzli münasibət baş verməmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 17 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş verən münaqişənin səbəbini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 90-93-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli, 1(002)- 160/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 39-40-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 45-46-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə Lənkəran rayonu, Bala Şürük kəndində qeydiyyatda olmaqla yaşayır və onun barəsində bir neçə dəfə şikayət və təqsirləndirici material daxil olmuşdur. Kənddə özünü sakit, heç kimlə ünsiyyət saxlamayan biri kimi tanınır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə aşağıdakı qənaətə gəlmişdir. CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə CM-nin müvafiq maddəsinin dispozisiyası ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, CM-nin 127.2.3-cü maddəsinin dispozisiyasına görə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırkı işin müəyyən olunan faktik hallarına əsasən aşkar müəyyən olunur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq kimi xuliqanlıq niyyəti ilə deyil, hadisədən əvvəl mərhum zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə hasarın çəkilməsinə görə ona irad tutaraq, mərhum atasını söyməsi ilə əlaqədar şəxsi münasibətlərinin pozulmasından yaranan, eləcə də uzun müddətdir aralarında olan hasar problemi ilə bağlı hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, təqsirləndirilən şəxsin əməllərində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin xuliqanlıq niyyəti ilə baş verməsini, yəni heç bir əsaslı səbəb olmamasına dəlalət edən (o cümlədən, bunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxsə istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və bu cinayətə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi, zərərçəkmiş şəxsin, şahid ifadələri də cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi ilə nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir. Məhkəmə iclasında tərəflərin uzun müddət qonşuluq münasibətində yaşaması və aralarında hasar çəkilməsi ilə bağlı mübahisələrinin olması, həm zərərçəkmiş şəxsin hüquqi varisi, həm də iş üzrə yeganə şahidin ifadəsi ilə tam təsdiq olunur. Eyni zamanda, ittiham aktının özündə də qeyd edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qonşu olmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda da şərh edildiyi kimi zərərçəkmiş şəxs sağlığında hazırkı iş üzrə ifadə verərkən göstərmişdir ki, “Təqsirləndirilən şəxs ilə hal-hazırda münasibətləri pisləşmişdir.” İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə zərərçəkmiş şəxsdə aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertizasının 17 iyun 2022-ci il tarixli rəyi ilə məhdudlaşır. Bundan başqa, ittiham tərəfinin təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsinin əsası məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, xx.xx.2023-cü il tarixli raportuna qiymət verərək hesab edir ki, hadisədə birbaşa zərərçəkmiş şəxs olan sağlığında ona qarşı cinayət törətmiş şəxslə münasibətinin pisləşdiyini göstərdiyi halda və bu barədə istintaq orqanına ifadə verdiyi halda əməliyyat orqanın raportunda “Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bundan əvvəl narazılıq olmamış, münaqişə baş verməmiş, hər hansı qərəzli münasibət baş verməmişdir.”kimi qeyd etməsi reallığı əks etdirmir və həmin raportun hazırkı iş üzrə heç bir hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar bazası, mötəbərliliklə yalnız təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-nin 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. İttiham tərəfinin mövqeyinə görə təqsirləndirilən şəxsə xuliqanlıq niyyətinin olması ona görə müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs guya onun bir il əvvəl vəfat etmiş atasını təhqir etmiş və təqsirləndirilən şəxs bunu bəhanə etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin tanımadığı bir şəxsin atasını söyməsi və bu zəmində sağlamlığa xəsarət yetirməsi ilə bağlı niyyət xuliqanlıq niyyəti törədilməsi istisna olunmur, lakin hazırkı cinayət işindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qonşudur, uzun müddətdir qonşuluq münasibətindədir və bir–birilərini tanıyırlar. Bu baxımdan, hazırki iş üzrə sağlamlığa az ağır zərər vurma cinayəti xuliqanlıq niyyəti ilə törədilməsi istisna olunur. Bununla bağlı məhkəmə qeyd etməyi və xüsusilə vurğulamağı zəruri hesab edir ki, təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir və məhz pisixi xəstəliyə görə stasionar müalicədə olmuşdur. Bu hal məhkəmə psixiatrik ekspertizasınən rəyi ilə yanaşı, Lənkəran Şəhər Psixiatrioya Xəstəxanasının məktubu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, şizofreniya paranoid forma diaqnozunda olan təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxsə xəsarət yetirmək olmuşdur və xəsarət yetirmədə niyyət özünütəsdiq, əxlaq normalarına qarşı qoyma, açıq etinasızlıq deyil, məhz zərərçəkmiş şəxsin söyüş söyməsi olmuşdur. Başqa sözlə ifadə olunsa, təqsirləndirilən şəxsin niyyəti sırf zərərçəkmiş şəxsi cəzalandırmaq olmuş və bu zəmində hərəkət etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməyə münasibtədə qəsdi olduğu halda, niyyətə münasibətdə hər hansı qəsdi, şüurlu hərəkəti yoxdur. Məhkəmə bir daha qeyd edir ki, psixi xəstə olan bir şəxsin, xüsusilə də bu psixi xəstəlik şizofreniya xəstəliyi bağlı olduğu və hazırda remissiya vəziyyətində olduğu halda belə, xuliqanlıq niyyəti ilə hər hansı hərəkət etməsi ağlabatan olmaması ilə yanaşı qeyrimümkündür. Bu tip şəxslərin xuliqanlıq cinayətini törədə bilməsi mübahisə mövzusu olsa da, xuliqanlıq niyyəti ilə hər hansı davranışı sərgiləməsi elmi cəhətdən də qəbuledilən deyil. Elmi ədəbiyyatda da şizofreniya məhz düşüncə və davranışlarda problemin olması ilə səciyyələnir. Yəni subyektiv cəhətdən bu tip şəxslərin özlərini kimdənsə və ya hansına dəyərlərdən üstün tutaraq hərəkət etməsi mümkün deyil. CM-nin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Qeyd edilməlidir ki, xuliqanlıq niyyəti ilə törədilən cinayətlər birmənalı olaraq birbaşa qəsdlə əhatə olunur. Hazırkı halda isə psixi pozuntusu olan şəxs kimi Təqsirləndirilən şəxs birbaşa qəsdi yalnız və yalnız uzun müddət münaqişəli olduğuna görə və atasını söydüyünə görə zərərçəkmiş şəxsə xəsarət yetirmək olmuşdur. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslə mərhum zərərçəkmiş şəxs arasında olan münaqişə hasarın çəkilməsi ilə bağlı şəxsi münasibətlər zəmnində olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə motivlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti istisna olunduğundan ona ittiham olunmuş CM-nin 127.2.3-cü maddəsi həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə, saat 02 radələrində şəxsi münasibətlərdən irəli gələn səbəblərdən qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Bala-Şürük kəndində yerləşən fərdi yaşayış evinin həyətinə çəpərdən tullanaraq daxil olub, səs-küyə evdən çıxan xx xxxxx 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs üzərinə həyətdə qoyulmuş stulları qəsdən atıb sol əl, sol qol və sol baldır nahiyələrinə vuraraq ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid - sol əlin trapesiyaşəkilli sümüyünün sınığı, sol əlin İ barmağı nahiyəsində əzilmiş yara, sol said, sol əl, sol baldır nahiyələrində qançırlar kimi xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin məhkəmədə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsasların olması müəyyən olunmuşdur. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza üzrə məhkumluğu ödənilmişdir və hazırda o, məhkumluğu olmayan hesab edilməlidir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edildiyindən və iş üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar