Məhkəmə qərarları › İş №1(049)-196/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-196/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-196/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat :12:10 xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gəlib, bu məqsədlə 27 mart 2024-cü il tarixdə, saat 03 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən bibisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin küçə darvazasını darvazanın üst hissədən əlini salıb dəmir parçasını itələyərək açmaqla həyətyanı torpaq sahəsinə qanunsuz daxil olub, evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini təpiklə vurub açaraq, birinci mərtəbədə yataq otağında girişdən sağ tərəfdə pilləkənin altında düzəldilmiş otaqda kardon qutuların üzərində qoyulmuş “Qurani-Kərim”-in arasından 27 mart 2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 9.860 (doqquz min səkkiz yüz altmış) manatla ifadə olunan 58 ədəd 100 abş doları olan 5.800 (beş min səkkiz yüz) ABŞ dollarını, 6 ədəd 200 AZN manatı və 91 ədəd 100 AZN manatı olmaqla cəmi 10.300 (on min üç yüz) AZN manatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 20.160 (iyirmi min yüz altmış) manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə Sankt Peterburq şəhərində soyğunçuluq etdiyi üçün 04 il müddətində azadlıqdan məhrum edilmişdir. Həbsdən azad olunduqdan sonra yəni 2021-ci ilin son aylarında azadlığa buraxılıb Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan bəzən Bakı şəhərində, bəzən isə Lənkəran rayonu Sütəmurdov kəndində yaşamağa başlamışdır. Bakı şəhərində H.Aslanov metrosunun yaxınlığında Samir adlı şəxslə birlikdə kişi ayaqqabılarının satışı ilə məşğul olur. Bundan başqa Lənkəran şəhəri Xəzər-Lənkəran futbol stadionunun binasının alt hissəsində çalışan Nurlan adlı şəxsə kişi ayaqqabısı gətirib verir, Nurlan da həmin ayaqqabıları onun üçün satır. Ayaqqabı satmaqla özünü və ailəsini dolandırır. Demək olar ki, hər ay Bakı şəhərindən Lənkəran şəhərinə gəlib ailəsinə baş çəkir. Zərərçəkmiş şəxs onun bibisidir. Bibisi Mayilə ilə münasibəti normaldır. Bibisi ilə əvvəl heç bir qərəzli münasibəti olmamışdır. Sonuncu dəfə azadlığa buraxıldıqdan sonra bibisi Mayilənin evində ona baş çəkməyə gələrkən olmuşdur. Həmin vaxtdan etibarən Mayilənin evində olmamışdır. Atası xəstə olan zaman o, bibisi Mayiləyə xəbər göndərib 1000 manat pul istəmişdir. Lakin Mayilə pulunun olmadığını bildirib ona pul verməmişdir. Atası xəstəlikdən müalicə olunsa da rəhmətə getmişdir. Həmin vaxt o, bibisi Mayilədən acıqlı qalmışdır. Çünki o, Mayilədə pul olduğunu bilmişdir. Atasının yas mərasimində də bibisinin ağlamağını, saçını yolmağını görüb qəsdən etdiyini düşünmüş və bir az da onda qıcıq yaranmışdır. Bir neçə dəfə yas mərasimindən sonra Mayiləyə demişdir ki, “səndə pul olar, amma boyun almırsan”. Mayilə isə ona həmişə deyirmiş ki, “mən də pul zad yoxdur”. Bundan başqa bibisi Mayilənin kənddə faizə pul verdiyini eşitmiş və Mayilənin evində pul olduğunu bilmişdir. Lakin pulları konkret olaraq evdə harada saxlamasını bilməmişdir. O, sonuncu dəfə 11 mart 2024-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan bibisi oğlu Cavidi Bakıda hava limanından qarşılayıb idarə etdiyi “Mercedes-Benz markalı” **-NA-*** markalı avtomobili ilə Lənkəran rayonuna gətirmişdir. Özü də bir neçə gün Lənkəranda qalmışdır. Daha sonra 16 mart 2024-cü il tarixdə atasının ad günü olduğuna görə evdə “Quran məclisi” qurmuşlar. Atasının xəstə günləri, ölümü yadına düşmüşdür. 19 mart 2024-cü il tarixdə Lənkəran şəhərindən Bakı şəhərinə gedib Novruz bayramını ailəsi ilə birlikdə Bakı şəhərində keçirmişdir. 21 mart 2024-cü il tarixdə kiçik uşağını götürüb öz idarə etdiyi avtomobil ilə Lənkəran rayonuna anasına baş çəkməyə gəlmişdir. 26 mart 2024-cü il tarixdə iftar süfrəsinə bibisi oğlu Cavidin evinə getmişdir. Yemək yedikdən sonra bibisi Solmazın səhhəti pisləşmiş və evə həkim gəlmişdir. Həkimin yardımından sonra bibisi Solmazın səhhəti normallaşmış və həmin gecə, saat 23 radələrində Cavidlə sağollaşıb onlardan birbaşa idarə etdiyi avtomobillə köhnə hərbi hissənin yanında Lənkəran çayınının kənarına gedib orada balıq tutanlarla bir qədər söhbət etmiş və özü də balıq tutmağa başlamışdır. Bir qədər orada qalıb balıq tutduqdan sonra avtomobili ilə oradan uzaqlaşmışdır. Ertəsi gün bibisi Mayilənin evdə olmadığını, atasının əmisi qızı Zenfira Kələntərovanın evində olduğunu bilmişdir. Mayilə evdə tək qalmamaq üçün gecələr qohumu Zenfiranın evinə gedib orada qalmış, gündüzlər isə öz evinə getmişdir. Mayilənin evindən oğurluq etmək qərarına gəlib avtomobilini Mayilənin yaşadığı məhəlləyə sürmüşdür. Həmin gecə yəni 27 mart 2024-cü il saat 03 radələrində avtomobilini Mayilənin evindən bir qədər aralıda saxlamış və Mayilənin yaşadığı evinin həyət qapısının qarşısına getmişdir. Həyət qapısının yuxarı hissəsindən əlini salıb yuxarı hissədə olan dəmir parçasını əli ilə itələyib darvazanı açmış, sonra qapını aralayıb əli ilə darvazanın aşağı hissəsində olan dəmir parçasını çəkib açaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra iki mərtəbəli evin qarşı tərəfində birinci mərtəbənin plastik pəncərəsinə təpik vuraraq pəncərəni açmışdır. Həmin pəncərədən evə daxil olmuşdur. Evdə olan birinci mərtəbədə yerləşən qapısı taxta materialdan olan otağın qapısını açmaq istəmiş, lakin həmin qapının bağlı olduğunu görmüş və bilmişdir ki, Mayilə pulları həmin otaqda saxlayır. Çiyni ilə qapını vurub itələmişdir. Qapı yuxarı hissədən aralanaraq açılmışdır. Otağa girib sağ tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün düzəldilmiş taxta pilləkənin alt hissəsində olan saxlanc yeri kimi düzəldilmiş otağın qapısını açmış, saxlanc yerinə daxil olmuş, orada boş qutuların üzərində olan vərəqlərinin sayı az olan “Qurani Kərim” kitabı diqqətini çəkmişdir. Həmin kitabı açıb baxanda kitabın vərəqlərinin arasında 100 dollarlıq, 100 və 200 manatlıq əskinaslar görmüş və həmin pulları götürüb cibinə qoymuşdur. Evə girərkən ağzında siqaret olmuş, pulları saymamış, siqaret çəkə-çəkə evin pəncərəsindən gəldiyi kimi çıxmış, daha sonra həyəti də həyət qapısından tərk edib qapını çöldən bağlamışdır. Evə girərkən əlində fəhlə əlcəyi olmuşdur. Aralıda saxladığı avtomobilinin yanına piyada getmiş və avtomobilinə əyləşmişdir. Avtomobilini hərəkətə gətirib anasının yaşadığı evə gəlmişdir. Avtomobildə pulları sayarkən ona məlum olmuşdur ki, bibisi Mayilənin evindən 58 ədəd yüzlük ABŞ dolları, 6 ədəd 200 manatlıq və 91 ədəd 100 manatlıq pul əskinasları oğurlamışdır. Həmin pulları avtomobilində olan üç ədəd sellofan bükümə keçirmiş anasının yaşadığı evə girmişdir. Həmin vaxtı anası yatmışdır. Həmin pullardan 100 manat götürmüş və qalan pulları sellofanla birlikdə mətbəxdə qab yuyanın alt hissəsində olan dolabda gizlətmişdir. Pulları xərcləmək fikri olmamış, oğurluq etməkdə məqsədi bibisi Mayiləyə sonuncunun pulunun olmasını sübut etmək olmuşdur. Mayilə atası xəstə olanda ona pul vermədiyi üçün Mayilənin evindən pulları oğurlamışdır. Pulları Mayiləyə qaytarmaq fikri olmuş, lakin bibisiin polisə şikayət edəcəyini düşünməmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Sütəmurdov kəndində olarkən onu polis əməkdaşları saxlayıb bibisi Mayilənin evindən oğurluq etməkdə şübhəli olduğunu bildirib Lənkəran ŞRPŞ-yə gətirmişlər. O, da törətdiyi oğurluğu etiraf edib oğurladığı pulları polis əməkdaşlarına təqdim etmişdir. Bibisi Mayilənin evində oğurluq hadisəsini tək etmiş, ona oğurluq etməyində heç kim köməklik etməmişdir. O, qeyd etdiyi oğurluqdan başqa heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində tək yaşayır. 1975-ci ildə Lənkəran rayon Aşağı Nüvədi kənd sakini X3 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan övladı olmamışdır. 2004-cü ildə əri Sadir Hüseynov vəfat etmişdir. Əri öldükdən sonra Aşağı Nüvədi kəndində olan evini satıb Lənkəran rayon Sütəmurdov kəndinə köçmüşdür. X1 onun əmisi qızıdır. Zenfira Kələntərova da tək yaşayır. Zenfiranın övladları özlərinə eyni həyətdə ev tikib ayrı yaşamışlar. O, yaşlı olduğundan tək qalmamaq üçün və Zenfira Kələntərova tək yaşadığı üçün hər gecə Zenfira ilə birlikdə qalır, səhər olanda öz evinə gəlmişdir. O, 380 manat təqaüd alır. Bundan başqa yas mərasimlərində Quran oxuyur. Quran oxuyanda ona pul verirlər. Həmin pulları özü üçün yığır, yığdığı pulları ABŞ dollarına çevirir. Hissə-hissə 58 ədəd 100-lük ABŞ dolları, 06 ədəd 200 manatlıq olmaqla 1200 manat, 91 ədəd 100 manatlıq olmaqla özünə ümumi 20.160 manat pul yığmışdır. Yığdığı pulları yaşadığı evin birinci mərtəbəsində yataq otağından daxil olunan pilləkanın alt hissəsində olan zirzəmidə “Qurani Kərim”in arasına qoyub həmin yerdə saxlayırmış. 26 mart 2024-cü il tarixdə, saat 19 radələrində öz yaşadığı evdən Zenfira Kələntərovanın evinə getmişdir. Evdən çıxanda evin giriş qapısını, pəncərələri və həyətin dəmir darvazasını açarla bağlamışdır. Gecə orada qalıb səhəri gün yəni, 27 mart 2024-cü il tarixdə, saat 08 radələrində öz yaşadığı evinə qayıtmışdır. Həyət qapısını açan zaman görmüşdür ki, həyətin içəri tərəfindən qapını kimsə açıb dəmirləri çıxarmışdır. Bundan sonra həyətə daxil olmuş və evin birinci mərtəbəsinin sağ tərəfindəki plastik pəncərənin açıq olduğunu görmüşdür. Evə daxil olub evin içərisindən sol tərəfə, pəncərə tərəfə baxanda görmüşdür ki, manqalda qoyduğu güllər pəncərənin küncünə qoyulmuş, lakin dəhlizdə qoyulan bütün əşyalar yerindən tərpədilməmişdir. Buna görə də düşünmüşdür ki, bəlkə külək pəncərəni açmışdır. Bundan sonra evin birinci mərtəbəsində olan yataq otağına girdikdə həmin qapının bağlı olduğunu görüb açarı qapıya daxil edib qapını açmaq istəmiş, lakin qapını açanda qapının zədələndiyini gördükdə bilmişdir ki, evə oğru girmişdir. Otağa daxil olduqdan sonra otaqda hər bir əşyanın yerində olduğunu görmüşdür. Lakin “Qurani Kərim”in vərəqlərinin cırılıb yerə düşdüyünü görmüşdür. O zaman bilmişdir ki, kimsə zirzəmidə olan pullarını oğurlamışdır. Dərhal yataq otağından qapısı olan saxlanc yerinin qapısını açıb oraya baxanda görmüşdür ki, “Qurani Kərim” qoyduğu yerdən götürülüb və teştin üzərinə atılmışdır. Həmin “Qurani Kərim”in arasına baxanda pulların orada olmadığını görüb bacısı oğlu İlkinə xəbər vermişdir. İlkin də onun mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib telefonu ona vermiş və o, bu barədə məlumat vermişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları evinə gəlib baxış keçirmişlər, fotoşəkillər çəkib, müvafiq sənədləşmələr aparıb, protokol tərtib etmişlər. O, da protokolla tanış olub imza etmişdir. Evində oğurluq hadisəsi 26 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixə keçən gecə evdə heç kimin olmadığı vaxt baş vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ona ümümi 20160 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X9 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət edərək pəncərədən daxil olmaqla yaşadığı evdən ümumilikdə 20.000 manat məbləğində pulunun oğurlanması barədə məlumat vermişdir. Daxil olmuş məlumatla bağlı istintaq əməliyyat qrupunun tərkibində Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə baxış keçirmək üçün getmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, evin həyətinə giriş qapısı 2 laylı dəmir darvazadan ibarətdir, hasar mişar daşları ilə hörülmüşdür. Həyətdə iki mərtəbəli fərdi yaşayış evi vardır. Evin giriş qapısı dəmir seyf qapıdan ibarət olmuşdur. Evin hər iki mərtəbəsinin pəncərələri ağ rəngli plastik materialdan hazırlanmışdır. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə evdə heç kimin olmadığı vaxtda naməlum şəxs və ya şəxslər evin birinci mərtəbəsində olan pəncərəni açmaqla evə daxil olaraq birinci mərtəbədə, yataq otağında pilləkanın altında taxtadan düzəldilmiş otaqda “Qurani Kərim”in arasında saxladığı 5800 ABŞ dollarını və 10.300 manat pulunu oğurlamışlar. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs həmin kənddə qohumu Zenfira Kələntərovanın evində olmuş, səhər saatlarında evə gələn zaman oğurluq faktını aşkar edib DİN-nin 102 xidmətinə zəng etmişdir. Baxış zamanı hadisə yerindən əl-barmaq izləri götürülmüş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Daha sonra Lənkəran ŞRPŞ-də keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, oğurluğu Zərərçəkmiş şəxs qardaşı oğlu Təqsirləndirilən şəxs etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yeri Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində müəyyən edilərək polis şöbəsinə gətirilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bibisi Zərərçəkmiş şəxs bir neçə dəfə borc pul istəsə də, bibisi ona pul vermədiyi üçün bibisinin evindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs evdə olmadığını bilib evin birinci mərtəbəsinin pəncərəsini təpiklə vurub açaraq yataq otağındakı saxlanc yerindən “Qurani Kərim”in arasında olan 58 ədəd 100 ABŞ dollarını, 6 ədəd 200 manatlıq, 91 ədəd 100 manatlıq ümumilikdə 20.160 manat pulu oğurlayıb həmin kənddə anasının yaşadığı evə aparıb orada mətbəxdə, qabyuyanın alt hissəsində şkafda gizlətmişdir. Oğurladığı pullardan Təqsirləndirilən şəxs cəmi 100 manat götürərək xərcləmişdir. Sonra Təqsirləndirilən şəxs həmin yerdə gizlətdiyi pulları özü könüllü surətdə təqdim edərək bibisindən acıqlı olduğu üçün oğurluğu etdiyini bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğurluğu tək etmişdir. Heç kim ona köməklik etməmiş, Mayilə Qulisoyun evində pulun yerini heç kim ona deməmişdir. Həmçinin oğurluq hadisəsi barədə Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya başqa heç kimə bildirməmişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid2 şahid X9 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs xalasıdır. Mayilə ailə həyatı qurmuş, lakin övladı olmamış, əri Sadir vəfat etmişdir. X1 onun anasının əmisi qızıdır. Zenfira Kələntərova da tək yaşayır. Zenfira Kələntərova tək yaşadığı üçün onun xalası Mayilə gecələr Zenfira ilə birlikdə qalır, səhər olandan sonra öz evinə qayıdır. 27 mart 2024-cü il tarixdə saat 08:40 radələrində xalası Mayilə onun evinə gəlib qışqıra-qışqıra onu çağırıb evində oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. O, evdən nə oğurlanması barədə maraqlananda Mayilə ona demişdir ki, evindən 20.000 manatdan bir az çox pulunu oğurlamışlar. Bundan sonra o, Mayilə ilə birlikdə Mayilənin evinə getmişdir. Evin birinci mərtəbəsinin pəncərəsinin və evin giriş qapısının açıq olduğunu görmüşdür. Evə daxil olmuşlar, Mayilə ona pulunu qoyduğu yeri uzaqdan göstərmiş və o, Mayiləyə demişdir ki, “heç bir yerə toxunma, çölə çıxıb polisə bu barədə məlumat verək”. Buna görə DİN-nin 102 xidmətinə zəng etmiş və telefonu Mayiləyə vermişdir. Polisə məlumat verdikdən bir neçə dəqiqə sonra oraya polis əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirmişlər. Orada ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə evdə heç kimin olmadığı vaxtda naməlum şəxs və ya şəxslər evin birinci mərtəbəsində olan pəncərəni açmaqla evə daxil olaraq birinci mərtəbədə, yataq otağında pilləkanın altında taxtadan düzəldilmiş otaqda “Qurani Kərim”in arasında Mayilənin saxladığı 5800 ABŞ dollarını və 10.300 manat pulunu oğurlamışlar. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs həmin kənddə qohumu Zenfira Kələntərovanın evində olmuş, səhər saatlarında evə gələn zaman oğurluq faktını aşkar etmişdir. Daha sonra məlum olmuşdur ki, dayısı oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs evdə olmadığını bilib evin birinci mərtəbəsinin pəncərəsindən evə daxil olub yataq otağındakı saxlanc yerindən “Qurani Kərim”in arasında olan ümumilikdə 20.160 manat pulu oğurlayıb həmin kənddə anasının yaşadığı evə aparıb orada gizlətmiş və oğurladığı pulları polisə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin həyətinə giriş qapısı 2 laylı dəmir darvazadan ibarətdir, hasar mişar daşları ilə hörülmüşdür, həyətdə iki mərtəbəli fərdi yaşayış evi vardır. Evin giriş qapısı dəmir seyf qapıdan ibarətdir, evin hər iki mərtəbəsinin pəncərələri ağ rəngli plastik materialdan hazırlanmışdır. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə evdə heç kimin olmadığı vaxtda naməlum şəxs və ya şəxslər evin birinci mərtəbəsində olan pəncərəni açmaqla evə daxil olaraq birinci mərtəbədə, yataq otağında pilləkanın altında taxtadan düzəldilmiş otaqda “Qurani Kərim”in arasında saxladığı 5800 abş dollarını və 10.300 manat pulunu oğurlamışlar. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs həmin kənddə qohumu Zenfira Kələntərovanın evində olmuş, səhər saatlarında evə gələn zaman oğurluq faktını aşkar edib DİN-nin 102 xidmətinə zəng etmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində 1 abş dollarının azərbaycan manatına olan kursu 1.7000 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş, ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs evindən oğurlayıb anasına məxsus fərdi yaşayış evinin mətbəxində, qabyuyanın alt hissəsindəki dolabın içərisində üç ədəd sellofana bükərək gizlətdiyi bağlamada olan 58 ədəd 100 ABŞ dolları, 6 ədəd 200 manatlıq, 90 ədəd 100 manatlıq pul əskinasını təqdim etmiş və təqdim olunmuş pul əskinasları iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, pullar tam olmaqla cırılmamış, üzərlərində hər hansı yazı izləri olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Sankt Peterburq şəhəri Frunze rayon məhkəməsinin hökmü ilə RF CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin A və V, 69-cu maddəsinin 3-cü hissəsi, 70 və 264.1-ci maddələri ilə təqsirli bilinib 04 il 22 gün müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə ilə azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərarın icrası Lənkəran ŞRPŞ-yə tapşırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 barəsində olan Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Frunze rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmamışdır. Lənkəran Rayon Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-17/2- 6760/2024 nömrəli məktubundan görünür ki, Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda X7 Rusiya Federasiyasında məhkum olunmasına dair hökmün Azərbaycan Respublikasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 2246 nömrəli arayışından məlum olur ki, Qulisoy X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. “Maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 58 ədəd ABŞ dolları, 6 ədəd 200 manat və 90 ədəd 100 manat işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Lənkəran ŞİHB-nin Sütəmurdov KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 249 №-li arayış və xasiyyətnamədən görünür ki, Qulisoy X2 rayonu, Sütəmurdov kəndində arvadı, valideynləri və uşaqları – xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 58 ədəd ABŞ dolları, 6 ədəd 200 manat və 90 ədəd 100 manatlıq pul əskinaslarını təhvil almışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmasını CM-nin 59.1.12, ona dəymiş ziyanı tamamilə ödənilməsini CM-nin 59.1.13, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərcinin və mülki iddianın olmaması, həmçinin maddi sübut qismində tanınmış 58 ədəd ABŞ dolları, 6 ədəd 200 manat və 90 ədəd 100 manatlıq pul əskinaslarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun: - yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin, habelə təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınmış 58 ədəd ABŞ dolları, 6 ədəd 200 manat və 90 ədəd 100 manatlıq pul əskinaslarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar